Məhkəmə qərarları › İş №2-1(103)-1158/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1158/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1158/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı "KasXim" X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi Nümayəndə4, Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7176/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək "KasXim" X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) barəsində xx.xx.2022-ci il tarixli, **********154500 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının və onun hüquqi nəticələrinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "KasXim" X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) fəaliyyətə başladığı müddətdən etibarən daim vergi hesabatlarını vaxtlı-vaxtında təqdim etmişdir. İddiaçı X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyi xx.xx.2021-ci il tarixdə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmişdir. Bundan sonra Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********146569 nömrəli qərarı ilə aprel 2018-mart 2021-ci il dövrü üzrə X6 təyin edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.3.4-ci maddəsinə əsasən, aıtıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən keçirilə bilər. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 179.1-ci maddəsinə əsasən hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi sıfır dərəcəsi ilə vergiyə cəlb olunan vergi ödəyicisinə, hesabat dövründə əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 20 gün ərzində qaytarılır. Vergi orqanı dispoziliv normaya uyğun olaraq yoxlama keçirmişdir. İmperativ normaya istinad belə etməmişdir. Halbuki, dispozitiv normada subyekt üçün davranış qaydası müəyyən edilsə də, digər hərəkət imkanları da tanınır. İmperativ metodda isə subyektin davranışı dəqiq tənzimlənir. Əgər subyekt buna əməl etmirsə, sanksiya tətbiq edilməsi nəzərdə tutulur. Bu metod cinayət hüququ üçün xarakterikdir. Məsələn: “daxil edilə bilər” ifadəsi dispozitiv, “daxil edilməlidir” ifadəsi isə imperativ normadır. Vergi orqanı Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun olaraq pulu 20 gün ərzində qaytarmalı olduğu halda, növbədənkənar X6 keçirməklə qanunsuz və əsassız yoxlama keçirmiş, vaxtı uzatmış, əsassız olaraq əlavə vergi hesablanması aparmışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” barədə Qaydalarının 4.8-ci maddəsinə əsasən, hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 20 gün müddətində ona qaytarılır. Yuxarıda qeyd edilən qaydalara uyğun olmadan növbədənkənar X6 keçirildi, uzadıldı, sonda da əsassız olaraq qərar qəbul edildi. xx.xx.2021-ci ildən davam edən növbədənkənar X6 İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin müxtəlif qərarları ilə dayandırılmışdır. xx.xx.2021-ci il tarixli, **********146576 saylı növbədənkənar X6 aktı tərtib edildi və bu akt hesabatlarımıza uyğun deyildir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.1.-ci maddəsinə əsasən, bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. X6 aktına baxılma haqqında 01 saylı xx.xx.2022-ci il tarixli protpkol tərtib edilmişdir. Həmin protokola görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.1,-ci maddəsinə əsasən, X6nın materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. Qeyd edilən maddələrin tələblərinə uyğun olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qərar İddiaçı X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyinə təqdim edilmədən, elektron qaydada göndərilmədən şəxsi hesab vərəqəsinə 1804740,99 manat hesablama aparmış, 902370,50 manat maliyyə sanksiyaları tətbiq etmişlər. Bundan əlavə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci ildə “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********409900 saylı tələbnamə İddiaçı X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyinə göndərilmişdir. Bütün yuxarıda qeyd edilən sənədlərdən sonra xx.xx.2022-ci ildə xx.xx.2022-ci il tarixli, **********154500 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı iddiaçıya elektron sistem üzərindən göndərilmişdir. Yoxlama ərəfəsində bütün zəruri sənədlər, alqı-satqı sənədləri, invoyslar yoxlamaya təqdim edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun olaraq alqı-satqı həyata keçirilmiş, vergi ödəmələri qanunamüvafiq olaraq ödənilmişdir. Mübahisələndirilən vergi borcu ilə bağlı cavabdeh tərəfindən cəmiyyətin banklarda olan hesablaşma hesablarına sərəncam qoyulmuş, sərəncamın qoyulması müəssisənin dövriyyəsinin məhdudlaşdırılmasına, təsərrüfat subyekti kimi normal iqtisadi fəaliyyətlə məşğul olmasına, dövlət və digər təşkilatlar qarşısında öhdəliyinin yerinə yetirilməsinə mane olmaqla fəaliyyətini iflic vəziyyətinə salmışdır. Hal-hazırda şirkətdə işçilər çalışır. Bundan əlavə, müəssisənin əməkdaşlıq etdiyi təchizat şirkətləri vardır və vergi, su, elektrik xərci ödəyir. Qeyri-qanuni əlavə vergi hesablanması müəssisənin digər tərəfdaşlarının qarşısında öhdəliklərinin yerinə yetirilməməsi və müflis olması deməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Belə ki, mülki qanunvericilik müqavilənin təbiətini azad xarakterli müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə azadlığından istifadə etməklə müqavilələr bağlanmış və icra olunmuş, hesabatlar vaxtlı-vaxtında verilmiş, vergi ödənişləri də vaxtında ödənilmişdir. O da qeyd edilir ki, yoxlamanın istinad etdiyi dövr üzrə Rusiya Federasiyasının “X8" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi eyni fəaliyyətlə məşğul olmur, alqı-satqı ilə məşğuldur. Azərbaycan Resublikasında heç bir məhsulu ixraca verməmişdir. Bu göstərici əsasında qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Həmçinin, pandemiya ərəfəsində bu növdə əlavə vergi hesablanması və qərar qəbul edilmədən sanksiya tətbiq edilməsi qanunvericiliyin tələblərinə ziddir. Odur ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin prosessual müddəalarına əsasən vergi ödəyicisi kimi iddiaçının hüquqları məhdudlaşdırılmışdır. Cavabdeh tərəfindən iddiaya dair etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********146569 saylı qərarına əsasən "KasXim" X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyində X6 keçirilmiş və yoxlamanın nəticəsi xx.xx.2021-ci il tarixli X6 aktı ilə rəsmiləşdirlmişdir. Yoxlama zamanı aşağıdakılar müəyyən edilmişdir. Mənfəət vergisi üzrə: yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi idxal olunmuş xammal və materialların emala verilməsi və istehsal olunmuş hazır məhsulların (polipropilen kisələrin) ixracı ilə məşğul olmuşdur və mənfəət vergisi üzrə vergi ödəyicisi tərəfindən gəlirlərin və xərclərin uçotu hesablama (2018, 2019, 2020) metoduna əsasən aparılmışdır. Mənfəət üzrə hesablama Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 104.2-ci və 108-ci maddələrinə əsasən, gəlir və gəlirin əldə edilməsi ilə bağlı xərclər çıxılmaqla aparılmışdır. Yoxlama zamanı vergi ödəyicisinin mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadığından və yoxlanılan dövrdə qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin həmin qeyri-rezidentə və qarşılıqlı surətdə asılı olan digər qeyri-rezidentlərə malları bazar qiymətindən aşağı qiymətə ixrac etdiyindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.9-cu maddəsinə əsasən eyni fəaliyyətlə məşğul olan Rusiya Federasiyasının "X8" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin oxşar dövrlərdəki ixrac qiymətləri əsas götürülməklə vergilər yenidən hesablanmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən "KasXim" X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyi və “TOO «KASXİM”, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və “X7 Müəssisəsi ilə qarşılıqlı asılı şəxslərdir və onlar arasında əməliyyatlar nəzarət olunan əməliyyatlar hesab edilir. Rusiya Federasiyasının "X8" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin oxşar dövrlərdəki ixrac qiymətləri əsas götürülməklə "KasXim" X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyinə vergilər yenidən hesablanmışdır. Vergi ödəyicisinin özünün təqdim etdiyi bəyannaməyə əsasən 2018-ci il üzrə ümumi gəliri 10622177,93 manat, xərcləri 10651988, 7 manat, zərər 29810,77 manat, 2019-cu il üzrə ümumi gəlir 6163301,23 manat, xərclər 6 092 338,65 manat olmaqla mənfəət vergisi 14192,52 manat və 2020-ci il üzrə ümumi gəlir 3993471,63 manat, xərclər 5546175,95 manat olmaqla 1552704,32 manat zərər göstərilmişdir. Yoxlama ilə vergi ödəyicisinin 2018-ci il üzrə ümumi gəlirləri 15 540 932,50 manat, həmin gəlirdən hesablanan mənfəət vergisi 977 788,76 manat, 2019-cu il ümumi gəlirləri 8 481 102,67 manat, həmin gəlirdən mənfəət vergisi 477752,80 manat, və 2020-ci il üzrə ümumi gəlirlər 7363135,71 manat və həmin gəlirlərdən hesablanan mənfəət vergisi 363391,95 manat müəyyən edilmişdir. Yoxlama ilə ümumilikdə büdcəyə əlavə 1804740,99 manat mənfəət vergisi hesablanmış, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə hesablanmış 1804740,99 manat mənfəət vergisi məbləğinin 50 % miqdarında, yəni 902370,50 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. Hesablamanın əsasını təşkil edən yük gömrük məlumatlarına əsasən malların “RAM X5 Ticarət Ltd" MMC tərəfindən ixrac edilməsi görünsə də, müvafiq invoyslar "KasXim" X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyinin adından tərtib olunmuşdur. İxrac edən müəssisənin "KasXim" X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyinin olması iddia ərizəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, X6 mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq X6nın keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. X6nın keçirilməsi barədə qərar xx.xx.2021-ci il tarixdə qəbul edilmiş və son 3 illik dövrün, yəni 2020, 2019, 2018-ci illərin mənfəət vergisi yoxlanılmışdır. Eyni ilə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tələbinə əsasən həmin maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq X6nın keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Belə olan təqdirdə, vergi orqanı tərəfindən vergilərin hesablanması və hesablanmış vergilərə münasibətdə maliyyə sanksiyasının tətbiq edilməsi tam əsaslı olmuşdur. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7176/2022 saylı qərarı ilə (hakim M.T.Hacıbəyova) iddianın təmin edilməsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "KasXim" X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********154500 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı və onun hüquqi nəticələrinin ləğv edilməsi qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən "KasXim" X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyi və “Too "KasXim”, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və “X7 Müəssisəsi ilə qarşılıqlı asılı şəxslərdir və onlar arasında əməliyyatlar nəzarət olunan əməliyyatlar hesab edilir. Rusiya Federasiyasının "X8" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin oxşar dövrlərdəki ixrac qiymətləri əsas götürülməklə "KasXim" X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyinə vergilər yenidən hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən "KasXim" X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: **********) və “Тоо “Касхим” , "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Krasnodar şəhəri, Mayskiy PR.,14/6, (Rusiya Federasiyası) və X7 Müəsisəsi (İran İslam Respublikası) ilə qarşılıqlı asılı şəxslərdir və onlar arasında əməliyyatlar nəzarət olunan əməliyyatlar hesab edilir. Həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.3.1-ci maddəsinə əsasən barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda və 14.3.2-ci maddəsinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilər bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Vergi ödəyicisinin özünün təqdim etdiyi bəyannaməyə əsasən 2018-ci il üzrə ümumi gəliri 10622177,93 manat, xərcləri 10651988,7 manat, zərər 29810,77 manat, 2019-cu il üzrə ümumi gəlir 6163301,23 manat, xərclər 6 092 338,65 manat olmaqla mənfəət vergisi 14192,52 manat və 2020-ci il üzrə ümumi gəlir 3993471,63 manat, xərclər 5546175,95 manat olmaqla 1552704,32 manat zərər göstərilmişdir. Yoxlama ilə vergi ödəyicisinin 2018-ci il üzrə ümumi gəlirləri 15 540 932,50 manat, həmin gəlirdən hesablanan mənfəət vergisi 977 788,76 manat, 2019cu il ümumi gəlirləri 8 481 102,67 manat, həmin gəlirdən mənfəət vergisi 477752,80 manat, və 2020-ci il üzrə ümumi gəlirlər 7363135,71 manat və həmin gəlirlərdən hesablanan mənfəət vergisi 363391,95 manat müəyyən edilmişdir. Yoxlama ilə ümumilikdə büdcəyə əlavə 1804740,99 manat mənfəət vergisi hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə hesablanmış 1804740,99 manat mənfəət vergisi məbləğinin 50 % miqdarında, yəni 902370,50 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaçının tutuşdurulan qiymətlərinin “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin hansı dövrdəki fəaliyyəti üzrə qiymətləri ilə müqayisə etdiyini, müqayisə edən zaman konkret hansı sənədlərə istinad etməsini xx.xx.2022-ci il tarixli, **********154500 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarda və həmin qərarın qəbul edilməsi üçün əsas olmuş xx.xx.2021-ci il tarixli **********146576 nömrəli “X6 aktı”nda göstərməmişdir ki, bu da məhkəmənin gəldiyi qənaətə görə İddiaçı X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyinə əlavə mənfəət vergisinin hesablanmasının qanunauyğunluğunda və düzgünlüyündə aradan qaldırılmaz şübhələr yaradır. Qeyd edirlər ki, X6 aktında və məsuliyyət qərarında qeyd olunur ki, eyni fəaliyyətlə məşğul olan Rusiya Federasiyasının “X8" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (VÖEN:**********) oxşar dövrdəki ixrac qiymətləri əsas götürülməklə, İddiaçı X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyinə vergilər 2018-2020-сi illər üçün yenidən hesablanmışdır. Qeyd edilən faktı X6nı həyata keçirən yoxlayıcı Nümayəndə2 də Bakı İnzibati Məhkəməsində şahid qismində iştirak edərkən ifadəsində bildirmişdir. Birinci instansiya məhkəməsinin qərarında göstərilmişdir ki, İddiaçı X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyində növbədənkənar X6 xx.xx.2021-ci ilə başlamış və xx.xx.2021-ci ilə qədər davam etmişdir, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər, xx.xx.2021-ci ildən 18.11 2021-ci ilə qədər, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər üç dəfə növbədənkənar X6nın aparılması dayandırılmış, daha sonra yenidən davam edərək xx.xx.2021-ci ildə başa çatmışdır. Qeyd edirlər ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.7 və 38.7.2-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar X6 X6 aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək dayandırılır (təxirə salınır). Apellyasiya şikayətinə əlavə edilmiş, vergi ödəyicisi tərəfindən Baş İdarəyə ünvanlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli məktublarda “KasXim" MMO-nın Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru Nümayəndə1 səhhəti ilə əlaqədar yoxlamanı dayandırmağı xahiş edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, X6 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq X6nın keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. xx.xx.2021-ci ildə dəyişiklik edilənə qədər qeyd edilən müddət iş günü ilə deyil, sadəcə gün ilə hesablanırdı. Bununla bağlı qeyd edirlər ki, Azərbaycan Respublikasının 16 dekabr 2016cı il tarixli "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Qanunu ilə 37.2-ci maddədə kameral vergi yoxlamasının "30 gün" müddətində keçirilməsi ifadəsi əvəzinə "30 iş günü müddətində keçirilir" ifadəsi əks olunmuş və bu qayda 01 yanvar 2017-ci il tarixindən qüvvəyə minmişdir. Bu qaydadan fərqli olaraq Məcəllənin 38-ci maddəsinə müddətlərlə bağlı dəyişiklik edilməmiş, çünki həmin maddənin 38.2 və 38.4-cü hissələri yoxlamaların iş günü ərzində aparılmalı olduğunu nəzərdə tutduğundan, 30 gün anlayışı bilvasitə 30 iş gününü nəzərdə tutmuşdur. Qanunvericiliyə edilmiş dəyişiklik isə hər iki yoxlamaların yalnız iş günü ərzində aparılmalı olduğuna dair yanaşmanı dürüstləşdirmişdir. Beləliklə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.4cü maddəsinə əsasən X6 iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Odur ki, “X6nın keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********146569 nömrəli qərarda da, yoxlama müddəti təqvim günü ilə deyil, iş günü ilə müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-43/2024 saylı qərarı ilə (hakim Ş.A.Məmmədova) apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7176/2022 saylı qərarının ləğv edilməsi, iddianın rədd edilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı onunla əsaslandırılmışdır ki, “... X6 aktında və məsuliyyət qərarında qeyd olunur ki, eyni fəaliyyətlə məşğul olan Rusiya Federasiyasının “X8" MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (VÖEN: **********) oxşar dövrdəki ixrac qiymətləri əsas götürülməklə, İddiaçı X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyinə vergilər 2018-2020-сi illər üçün yenidən hesablanmışdır. ... Məhkəmə Kollegiyası onu da vurğulayır ki, hesablamanın əsasını təşkil edən yükgömrük məlumatlarına əsasən malların "xxxx" МММ tərəfindən ixrac edilməsi görünsə də, müvafiq invoyslar "KasXim" X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyinin adından tərtib olunmuşdur. Belə ki, invoys beynəlxalq təcrübədə satıcının alıcıya təqdim etdiyi və göndərilən malların (xidmətlərin, işlərin) siyahısını, onarın miqdarı və qiymətini, malların xüsusiyyətlərini (rəng, çəki, ölçü və s.), çatdırılma şərtlərini, satıcı və alıcı barədə məlumatları əks etdirən sənəddir”. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-43/2024 saylı qərarı iddiaçı tərəfindən mübahisələndirilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)-2666/2024 saylı qərarı ilə (hakim Z.M.Quliyev) iddiaçının kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 may 2024-cü il tarixli, 2-1(103)-43/2024 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)- 2666/2024 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... işin hallarına görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********146569 saylı qərarına əsasən İddiaçı X2 Azərbaycan Respublikasındakı Nümayəndəliyində X6 keçirilmiş və yoxlamanın nəticəsi xx.xx.2021-ci il tarixli X6 aktı ilə rəsmiləşdirilmişdir. Qərara əsasən 2018, 2019 və 2020-ci illər üçün ümumilikdə 1.804.740,99 manat mənfəət vergisi hesablanmış və 902.370,5 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Mübahisələndirilən qərarda qeyd edilmişdir ki, “mallar bazar qiymətindən aşağı qiymətə ixrac edildiyindən Vergi Məcəlləsinin 14.9-cu maddəsinə əsasən eyni fəaliyyətlə məşğul olan vergi ödəyicisinin oxşar dövrlərdəki ixrac qiymətləri əsas götürülməklə vergilər yenidən hesablanmışdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının xx.xx.2016-cı il tarixli **********011400 nömrəli qərarı ilə “X6nın keçirilməsi Qaydaları” təsdiq edilmişdir. Həmin qaydaların 48.1-ci bəndinə əsasən X6nın nəticələrinin rəsmiləşdirilməsi Vergi Məcəlləsinin 39-cu maddəsinə müvafiq olaraq aparılır. X6nın nəticələri vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada “X6 aktı” (Əlavə 24) ilə rəsmiləşdirilir. “Qaydalar”da “X6 Aktı”nın forması da təsdiq edilmişdir. Qeyd olunan akt formasının 2.5-ci “Xarici iqtisadi əlaqələr haqqında gömrük məlumatları:” bəndində vergi ödəyicilərinin idxal və ixrac olunan malların adı və miqdarı qeyd olunmalıdır. Lakin iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, **********146576 nömrəli X6 aktının 2.5-ci bəndində, həmçinin iş materiallarına əlavə olunmuş digər sənədlərdə iddiaçının idxal və ixrac olunan malları barədə hər hansı məlumat əksini tapmamışdır. Lakin Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-43/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının 28-ci bəndində qeyd edilmişdir ki, hesablamaların əsasını təşkil edən yük gömrük məlumatlarına əsasən malların "xxxx" MMC tərəfindən ixrac edilməsi görünsə də, müvafiq invoyslar İddiaçı X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyinin olması iddia ərizəsində də öz əksini tapmışdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, İddiaçı X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən təqdim olunmuş invoyslar malların ixrac olunmasını əks etdirən sənəd hesab edilə bilməz. Eyni zamanda iş materiallarında İddiaçı X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən 2018-2020-ci illərdə gömrük rəsmiləşdirilməsi başa çatmış ixrac əməliyyatları barədə məlumat olmadan mübahisənin mahiyyəti üzrə hər hansı yekun qərar qəbul edilə bilməz”. Məhkəmə iclasında iştirak edən cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə3 izahatında məhkəməyə bildirdi ki, Ali Məhkəmə tərəfindən qeyd olunur ki, İddiaçı X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən təqdim olunmuş invoys sənədləri malların ixrac edilməsini əks etdirən sənəd hesab edilə bilməz və ixrac əməliyyatları barədə məlumat olmadan da hər hansı bir qərar qəbul oluna bilməz. Həmin malların qəbul olunmamasına münasibətdə bildirilməlidir ki, ixrac əməliyyatları üzrə təqdim olunmuş yük gömrük bəyannamələri iş materiallarında mövcuddur. İnvoys sənədlərindən də görünür ki, həmin invoys sənədləri İddiaçı X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən təqdim olunmuş İnvoys sənədləridir. İxrac əməliyyatları da İddiaçı X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən həyata keçirilmişdir. Bu işin mübahisələndirilməyən halıdır, yəni qarşı tərəf də bu halı inkar etmir. Həyata keçirilmiş hesablamalar eyni fəaliyyətlə məşğul olan Rusiya Federasiyasının “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin oxşar dövrdəki, yəni 2018-2020-ci illər üçün ixrac qiymətləri əsas götürülməklə vergilərin hesablanması ilə bağlı olaraq aparılmışdır. Hesablama vergi qanunvericiliyinin tələbləri rəhbər tutulmaqla, ümumilikdə inzibati icraat qaydalarının tələblərinə uğun olaraq aparılmışdır. Məhkəmə iclasına videokonfrans vasitəsilə qoşulmuş iddiaçı "KasXim" X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, mübahisənin yaranmasının əsası "Kasxim" X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən artıq ödənilmiş vergilərin geri qaytarılması ilə bağlı ərizənin təqdim edilməsidir. Həmin vəsaitlərin qaytarılmaması üçün cavabdeh inzibati orqan tərəfindən əlavə yoxmalar təşkil edilmişdir. Nəticədə "Kasxim" X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyinə münasibətdə əlavə vergilər də hesablanmışdır. Dövlət Gömrük Komitəsi tərəfindən idxal və ixrac əməliyyatları ilə bağlı hər hansı məlumatın olmaması bildirilir. Aparılmış yoxlamalar nəticəsində yoxlayıcı özü də qeyd edir ki, "Kasxim" X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən malların ölkəyə giriş-çıxışı yoxdur. "Kasxim" X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyinin adından gömrük məlumatları ola bilməz. Çünki gömrük prosedurunun sahibi başqa şirkətdir. Sözügedən məhsulun Azərbaycanda heç bir dəyəri yoxdur. Bu məsələ vergi orqanına da məlumdur. Burada əsas məqam malın bazar qiymətidir. Vergi orqanı tərəfindən də malın bazar qiyməti çıxarıla bilməmişdir. Lakin bazar qiymətinin hansı metodlarla tətbiq olunmalı olduğu qanunvericiliklə müəyyən edilir. “X8” Məhdud Məsuliyyətli Cəmiyyəti tamam fərqli mallar ixrac etmişdir. Mübahisənin 4 ildən sonra meydana gəlməsi vergi orqanının artıq ödənilmiş vergiləri qaytarnamaq üçün həyata keçirmiş olduğu addımdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - "KasXim" X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli Əsasnaməsinə əsasən, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti X4 Dövlət Qeydiyyat İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. - Vergi borcunu, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********409900 nömrəli tələbnamədən görünür ki, yoxlama ilə ümumilikdə büdcəyə əlavə 1804740,99 manat mənfəət vergisi hesablanmış, əlavə hesablanmış 1804740,99 manat mənfəət vergisi məbləğinin 50% miqdarında, yəni 902370,50 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. - X6 aktına baxılması haqqında xx.xx.2022-ci il tarixli, 01 nömrəli protokola əsasən, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********146569 saylı qərarı əsasında “KasXim" X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyində (VÖEN:**********) xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan dövr ərzində Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.3.4-ci maddəsinə əsasən, artıq ödənilmiş vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə ilə növbədənkənar X6 aparılaraq nəticəsi xx.xx.2021-ci il tarixli **********146576 X6 aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama ilə mənfəət vergisinin 1804740,99 manat azaldılması aşkar olunmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmış və yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 902370,50 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olundu. - xx.xx.2021-ci il tarixli, KY211577330 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, "KasXim" X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergi qanunvericiliyinə əməl olunması (operativ vergi istisna olmaqla) yoxlanılmışdır. Yoxlamanın müddəti xx.xx.2021-xx.xx.2021-ci illər olmaqla, xx.xx.2018xx.xx.2021-ci illər üzrə yoxlama həyata keçirilmişdir. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********146569 saylı qərarına əsasən "KasXim" X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyində X6 keçirilmiş və yoxlamanın nəticəsi xx.xx.2021-ci il tarixli X6 aktı ilə rəsmiləşdirilmişdir. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "KasXim" X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) barəsində xx.xx.2022-ci il tarixli, **********154500 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. - Vergi borcunun ödənilməsinə dair **********1 nömrəli bildirişə əsasən, "KasXim" X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 934,882.83 manat borcu vardır. - Birinci apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində göstərilmişdir ki, İddiaçı X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) barəsində xx.xx.2022-ci il tarixli, **********154500 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarında və bu qərarın qəbul edilməsinə əsas olmuş xx.xx.2021-ci il tarixli X6 AKT-nda qeyd edilən fəaliyyətlə məşğul olan Rusiya Federasiyasının “X8” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin oxşar dövrdəki ixrac qiymətləri ilə müqayisədə İddiaçı X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ixrac qiymətlərinin neçə faiz aşağı qiymət təşkil etməsi aşağıdakı kimi müəyyən edilir. 2018ci il üzrə: vergi ödəyicisinin bəyan etdiyi ixrac dəyəri - 10.622.177,93 manat, vergi orqanının müəyyən etdiyi ixrac dəyəri - 15.540.932,50 manat, fərq - 31,65% ((15.540.932,50-10.622.177,93) /15.540.932,50 x 100%); 2019-cu il üzrə: vergi ödəyicisinin bəyan etdiyi ixrac dəyəri - 6.163.301,23 manat, vergi orqanının müəyyən etdiyi ixrac dəyəri - 8.481.102,67 manat, fərq - 27,33% ((8.481.102,67 - 6.163.301,23) / 8.481.102,67 x 100%) 2020-ci il üzrə: vergi ödəyicisinin bəyan etdiyi ixrac dəyəri - 3.993.471,63 manat, vergi orqanının müəyyən etdiyi ixrac dəyəri - 7.363.135,71 manat, fərq - 45,76% ((7.363.135,71 -3.993.471,63) / 7.363.135,71 x 100%). İkinci sual üzrə - rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən İddiaçı X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) barəsində xx.xx.2022-ci il tarixli, **********154500 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı və bu qərarın qəbul edilməsinə əsas olmuş xx.xx.2021-ci il tarixli **********146576 №-li X6 Aktı ilə İddiaçı X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyin hesablanmış vergilərinin düzgünlüyü müəyyən edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)- 2666/2024 saylı qərarında həmçinin göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 104-cü maddəsinə əsasən, gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Azərbaycan Respublikası Prezidentinin 04 iyun 2012-ci il tarixli, 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnaməyə əsasən, gömrük işi sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsidir (maddə 1.1) Əsasnamə ilə malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsini təşkil etmək (maddə 3.1.15.), Azərbaycan Respublikasında xarici ticarətin gömrük statistikasını aparmaq (maddə 3.1.18.) və gömrük orqanlarının informasiya ehtiyatlarının formalaşdırılmasını təmin etmək (maddə 3.1.29.) Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin vəzifələrinə aid edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası vergilərin hesablanması və maliyyə sanksiyalarının tətbiq edilməsi üçün qanunvericiliklə müəyyən edilən müddətin ötürülməsi məsələsinə, yəni yoxlama ilə əhatə olunan 2018-2020-ci illər dövründə qüvvədə olan VM-nin 85.4 və 56-cı maddələrinə uyğun olaraq araşdırılmalı, eyni zamanda Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən 2018-2020-ci illər ərzində İddiaçı X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən ixrac edilmiş mallar (ixracın tarixi, ixrac edilən malın adı, miqdarı, qiyməti və s) barədə rəsmi məlumat əldə etməklə, həmçinin bazar qiyməti müəyyən edilərkən Vergi Məcəlləsinin 14.6-cı maddəsinin (qiymətlərə təsir edən amillərin nəzərə alınması) düzgün tətbiq edilməsi məsələləri araşdırılmaqla işə təkrar mahiyyəti üzrə baxaraq mübahisəyə hüquqi qiymət verməlidir. Belə ki, invoys sənədləri malların ixracını təsdiq edən (rəsmiləşdirən) sənəd deyil”. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)- 2666/2024 saylı qərarında ifadə olunmuş göstərişlər nəzərə alınaraq məhkəmə tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə sorğu verilmiş və xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş sorğuya cavabda göstərilmişdir ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasında İddiaçı X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: **********) tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində malların ixrac edilməsi haqqında məlumat mövcud deyil. Mübahisəli aktın qəbul edildiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi Məcəlləsinin 56.1-ci maddəsinə görə, vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən, 14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. 14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. 14.3. Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: 14.3.2. təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə. 14.4. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. 14.5. Bazar qiyməti müəyyənləşdirilərkən, bu Məcəllənin 18-ci maddəsi ilə müəyyən edilən qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyat yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun. 14.6. Bu Məcəllənin 14.4 və 14.5-ci maddələrinin müddəalarını tətbiq etmək mümkün olmadıqda, malın (işin, xidmətin) bazar qiyməti bu maddənin tələblərinə uyğun olaraq müəyyən edilir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləlikə, göstərilənlərə əsasən cavabdehin qəbul etdiyi qərarın əsaslandığı hallar vergi qanunvericiliyinə uyğun olmadığından və iş materialları ilə təsdiq edilmədiyindən, cavabdeh bununla bağlı konkret faktları və bu faktları təsdiq edən sübutları təqdim etmədiyindən, vergilərin hesablanması və maliyyə sanksiyalarının tətbiq edilməsi üçün qanunvericiliklə müəyyən edilən müddət ötürüldüyündən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(112)-7176/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7176/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar