Məhkəmə qərarları › İş №2-1(103)-1157/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1157/2025

21.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1157/2025 21.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “əlillik təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8096/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli, 225 nömrəli qərarından görünür ki, iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü il tarixdə aldığı, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu yaralanma – diaqnoz: “Sağ pəncənin dəlib-keçən güllə yaralanması. Sağ pəncənin İV barmağın proksimal falanqasının əsasının açıq sınığı. Kəskin bronxit, xroniki tonzillit, dekompensasiya olunmuş forma” “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunmuşdur.

2. İddiaçıya xx.xx.2012-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə hər dəfə 1 il müddətinə olmaqla, xx.xx.2016-cı il tarixədək, həmin tarixdən xx.xx.2021-ci il tarixədək 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir.

3. Əlillik müddəti bitdikdən sonra iddiaçı barəsində Tibbi-Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Bakı 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixli, 0174003AADAS nömrəli göndəriş tərtib edilmişdir.

4. Həmin göndərişə əsasən, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu – Y36.4 “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, müharibə dövründə odlu silah (dəlib keçən güllə) keçən güllə yaralanmasından sonra sağ ayağın arxa və alt səthinin dartıcı ağrılı çapıq toxuması”, ağırlaşmaları - M84.0, G83.1, R26.8, L91.0, M51.1, M54.1, M62.5, S92.5, M19.1, R52.2, M24.5, yanaşı xəstəliklər - J45.0, F48.0, M51.4 və M41 kodlu xəstəliklər olmuşdur.

5. Həmin göndəriş TSEK-də xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş, “Diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə iddiaçıya əlilliyin təyin olunmasından imtina edilmişdir.

6. Bundan sonra isə iddiaçı barəsində Bakı Xəzər Tibb Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixli, Q00057146LZB nömrəli göndəriş tərtib edilmişdir

7. Həmin göndərişə əsasən, iddiaçının əsas diaqnozu – S99.7 “Aşıq-baldır oynağının və ayağın çoxsaylı travmaları, müharibə dövründə sağ ayaq pəncəsinin dəlibkeçən güllə yaralanmasından sonrakı vəziyyət”, ağırlaşmaları – M21.1 “Bükücü deformasiya, sağ aşıq baldır oynağının açıcı-bükücü kontrakturası. Sağ aşağı tərəfdə hərəkət və yerişin pozulması (İV barmağın proksimal falanqasından dəlib-keçən güllə yaralanmasından sonra qeyri-düzgün bitişməsi və dartıcı çapığa görə. Sağ ayaq əzələlərinin atrofiyası. Daimi ağrı sindromu”, L90.5 “Dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, sağ ayağın və alt səthinin dartıcı hipertrofik ağrılı kelloid çapığı (dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət)”, M54.1 “Radikulopatiya, bel-oma nahiyəsinin radikulopatiyası”, S92.5 “Ayağın digər barmağının sınığı, sağ ayağın İV barmağının əsas falanqasının sınığı (dəlib-keçən güllə yaralanmasından sonra), M19.1 “Digər oynaqların posttravmatik artrozu, sağ daraqarxası və aşıq-baldır oynağının posttravmatik artrozu”, yanaşı xəstəliklər - M42 “Onurğanın osteoxondrozu, onurğanın yayılmış osteoxondrozu”, M51.1 “Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə vertebrogen beloma radikuliti”, G83.1 “Aşağı ətrafların monoplegiyası. Sağ aşağı ətrafın monoparezi”, M51.4 “Şmorle düyünləri (yırtıqları) L5-S1 fəqərəarası diskin 5-6 mml ölçüdə sol lateroforaminal yırtığı (L4-L5 fəqərəarası diskdə geniş əsaslı mərkəzi qabarma – protruziya), M41 “Skolioz, onurğanın yuxarı döş fəqərələri hissəsində İİ dərəcə skolioz (sağa əyrilik) bucaq 15 dərəcə” qeyd edilmişdir.

8. Həmin göndəriş TSEK-də xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş, “Göndərişin natamam doldurulması” səbəbi ilə iddiaçıya əlilliyin təyin olunmasından imtina edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2021-ci il tarixdən etibarən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz 2-ci dərəcə əlillik təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

10. İddiaçı daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2021-ci il tarixdən etibarən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz 3-cü dərəcə əlillik təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

11. İddia tələbi hazırkı qərarın 1-5-ci bəndlərində qeyd olunan işin hallarına istinad edilməklə əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixli göndəriş əsasında iddiaçıya əlilliyin təyin edilməsindən cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, onun əlilliyinin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki əlilliyi 2011-ci ildə qiymətləndirilmişdir və 10 ildir ki, əlildir.

12. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı yazılı etirazının əsasını iddiaçının müraciətindən imtinanın dəlilləri təşkil edir.

13. Birinci instansiya məhkəməsində icraat zamanı işin araşdırılan halları: 13.1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli T 705/2023 nömrəli ekspert rəyindən görünür ki, iddiaçının əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, Q00057146LZB nömrəli (Forma 88) göndərişində qeyd edilmiş diaqnoz və ağırlaşmalar onun hazırkı sağlamlıq vəziyyətinə uyğundur. Belə ki, xx.xx.2023-cü il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda komissiya tərəfindən müayinəsi zamanı ona “Odlu silah yaralanmasından sonra sol pəncənin ön və alt səthlərində kobud dartıcı çapıq toxumaları, sağ ayağın İV barmağının əsas falanqasının əsasının qeyri-düzgün bitişmiş sınığı, pəncənin xırda bükücü kəskin kontrakturası (açma 110 dərəcə, bükmə 100 dərəcə) baldır və pəncə əzələlərinin kəskin atrofiyası, sağ ayaq barmaqlarının çəkicəbənzər deformasiyası, daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması” (XBT kodu ilə Y36.4, L90.5 S92.5, M84.0 M19.1, M24.5, M62.5, M20.4, R52.2, R26.8) diaqnozu qoyulmuşdur. Qərardadın 2-ci bəndində iddiaçının hazırkı sağlamlıq vəziyyəti ilə əlaqədar ekspert qarşısında qoyulmuş sualda göstərilən hallardan hər hansı biri onda müəyyən edilməmişdir. 13.2 Ekspert rəyində qeyd edilən “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsi tərəfindən iddiaçı barəsində verilmiş xx.xx.2023- cü il tarixli, ********** nömrəli arayış da məhkəməyə təqdim edilmişdir.

14. Bakı İnzibati Məhkəməsinin (hakim: S.İ.Salahova) 29 noyabr 2023-cü il tarixli, 2- 1(112)-8096/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, məhkəmə-tibbi ekspertizası təyin edilməsi barədə qərardadın 2-ci bəndində iddiaçının hazırkı sağlamlıq vəziyyəti ilə əlaqədar ekspert qarşısında qoyulmuş sualda göstərilən hallardan hər hansı biri onda müəyyən edilməmişdir. Göründüyü kimi, ekspert rəyi ilə iddiaçıda travma ilə bağlı zədələnmə nəticəsində orqanizmin funksiyalarının pozulması faktı aşkar edilsə də, rəydən müəyyən olunur ki, bu pozulma “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən və şəxsə əlillik təyin edilməsi üçün zəruri olan kliniki funksional xüsusiyyətlərə malik olmamışdır. Belə olan halda, məhkəmə, cavabdehin qəbul etdiyi qərarda qeyd olunan halların ekspert rəyi ilə təsdiq olunmasını, yəni iddiaçıya əlilik təyin edilməsi üçün zəruri olan ağırlaşma və patofunksional dəyişikliklərin aşkar edilməməsini nəzərə alaraq hesab edir ki, cavabdehin imtinası qanuni olmuşdur.

16. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində birinci icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və S.R.Səlimova) 05 aprel 2024- cü il tarixli, 2-1(103)-1599/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

c) Kassasiya instansiya məhkəməsində icraat

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2268/2024 saylı, 06. 11. 2024-cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 aprel 2024-cü il tarixli, 2- 1(103)-1599/2024 nömrəli qərarı ləğv edilməsi, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, kassasiya şikayəti qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

ç) Apellyasiya instansiya məhkəməsində ikinci icraat

e) Apellyasiya şikayətinin dəlilləri

21. Təkrar apellyasiya baxışı zamanı apellyasiya şikayəti əvvəlki şikayətdə olduğu kimi iddia ərizəsinin dəlilləri ilə oxşar əsaslandırılmışdır.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

23. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

24. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; ... Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. ... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. ...

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları” na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. ...

27. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”:

28. Bənd 3. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış hərbi qulluqçulara, hərbi xidmətdən digər əsaslara görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi qaydaları 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.3.2. arayış ştatdankənar HHK tərəfindən tərtib edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 1.6-cı bəndində göstərilən hallarda ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir; 3.3.3. ştatlı HHKnın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı. 3.4. xəstəlik haqqında şəhadətnamədə, arayışda və ya ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarında xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi "Hərbi–həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun göstərilmədikdə, yaxud ştatlı HHK-nın qərarının əsli ilə düz olduğunun yoxlanılması zəruri olduqda, sənədlər baxılmaq üçün müvafiq ştatlı HHK-na göndərilir. 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. 3.5.2. Silahlı Qüvvələrdən, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarından (dövlət orqanlarının strukturuna daxil olan qurumlardan) ehtiyata və ya istefaya buraxılmış, habelə hərbi toplanış keçmiş hərbi qulluqçuların hərbi tibbi sənədləri olmadığı və ya habelə həmin sənədlər düzgün tərtib olunmadığı hallarda onlar xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin müəyyən edilməsi üçün müvafiq ştatlı HHK-ya göndərilirlər. ...

29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya şikayətində qərar bütövlükdə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı tam olaraq yoxlanılır.

32. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

34. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2268/2024 saylı, 06. 11. 2024-cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 aprel 2024-cü il tarixli, 2- 1(103)-1599/2024 nömrəli qərarı ləğv edilməsi, hazırkı iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınarkən məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki:

35. “....40. Odur ki, yenidən araşdırma zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən icmal məktubunda qeyd edilənlər nəzərə alınaraq, Q00057146LZB nömrəli göndərişdə olan natamamlıq və ya yanlışlığın səbəbi araşdırılmalı, həqiqətən belə bir uyğunsuzluq olduğu təqdirdə, onun aradan qaldırılmasının təmin edilməsi və iddiaçının əyani müayinəsinin aparılaraq əlillik vəziyyətinin qiymətləndirilməsi üçün cavabdeh inzibati orqana müddət təyin edilməli, bundan sonra, cavabdeh tərəfindən həmin göndəriş əsasında iddiaçıya əlillik təyinindən imtina edilərsə, məhkəmə tərəfindən mübahisəyə mahiyyəti üzrə baxılmaqla müvafiq qərar qəbul olunmalıdır.

36. Yuxarıda qeyd olunanlara əsasən təkrar apellyasiya baxışı zamanı məhkəmə qərardad qəbul edərək iddiaçının əyani müayinəsi üçün cavabdehə vaxt təyin etmişdir.Cavabdeh iddiaçını əyani müayinə edərək əlilliyin təyin olunmasından imtina barədə xx.xx.2025-ci il tarixli qərar qəbul etmişdir.

37. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2268/2024 saylı, 06. 11. 2024-cü il tarixli qərarında göstərilmişdir ki, “.....44. Beləliklə, həm ekspert rəyindən, həm də ixtisaslaşmış tibb müəssisəsinin arayışından göründüyü kimi, Q00057146LZB nömrəli göndərişdə qeyd edilmiş əsas diaqnoz və onun ağırlaşmaları hazırda da iddiaçıda aşkar edilir. Belə olan halda, apellyasiya məhkəməsi ekspert rəyində qeyd edilənləri natamam hesab etdiyi və ya onda şübhə doğurduğu halda iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edə bilərdi.”

38. Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2268/2024 saylı, 06. 11. 2024-cü il tarixli qərarında göstərilmişdir ki,”....45. Bundan əlavə işdən görünür ki, iddiaçı 2012-ci ildən 2021-ci ilədək 9 illik müddət ərzində “Sağ pəncənin dəlib-keçən güllə yaralanmasından sonra 4 barmağının falanqasının qeyri-düzgün bitişmiş sınığı. Aşıq baldır oynaq kontrakturası və funksiyanın pozulması. Bronx astma i/a forma, o/a dərc., Ağ ciyər emfizeması TÇ2” diaqnozu ilə əlil olmuşdur. Qeyd olunan xəstəliklər hazırda da iddiaçıda davam edir.

46. “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 47. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (xx.xx.2024cü il tarixli, 2-1(102)- ******* nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-589/2024 nömrəli, xx.xx.2024-ci il tarixli 2-1(102)-671/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)- 764/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-555/2024 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxs sonuncu əlillik dövründə müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, onun əlilliyinin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş verməmişsə, cari xəstəliyi ona əlilliyin təyin edilməsinə hüquqi və faktiki əsas yaradır. 48. Ali Məhkəmənin icmal məktubunun 47-ci və 48-ci bəndlərindəki göstərişlərə görə “.................. Əvvəlki əlilliyin müəyyən edilməsi üçün əsas olan pozuntu, çatışmazlıq və xəstəliyin davam etdiyi təqdirdə məhkəmələr tərəfindən bəzi hallarda etimadın qorunması prinsipi əsas götürülməklə təkrar əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilmiş, digər hallarda isə iddialar rədd olunmuşdur. Bu qəbildən olan mübahisələrə baxılarkən məhkəmələr tərəfindən diqqət yetirilməli məqam şəxsin əvvəlki əlilliyinin təyin edilməsi üçün əsas olan pozuntu, çatışmazlıq və xəstəliyin davam etməsi və həmin pozuntu, çatışmazlıq və xəstəliyin “Əlilliyin müəyyən olunması meyarları”nda öz əksini tapması ilə bağlı şərtlərin vəhdətdə mövcud olmasıdır. Yəni, əvvəlki əlilliyə əsas olan pozuntu, çatışmazlıq və xəstəlik “Əlilliyin müəyyən olunması meyarları”na görə artıq əlilliyin müəyyən edilməsi üçün əsas sayılmırsa, şəxsin etimadın qorunması hüququna istinad edilə bilməz”. 49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə mahiyyəti üzrə təkrar baxılarkən göndərişdə qeyd edilən xəstəliklər iddiaçıda aşkar edildiyi halda, həmin xəstəliklərin “Əlilliyin müəyyən olunması meyarları”nda əlilliyin təyininə əsas verən xəstəliklər kimi təsbit edilib-edilmədiyi araşdırılmalı, bunun nəticəsində asılı olaraq iddiaçının etimadın qorunması hüququna malik olubolmadığına qiymət verilməlidir. 50. Həmçinin, iddiaçının son dəqiqləşmiş tələbindən görünür ki, o, 3-cü dərəcə əlilliyin müddətsiz təyin olunmasını tələb edir. 51. İş materiallarında olan TSEK-nin müayinə aktlarından və elektron informasiya sistemindən çıxarışlardan görünür ki, iddiaçı 2012-2021-ci illərdə 2-ci dərəcə əlil olmuşdur. İddiaçı özü isə iddia ərizəsinin dəlillərində ona ilk dəfə 2011-ci ildə 2-ci dərəcə əlilliyin təyin edildiyini, bununla da 2021-ci ilədək həmin dərəcə üzrə 10 il müddətdir əlil olduğunu iddia edir. 52. İşə təkrar baxılarkən qeyd olunan hal da araşdırılmalı, 2011-2021-ci illər arasındakı dövrdə iddiaçının əlil olduğunu təsdiq edən sənədlər tələb edilməli, zərurət olduğu halda, işin araşdırılması zamanı müəyyən edilən hallarından asılı olaraq iddiaçıya tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilməsinə yardım edilməlidir.....”

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2268/2024 saylı, 06. 11. 2024-cü il tarixli qərarındakı hüquqi göstərişlər baxımından cavabdehə 24 sentyabr 2025-ci il tarixli sorğu göndərilərək qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyəti cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2022-ci il tarixli, Q00057146LZB nömrəli göndəriş əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş, göndərişin natamam doldurulması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina olunmuşdur. Odur ki:

1. xx.xx.2022-ci il tarixli, Q00057146LZB nömrəli göndərişdə olan natamamlıq və ya yanlışlığın səbəbi barədə məlumatların;

2. 2011-2021-ci illər arasındakı dövrdə iddiaçının əlil olduğunu təsdiq edən sənədlərin və məlumatların məhkəməyə təqdim olunması xahiş olunur.

40. Həmin sorğuya cavab olaraq bildirilmişdir ki, Bakı şəhər sakini İddiaçı əlillik vəziyyəti barədə xx.xx.2025-ci il tarixli, 3-6-5/2-19442/2025 nömrəli sorğunuza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra - Agentlik) baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd (məhkəmə qərarı və s.) əsas götürülür. Müəyyən olunmuşdur ki, İddiaçı ilkin olaraq xx.xx.2012-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən ikinci dərəcə 1 il müddətinə (xx.xx.2013-cü il tarixinədək), sonrakı dövrdə isə təkrar olaraq xx.xx.2014cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə ikinci dərəcə 1 il müddətinə (xx.xx.2015-ci il tarixinədək) əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa xx.xx.2015-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən ikinci dərəcə 1 il müddətinə (xx.xx.2016-cı il tarixinədək) əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə ikinci dərəcə əlillik təyinatı xx.xx.2016-cı il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1-ci bəndinə uyğun olaraq dövlət tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmədən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. * Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra vətəndaşın əlillik vəziyyəti Bakı 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 0174003AADAS nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və xx.xx.2021-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə vətəndaşa dair Bakı Xəzər Tibb Mərkəzi tərəfindən Q00057146LZB nömrəli nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti müvafiq olaraq xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş və natamam doldurulması səbəbilə göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Nəzərinizə çatdırırıq ki, dövlət tibb müəssisəsinin xx.xx.2025-ci il tarixli göndərişi və müraciəti əsasında R.Bababyev xx.xx.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və aparılmış ətraflı əyani müayinələrin nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik səviyyəsində hər hansı ağırlaşma və ya patofunksional dəyişikliklər aşkar olunmadığından, xx.xx.2025-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qeyd edək ki, məhkəmə qərardadına əsasən İddiaçı sonuncu dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2025-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Bildiririk ki, xx.xx.2022-ci il tarixli, Q00057146LZB nömrəli göndərişdə (Forma-088) qeyd edilmiş xx.xx.2022-ci il tarixindən aparılmış “Sağ ayağın rentgenoqrafiya müayinəsi”nin nəticəsi ilə (Sağ ayağın İV barmağının əsas falanqasında qeyri-düzgün bitişmiş sınıq və aşıqbaldır oynağında artroz. Onurğanın yuxarı döş fəqərələri hissəsində İİ dərəcə sağa əyrilik müəyyən olunur) xəstəliyin ağırlaşmaları (L90.5 - Sağ ayağın dartıcı hipertrofik, ağrılı kelloid çapığı, M21.2 - Sağ aşıq-baldır oynağının açıcı-bükücü kontrakturası) arasında uyğunsuzluqlar aşkar edilmişdir. Bundan irəli gələrək ekspertiza üçün əhəmiyyətli sayılan patofunksional pozuntuların dəqiqləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarın 2.9-cu bəndinə əsasən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Araşdırma zamanı Agentliyin arxiv şöbəsinin tibbi-sosial ekspertiza sənədləri arasında vətəndaşa dair xx.xx.2013-cü il tarixli, 093577-nömrəli təkrar arayışı və protokol məlumatlar arasında uyğunsuzluq aşkar olunduğundan üzləşdirilməsi və "Əlillik" altsisteminə şəxsin əlillik məlumatlarının daxil edilməsi mümkün olmamışdır. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti Sizə təqdim olunur.

41. Beləliklə, müəyyən olunmuşdur ki, iddiaçı 2012-2021-ci illərdə 2-ci dərəcə əlil olmuşdur. İddiaçı özü isə iddia ərizəsinin dəlillərində ona ilk dəfə 2011-ci ildə 2-ci dərəcə əlilliyin təyin edildiyini, bununla da 2021-ci ilədək həmin dərəcə üzrə 10 il müddətdir əlil olduğunu iddia etsə də bu iş materialları və məhkəmə sorğusu əsasında təqdim olunan sənədlərlə təsdiq olunmur.

42. Həmçinin, iddiaçının son dəqiqləşmiş tələbindən görünür ki, o, 10 il müddətdir əlil olduğunu iddia etməklə 3-cü dərəcə əlilliyin müddətsiz təyin olunmasını tələb edir.

43. Eyni zamanda yuxarıda istinad olunan iş materiallarından müəyyən olunmuşdur ki, İddiaçı ilkin olaraq xx.xx.2012-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən ikinci dərəcə 1 il müddətinə (xx.xx.2013-cü il tarixinədək), sonrakı dövrdə isə təkrar olaraq xx.xx.2014-cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə ikinci dərəcə 1 il müddətinə (xx.xx.2015ci il tarixinədək) əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa xx.xx.2015-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən ikinci dərəcə 1 il müddətinə (xx.xx.2016-cı il tarixinədək) əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə ikinci dərəcə əlillik təyinatı xx.xx.2016-cı il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1-ci bəndinə uyğun olaraq dövlət tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmədən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. * Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra vətəndaşın əlillik vəziyyəti Bakı 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 0174003AADAS nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və xx.xx.2021-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə vətəndaşa dair Bakı Xəzər Tibb Mərkəzi tərəfindən Q00057146LZB nömrəli nömrəli göndəriş rəsmiləşdirilmişdir.

44. Lakin iş materiallarından o da müəyyən olunur ki, Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2025-ci il tarixli göndərişi (XBT10 kodu, S92.5-ayağın digər barmağının sınığı) və müraciəti əsasında R.Bababyev xx.xx.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur və aparılmış müayinələrin nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik səviyyəsində hər hansı ağırlaşma və ya patofunksional dəyişikliklər aşkar olunmadığından, xx.xx.2025-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

45. Eləcə də, ekspertiza tədqiqatının gedişində iddiaçı Elmi -Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda əyani müayinə olunmuş və ona “Odlu silah yaralanmasından sonra sol pəncənin ön və alt səthlərində kobud dartıcı çapıq toxumaları, sağ ayağın İV barmağının əsas falanqasının əsasının qeyri-düzgün bitişmiş sınığı, pəncənin xırda bükücü kəskin kontrakturası (açma 110 dərəcə, bükmə 100 dərəcə) baldır və pəncə əzələlərinin kəskin atrofiyası, sağ ayaq barmaqlarının çəkicəbənzər deformasiyası, daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması” (XBT kodu ilə Y36.4, L90.5 S92.5, M84.0, M19.1, M24.5, M62.5, M20.4, R52.2, R26.8) diaqnozu qoyulmuşdur.

44. Beləliklə, həm ekspert rəyindən, həm də ixtisaslaşmış tibb müəssisəsinin arayışından göründüyü kimi, Q00057146LZB nömrəli göndərişdə qeyd edilmiş əsas diaqnoz və onun ağırlaşmaları hazırda da iddiaçıda aşkar edilir.

46. Qeyd olunmalıdır ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2268/2024 saylı, 06. 11. 2024-cü il tarixli qərarında da göstərilmişdir ki, “.....44. Beləliklə, həm ekspert rəyindən, həm də ixtisaslaşmış tibb müəssisəsinin arayışından göründüyü kimi, Q00057146LZB nömrəli göndərişdə qeyd edilmiş əsas diaqnoz və onun ağırlaşmaları hazırda da iddiaçıda aşkar edilir. Belə olan halda, apellyasiya məhkəməsi ekspert rəyində qeyd edilənləri natamam hesab etdiyi və ya onda şübhə doğurduğu halda iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edə bilərdi.”

47. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

48. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Məhkəmə Kollegiyası ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək (İPM-in 1.2-ci və MPM-in 88-ci maddəsinə əsasən) rəylə razılaşmamağa əsaslar görmür.

50. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, o cümlədən iddiaçı barəsində Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2025-ci il tarixli göndərişindəki XBT10 kodu, S92.5-ayağın digər barmağının sınığı diaqnozu Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2268/2024 saylı, 06. 11. 2024-cü il tarixli qərarında qeyd olunduğu kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsinin 09 dekabr 2023-cü il tarixli, T 705/2023 saylı Rəyi ilə də (Cild 1, i/v 110-114) ) təsdiqini tapdığından iddiaçıya əlillik təyin olunmalıdır.

51. Bununla belə, o da nəzərə alınmalıdır ki, iddiaçı son dəqiqləşmiş tələbində 3-cü dərəcə əlilliyin müddətsiz təyin olunmasını tələb edir, lakin müəyyən olunur ki, iddiaçı ilk dəfə 2011-ci ildə deyil, 2012-ci ildə əlil olmuşdur.Yəni İddiaçı ilkin olaraq xx.xx.2012ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən ikinci dərəcə 1 il müddətinə əlillik təyin olunmuşdur.

52. Məhkəmə Kollegiyası həmçinin, qeyd edir ki, iddiaçı xx.xx.2022-ci il tarixli, Q00057146LZB nömrəli göndəriş əsasında cavabdehin imtinasını qanunvericilikdə nəzərdə tutulan 6 aylıq müddət daxilində mübahisələndirmişdir, 10 gün isə inzibati orqanın yoxlama müddəti nəzərə alındıqda iddiaçıya xx.xx.2023-cü il tarixdən əlilliyin təyin olunması öhdəliyi cavabdehə həvalə olunmalıdır.

53. Məhkəmə Kollegiyası yuxarıda sadalanan işin faktiki hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır, odur ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8096/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv olunaraq iddianın qismən təmin olunması barədə yeni qərar qəbul olunmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8096/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv olunsun. İddia qismən təmin olunsun. İddiaçı xx.xx.2023-cü il tarixdən əlilliyin təyin olunması öhdəliyi cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin olunmasın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar