Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1160/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Hüseyn Aida Əli qızı və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı «iddiaçıya pensiya təyinatı ilə bağlı məlumat vərəqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 16.11.2020-ci il tarixli, 2-1(112)-5080/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 16.11.2020-ci il tarixli, 2-1(112)-5080/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim R.Kərimli). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək hərbi xidmətdən yaşa görə əmək pensiyasının təyin edilməsi, hesablanması və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o (iddiaçı), 1 sentyabr 1983-cü il tarixdən 28 iyun 1990-cı il tarixədək Azərbaycan Neft Kimya İnstitutunda əyani təhsil almış və həmin dövrdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Həmin illər onun fəaliyyətini əks etdirən əmək kitabçasında qeyd olunmuşdur. O, həmçinin 2 avqust 1990-cı il tarixdən 13 iyun 1994-cü il tarixədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elektromexanizasiya Trestinin 4 nömrəli Avtomobil nəqliyyat kontorunda müxtəlif vəzifələrdə işləmişdir. 14 iyun 1996-cı il tarixdən 1 yanvar 1997-ci il tarixədək “Azəravtoyol” X3 vergi inspeksiyasında müfəttiş vəzifəsində, bundan başqa, 3 mart 1997ci il tarixdən 10 yanvar 2012-ci il tarixədək AR Dövlət Gömrük Komitəsində (14 il, 9 ay, 16 gün) müxtəlif vəzifələrdə çalışmışdır. 10 avqust 2016-cı il tarixdən hal-hazıradək isə, Qazax Dövlət Sosial İqtisad Kollecində inzibati təsərrüfat işləri üzrə direktor müavini işləyir. Əmək kitabçasına əsasən AT Dövlət gömrük Komitəsində işlədiyi dövr daxil olmaqla onun ümumi iş stajı 28 ildən artıqdır. Qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.5.2-ci maddəsinin tələblərindən çıxış edərək hazırkı halda onun ümumi iş stajının 12 il 6 ayı hərbi xidmətdə (gömrük orqanlarında) keçdiyinə görə əmək pensiyası hüququ yaranmış olur. O, göstərilənləri nəzərə alaraq, 2109-cu ilin əvvəllərində cavabdeh AR Dövlət Gömrük Komitəsinə müraciət etmiş və ona pensiya təyin olunmasını xahiş etmişdir. Lakin cavabdeh həmin məsələnin həllindən imtina etmişdir. Cavabdehin imtinası qanunsuz və əsassız sayılır. Belə ki, 4 aprel 2019-cu il tarixli imtina məktubunda «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.14cü maddəsinə istinad edilmişdir. Hesab olunur ki, imtinada sözügedən hüquq normasına istinad olunması yanlışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsi imkan verir ki, o, hərbi xidmət üzrə yaşa görə əmək pensiyası hüququndan istifadə etsin. Çünki, onun ümumi iş stajı (hərbi xidmətdən sonra) 28 ildən artıq təşkil edir. Deməli o (iddiaçı), qanunla tələb olunan ümumi 25 il iş stajını ödəməklə yanaşı, 14 il, 9 ay, 16 gün müddətini hərbi xidmətdə keçmişdir. Bu hal ona, hərbi xidmətdən yaşa görə pensiya təyin olunması üçün hüquqi əsas verir. Lakin hansısa səbəbdən cavabdeh bütün bunları nəzərə almamış və əsassız imtina cavabı vermişdir. Cavabdeh tərəfindən 4 aprel 2019-cu il taruxli imtina məktubunda «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.14-cü maddəsinə istinad olunması ümumiyyətlə düzgün yanaşma sayıla bilməz. Qanunun bu maddəsi hərbi qulluqçulara təyin olunan pensiyalar üçün əlavələrdən bəhs edir. Lakin onun (iddiaçının) tələbi hərbi xidmətdə yaşa görə əmək pensiyası təyin edilməsindən ibarətdir. Göstərilənlərə və İPM-in 2, 34, 45, 46-cı maddələrinə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə, “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sığorta stajının müəyyən edilməsi, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3cü bəndinə əsaslanaraq, ona (iddiaçıya) hərbi xidmətdən yaşa görə əmək pensiyasının təyin edilməsi, hesablanması və ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçıya pensiya təyinatı ilə bağlı məlumat vərəqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: İddiaçı izahatında göstərmişdir ki, iddia ərizəsinə dəqiqləşməni məhkəmənin təkidi ilə yazıb. Ona bildirildi ki, əgər iddiaya dəqiqləşmə yazars iddiası təmin olunacaq. Məhkəmə qərarı isə məhkəmə zalında elan olunmadı. Telefonda katib bildirdi ki, iddia təmin edilib. Lakin qərarı alan zaman bəlli olub ki, yalan məlumat verilib. Məhkəmə qərarında hakim bütünlükdə ilkin iddia tələbinə toxunur, onun təmin olunmaması üçün əsasladırmağa çalışır. Apellyasiya şikayətinin təmin edilməsini, qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehin imtinası qanunaz zidd deyil. Bu qənaət ondan irəli gəlir ki, iddiaçının təhsil və hərbi xidmət illəri nəzərə alınmadıqda gömrük orqanlarında xidmət müddətinin 14 il 9 ay 16 gün təşkil etməsi işi mübahisəli halıdır, 2 il hərbi xidmət dövrü, 5 il əyani təhsil müddətinin yarısı kimi 2 il 6 aylıq dövr də nəzərə alındıqda, onun ümumi xidmət dövrü 19 il 3 ay 16 gündür. Hansı ki, 20 il müddət toplanmış olmur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur, 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: (9.5.1) hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular, (9.5.2) hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər, (9.5.3) hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər, (9.5.4) hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarının 1-ci bəndi ilə müəyyən edilmişdir ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: . . . Gömrük orqanlarının kiçik heyət, orta, baş, ali rəis heyəti vəzifələrində xidmətə təyin olunma günündən. Zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. AR Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci bəndinə görə bu Qaydalar «Əmək pensiyaları haqqında» AR Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara – Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Müdafiə Nazirliyində, Daxili İşlər Nazirliyində, Ədliyyə Nazirliyində, Fövqəladə Hallar Nazirliyində, Hərbi Prokurorluğunda, Dövlət Təhlükəsizliyi Xidmətində, Xarici Kəşfiyyat Xidmətində, Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən DSMF-yə təqdim olunması qaydalarını müəyyən edir. Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İPM-in 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddia “öhdəliyin icrası haqqında” iddia növünə aiddir və qanunvericilik bu qəbildən olan iddialar üçün iddia müddəti müəyyən etməmişdir. İPM-in 38.1 və 38.2-ci maddələrinin tələbləri “mübahisələndirmə haqqında” və “məcburetmə haqqında” iddialarla bağlıdır, analogiya üzrə həmin tələbin “öhdəliyin icrası haqqında” iddialara münasibətdə tətbiqi isə yolverilməz haldır. İddiaçı əvvəlcədən məsələ ilə bağlı cavabdehə müraciət etdiyindən, cavabdeh də müvafiq səlahiyyətə malik qurum kimi məsələnin həllindən imtina barədə ona məktubla cavab verdiyindən, habelə iddianın mümkünlüyünü istisna edən digər xüsusatlar mövcud olmadığından, məhkəmə iddianı mümkün iddia kimi qiymətləndirir. Mübahisənin mahiyyətinə gəldikdə isə, birinci instansiya məhkəməsinin qənaəti belədir ki, cavabdehin imtinası qanuna zidd deyil. Belə ki, iddiaçının təhsil və hərbi xidmət illəri nəzərə alınmadıqda gömrük orqanlarında xidmət müddətinin 14 il 09 ay 16 gün təşkil edir, 2 il hərbi xidmət dövrü, 5 il əyani təhsil müddətinin yarısı kimi 2 il 6 aylıq dövr də nəzərə alındıqda , onun ümumi xidmət dövrü 19 il 3 ay 16 gündür. Qeyd olunmalıdır ki, tərəflər arasında mübahisəli halın əsas xüsusatı AR Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarında göstərilən “mülki ali təhsil müəssisələrində beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla” müddəasının iddiaçıya münasibətdə necə tətbiq olunmasıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, sözügedən qərarın qəbulundan (qüvvəyə minməsindən) əvvəlki dövrdə həmin təhsil müddətinin uzunmüddətli xidmət dövrünə daxil edilməsini nəzərdə tutan hər hansı qanunvericilik norması qəbul edilmədiyindən, AR Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarının qeyd olunan müddəasının iddiaçıya münasibətdə tətbiqi qanunvericiliyin, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16.11.2020-ci il tarixli, 2-1(112)-5080/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Aida Hüseyn Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1160/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1160/2021
02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver