Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1159/2023 10.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə X3 qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “sosial təyinatlı mənzilin dəyişdirilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7480/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ona Abşeron rayonu ərazisində (Bakı-Quba yolunun üstündə) verilmiş mənzilin Bakı şəhərində yerləşən sosial təyinatlı binalardakı mənzillə dəyişdirilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən ilk cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, o valideyn himayəsindən məhrum olmuş məzun olaraq cavabdeh tərəfindən Abşeron rayonu ərazisində (Bakı-Quba yolunun üstündə), yəni onun üçün əlverişli olmayan rayonda və yerdə imtiyazlı şəxs kimi 1 otaqlı mənzillə təmin edilmişdir. O,xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, valideyn himayəsindən məhrum edilmiş, 2007-ci ildən Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən 16 saylı (hazırda 12 saylı) İnternat məktəbini bitirmiş və uzun illər Bakı şəhərində işləyir və yaşayır. Bakı şəhərində Hövsan, Yasamal, Qara Qarayev, Ramana, Neftçilər ərazisində sosial təyinatlı binalar inşa edilmişdir. Bakı şəhərində kifayət qədər sosial təyinatlı binaların olmasına baxmayaraq, cavabdeh tərəfindən ona Abşeron rayonu ərazisində (BakıQuba yolunun üstündə) 16 sentyabr 2021-ci il tarixində axşam saatlarında mənzil verilmişdir. O oraya taksi ilə getməli olmuş, axşam olduğundan taksidə istiqaməti və uzaqlığı, mənzilin yerləşdiyi coğrafi ərazini dəqiq müəyyən edə bilməmişlər. Cavabdeh orqanın əməkdaşı hətta binadakı mənzili ona göstərmədən qaranlıq vaxtı həyətdə mənzilin təhvil verilməsi aktına qol çəkdirmişdir. Növbəti günü səhər çağlarında o həmin mənzilin Bakı şəhərində işlədiyi əraziyə çox uzaq olduğunu, nəqliyyat xətlərindən çox uzaqda yerləşdiyini, ətrafda yaşayış üçün lazım olan infrastrukturun olmamasını görəndən sonra dərhal cavabdehə müraciət edib iradlarını bildirmişdir. O həmin mənzildən hər gün Neftçilər metrosu ərazisinə kimi böyük məsafə qət etməli və qazandığı pulları yollarda xərcləməli olur. Həm maliyyə baxımından, həm də fiziki baxımından bu yaşayış yeri ona sərf etmir. O dövlətdən heç bir maliyyə yardımı almır, qazandığı pulları yol puluna sərf olunduğundan kommunal xərcləri ödəyə bilmir. O mənzilin Bakı şəhərinə dəyişdirilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh orqan tərəfindən müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdeh orqan Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 492s nömrəli sərəncamına istinad etsə də, Nazirlər Kabinetinin saytında belə bir sərəncam ümumiyyətlə yoxdur. Abşeron rayonunun uzaq bir yerində mənzillə təmin olunmağı onu cəmiyyətə inteqrasiya etmir, əksinə daha da təcrid edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7480/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli sərəncamına istinad etsə də, sərəncamın 3.1 hissəsinin normasına diqqət etməmişdir. Həmin hissədə tapşırılıb ki, "bu sərəncamın 1-ci hissəsinə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzillərin verilməsini təmin etsin." Başqa cür də ola bilməzdi, çünki bu yanaşma «Normativ haquqi aktlar haqqında» Konstitusiya Qanununun 2.6-cı maddəsinə müvafiqdir. Orada deyilir ki, "Fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir." Yəni Sosial Xidmətlər Agentliyi mənə mənzil verərkən və 492s nömrəli sərəncamının 3.1 hissəsini tətbiq edərkən Mənzil Məcəlləsinin 56.5-ci maddəsini nəzərə almalı idi. Amma təəssüf ki, nəzərə almayıb, məhkəmə də buna əhəmiyyət verməyib. Onun bilməyindən və ya bilməməyindən asılı olmayaraq Sosial Xidmətlər Agentliyi 492s nömrəli sərəncamda Nazirlər Kabinetinin tapşırığına əməl etməli və həmin tapşırığa uyğun olaraq ona Bakı şəhərində qeydiyyatda olduğu ərazi hüdudları daxilində mənzil verməli idi. Yəni Sosial Xidmətlər Agentliyi 492s nömrəli sərəncamı öz istədiyi kimi icra edə bilməz və Bakı İnzibati Məhkəməsi də Sosial Xidmətlər Agentliyinin yanlış istəyinə öz bildiyi kimi haqq qazandıra bilməz. Qanunçuluq prinsipi tətbiq edilməlidir. Sosial Xidmətlər Agentliyinin marağı dövlət maraqlarından və ya qanunun əliliyindən üstün ola bilməz. Bakı İnzibat Məhkəməsi ədalətsiz və qanunsuz mövqe sərgiləmişdir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyat məsələsi "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanunda da öz əksini tapmışdır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətinin əsassız olduğunu, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçnın apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi mövcud qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən təmin olunur və qorunur. Müvafiq icra hakimiyyəti orqanları valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların və onların arasından olan şəxslərin sosial müdafiəsi üzrə məqsədli proqramları hazırlayır və həyata keçirir, onlar üçün mərkəzləşmiş xüsusi yaşayış yerləri, habelə təhsil, sosial xidmət və digər müəssisələrin bazasında sosial uyğunlaşma və reabilitasiya üzrə dövlət müəssisələri yaradırlar. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi üzrə maliyyə xərcləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən minimum dövlət sosial standartlarına əsaslanır. 7-ci maddəsinə əsasən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri verilir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 492s nömrəli Sərəncamının: 1-ci hissəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilmiş 930 mənzil, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində inşa edilmiş 154 mənzil, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində inşa edilmiş 771 mənzil, Abşeron rayonunda inşa edilmiş 1890 mənzil, Lənkəran rayonunda inşa edilmiş 45 mənzil, Samux rayonunda inşa edilmiş 197 mənzil, həmçinin 2021-ci ilin sonunadək təhvil verilməsi nəzərdə tutulan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində inşa edilən 576 - mənzilin və Abşeron rayonunda inşa edilən 1152 mənzilin hesabına Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 1633 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli sərəncamlarının 1-ci hissələrində nəzərdə tutulmuş şəxslərin, habelə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış yuxarıda qeyd edilən sərəncamlara uyğun kateqoriyadan olan 2020-ci il ərzində uçota götürülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilməsi qərara alınmışdır. 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzillərin verilməsinin təmin edilməsi tapşırılmışdır. Beləliklə, iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrinin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyinlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamına əsasən İddiaçı Abşeron rayonu, Yeni Yaşayış kompleksindən (bina 43, mənzil 48, 1 otaq) mənzil verilmişdir. İddiaçının narazı qalaraq məhkəməyə müraciət etmə səbəbi onunla bağlıdır ki,iddiaçının iş yeri Bakı şəhərində yerləşir, ona verilən ev nəqliyyat xətlərindən çox uzaqda yerləşir və ətrafda yaşayış üçün lazım olan infrastrukturun olmaması ona çətinlik yaradır. Bu səbəbdən də iddiaçı Abşeron rayonu ərazisində (Bakı-Quba yolunun üstündə) verilmiş mənzilin Bakı şəhərində yerləşən sosial təyinatlı binalardakı mənzillə dəyişdirilməsini istəyir. Kollegiya bildirir ki, birinci instansiya məhkəməsi yuxarda qeyd edilən qərarını əsaslandırarkən iş materiallarına və iş üzrə tətbiq edilməli olan normalara düzgün istinad etmişdir. İddiaçı apelyasiya şikayətində Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli sərəncamının 3.1-ci hissəsinə diqqət edilmədiyini, Sosial Xidmətlər Agentliyinin ona mənzil verərkən və 492s nömrəli sərəncamının 3.1 hissəsini tətbiq edərkən Mənzil Məcəlləsinin 56.5-ci maddəsini nəzərə almadığını bildirmişdir. Apelyasiya şikayətinin dəlillərini nəzərdən keçirən Kollegiya iddiaçının apelyasiya şikayətinin dəlillərinin formal mülahizələrdən ibarət olduğunu, apelyasiya şikayətinin dəlillərinin əsaslandırılmadığını, cavabdehin hərəkətlərinin və məhkəmənin qərarının hansı səbəbdən qanunsuz və əsassız olduğununun iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyini qeyd edir. İddiaçı tərəfindən şikayətdə hüquq normaları göstərilərək onların nəzərə alınmadığı bildirilsə də, məhkəmə araşdırması zamanı qeyd edilən hallar öz təsdiqini tapmamışdır. Bundan başqa cavabdeh apelyasiya şikayətində bildirmişdir, mənzil ona təhvil aktı əsasında verilməli idi. Lakin bu akt Mənzil Məcəlləsinin 56.5 maddəsinə, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanunun 7-ci maddəsinə və 492s nömrəli sərəncamın 3.1-ci hissəsinə uyğun olmadığından həmin akt etibarsız hesab edilməlidir. İş materiallarında olan və apelyasiya şikayətində qeyd edilən aktı və iddiaçının qeyd etdiyi normaları nəzərdən keçirən Kollegiya bildirir ki, həmin aktın etibarsız hesab edilməsi və yaxudda düzgün tərtib edilməməsinə dair hər hansı bir hal aşkar edilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli sərəncamının qəbul edilməsinin əsas prinsip və məqsədi sərəncamda qeyd edilən kateqoriyadan olan şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsi olmuşdur. Həmin sərəncamda qeyd edilən şəxslərin mənzillə təmin edilməsi ilə bağlı tapşırıqlar olsa da, mənzillərin yerləşdiyi ərazinin vətəndaşların mövcud vəziyyətinə (şəxsin işlədiyi yerə yaxın ərazidə olması və s.) uyğunlaşdırılması ilə bağlı hər hansı meyarlar göstərilməmişdir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “iddiaçı imtiyazlı şəxs kimi mənzillə təmin edilmiş, mənzil iddiaçı tərəfindən qəbul edilmiş və iddiaçının mənzillə bağlı, o cümlədən mənzilin yerləşdiyi ərazi ilə bağlı hər hansı iradı olmamışdır. İddiaçının mənzillə təmin edilməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir”. Beləliklə, yuxarda göstərilən sübutlara məcmu şəklində qiymət verən Kollegiya hesab edir ki, iddiaçının apelyasiya şikayətinin dəlilləri əsaslı olmadığından və iş materialları ilə təkzib olunduğundan və bütün əldə edilən sübutlar iddianının təmin edilməsi üçün əsas vermədiyindən, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7480/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Səadət Bəktaşi Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-1159/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1159/2023
10.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver