Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1158/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); X5 və X4 ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 13 saylı Vəkil Bürosu) , cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1958-ci ildə Naxçıvan MR, Ordubad rayonunda anadan olmuşdur, ünvan 1 Yat. ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı çıxarışın verilməsi tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-134/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2018-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhər Ərazi İdarəsinin imtinasını əsassız hesab edərək, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsində Avtomobilçi-bağçılıq cəmiyyətində 17-ci Cənub küçəsi 326 və 328 saylı sahəsi 1200 kv.m olan bağ sahələrinin mövcud vəziyyətdə Dövlət Reyestrində qeydiyyata alınmasına dair onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin Bağçılıq Bostançılıq cəmiyyətinin xx xxxxxxx 2000-ci il tarixli 34 saylı protokoluna əsasən ona Pirallahı rayonu, Dübəndi bağ massivində məişət avadanlıqları yerləşdirmək üçün boş saxlanılmış ərazidən 17-ci Cənub küçəsində hər birinin sahəsi 600 kv.m olan 326 və 328 bağ sahələri daimi istifadə üçün verilmişdir. Həmin vaxtdan bağ sahələri onun istifadəsindədir. Bağ sahələrinin onun adına qeydiyyata alınması üçün cavabdehə müraciət etmişdir. Lakin sonuncu Bağçılıq-Bostançılıq cəmiyyətinin ilkin (1988-ci il tarixli) siyahısında onun adının olmamasını səbəb göstərərək cavabdeh imtina etmişdir. O, xx.xx.2016-cı il tarixli məktub ilə yenidən sözügedən bağ sahələrinin özəlləşdirilməsi ilə bağlı xx.xx.2015-ci tarixli ********** №-li məktubla müraciət edərək bir daha məsələnin qanuna uyğun həll edilməsini xahiş etmişdir. Yenə də xx.xx.2015-ci il tarixli məktubla imtina edilmişdir. O, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə müraciət edərək ona ayrılmış “Avtomobilçi” Bağçılıq Bostançılıq Cəmiyyətinin ona ayırdığı 17-ci Cənub küçəsi, 326 və 328 №-li sahəsi 1200kv.m olan bağ səhələrinin xx xxxxxxx 2000-ci il tarixli 34 №-li protokoluna əsasən istifadəsinə və istifadəsində olması faktını müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxxxx 2016-cı il qətnaməsi ilə ərizə təmin edilmişdir. Cavabdeh (DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə ona verilmiş Pirallahı Rayon Məhkəməsinin iş №-2(094)-408/25016 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilmişdir. O, 1983-cü ildən zavodda işləyir. Bağ sahəsi ona verilən vaxtda sahənin kənarlarından heç bir qaz xətti keçmirdi. Onun sahəsinin kənarından eni 11.5 metr olmaqla 17-ci Cənub küçəsi keçirdi. Qaz xətti isə həmin küçədən 70-80 metr aralıdan F 180 mm olan köhnə qaz xətti keçirdi. 2013-cü ildən qaz xətti dəyişdirilərək, F320 mm olan boru xətti ona məxsus bağ sahəsinin kənarına köçürülmüşdür. Hal-hazırda həmin qaz xətti boyunca 42 bağ sahəsi boru xəttinin mühafizə zonasına düşür. Bağ sahələrinin bir neçə nəfərinə dövlət reyestrində qeydiyyata alınmış və çıxarış verilmişdir. Ona məxsus olan bağ sahəsinə dair sənədlər isə 3 ilə yaxındır ki, inkar olunaraq geri qaytarılır. Göstərilənlərə və İPM-in 2, 8, 45, 46-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 154, 157-ci maddələrinə əsaslanaraq, cavabdehin imtinasının qanunsuz sayılması, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsində 17-ci Cənub küçəsi, 326 və 328 saylı sahəsi 1.200 kv.m olan bağ sahələrinin mövcud vəziyyətdə reyestrdə qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(82)-134/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə ekspertizası təyin edilmiş, ekspert qarşısında “ “Avtomobilçi” bağçılıq bostançılıq cəmiyyətinin üzvü kimi İddiaçı istifadəsində 0,06 ha (mətn üzrə) ölçüdə torpaq sahəsinin naturada sözügedən cəmiyyətin ayrıc aktı ilə onun üzvlərinə ayrılmış ərazinin hüdüdları daxilində yerləşib-yerləşməməsinin müəyyən edilməsi” sualı qoyulmuşdur. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli, 13445 №-li məktubu ilə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi və rəy verilməsinin mümkün olmaması barədə məlumatı məhkəməyə göndərilmişdir.(ekspert Teymur Məmmədov) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 134/2019 saylı qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-134/2019 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ayrılmış bağ sahəsinin ayrıc aktından kənarda yerləşməsinə gəldikdə bağ sahələri cəmiyyətə ayrılmış 12 ha torpaq sahəsinin daxilində boş qalmış və məişət tullantıları üçün nəzərdə tutulmuş torpaq sahələri olmaqla 2000-ci ildən onun daimi istifadəsindədir, bu hal Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(103)-10333/16 nömrəli qətnaməsi ilə öz təsdiqini tapmışdır. Bu barədə adına bağçının 288 №-li üzvlük kitabçası verilmiş, orada müəyyən işlər görülmüş, o cümlədən ərazi mişar daşından hasara alınmış, su çəkilmişdir. 20 ildir ki, bağ sahəsindən daimi, maneəsiz və etirazsız istifadə edir. Ayrılmış bağ sahəsinin yüksək təzyiqli qaz xəttinin mühafizə zolağında yerləşməsi məsələsinə gəldikdə isə adı çəkilən qaz xəttinin yeri sonradan, yəni 2012-ci ildə ordan magistral yol çəkilən zaman kəmər yolun ortasında qaldığından yeri dəyişdirilmiş, onun təqsiri olmadan bağ sahələrinin yaxınlığından çəkilmişdir. Torpaq ona bağ sahəsi kimi verilən zaman oradan qaz xətti keçməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq, sədrlik edənin sualına cavab olaraq, iddiaçının məhkəmə iclası barədə məlumatı olduğunu,xəstə olduğundan şəxsən iştirak edə bilmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 və əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-134/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əsasən: - “Avtomobilçi” bağçılıq bostançılıq cəmiyyətinin idarə heyətinin 34 №-li “26 sentyabr” 2006-cı il tarixli protokolundan çıxarışa əsasən “Avtomobilçi” bağçılıq cəmiyyətində məişət avadanlıqları üçün boş saxlanılmış 17-ci Cənub küçəsi 326/328 №-li bağ sahəsi zavodun işçisi İddiaçı daimi istifadədən ötəri verilmişdir. - DƏDRX Bakı şəhər Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx xxxxxx 2015-ci il tarixli məktubunda ərizəçiyə bildirilmişdir: Bakı şəhər Ərazi İdarəsinin bağçılıq yoldaşlıq üzvlərinin müvafiq icra hakimiyyəti tərəfindən təsdiqlənmiş siyahısında onun adı aşkar olunmamışdır, İdarənin elektron baza məlumatlarına əsasən sözügedən bağ sahəsi bağçılıq yoldaşlığının ayrıc aktından kənara düşür. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məhkəməyə ünvanlanmış x xxxxxxxx 2019-cu il tarixli məktubu ilə qurumun müvafiq mütəxəssis rəyi təqdim olunmuşdur. Rəydə aşağıdakılar bildirilmişdir: İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə yerində baxış keçirilib koordinatları müəyyən edilməklə ölçülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli xx xxx 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan Bağ Təsərrüfatı idarələri ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verildiyindən iddiaçı X2 iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin yerində müəyyən edilmiş koordinatları müraciətdə qeyd edilən sualların cavablandırılması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu ilə göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya aşağıda qeyd edilənlər kimi cavab verilmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən koordinatlar verilmiş sahə “Avtomobilçi” b/ynın ayrıc aktından kənarda yerləşir. Torpaq sahəsi tam olaraq yüksək təzyiqli qaz xəttinin mühafizə zolağında yerləşir. - “Avtomobilçi” bağçılıq bostançılıq cəmiyyətinin idarə heyətinin 34 №-li, xx xxxxxxx 2000-ci il tarixli protokolundan çıxarışa əsasən “Avtomobilçi” bağçılıq cəmiyyətində məişət avadanlıqları üçün boş saxlanılmış 17 cənub küçəsi 326/328 №-li bağ sahəsi zavodun işçisi İddiaçı daimi istifadədən ötəri verilməsi qərara alınmışdır. - Cavabdeh tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış **********14 №-li , xx.xx.2018-ci il tarixli məktubda İddiaçı “Avtomobilçi” bağçılıq yoldaşlığı nəzdində Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində 326/328 saylı bağ sahəsinin ayrılmasına dair hər hansı bir sənəd ( üzvlük kitabçası, protokoldan çıxarış və s.) arxiv qovluğunda aşkar olunmadığı qeyd edilmişdir. Məktuba “Avtomobilçi” bağçılıq yoldaşlığının xx.xx.1988-ci il tarixli, 3 №-li protokoldan çıxarışının, xx.xx.1988-ci il tarixli, 2 №-li protokoldan çıxarışının təsdiq edilmiş surətləri əlavə edilmişdir. xx.xx.1988-ci il tarixli, 2 №-li protokoldan çıxarışının təsdiq edilmiş surətinə əsasən bağ sahəsi ayrılmış 185 şəxsin adı və soyadı olan siyahı əlavə edilmiş, siyahıda iddiaçının adı göstərilməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; - (8.0.9) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: - (8.0.9.1) hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: - (8.0.9.1.1) icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; - (8.0.9.1.2) məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə alınmış mütəxəssis rəyinə əsasən iddiaçının iddia etdiyi torpaq sahəsi “Avtomobilçi” bağçılıq-yoldaşlıq cəmiyyətinin ayrıc aktından kənardakı əraziyə, eləcə də yüksək təzyiqli qaz xəttinin mühafizə zonasına düşür. “Avtomobilçi” bağçılıq-yoldaşlıq cəmiyyəti tərəfindən ayrılmış torpaq sahəsinin koordinatları həmin qurumun ərazisindən kənara düşməməlidir. Belə olan halda həmin torpaq sahəsi də iddiaçının mülkiyyəti kimi reyestrdə qeydiyyata alına bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, bağçılıq yoldaşlıq üzvlərinin müvafiq icra hakimiyyəti tərəfindən təsdiqlənmiş siyahısında 17-ci cənub küçəsində torpaq sahəsinin ayrılması qeyd edilməmişdir. Göründüyü kimi, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-134/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 ,94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 134/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiya və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1158/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1158/2020
11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver