Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1158/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X3 iştirakı ilə cavabdehin hərəkətləri qanunsuz saymaqla iddiaçının əlilliyinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4387/2020 nömrəli iş üzrə 27 oktyabr 2020-ci il tarixli qərarından cavabdeh apellyasiyasına əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə səhiyyə müəssisəsinin göndərişi əsasında iddiaçının əlilliyi əsasında Əlillik Altsistemində bərpası vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 27.10.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixədək qüvvədə olmuş 05.02.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə və hazırda qüvvədə olan Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. İddiaçının əlillik vəziyyəti AR Daxili İşlər Nazirliyinin Tibb idarəsinin 4110003AACG4 nömrəli göndərişi əsasında 18.12.2017-ci il tarixdə və 4110003AACKG saylı göndərişi əsasında 22.12.2017-ci il tarixlərdə qiymətləndirilmiş və “Hər iki aşağı ətrafın donvurulmasından sonrakı vəziyyət. Aşağı ətrafların xroniki obliterasiyaedici endoartriti. Aşağı ətrafların xroniki işemiyası İİİ dərəcə” xəstəliyi ilə 5 il müddətə ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar verilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən DİN Tibb idarəsinə müraciət olunaraq, DİN Tibb idarəsi tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında risk qrupuna daxil olan 843 nəfərə aparılmış əlillik təyinatlarının araşdırılması məqsədilə həmin şəxslər barəsində rəsmiləşdirilmiş göndərişlərin (Forma 88) əsaslılığının araşdırılması və nəticəsi barədə məlumat verilməsi xahiş edilmişdir. AR DİN Tibb İdarəsi tərəfindən ƏƏSMN-ə göndərilmiş 18.11.2019-cu il tarixli 029- 3854-1219/5 nömrəli məktubda qeyd olunur ki, AR DİN Tibb İdarəsi tərəfindən 843 nəfər barəsində rəsmiləşdirilmiş göndərişlərin əsaslılığının araşdırılması ilə əlaqədar müraciətə baxılmışdır. Bildirir ki, müraciətə əlavə edilmiş siyahıda adları qeyd olunan şəxslərin Daxili İşlər Nazirliyinə aidiyyəti yoxdur və onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirilmişdir. Bununla əlaqədar göndərişlərin etibarsız hesab olunması nəzərə alınmalıdır. İddiaçının adı qeyd olunan siyahıda 776-cı sırada olduğundan, ona aid əlilliyin qiymətləndirməsi (əlilliyi) “Əlillik altsistemi”ndə etibarsız edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayətə uyğun izahat vermiş, iddiaçı, onun vəkili və nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsaslıdır. İşdən müəyyən edilir ki, iddiaçının əlillik vəziyyəti AR DİN Tibb idarəsinin 4110003AACG4 nömrəli göndərişi əsasında 18.12.2017-ci il tarixdə və 4110003AACKG nömrəli göndərişi əsasında 22.12.2017-ci il tarixlərdə qiymətləndirilmiş və “Hər iki aşağı ətrafın donvurulmasından sonrakı vəziyyət. Aşağı ətrafların xroniki obliterasiyaedici endoartriti. Aşağı ətrafların xroniki işemiyası İİİ dərəcə” xəstəliyi ilə 5 il müddətə ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar verilmiş, 2018-ci il ərzində aparılmış əlillik təyinatları üzrə risk qrupuna daxil olan şəxslərin təyinatları AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılmış, ƏƏSMN tərəfindən DİN Tibb idarəsinə müraciət olunaraq, DİN Tibb idarəsi tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında risk qrupuna daxil olan 843 nəfərə aparılmış əlillik təyinatlarının araşdırılması məqsədilə həmin şəxslər barəsində rəsmiləşdirilmiş göndərişlərin (Forma 88) əsaslılığının araşdırılması və nəticəsi barədə məlumat verilməsi xahiş edilmiş, DİN Tibb idarəsi tərəfindən ƏƏSMN-ə göndərilmiş 18.11.2019-cu il tarixli 029-3854-1219/5 nömrəli məktubda qeyd olunmuşdur ki, DİN Tibb idarəsi tərəfindən 843 nəfər barəsində rəsmiləşdirilmiş göndərişlərin əsaslılığının araşdırılması ilə əlaqədar müraciətə baxılmış, müraciətə əlavə edilmiş siyahıda adları qeyd olunan şəxslərin DİN-ə aidiyyəti olmadığı üçün onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirilmiş, bununla əlaqədar göndərişlərin etibarsız hesab olunmuş, iddiaçının adı qeyd olunan siyahıda 776-cı sırada qeyd edilmiş, bu səbəbdən Əlillik Altsistemində ona aid qiymətləndirmə 2020-ci ilin əvvəlində ləğv edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AR Qanununun: 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2-ci maddəsinə görə, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: 2.1-ci bəndinə görə, birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər; 4.1-ci bəndinə əsasən, birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. AR Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin: 1.3-cü bəndinə görə, TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir; 1.5-ci bəndinə əsasən, əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən müəyyən edilir; 4.1-ci bəndinə görə, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; 4.7-ci bəndinə görə, səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar; 4.9-cu bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X4 ötürülür; 4.9-1-ci bəndinə görə, TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir; 4.16-cı bəndinə əsasən, TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir; 4.17-ci bəndinə görə, qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir; 4.19-cu bəndinə əsasən, hər iş gününün sonunda TSEK tərəfindən gün ərzində aparılmış əlilliyin qiymətləndirilməsi hallarını özündə əks etdirən protokol tərtib olunur və hər bir komissiya üzvü tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək TSERAS-a daxil edilir; 4.26-cı bəndinə görə, əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. AR Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 2.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbisosial ekspert komissiyaları tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə görə, əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, iddiaçının əlilliyi DİN Tibb idarəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən onun iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qıymətləndirilməklə müəyyən edilmiş, daha sonra göndərişi rəsmiləşdirən tibb müəssisəsinin tab olduğu DİN Tibb idarəsinin məktubu və həmin məktuba əlavə edilən göndərişləri ləğv edilən şəxslərin siyahısına əsasən onun barəsində rəsmiləşdirilmiş göndəriş etibarsız sayılmış, bundan sonra, yəni əlilliyin təyininə əsas verən hüquqi sənəd (göndəriş) əsassız hesab edildiyinə gorə iddiaçının əlillik müayinəsi (İİ dərəcəli əlillik təyin edilməsi) Əlillik Altsistemində cavabdeh tərəfindən haqlı olaraq ləğv edilmişdir ki, bütün bunlar da apellyasiya şikayətinin dəlillərinin əsaslılığına dəlalət edir. Belə ki, “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.1-ci bəndinin təhlili göstərir ki, dövlət səhiyyə müəssisələrinin göndərişləri olmadan TSEK-də əlilliyin qiymətləndirilməsi aparıla bilməz, başqa ifadə ilə, dövlət səhiyyə müəssisələrinin göndərişləri yoxdursa, TSEK-də əlilliyin qiymətləndirilməsinin nə mümkünlüyündən, nə də mövcudluğundan bəhs oluna bilər. Hazırkı işdə də dövlət səhiyyə müəssisəsi olan DİN Tibb idarəsinin göndərişi həmin təşkilatın özü tərəfindən etibarsız sayıldığından, mötəbərliyini itirmiş sənəd kimi artıq hüquqi nəticə doğurmur. Lakin iddiaçı dövlət səhiyyə müəssisəsinin sözügedən göndərişinin etibarsız hesab edilməsini (qüvvədən düşürülməsini) mübahisə etmədən, bu etibarsızlığa istinad edən cavabdehin hərəkətlərinin qanuniliyini mübahisələndirmişdir. İddianın rədd olunmasının ən əsas dəlili isə ondan ibarətdir ki, iddiaçıya təyin edilmiş müddətsiz əlillik dərəcəsinin bərpa olunması üçün onun barəsində dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib olunan mötəbər (etibarlı, qüvvədə olan) göndəriş olmalıdır ki, iş üzrə də belə bir göndərişin artıq olmadığı, sonradan etibarsız sayıldığı mübahisəsizdir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla (İPM-14.3) iddiaçıya aid edilmişdir. Bu tələbdən irəli gələrək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbuluna cavabdehi məcbur edən və qanunvericiliklə mötəbərlik əhəmiyyəti tanınan bəlli rəsmi sənədlərə malikdir yaxud da belə sənədlər mövcuddur. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Lakin işdən məlum olur ki, qanunla tələb olunan belə bir sənəd (dövlət səhiyyə müəssisəsinin göndərişi) artıq mövcud deyil və bununla da iddiaçı İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə onun üzərinə qoyulan ilkin sübutetmə vəzifəsini yerinə yetirməmiş olur ki, bu da eyni zamanda həmin normanın ikinci cümləsi ilə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi üzərinə düşən cavabdehin sözügedən sübutetmə yükünü qanunla tələb olunan qaydada yerinə yetirməsi anlamına gəlir. İPM-in 73.1-ci maddəsinə görə, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdehin imtinası normativ hüquqi aktlara əsaslandığı üçün qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Belə olan halda, imtinası mahiyyətcə qüvvədə olan maddi hüquq normalarının tələblərinə cavab verən inzibati orqanın üzərinə belə hüquqi aktın qəbul edilməsi barədə öhdəlik qoyula, bu tələbi ehtiva edən iddia isə təmin oluna bilməz. Bundan əlavə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər (İPM-in 33.1-ci maddəsi). Bu qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur (İPM-in 33.2-ci maddəsi). Məcburetmə haqqında iddiaya baxan məhkəmənin yekunda hansı qərarları qəbul edə biləyəcəyi İPM-in 73-cü maddəsində tənzimlənmişdir. Həmin normaya əsasən: 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur; 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur; 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. İşdən görünür ki, hazırkı mübahisə əliilliyin təyini, yəni inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunma ilə əlaqədardır (İPM-in 73.3.2-ci maddəsi). Bu halda isə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Belə ki, həm əvvəl qüvvədə olan “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”, həm də hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq, şəxsin əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Başqa sözlə, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında (Forma 088) daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Lakin cavabdeh konkret hallara istinad edərək, göndərişin onu göndərən tibb müəssisəsi tərəfində etibarsız sayıldığını bildirir. Demək ki, qanunvericilik əlilliyin tibb müəssisələrinin göndərişi əsasında aparılmasını, əlilliyin qiymətləndirilməsinin isə məhz bu göndəriş əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilməsini imperativ qaydada tələb etdiyindən, məhkəmə də qərar qəbul edərkən bu iradəni rəhbər tutmalıdır. Yəni, “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndərişi qiymətləndirərək, əlilliyi təyin etmək səlahiyyəti TSEK-lərə verildiyindən, sonuncular da bu qiymətləndirməni yalnız sözügedən göndərişlər əsasında həyata keçirə bildiyindən, digər sənədlər, hətta tibbi ekspert rəyləri adıçəkilən sənədləri əvəz edə bilməz. İşdən isə görünür ki, birinci instansiya məhkəməsi işin müzakirə olunan hallarına düzgün hüquqi qiymət verməmiş, normativ hüquqi akta əsasən müəyyən sənədlə təsdiq edilməli olan işin konkret faktiki halı belə əhəmiyyətə malik sübutlarla təsdiq olunmayan iddiaçının əlilliyinin bərpa edilməsinin qanuniliyi iş üzrə təsdiqini tapmadığı halda, maddi hüquq normalarını pozaraq, iddianı təmin etməklə, nəticədə səhv qərar qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi iddiaçının əlilliyin bərpa edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-in 14.3-cü maddəsi), “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin olunmamalıdır (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4387/2020 nömrəli iş üzrə 27 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə səhiyyə müəssisəsinin göndərişi əsasında iddiaçının əlilliyi əsasında Əlillik Altsistemində bərpası vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-1(103)-1158/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1158/2021
27.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver