Məhkəmə qərarları › İş №2-1(103)-116/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-116/2022

08.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-116/2022 08.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 6 saylı Vəkil Bürosu) , cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1995-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Təhsildə X2rşı “diplomun tanınması” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 2-1(82)- 2344/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 29.05.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş 18.07.2016-cı il tarixli B16 seriyalı 242448 saylı diplomun Azərbaycan Respublikasının ərazisində tanınması öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 18.07.2016-cı il tarixdə Ukrayna Respublikasının Xarkov şəhərində yerləşən “V.N.Karazin adına Xarkov Milli Universitetinin” hüquqşünaslıq fakültəsini bitirmişdir. Bununla bağlı iddiaçı B16 seriyalı 242448 saylı Bakalavr dərəcəsi diplomu verilmişdir. Diplom Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən A-45105-16 nömrəsi ilə təsdiq edilmişdir. 2012-ci il tarixdən “V.N.Karazin adına Xarkov Milli Universitetinin” hüquqşünaslıq fakültəsinə daxil olduqdan sonra təhsillə bağlı oxuduğu müddət ərzində heç bir qaydanı pozmamış, verilmiş proqramları yerinə yetirmiş», təhsil aldığı müddətdə, universitetin tələbə yataqxanasında yaşamış, ixtisasına müəyyən qədər yiyələnmişdir. Qiymətlər cədvəlindən çıxarışdan görünür ki, iddiaçı 2012-ci ildən 2016-cı ilədək “V.N.Karazin adına Xarkov Milli Universitetinin» ali təhsil müəssisəsində təhsil aldığı müddətdə hüquqşünaslıq ixtisası üzrə 63 fəndən zaçot, imtahan və kurs işləri vermişdir. 30 iyul 2012-ci il tarixli PC tipli P4820352 saylı pasportdan görünür ki, iddiaçı 2016-cı il iyul ayınadək Ukrayna Respublikasında olmuşdur. Bununla bağlı diplomunun Azərbaycan Respublikasında tanınması (nostrifikasiya olunması) ilə bağlı Təhsil Nazirliyinə 18.04.2019-cu il tarixdə M-248 ərizə ilə müraciət etmişdir. Bununla bağlı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin isə 25 aprel 2019-cu il tarixli M-248/03-ANİ saylı məktubundan görünür ki, cavabdeh aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilinin səviyyəsinin kifayət qədər qənaətbəxş olmamasını əsas gətirərək onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Halbuki, cavabdeh tərəfindən iddiaçının tədris dilinin səviyyəsinin hansı meyarlarla yoxlanmasına, bu zaman müvafiq ixtisas üzrə mütəxəssislərin cəlb olunmasına, aparılmış sual-cavabların sənədləşdirilməsinə və bu sənədlə tanış olmaq imkanının yaradılmasına dair hər hansı bir şərait yaradılmamışdır. Diplomun tanınmasında heç bir qadağa olmadığı halda diplomun tanınmaması Beynəlxalq Konvensiyaya ziddir. Qeyd olunanlara əsasən iddiaçı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci, 24-cü, 28-ci, 45-ci və 61-ci maddələrinə, Azərbaycan Respublikası İPM-in 2.2.2-ci, 33.1-ci və 68.1-ci maddələrinə istinad edərək ona V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş 18.07.2016-cı il tarixli B16 seriyalı 242448 saylı diplomun Azərbaycan Respublikasının ərazisində tanınması öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən İddiaçı adına verilmiş 18.07.2016-cı il tarixli B16 seriyalı 242448 saylı ali təhsil haqqında diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 25.06.2019-cu il tarixli, 15.07.2019-cu il tarixli, 2-1(82)-2344-2019 saylı Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsinə ünvanlanmış sorğularda Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsində keçirilmiş ekspert komissiyasının İddiaçı ilə müsahibəsinin videoçəkilişinin məhkəməyə təqdim olunması xahiş olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 2-1(82)- 2344/2019 nömrəli qərarı ilə (hakim Z.Tağıyev) iddia təmin edilmiş, İddiaçı V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş 18.07.2016-cı il tarixli B16 seriyalı 242448 saylı ali təhsil haqqında diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, iddiaçı 2012-2016-cı illərdə Xarkov Milli Universitetində “hüquqşünaslıq” ixtisası üzrə 4 il əyani şöbəsində təhsil almışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi, diplom üzrə ixtisasın tanınması (nostrifikasiya) və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Nazirliyə ərizə ilə müraciət etmiş və müraciətə Nazirlikdə baxılaraq iddiaçıya müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina edilmişdir. Nümayəndə hesab etmişdir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Nazirlik tərəfindən yaradılan ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilinin bilməsi səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. İddiaçının tədris dilini tam səviyyədə bilməməsi onun aldığı ixtisası mənimsənilməsini şübhə altına salır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-214/2020 saylı, 15 yanvar 2020-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş vəsatətin təmin edilməsi, İddiaçı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” barədə ərizəsinə (müraciətinə) Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq komissiyasında baxılması və müvafiq inzibati aktın qəbul edilməsi üçün 30 gün müddət təyin edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-214/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər A.Nuriyeva, V.Ağayev, A.Hüseyn) cavabdehin nümayəndəsi R.Hüseynov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 2-1(82)2344/2019 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddiaçıya V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş 18.07.2016-cı il tarixli B16 seriyalı 242448 saylı alı təhsil haqqında diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-251/2021 saylı, 16 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər K.Bədəlov, N.Rəsulbəyova, İ.Hüseynov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-214/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, Kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin 12.08.2021-ci il tarixli qərardadı ilə inzibati iş üzrə hazırkı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz olunmuş, İddiaçı “V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən İddiaçı adına verilmiş 18.07.2016-cı il tarixli B16 seriyalı 242448 saylı ali təhsil haqqında diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi” üzrə müraciətinə yenidən baxmaqla əsaslandırılmış cavabın verilməsi üçün Təhsildə Keyfiyət Təminatı Agentliyinə bir ay müddət təyin edilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3.-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinin tələblərini və cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə yönəldiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının əsaslılığı tam həcmdə yoxlanılmalıdır. Qeyd olunan normanın tələbini və cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin tələb edildiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı tam yoxlanılmalıdır. İş materiallarında olan: - V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş 18.07.2016- cı il tarixli B16 seriyalı 242448 saylı diplomun surətinə əsasən İddiaçı hüquqşunaslıq ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25.04.2019-cu il tarixli, M248/03- ANİ saylı imtina məktubunda qeyd olunmuşdur ki, iddiaçının 31.01.2017-ci il tarixli elektron müraciətinin nəticəsi barədə ona 14.03.2019-cu il tarixdə müvafiq elektron xidmət vasitəsilə əlavə qeyd olunmuş məlumat verilmişdir. Həmin elektron müraciətdə iddiaçının ixtisasının ölkə ərazisində tanınması mümkün hesab edilmir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin 1.1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. Həmin Nizamnamənin 3.1.4-cü bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentiliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. Həmin Nizamnamənin 3.1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. Həmin Nizamnamənin 3.1.8-ci bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. - 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. - 1.4-cü bəndinə görə isə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. - 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. - 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). - 3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. - 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; - təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; - Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. - 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: - xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; - təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); - xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “hazırkı iş üzrə cavabdeh inzibati orqan iddiaçının tədris dili biliklərinin qənaətbəxş olmaması ilə bağlı mövqeyini əsaslandırmamışdır və bu hal hər hansı sübutla təsdiqlənməmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi də bu halı öz xidməti vəzifəsinə uyğun olaraq araşdırmamış, beləliklə də, məhkəmə iddiaçının tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması nəticəsinə gəlsə də, öz qərarında bunu mötəbər sübutlarla əlaqələndirməyərək əsaslandırılmamış qərar qəbul etmişdir.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin hazırkı apellyasiya icraatı zamanı müvafiq hüquqi göstərişlər nəzərə alınmış və məhkəmənin qərardadı ilə inzibati iş üzrə iddiaçının müraciətinə yenidən baxmaqla əsaslandırılmış cavabın verilməsi cavabdehə həvalə edilmişdir. Bununla əlaqədar olaraq, cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 00-05- 488/TKTA saylı, 02 noyabr 2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.08.2021-ci il tarixli, 2-1 (103)- 1482/2021 saylı qərardadının icrası məqsədilə İddiaçı Ukrayna Respublikasının V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş 15.07.2016-cı il tarixli, B 16 seriyalı, 242448 nömrəli diplom üzrə alınan ixtisasın tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi məsələsinə yenidən baxılmışdır. Aparılan ekspertiza zamanı iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün onun tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda, sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Beləliklə, iddiaçının tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığından bu hal onun aldığı təhsilin məzmununa uyğun hesab edilə bilmədiyi üçün iddiaçının xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir.” Göründüyü kimi məhkəmə tərəfindən yenidən araşdırılma aparılması məqsədilə cavabdehin üzərinə öhdəlik qoyulmuş və cavabdeh tərəfindən onunla yenidən müsahibə aparılmış, tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı təkrarən müəyyən edilmişdir. Eyni zamanda işin hazırkı apellyasiya icraatı zamanı cavabdeh tərəfindən Ukraynanın Xarkov şəhərində yerləşən V.N.Karazin adına Xarkov Milli Universitetində “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr dərəcəsi almış İddiaçı rus dilini bilməsi səviyyəsi haqqında 06 oktyabr 2021-ci il tarixli Ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Ekspert rəyində qeyd edilmişdir ki, “Xarici dillərdə, o cümlədən rus dilində nitq fəaliyyətinin müxtəlif səviyyələri fərqləndirilir reseptiv, reproduktiv və produktiv. Nitqin reseptiv səviyyəsi dedikdə danışan şəxsin yalnız xarici dildə nitqi dinləyib anlama, lakin konkret mövzu ilə bağlı ünsiyyətə o qədər də daxil ola bilməməsi nəzərdə tutulur. Reproduktiv nitq səviyyəsində bacarıqlara yiyələnmiş şəxs dinlədiyi, eləcə də oxuduğu mətni yenidən canlandırır, ona mətnlə bağlı verilən sadə sualları anlaşıqlı şəkildə, dilin fonetik, leksik və qrammatik qaydalarına uyğun olaraq cavablandırır. Produktiv nitq səviyyəsində danışan şəxs nəinki xarici dildə danışanı dinləyib başa düşür, onunla ünsiyyətə girir, hətta öz fikirlərini sərbəst ifadə etmək bacarığına malik olur. Produktiv səviyyə məhsuldar səviyyədir. Bu səviyyə özünü mövcud iki - yazılı və şifahi - formada büruzə verir. İddiaçı ona şifahi və yazılı qaydada cavablandırılması üçün verilən müxtəlif suallara cavab verərkən fikrini qısa və natamam şəkildə ifadə edir, bir sıra sualları anlamaqda çətinlik çəkir, fikrini sadə cümlələrlə ifadə etməyə üstünlük verir. Nitqində mövzunun məzmununa təsir edəcək bir sıra fonetik, orfoqrafik və qrammatik səhvlərə yol verir. İddiaçı şifahi qaydada tərcümə etməsi üçün aşağıdakı mətn təqdim edilmişdir (dəqiqə 06:30-10:00): “Siz gülümsəyəndə, insanlar sizin mehriban və ünsiyyətli olduğunuzu fikirləşirlər.İnsanla əlaqə qurmağın ən sadə üsulu ona xoş söz demək və kompliment söyləməkdir. Tanışlarınızdan onların maraqları, xobbiləri, yaşadıqları yer haqqında soruşun.. Söhbət zamanı susmayın. Sizə sualla müraciət olunduqda, mütləq onu cavablandırın. Yeni tanışlarınızla çatda, forumda ünsiyyətdə olun.Yeni tanışlarınıza hər hansı bir işində kömək etməyi təklif edin. Yeni tanışlarınıza gəzintiyə çıxmağı, mağazaların vitrinlərini seyr etməyi və şəhərin diqqətəlayiq yerlərini gəzməyi təklif edin.” İddiaçı ona təqdim olunmuş mətni tərcümə etməyə çalışarkən bitmiş fikri tam ifadə edə bilməmiş, daha çox ayrı-ayrı sözlərin tərcüməsini səsləndirmiş, qadağan olunmasına baxmayaraq ətrafındakı şəxslərin köməyindən istifadə etmişdir. İddiaçı yazılı qaydada tərcümə etməsi üçün aşağıdakı mətn təqdim edilmişdir (dəqiqə 12:10-15:25): Какие черты вашего характера вы можете назвать отрицательными?Почему? İddiaçı ona yazılı cavablandırılması üçün təqdim olunmuş sualı aşağıdakı formada cavablandırmışdır: я не много лентяй, иногда магу глопу грубий İddiaçı rus dilində lüğət ehtiyatının məhdud olması, ona verilən sualları həm şifahi, həm də yazılı şəkildə natamam və məhdud şəkildə cavablandırması, onun xarici dildə nitqi yalnız dinləyib anlaması, lakin konkret mövzu ilə bağlı ünsiyyətə o qədər də daxil ola bilməməsi sonuncunun tədris dilini bilmə səviyyəsinin aldığı ixtisasın mənimsənilməsi üçün qənaətbəxş olmamasına, aldığı kvalifikasiyaya dair produktiv deyil, reseptiv nitq səviyyəsinə malik olmasına əyani sübutdur. Yuxarıda göstərilənlərə əsasən İddiaçı əldə etdiyi kvalifikasiyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”ndə göstərilən 6-cı səviyyə üzrə deskriptorlarla uyğunsuzluq təşkil etməsi müəyyən edilmişdir. Belə ki, bakalavr dərəcəsinə malik şəxs fəaliyyət və ya təhsil sahəsi ilə bağlı fakt nəzəriyyə, qayda və metodları təhlil etməyi, fəaliyyət və ya təhsil sahəsi ilə bağlı yeni problemləri aşkar etməyi və onların müxtəlif həll yollarını təhlil etməyi və qiymətləndirməyi, fəaliyyət və ya təhsil sahəsi ilə bağlı məsələləri Azərbaycan və ən azı bir xarici dildə şifahi və yazılı şəkildə izah etməyi həmçinin peşəkar müzakirələrdə iştirak etməyi bacarmalıdır ki, bunun üçün də şəxsin əldə etdiyi kvalifikasiyaya dair produktiv nitq səviyyəsinə malik olması zəruridir. Yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, İddiaçı tədris dilini bilməsi reseptiv səviyyəyə uyğun gəlir ki, bu da ali təhsilli mütəxəssisin şifahi və yazılı peşə nitqinə dair tələblərə cavab vermir.” Həmçinin cavabdeh tərəfindən iddiaçı ilə aparılmış müsahibənin audio-video diski məhkəməyə təqdim edilmiş və məhkəmə iclası zamanı tərəflərin nümayəndələrinin iştirakları ilə diskə baxış keçirilmişdir. Göründüyü kimi məhkəmə kollegiyası tərəfindən işin hazırkı apellyasiya icraatı zamanı iddiaçının cavabdeh orqanda aparılmış müvafiq müsahibəsinin audio-video yazısına baxış keçirilmiş və iddiaçının müsahibə zamanı verilən suallara tədris dilində cavab verə bilməməsi görünür. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əsasən diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan halların mövcudluğu öz təsdiqini tapdığından cavabdeh inzibati orqanın iddiaçının bakalavr diplomunun tanınmasından imtinası qanuna uyğun olmaqla onun hüquqlarının pozulmasına səbəb olmamışdır. Göründüyü kimi, qanunvericilikdə inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olan inzibati orqan buna kifayət qədər əsaslar olduğu halda hüquqi yardım üçün digər qurumlara da müraciət etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz (73.3.1.). İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır (74). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 2-1(82)- 2344/2019 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 2-1(82)- 2344/2019 nömrəli qərarı ləğv edilsin. Hazırkı iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Təhsildə X2rşı “V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən İddiaçı adına verilmiş 18.07.2016-cı il tarixli B16 seriyalı 242448 saylı alı təhsil haqqında diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar