Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1159/2024 29.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11382/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) fərdi sahibkar kimi ********** “VÖEN”lə qeydiyyatdan keçərək “Avtomobil ehtiyyat hissələrinin pərakəndə satışı” faəliyyəti ilə məşğuldur.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin (bundan sonra – cavabdeh) 7.02.2023-cü il tarixli, **********633100 № li qərarı ilə iddiaçı riskli vergi ödəyicisi hesab edilərək, riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir.
3. Cavabdehin kameral vergi yoxlaması nəticəsində 2.06.2023-cü il tarixli **********296900 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 7906,98 manat gəlir vergisi hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 2.06.2023-cü il tarixli **********296900 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarının ləğv olunmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, onun cari il üçün gəlirləri 39534,9 manat olduğundan, yəni 200000 manatı keçmədiyindən Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə nəzərdə tutulan güzəşt hüququndan istifadə edib. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın tələblərinə görə mikro-sahibkar dedikdə işçi sayı 1-10 arası olan və illik dövriyyəsi 200000 manatı keçməyən sahibkar başa düşülür. Cavabdeh mübahisələndirilən qərarın səbəbi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlar”ının 2.1.1-ci və 3.1.1-ci maddəsinə istinad etmişdir. İnzibati orqanın bu mövqeyinə münasibətdə bildirir ki, inzibati akt əsaslandırılmamış, hansı əməliyyatların riskli hesab edilməsi müəyyənləşdirilməmiş, qərar ehtimallara əsaslanmışdır. Həmçinin onun riskli vergi ödəyicisi olmağı özlüyündə müvafiq güzəştdən istifadə hüququnu məhdudlaşdırmır. Çünki nə Vergi Məcəlləsində, nə riskli vergi ödəyicisi ilə bağlı meyarlarda, nə də ki sahə qanunvericilik aktlarında vergi ödəyicisinin riskli olması onun bu güzəştdən istifadə hüququnu məhdudlaşdırmır.
6. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı öz ərizəsində inzibati orqan tərəfindən özünün riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın əsassız qəbul edildiyini, hansı əsaslarla riskli vergi ödəyicisi kateqoriyasına aid edildiyinin dəqiq müəyyən edilmədiyini qeyd etmişdir. Bununla əlaqədar qeyd etmək lazımdır ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən 5.11.2022xx.xx.2022-ci il tarixdə cəmi 10,2 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "UNİVERSAL (YAG), G 500 (QABAG OPORNİK), L200 705 (TURBO) və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Bununla əlaqədar iddiaçı barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 7.02.2023-cü il tarixli Qərar qəbul edilmişdir. İnzibati aktın məzmunundan göründüyü kimi, iddiaçının ərizəsində qeyd etdiyinin əksinə, vergi ödəyicisinin konkret olaraq hansı əsaslarla riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi dəqiq müəyyən edilmişdir. Kameral vergi yoxlamasına münasibətdə qeyd etmək lazımdır ki, yuxarıda qeyd olunanlarla əlaqədar olaraq iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2023-ci il tarixli **********391300 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və dəqiqləşdirilmiş bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il gəlir vergisi bəyannaməsi üzrə əlavə 5930,24 manat 39534,90*20% əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablamalarla bağlı vergi ödəyicisinə 2.06.2023-cü il tarixli **********296900 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11382/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin 7.02.2023-cü il tarixli qərarından görünür ki, iddiaçının 5.11.2022- 9.12.2022-ci il tarixdə 10.2 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "UNİVERSAL (YAG), G 500 (QABAG OPORNİK), L200 705 (TURBO) və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Bu isə cavabdeh tərəfindən riskli əməliyyat hesab edilərək iddiaçı barəsində riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında həmin malları “ölüxanadan”, “topdansatışlardan” aldığını qeyd edərək qaimə faktura verilmədiyini göstərmişdir. İddiaçı məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında isə alqı-satqı aktları və qaimə fakturalar təqdim etmişdir.Məhkəmə bununla bağlı qeyd edir ki, ilk növbədə iddiaçının izahatları ziddiyətli olmuşdur.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
10. Qərardan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11382/2023 saylı, xx.xx.2023-cü tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar olmaqla əlavə onunla əsaslandırılmışdır ki, inzibati akt əsaslandırılmamış, hansı əməliyyatların riskli hesab edilməsi müəyyənləşdirilməmiş, qərar ehtimallara əsaslanmışdır. Belə ki, “İnzibati icraat haqqında” qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibatı orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.Həmçinin, riskli vergi ödəyicisi olmağı özlüyündə müvafiq güzəştdən istifadə hüququnu məhdudlaşdırmır.Çünki nə Vergi Məcəlləsində, nə riskli vergi ödəyicisi ilə bağlı meyarlarda, nə də ki, sahə qanunvericilik aktlarında vergi ödəyicisinin riskli olması onun bu güzəştdən istifadə hüququnu məhdudlaşdırmır.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
e) Prosses iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
15. Vergi Məcəlləsinin: 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 24.0.1-ci və 24.0.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın: Bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: Bənd 2.1.1. Bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; Bənd 2.1.3. İdxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); Bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: Bənd 3.1.1. Vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
21. İddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:
22. Hazırkı iş üzrə iddiaçının tələbi 2.06.2023-cü il tarixli vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarının ləğv edilməsi barədədir.
23. İşin hallarına görə, cavabdeh mübahisələndirilən qərarla iddiaçıya kameral vergi yoxlaması tətbiq etmiş və 5930,24 manat əlavə gəlir vergisi hesablamışdır. İddiaçı hazırda həmin qərarı mübahisələndirir və hesab edir ki, qərar qəbul edilərkən vergi qanunvericliyinin tələbləri pozulmuşdur.
24. İddiaçı vergi orqanına bəyannamə təqdim edərkən mikro sahibkar kimi 75% güzəşt tətbiq edərək 1976,74 manat gəlir vergisi bəyan etmişdir ((39534,9x20%)-75%)=7906.98 5930,24=1976,74).
25. Cavabdeh isə iddiaçının 7.02.2023-cü il tarixli qərarla riskli vergi ödəyicisi hesab edilməsinə əsaslanaraq bu güzəşti tətbiq etmədən gəlir vergisi hesablamış, kənarlaşmalar qeydə alaraq 5930,24 manat əlavə gəlir vergisi hesablamışdır (39534,90*20%).
26. İddiaçı bu halla razılaşmır və hesab edir ki, ilk növbədə riskli vergi ödəyicisi hesab edilməsi əsassızdır. Digər tərəfdən riskli vergi ödəyicisi olsa belə, qanunvericilikdə riskli vergi ödəyicisinin 75% güzəşt hüququndan istifadə etməsini məhdudlaşdıran norma yoxdur.
27. Məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır.Belə ki, iddiaçı riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarının əsaslandırılmamasını qeyd etsə də, işdən görünür ki, iddiaçının riskli vergi ödəyicisi hesab edilməsinə əsas, onun satışında göstərdiyi malların idxalında əksini tapmaması, eyni zamanda fəaliyyət göstərdiyi təsərrüfat subyektinin olmamasıdır. Bu əsaslara görə iddiaçı riskli vergi ödəyicisi hesab edilmişdir.Belə ki, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. (Vergi Məcəlləsinin 13.2.82-ci maddəsi)
28. Cavabdehin 7.02.2023-cü il tarixli qərarından görünür ki, iddiaçının 5.11.2022- 9.12.2022-ci il tarixdə 10.2 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "UNİVERSAL (YAG), G 500 (QABAG OPORNİK), L200 705 (TURBO) və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir.
29. Bu səbəbdən cavabdeh tərəfindən riskli əməliyyat hesab edilərək iddiaçı barəsində riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmişdir.
30. İddiaçı məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında həmin malları “ölüxanadan”, “topdansatışlardan” aldığını qeyd edərək qaimə faktura verilmədiyini göstərmişdir.
31. İddiaçı məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında isə alqı-satqı aktları və qaimə fakturalar təqdim etmişdir.
32. Məhkəmə Kollegiyası bununla bağlı qeyd edir ki, ilk növbədə iddiaçının izahatları ziddiyətli olmuşdur. Digər tərəfdən işdən görünür ki, vergi orqanı tərəfindən yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2023-ci il tarixli **********391300 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və dəqiqləşdirilmiş bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur.
33. Müəyyən edilmiş kənarlaşmalar barədə iddiaçı tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş bəyannamə təqdim edilməmişdir.
34. Göründüyü kimi iddiaçı məhkəməyə təqdim etdiyi həmin sənədləri, vergi orqanına nə bəyannamə təqdim edərkən, nədə ki, kənarlaşma barədə vergi orqanı tərəfindən məktub göndərilərkən təqdim etməmişdir.
35. Ona görə də, iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın əsaslandırılmaması barədə dəlilləri əsassızdır.
36. İddiaçının tələbinin əsası kimi istinad etdiyi digər halı, yəni riskli vergi ödəyicisi olmasının ona mikro sahibkar kimi 75% güzəşt tətbiq edilməsinə mane olmamasını məhkəmə aşağıda qeyd edilənlərə əsasən əsassız hesab edir:
37. Belə ki, Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: - 102.1.30. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi; (Vergi Məcəlləsinin Maddə 102.1 maddəsi)
38. Normadan göründüyü kimi gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti 75 faiz gəlir vergisindən azaddır.
39. Məhkəmə Kollegiyası qeyd edir ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur.
40. Hazırkı işdə iddiaçını riskli əməliyyatlar aparması və riskli vergi ödəyicisi olması sübuta yetirilir.
41. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD № li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur.
42. Odur ki, iddiaçı riskli vergi ödəyicisi hesab olunduğundan Vergi Məcəllləsinin 106.1.20ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq oluna bilməz.
43. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
44. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən iddia təmin еdilməməlidir.
45. Məhkəmə Kollegiyası iddia tələbinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür və iddiaçının apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas təşkil etmir.
46. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası əlavə olaraq qeyd edir ki, həmin dəlillər iddiaçının izahatının ziddiyyətli olması ilə bağlı (Bu qərarın 30- 34-cü bəndləri ) vəziyyəti də dəyişmir.
47. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11382/2023 saylı, xx.xx.2023-cü tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11382/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.