Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1157/2022 18.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə, 3-cü şəxs 5 Nömrəli Şəhər Poliklinikasına qarşı “əlilliyin təyin edilmə vaxtının dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02.12.2021-ci il tarixli, 2-1(112)- 6757/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 15-18 mart 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı əlillik dərəcəsinin müəyyən olunması və 14.04.2021-ci il tarixli ərizəyə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun qeydiyyatda olduğu 5 nömrəli Şəhər Poliklinikasında 25.02.2002-ci il tarixindən müayinə olmuşdur. Həmin Poliklinikanın kardioloqu tərəfindən 27 noyabr 2006-cı il tarixində ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) diaqnozu qoyulmuşdur. Eləcədə tənəffüs sistemi sərt tənəffüs fonunda aşağı paylarda durğunluq xırıltıları müəyyən edilmişdir. Ürək tonları karlaşıb. A/T 180/100 mm.c.st-na bərabərdir. 27.11.2006-ci il tarixdə kardioloqun müayinəsi zamanı "Ürək ritminin digər pozğunluqları" diaqnozu təyin edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına № 2766003AADLS saylı göndərişi ilə təkrar müayinə olunmuşdur. 5 saylı Şəhər poliklinikası tərəfindən ona verilmiş 276600AADLS saylı 29.01.2021-ci il tarixli bildirişində xəstəliyinin eyni diaqnozu qoyulmuşdur. Bununla bağlı Tibbi Sosial Ekspert Komissiyasına 14.04.2021ci il tarixində rəsmi ərizə ilə müraciət etmişdir. Ərizəsində əlillik dərəcəsinin müəyyən olunması və xəstəliyi ilə bağlı dərmanlarının alınmasında çətinlik çəkməsini qeyd etmişdir. Sonda iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 21.05.2021-ci il tarixli qərardadı ilə 5 Nömrəli Şəhər Poliklinikası 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsinə (dəqiqləşdirilməsi) dair ərizə ilə məhkəməyə müraciət edərək, ona ümumi xəstəlik səbəbi ilə müddətsiz təyin edilmiş ikinci dərəcəli əlilliyin təyinat tarixinin 03.08.2021-ci il tarixdən deyil 29.01.2021-ci il tarixdən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2-1(112)-6757/2021 nömrəli nömrəli qərarı ilə iddia təmin edilmişdir.(hakim: E.Əliyev) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının əlillik 29.01.2021-ci il tarixdə Bakı 5 nömrəli Şəhər Poliklinikasının 2766003AADLS saylı göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 120-125 - Ürəyin işemik xəstəlikləri => 120 - Stenokardiya [döş inağı] => 120.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Durğunluq ürək çatmamazlığı, XUÇ -İİİF/S (üç) Əvvəllər keçirilən miokard infarktı, Postinfarkt kardioskleroz AF- 30 %. Durğunluq ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], İİİ mərh. risk İV, tez-tez təkrarlanan hipertonik krizlərlə. Fon retinopatiyalan və retinal damar dəyişiklikləri, göz dibi torlu qişanın angiopatiyası. Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü. 3 işarəsi ilə), qeyri proliferativ retinopatiya. İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet tip 2, insulin tələbatlı; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: f 88 göstərilən instrumental müayinələr xəstəliyin ağırlaşmalarını tam təsdiq etmir, laborator müayinələrin nəticələri dəqiqləşdirilsin və dioğun qeyd olunsun” səbəbi ilə imtina verilmişdir. Daha sonra iddiaçının əlillik 02.08.2021-ci il tarixdə həmin poliklinikanın 2766003AAD2V saylı göndərişi əsasında baxılmış və “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: ÜİX: stabil gərginlik stenokardiyası İİİ-İV F/S, Postinfarkt kardioskleroz AF-30 %, XUÇ -İİİ F/S (üç). XUÇ -İİİ F/S (üç)., Postinfarkt kardioskleroz AF-30 %, Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü. 3 işarəsi ilə)„ Çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2, insulin tələbatlı. aşağı ətrafların diabetik angiopatiyası. Xroniki xolesistit, Xr.hepatit., zəif miopiya. göz dibi torlu qişanın angiopatiyası. Diabetik polinevropatiya (E10- 14 ümumi dördüncü. 4 işarəsi ilə); Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: ETKİ da ətraflı müayinə olunub, tibbi rəy alması məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Yuxarıda göstərildiyi kimi iddiaçının ona əlillik təyinatının aparılması üçün əlillik müddəti bitdikdən sonra ilk müraciəti 29.01.2021-ci ildə 2766003AADLS nömrəli göndəriş əsasında olmuşdur. Lakin, həmin göndəriş natamam doldurulmuş, xəstəliyin ağırlaşmaları təsdiq edilməmiş, laborator müayinələrin nəticələri dəqiqləşdirilməmişdir. Bundan əlavə iddiaçı 2006-cı ildən əlil olmasına baxmayaraq həmin göndərişdə 2007-2021-ci illər ərzində stasionar müalicə müddətləri göstərilməmişdir. Həmçınin qeyd olunmuş diaqnozla əlillik təyinatının aparılmasında ekspert həkimlər üçün əlillik təyinatında xüsusi əhəmiyyət daşıyan daha bir məqam “aşağı ətraf damarlarının dopler müayinəsi” qeyd olunmamışdır. Qeyd olunan səbəblərdən 2021-ci ilin yanvar-fevral aylarında iddiaçıya əlillik təyinatının aparılmasından imtina olunmuşdur. İddiaçının digər müraciəti 2766003AAD2V nömrəli göndəriş ilə 03.08.2021-ci ildə daxil olmuş, bu dəfə də göndərişin natamam doldurulması səbəbindən imtina edilmişdir. Agentlik tərəfindən əlillik təyinatları iddiaçının göndərişlərində qeyd olunanlar əsasında elektron qaydada aparılır. Burada həkim komissiyaları tərəfindən nəzərə alınan əsas məqam diaqnozların eyniliyi deyil məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” ilə müəyyən edilmiş meyarlardır. Yəni, 29.01.2021-ci ildə və 02.08.2021-ci ildə göndərilən hər iki göndərişdə göstərilmiş diaqnozlar eynilik təşkil etsə də həmin göndərişlərin heç biri iddiaçıya əlillik təyinatının aparılmasına imkan verməmişdir. Daha sonra iddiaçının müraciəti əsasında əyani müayinəsi həyata keçirilmiş və ona əlillik təyinatı aparılmışdır. Beləliklə, iddiaçının ona əlillik təyinatının aparılmalı olduğunu iddia etdiyi tarixdə ona əlillik təyinatının aparılmasının hüquqi əsası olmamışdır. Yekunda da ona əlillik təyinatı həmin natamam doldurulmuş göndərişlər əsasında deyil keçirilmiş əyani müayinə əsasında aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasının 2.5-ci bəndinə görə həmin qaydaların 2.3cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə tərtib edilməlidir. Həmin qaydaların 2.6-cı bəndinə görə 2.5-ci bəndə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.3-cü bəndinə əsasən Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. Göründüyü kimi, İddiaçı ikinci dərəcə əlilliyin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasma, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona ümumi xəstəlik səbəbi ilə müddətsiz təyin edilmiş ikinci dərəcəli əlilliyin təyinat tarixinin 03.08.2021-ci il tarixdən deyil 29.01.2021-ci il tarixdən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının 2002-ci ildən və hal-hazırda da 5 saylı Şəhər Poliklinikasının qeydiyyatda olması, müvafiq stasionar və mütəmadi olaraq ambulator müalicə alması, həmçinin 02.02.2007-ci il tarixdən, 29.01.2014-cü il tarixdən, 26.01.2015-ci il tarixdən bir il müddətli, 27.01.2016-cı il tarixdən beş il müddətli əlillik dərəcəsinin təyin edilməsi, 08.02.2021-ci il tarixdə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilməsi, daha sonra isə hazırkı iş məhkəmənin icraatında olduğu dövrdə, yəni 03.08.2021-ci il tarixdə iddiaçıya müddətsiz əlillik dərəcəsinin təyin edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, 08.02.2021-ci il tarixdə əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilmiş diaqnoz ilə 03.08.2021-ci il tarixdə müddətsiz əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnoz eynilik təşkil edir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırki iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”:
1. Ümumi müddəalar 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bənd. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 2.2.1-ci bəndinə əsasən ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13- İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33) halında ikinci dərəcə əlillik təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2.-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti 5 saylı Şəhər Poliklinikasının 02.02.2007-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 110-115 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər => 115 - İkincili hipertensiya => 115.8 - Digər ikincili hipertenziya; Diaqnozun mətni: hipertoniya ikinci tip, tez-tez təkrarlanan krizislərlə şəkərli diabet; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: hipertoniya ikinci tip, tez-tez təkrarlanan krizislərlə şəkərli diabet” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyəti 5 saylı Şəhər Poliklinikanın 29.01.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri -> 110-115 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər => 115 - İkincili hipertensiya => 115.8 - Digər ikincili hipertenziya; Diaqnozun mətni: hipertoniya ikinci tip, tez-tez təkrarlanan hipertonik krizislərlə Ü.İ.X. stabil gərginlik stenokardiysı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: hipertoniya ikinci tip, tez-tez təkrarlanan hipertonik krizislərlə Ü.İ.X. stabil gərginlik stenokardiysı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Həmin Poliklinikanın 27.01.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 110- 115 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər=>H 1 - Ürəyin hipertenziv xəstəliyi [başlıca olaraq ürəyin zədələnməsi ilə gedən...; Diaqnozun mətni: Hipertoniya xəstəliyi İİ dərc.tez tez təkrarlanan hipotonik krizlərlə.Ü.İ.X. stabil gərginlik stenokardiyası.QDÇ İİ; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.3. Sürətlə inkişaf edən, tez-tez təkrarlanan angiospastik krizlərə meylliliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra elektron təyinatla 27.01.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 110- 115 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər => 111 - Ürəyin hipertenziv xəstəliyi [başlıca olaraq ürəyin zədələnməsi ilə gedən...; Diaqnozun mətni: Hipertoniya xəstəliyi İİ dərc.tez tez təkrarlanan hipotonik krizlərlə.Ü.İ.X. stabil gərginlik stenokardiyası.QDÇ İİ; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.3. Sürətlə inkişaf edən, tez-tez təkrarlanan angiospastik krizlərə meylliliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. 29.01.2021-ci ildə sözügedən poliklinikanın 2766003AADLS saylı göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Durğunluq ürək çatmamazlığı, XUÇ - İİİ F/S (üç) Əvvəllər keçirilən miokard infarktı, Postinfarkt kardioskleroz AF-30 %, Durğunluq ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], İİİ mərh. risk İV, tez-tez təkrarlanan hipertonik krizlərlə. Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, göz dibi torlu qişanın angiopatiyası, Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü.3 işarəsi ilə), qeyri proliferativ retinopatiya. İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet tip 2, insulin tələbatlı, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: f 88 göstərilən instrumental müayinələr xəstəliyin ağılaşmalarını tam təsdiq etmir laborator müayinələrin nəticələri dəqiqləşdirilsin və dioğun qeyd olunsun” səbəbi ilə imtina verilmişdir. 03.08.2021-ci il ildə sözügedən poliklinikanın 2766003AAD2V saylı göndərişi əsasında baxılmış və “X1: XXİ Sinif – Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: ÜİX: stabil gərginlik stenokadiyası İİİ-İV F/S, Postinfarkt kardioskleroz AF-30%, XUÇ -İİİ F/S (üç). XUÇ -İİİ F/S (üç), Postinfarkt kardioskleroz AF-30 %, Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü. 3 işarəsi ilə), Çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2, insulin tələbatlı. Aşağı ətrafların diabetik angiopatiyası. Xroniki xolestit, Xr.hepatit, zəif miopiya. Göz dibi torlu qişanın angiopatiyası. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü. 4 işarəsi ilə; Meyar: 2.2 ikinci dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmalığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25...)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Cavabdeh apelyasiya şikayətində bildirmişdir ki, iddiaçının ona əlillik təyinatının aparılmalı olduğunu iddia etdiyi tarixdə ona əlillik təyinatının aparılmasının hüquqi əsası olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxsin 29.01.2021-ci il tarixdə tərtib etdiyi göndərişə əsasən iddiaçıya qoyulmuş diaqnoz ilə 03.08.2021-ci il tarixdə müddətsiz əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnoz eyni olmuşdur. Cavabdehin iddiaçıya müddətsiz əlillik dərəcəsi təyin edildiyi zaman iddiaçının sağlamlığında yeni vəziyyət müəyyən edilməmişdir. Yəni 29.01.2021-ci il tarixdə tərtib edilən göndərişdə olan məlumatlar iddiaçıya əlillik təyin edilməsi üçün əsas olmuşdur. Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də əlilliyin müəyyən edilməsi meyarları təsvir edilmişdir. Əsasnamənin 2.2.1-ci bəndinə əsasən ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01- İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33) halında ikinci dərəcə əlillik təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Cavabdeh imtinanın səbəbi kimi səhiyyə müəssisəsinin 29.01.2021-ci il tarixli göndərişini natamam doldurulduğunu bildirsə də, səhiyyə müəssisəsinin göndərişləri lazımi qaydada doldurmuş, xəstəliyin funksional pozğunluğu, xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan xüsusiyyətləri, nəticədə xəstənin durğunluq ürək çatmamazlığı, XUÇ - İİİ F/S (üç) Əvvəllər keçirilən miokard infarktı, Postinfarkt kardioskleroz AF-30 %, Durğunluq ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], İİİ mərh. risk İV, tez-tez təkrarlanan hipertonik krizlərlə. Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, göz dibi torlu qişanın angiopatiyası, Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü.3 işarəsi ilə), qeyri proliferativ retinopatiya. İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet tip 2, insulin tələbatlı diaqnozu qoyulmuşdur. Belə olan təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02.12.2021-ci il tarixli, 2-1(112)-6757/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.