Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1160/2019 22.10.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 və nümayəndəsi, vəkili X4 (Bakı şəhəri 1 saylı Hüquq Bürosu) iştirakları ilə, İddiaçı (xx.xx.1992-ci il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplomun tanınması” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 iyul 2018-ci il tarixli, 2-1(82)-3014/2018 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı 08.06.2018-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ukrayna Milli Müdafiə Universiteti Çernobıl Qəhrəmanları adına X3 İnstitutunun “Yanğın təhlükəsizliyi” ixtisası üzrə bitirməyinə dair 15 dekabr 2017-ci il tarixdə verilmiş B17 252928 qeydiyyat nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3014/2018 saylı, 03.07.2018-ci il tarixli qərarı ilə (hakim-E.Mustafayev) iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Qərarla razılaşmayan cavabdeh 01.08.2018-ci il tarixdə ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2244/2018 saylı iş üzrə 05.10.2018-ci il tarixli qərardadı ilə İddiaçı diplomun tanınması ilə bağlı müraciətinə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən yenidən baxılması ilə əlaqədar 45 günlük müddət təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2244/2018 saylı iş üzrə 07.12.2018-ci il tarixli qərarı ilə (hakimlər S.Seyidova, V.Məmmədov, İ.Əhmədov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3014/2018 saylı, 03.07.2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “Ukrayna Milli Müdafiə Universiteti Çernobıl Qəhrəmanları adına X3 İnstitutunun “Yanğın təhlükəsizliyi” ixtisası üzrə bitirməyinə dair 15 dekabr 2017-ci il tarixdə verilmiş B17 252928 qeydiyyat nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddiası təmin edilməmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2244/2018 saylı iş üzrə 07.12.2018-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(102)- 720/2019 saylı 27 fevral 2019-cu il tarixli qərarı ilə (hakimlər İ.Hüseynov, N.Rəsulbəyova, Z.Quliyev) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)- 2244/2018 saylı iş üzrə 07.12.2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kolleqiyasının 2-1(103)-1160/2019 saylı iş üzrə 04.06.2019-cu il tarixli qərardadı ilə İddiaçı B 17 252928 nömrəli, 15.12.2017ci il tarixli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üzrə yenidən ekspertiza keçirilməsi və rəyin məhkəməyə təqdim edilməsi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 30 iyul 2019-cu il tarixədək müddət müəyyən edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi və vəkili 016872 və 016313 nömrəli şəhadətnamələrin təsdiq olunmuş surətlərini təqdim edib, iddiaçının tələbinin cavabdeh tərəfindən tam təmin olunduğunu, tərəflər arasında artıq heç bir mübahisənin qalmadığını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi, eyni zamanda Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib, təqdim olunan şəhadətnamələri iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğu və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş şəhadətnamədən göründüyü kimi, “İddiaçı 15.12.2017-ci ildə Ukrayna Milli Mülki X2 Qəhramanları adına Çerkası “Yanğın Təhlükəsizliyi” İnstitutu tərəfindən verilmiş ali təhsil haqqında diplom (ixtisas mühəndis) “B17” 252928 Azərbaycan Respublikasında tanınmışdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3014/2018 saylı iş üzrə 03.07.2018-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1160/2019
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1160/2019
22.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver