Məhkəmə qərarları › İş №2-1(103)-116/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-116/2025

15.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-116/2025 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iş üzrə (Açar sözlər: çıxarışın verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Talışınski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (üçüncü şəxs “xxxx” Qapalı Səhmdar Cəmiyyəti) “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən 60 sot torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq bu barədə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqan absurd bir əsasla, guya onun torpaq sahəsini tanımama, dəqiq sərhədlərini bilməmə əsası ilə ərizənin icrasından imtina edilmişdir. Cavabdeh inzibati orqanın bu cür qanunsuz süründürməçilik hərəkətləri qanunların aliliyinə hörmət edilməməsinin birbaşa nəticəsidir. Çünki cavabdeh inzibati orqanın mütəxəssisləri yerin də sərhədlərini, koordinatlarını bilirlər. 30 il istifadəsində olan torpağı tanımamağını qeyd eləmək hüquqa ziddir. Hərçənd ki, iş materaillarında torpaq sahəsinin koordinatlarını rəsmi təsdiq edən sxematik plan var ki, bu sənədi görməzdən gəlmək yolverilməzdir. Həmin bağ sahəsinin 1993-cü ildən ona ayrıldığını, həmin vaxtdan hazırkı vaxtadək torpaq sahəsinin sahibliyində və istifadəsində olması nəzərə alınmamışdır.

3. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda göstərilmişdir ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən müayinə zamanı göstərilən torpaq sahəsinin iddiaçının istifadəsində olmadığı müəyyən olunmuşdur. Belə ki, iddiaçı torpaq sahəsinin dəqiq sərhədlərini bilmir.

4. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2024-cü il tarixli saylı qərarı ilə iddia tələbi rədd edilmişdir.

5. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

6. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli *-**/*-*-F- ***/**** nömrəli əmri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra-DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Qeyd edilənlərə əsasən, cavabdeh qismində iştirakçı olan ərazi idarələri müvafiq olaraq DƏDKR ilə əvəz edilmişdir.

7. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən 0,275 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq bu barədə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (ərizə icraata qəbul edilmişdir).

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

8. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişlər.

11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

12. xxxx İdarəsinin ##.##.1993 cü il tarixli П-*** saylı Məktubu ilə Qaradağ- Biləcəri mənzilinin 517 km PK-00-dan PK - 1 + 75 m-ə olan sahədə yolun km artımı istiqaməti ilə sağ tərəfində dəmir yoluna məxsus 60 sot torpaq sahəsi iddiaçı İddiaçı (bundan sonra – iddiaçı) istifadəsinə verilmişdir.

13. xxxx İdarəsindən iddiaçıya ünvanlanmış ##.##.2002-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 1973-cü il tarixli torpaq məsələləri haqqında verilmiş olduğu *** saylı əmrində 144 və 145- ci bəndlərinin, eləcə də Azərbaycan Dəmir Yolu rəisinin ## ##### 1979-cu il tarixdə verilmiş 29/N əmrinə əsasən Azərbaycan Dəmir Yolu Qaradağ-Biləcəri mənzilinin 517 km PK-00- dan PK-1+75 m-ə olan sahədə yolun km artımı istiqaməti ilə sağ tərəfində dəmir yoluna məxsus 60 sot torpaq sahəsi istifadəyə verilmiş, ##.##.1993-cü il tarixli P-*** saylı məktub sxem ilə birlikdə öz qüvvəsində saxlanılır. Rəhbərlik onun ailə vəziyyətini nəzərə alıb ona verilmiş 30,5 sot torpaq sahəsində fərdi tikinti aparılmasına etiraz etmir.

14. “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin ##.##.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xxxx idarəsinin ##.##.1993-cü il tarixli П-*** saylı məktubla iddiaçının istifadəsi üçün ayrılmış 60 sot torpaq sahəsi ilə əlaqədar aidiyyəti qurumları tərəfindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsi hal-hazırda Dəmir yolunun Qaradağ-Biləcəri mənzil 517 km PK-00 dan 1+75 m dək yolun km artım istiqamətinin sağ tərəfinə düşür. Hazırda qeyd edilən yerin kilometr və piket işarələri dəyişdirilmiş və yeni koordinatlara görə həmən torpaq sahəsi Abşeron-Puta mənzil 28 km PK-4+40 dan PK-5+5 dək yolun kilometr artımı istiqamətinin sol tərəfi hesab edilir. Torpaq sahəsinin dəmir yoluna paralel hissəsi eni 75 metr uzunu dəmir yolunun mühafizə zolağından sonra magistral avtomobil yolunadək 80 metr təşkil edir. Qeyd edilən torpaq sahəsi Nəqliyyat təyinatlı torpaq sahəsidir və hal-hazırda iddiaçının istifadəsində olmaqla təyinatı üzrə istifadə edilə bilər.

15. İddiaçı nümayəndəsi vasitəsi ilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, torpaq sahəsi üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

16. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və ##.##.2023-cü il tarixli məktubda bildirilmişdir ki, İdarənin mütəxəssisi tərəfindən sözügedən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin dəqiq sərhədlərini bilmədiyi məlum olmuşdur. Bu səbəbdən də qeyd edilən ərazidə müvafiq çöl-ölçmə işlərinin aparılması mümkün olmamışdır.

17. Apellyasiya baxışı zamanı sorğuya əsasən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli məktubla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocasən yolunun sol hissəsi ünvanında yerləşən sənayə, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq ərazisinə dair çıxarışın və həmin ərazi ətrafında yerləşən torpaq sahələrinə verilmiş digər çıxarışların verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

18. Apellyasiya baxışı zamanı sorğuya əsasən “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli məktubla bildirilmişdir ki, 1993-cü ildə ADYnin işçilərinə dəmir yolunun təhkim zolağında torpaq sahələri Azərbaycan SSR-i Nazirlər Sovetinin ##.##.1973-cü il tarixli *** nömrəli qərarına uyğun Azərbaycan Dəmir Yolu rəisinin ##.##.1979-cu il tarixli **/N nömrəli əmri əsasında ayrılmışdır. Qeyd edilən sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

19. Apellyasiya baxışı zamanı sorğuya əsasən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli məktubla bildirilmişdir ki, X1 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ***E saylı sahədə yerləşən 0.0330 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır.

20. Apellyasiya baxışı zamanı sorğuya əsasən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli məktubla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ***E saylı sahədə yerləşən 0,07 ha torpaq sahəsinə dair arxiv sənədlərinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

21. Apellyasiya baxışı zamanı təqdim edilmiş ##.##.2026-cı il tarixli, Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından müəyyən olunur ki, Bakı şəhəri, Qaradağ rayinu ərazisində yerləşən torpaq sahəsində faktiki 0,275 ha təşkil edir və tikili yoxdur. Aidiyyatı şöbələrdə baxılıb cavablandırılması üçün koordinat cədvəli tərtib olunaraq sənədlərə əlavə olunmuşdur.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

22. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

24. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

25. “İnzibati icraat haqqında” Qanun Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə 58. Sübutların araşdırılması qaydası … 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Birinci instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsas vardır. Odur ki, birinci instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

29. Belə ki, xxxx İdarəsinin ##.##.1993 cü il tarixli П-*** saylı məktubu ilə Qaradağ- Biləcəri mənzilinin 517 km PK-00-dan PK - 1 + 75 m-ə olan sahədə yolun km artımı istiqaməti ilə sağ tərəfində dəmir yoluna məxsus 60 sot torpaq sahəsi iddiaçı İddiaçı istifadəsinə verilmişdir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, sənəd publik səlahiyyətləri icra edən "xxxx" QSC tərəfindən birtərəfli iradə ifadəsi şəklində qəbul edilmiş, konkret fiziki şəxsə (iddiaçı - İddiaçı) ünvanlanmaqla fərdi xarakter daşıyır və ən əsası, vətəndaşın 60 sotluq torpaq sahəsi üzərindəki istifadə hüququnu rəsmən tanımaqla, onun yerləşdiyi yeni koordinatları müəyyən edərək şəxs üçün birbaşa hüquqi nəticə doğurur. Sənədin “Məktub” adlandırılmasına baxmayaraq, məzmun etibarilə vətəndaşın müraciəti üzrə hüquqi vəziyyəti tənzimləyən və onun mülkiyyət dövriyyəsindəki statusunu rəsmiləşdirən bu qərar, mahiyyəti üzrə inzibati akt hesab edilməli və inzibati mühakimə icraatı qaydasında hüquqi qüvvəyə malik sənəd kimi tanınmalıdır.

31. Odur ki, sözügedən inzibati akt vətəndaşın torpaq sahəsi üzərindəki istifadə hüququnu və sahənin dəqiq parametrlərini rəsmən təsdiq etdiyindən, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8-ci maddəsinə əsasən, bu sənəd daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün birbaşa hüquqmüəyyənedici əsas təşkil edir. İnzibati orqan tərəfindən bu aktla vətəndaşa məxsus hüququn mövcudluğu və torpağın təyinatı mübahisəsiz şəkildə qəbul edildiyi üçün, "İnzibati icraat haqqında" Qanunun 13-cü maddəsində təsbit olunmuş “etimadın hüququnun qorunması” prinsipinə uyğun olaraq, cavabdeh orqan həmin aktın doğurduğu hüquqi nəticəni — yəni mülkiyyət və ya istifadə hüququnun çıxarışla rəsmiləşdirilməsini təmin etməyə borcludur. Beləliklə, qüvvədə olan və icrası məcburi xarakter daşıyan bu inzibati aktın mövcudluğu şəraitində cavabdeh orqan tərəfindən çıxarışın verilməsindən imtina edilməsi vətəndaşın qanuni mənafelərinin pozulması deməkdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.

33. Həmçinin Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatlarını və tətbiq edilməli maddi və prosessual hüquq normalarını araşdıraraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunun tələblərinə uyğun deyildir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçıya mübahisəli torpaq sahəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarının icrası çərçivəsində xxxx tərəfindən ayrılmış, bu barədə səlahiyyətli qurum tərəfindən yazılı sənəd təqdim edilmişdir. Həmin sənədin “Məktub” adlandırılması onun hüquqi mahiyyətini dəyişdirmir. Kollegiya qeyd edir ki, inzibati hüquqda sənədin hüquqi qüvvəsi onun adından deyil, səlahiyyətli inzibati orqanın iradəsini ifadə etməsi, konkret hüquq münasibəti yaratması və hüquqi nəticələr doğurması ilə müəyyən olunur. Birinci instansiya məhkəməsi mübahisəli sənədin yalnız formal adını əsas götürərək onun hüquqi nəticələrini araşdırmamış, sənədin verilməsinə əsas olmuş Nazirlər Kabinetinin qərarına, həmin qərarın icrası faktına, iddiaçının faktiki hüquqdan istifadəsinə və dövlət orqanlarının sonrakı davranışına lazımi hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dövlətin səlahiyyətli orqanı tərəfindən qəbul edilmiş qərarın icrası nəticəsində iddiaçıda torpaq sahəsinə münasibətdə qanuni gözlənti (legitimate expectation) formalaşmışdır. Sonradan digər inzibati orqanın həmin hüquqi vəziyyəti sırf formal əsaslarla tanımaqdan imtina etməsi hüquqi müəyyənlik prinsipinə uyğun hesab edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi öz hüquqi mövqeyində göstərmişdir ki, dövlət orqanlarının ardıcıl davranışı əsasında şəxsdə formalaşmış əmlak xarakterli gözlənti də mülkiyyət marağı kimi müdafiə oluna bilər. “Kopecký v. Slovakia və Stretch v. United Kingdom” işlərində məhkəmə dövlətin davranışı nəticəsində yaranmış legitim gözləntilərin hüquqi müdafiə obyekti olduğunu qeyd etmişdir. Həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, inzibati aktların hüquqi nəticələri qiymətləndirilərkən sənədin forması deyil, hüquqi məzmunu və şəxsdə yaratdığı hüquqi vəziyyət əsas götürülməlidir.

34. Cavabdeh inzibati orqan tərəfindən nə Nazirlər Kabinetinin qərarının etibarsızlığı, nə də torpaq sahəsinin ayrılmasının qanunsuzluğu sübuta yetirilməmişdir. Belə olan halda cavabdehin imtinası inzibati fəaliyyətin qanunçuluq, hüquqi müəyyənlik, etimadın qorunması və proporsionallıq prinsiplərinə zidd hesab edilməlidir. 35.Beləliklə, məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi dəqiqləşdirilmiş iddia tələbi üzrə təmin edilməli, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən 0,275 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq bu barədə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulmalıdır.

36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən 0,275 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq bu barədə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar