Məhkəmə qərarları › İş №2-1(103)-1160/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1160/2024

05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1160/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı: İddiaçı Cavabdeh: Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: « qeydiyyatdan çıxarılma ») Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X3 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, 3-cü şəxsin vəkili Vəkil2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10296/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2016-cı il tarixli Çıxarışdan görünür ki, iddiaçı ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin mülkiyyətçisidir.

2. xx.xx.2015-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı həmin yaşayış sahəsini X7 almışdır.

3. Notariat işində olan arayışda qeyd edilmişdir ki, 2015-ci il tarixdə həmin yaşayış sahəsində qeydiyyatda olan şəxs olmamışdır.

4. 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, üçüncü şəxslərin qeyd olunan ünvan üzrə dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir.

5. Ev kitabından çıxarışdan görünür ki, üçüncü şəxslər 20-ci Qurultay küçəsi, ev 22a ünvanında yerləşən yaşayış sahəsində yaşamışdır.

6. İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, ev 22 və ev22 A ünvanında hal-hazırda yaşayış yoxdur, ünvanın qapısı bağlanmışdır. Məktubda adıçəkilən Tofiq Aslanov, Böyükağa Aslanov, Məxvirət Aslanova, Bəyimxanım Aslanova, Vasif Əlizadə ev 22 ünvandan qeydiyyatdan çıxaraq Qurtuluş küçəsi döngə 3, ev 22 ünvanına qeydiyyata düşmüşdür. Digər iki vətəndaş Ağasəlim Aslanov, Solmaz Aslanova vəfat etmişdir. Digər 4 nəfər vətəndaş L.Quliyeva Azərbaycan qadını döngə 4 küçəsində, Ə.Quliyev Azərbaycan qadını döngə 4 küçəsində, Raminə Aslanova H.Salayev küçəsində, M.Bağırova Quba rayonunda faktiki yaşayır. İ.Aslanov barəsində heç bir məlumat aşkar edilməmişdir.

7. İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin xx.xx.2023-cü il tarixli digər arayışında qeyd edilmişdir ki, Leyla Quliyeva, Raminə Aslanova, X23 küçəsi 22A ünvanında qeydiyyatda olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. Məhkəmənin qərardadı ilə X16, X12, X8, X4, X9, X1, X10, X14, X21, X2, X20, X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşayış sahəsinin mülkiyyətçisidir. Üçüncü şəxslər formal olaraq onun yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatdadır. Həmin hal isə əmlak üzərində onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olur. Cavabdeh həmin halları nəzərə almadan müraciətin təminindən imtina etdiyindən iddiaçı hesab edir ki, qeydiyyatdan çıxarılma barədə vəzifə cavabdehə həvalə edilməlidir.

11. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10296/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.

13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, 3-cü şəxsin evdə istifadə hüququnun olmaması və yaşamaması baxımından, həmçinin adıçəkilən yaşayış sahəsinin köhnə mülkiyyətçisi də alqı-satqı müqaviləsinin tələbinə əsasən yaşayış sahəsindən qeydiyyatdan çıxarılmalıdır ki, cavabdeh həmin halı nəzərə almamış, müraciətin təminindən imtina etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

14. Qərardan 3-cü şəxs X11 apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10296/2023 saylı, xx.xx.2023-cü tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə X16, X12, X8, X4, X9, X1, X10, X14, X21, X2, X20, X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı öz ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı yaşayış sahəsinin mülkiyyətçisidir. Üçüncü şəxslər formal olaraq onun yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatdadır. Həmin hal isə əmlak üzərində onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olur. Cavabdeh həmin halları nəzərə almadan müraciətin təminindən imtina etdiyindən iddiaçı hesab edir ki, qeydiyyatdan çıxarılma barədə vəzifə cavabdehə həvalə edilməlidir. Lakin araşdırma zamanı müəyyən edilmişdir ki, Alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı həmin yaşayış sahəsini X7 aldığı zaman Notariat işində olan arayışda qeyd edilmişdir ki, 2015-ci il tarixdə həmin yaşayış sahəsində qeydiyyatda olan şəxs olmamışdır. Məhkəmənin öz Qərarının əsaslandırıcı hissəsindən görünür ki, İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin arayışında qeyd edilmişdir ki, ev 22 və ev22 A ünvanında hal-hazırda yaşayış yoxdur, ünvanın qapısı bağlanmışdır. Məktubda adıçəkilən Tofiq Aslanov, Böyükağa Aslanov, Məxvirət Aslanova, Bəyimxanım Aslanova, Vasif Əlizadə ev 22 ünvandan qeydiyyatdan çıxaraq Qurtuluş küçəsi döngə 3, ev 22 ünvanına qeydiyyata düşmüşdür. Digər iki vətəndaş Ağasəlim Aslanov, Solmaz Aslanova vəfat etmişdir. Digər 4 nəfər vətəndaş L.Quliyeva Azərbaycan qadını döngə 4 küçəsində, Ə.Quliyev Azərbaycan qadını döngə 4 küçəsində, Raminə Aslanova ll.Salavev küçəsində, M.Bağırova Quba rayonunda faktiki yaşayır. İ.Aslanov barəsində heç bir məlumat aşkar edilmədiyini bildirmişdir. Lakin tərəflərindən məhkəməyə təqdim edilən Asan xidmət tərəfindən yaşayış yeri üzrə arayışdan görünür ki, Raminə Aslanova 2004-cıi il tarixdən ünvan 1 ünvanda qeydiyyatda olmuşdur. Buna baxmayaraq məhkəmə öz qərarında bu amilə ümumiyyətlə məhəl qoymamış verilən sübutlara fikir bildirməmişdir. Bundan başqa ünvan 1 ünvanda yerləşən mülkiyyətin alqı-satqısının aparılmasına dair xx.xx.2015-ci il tarixli 4Ə/633 saylı Notariat işindən görünür ki, qeyd olunan ünvanda qeydiyyatda olanların siyahısının müəyyən olunması yalnız yerli bələdiyyə sənədi ilə verilmiş və bu barədə elektron sistemə ehtiyac duymamışdır ki, bu da əlavə olaraq onda şübhələr yaradır ki, bu proses zamanı alqı-satqıda iştirak edən hər kəsin mülkiyyətdə qeydiyyatda olan şəxslərin üzə çıxmamasında maraqlı olmuşlar.Maraqlısı budur ki, mülkiyyətin alqı-satqısı zamanı qeydiyyatda olan şəxslərin müəyyən edilməsi üçün bələdiyyə orqanına müraciət olunur, amma qeydiyyatdan çıxarma məsələsinə gəldikdə isə Asan xidmət yada düşür.

d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

e) Proses iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında 3-cü şəxsin vəkili apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.Verilən suallara cavabında bildirmişdir ki, onlar hazırda orada yaşayır.Həmin ünvanda yaşmağı ilə bağlı arayışı hələ ki, əldə etməmişlər.Babadan qalma mülk olduğuna görə doğulduğu gündən orada yaşayır. Orada 3-4 ayrı-ayrı tikili var.İddia edilən evlə 3-cü şəxsin yaşadığı ev eyni damın altında deyil.İddiaçı ilə 3-cü şəxsin arasında 5-10 metr ara məsafəsi var.Mirasın qəbulu ilə bağlı ona görə müraciət etməyiblər ki, kənd camaatı olub, bilməyiblər. Gələcəkdə də müraciət edəcəkləri barədə də cavab verə bilmir.

18. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

19. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə Kollegiyası İPMin 62.3-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

21. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.

22. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.

23. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi, 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə –məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

24. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli 30 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.10-cu bəndinə əsasən Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya şikayəti 3-cü şəxs X11 tərəfindən verildiyindən birinci instansiya məhkəməsinin aktı yalnız ona münasibətdə yoxlanılır.

28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

30. İş materiallarında olan çıxarışın surətindən görünür ki, yaşayış sahəsi iddiaçının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə qeydiyyat aparılmışdır.

31. Göründüyü kimi istər, üçüncü şəxsin yaşayış sahəsinə istifadə hüququnun olmaması baxımından, istərsə də şəxsin yaşayış yerini dəyişməsi, başqa sözlə şəxsin həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə iddia tələbinin təmin edilməsini, üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını qanuni və əsaslı edir.

32. Məhkəmə xüsusi ilə diqqətə çatdırmağı zəruri hesab edir ki, hazırki mübahisə üzrə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi məktubdarında üçüncü şəxslərin iddia olunan yaşayış sahəsindəki ünvanda yaşamadığını təsdiq etmişdir.

33. Bundan başqa məhkəmə kollegiyasının iclasında 3-cü şəxsin vəkili verilən suallara cavabında bildirmişdir ki, onlar hazırda orada yaşayır.Həmin ünvanda yaşmağı ilə bağlı arayışı hələ ki, əldə etməmişlər.Babadan qalma mülk olduğuna görə doğulduğu gündən orada yaşayır. Orada 3-4 ayrı-ayrı tikili var.İddia edilən evlə 3-cü şəxsin yaşadığı ev eyni damın altında deyil.İddiaçı ilə 3-cü şəxsin arasında 5-10 metr ara məsafəsi var.Mirasın qəbulu ilə bağlı ona görə müraciət etməyiblər ki, kənd camaatı olub, bilməyiblər. Gələcəkdə də müraciət edəcəkləri barədə də cavab verə bilmir.

34. Beləliklə, 3-cü şəxsin apellyasiya şikayəti üzrə məhkəmə araşdırması zamanı iddiaçının mülkiyyətində olan yaşayış sahəsində yox başqa tikilidə yaşayan 3-cü şəxsin iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə hər hansı əmlak və istifadə hüquqlarının olması, 3-cü şəxsin iddiaçının mülkiyyətində olan evdə yaşaması müəyyən olunmamışdır.

35. Məhkəmə Kollegiyası qeyd edir ki, 3-cü şəxs mübahisəli yaşayış sahəsinə babadan qalan miras əmlak hüququnun olduğuna istinad etsə də bunu da təsdiq edəcək mötəbər sübut və dəlillərlə əsasılandırmamışdır.

36. Belə ki, məhkəmə Kollegiyası vurğulayır ki, xx.xx.2015-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı həmin yaşayış sahəsini X7 almışdır.3-cü şəxs hazırkı mübahisənin inzibati məhkəmə icraatında olduğu uzun müddət ərzində də həmin alqı-satqı müqaviləsini də mübahisələndirməmişdir.

37. Beləliklə, 3-cü şəxs X5 apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla mötəbər və təkzib olunmaz sübutlarla təsdiqini tapmır.

38. Eyni zamanda, iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan üçüncü şəxslərin yaşamış olduqları ünvan Qurultay küçəsi ev 22A olsa da, heç bir araşdırma aparmadan iddiaçının mülkiyyətində olan Qurultay küçəsi ev 22 ünvana həmin şəxslərin qeydiyyatını aparmışdır ki, iş üzrə məhkəmə araşdırması zamanı iddiaçı ilə üçüncü şəxslərin bağlı olduğu yaşayış sahələrinin fərqli olduğu, iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin ev 22 ünvanda, digər yaşayış sahəsininin isə ev 22 A ünvanı olması müəyyən edilmişdir ki, məhkəmə hesab edir ki, cavabdeh yaşayış yeri üzrə qeydiyyatla bağlı həmin uyğunsuzluğu aradan qaldırmaq əvəzinə iddiaçının mülkiyyətində olan ev 22 ünvanda olan yaşayış sahəsinə həmin sahəyə hüququ olmayan bir-biri ilə qohum olan şəxslərin qeydiyyatda olmasına səbəb olmuşdur. Halbuki məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, qeyd olunan şəxslər ev 22A ünvanda yaşamış şəxslərdir. Eyni zamanda, təqdim edilən sənədlərdən görünür ki, üçüncü şəxslərdən bəzilərinin qeydiyyata alınması döngə 3 ev 22 ünvanı ilə, ev 22 ünvanın qarışdırılması ilə bağlı olmuş, cavabdeh mövcud ünvanlar üzrə heç bir fərqləndirmə aparmadan üçüncü şəxsləri iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin ünvanı üzrə qeydiyyatını həyata keçirmişdir.

39. Beləliklə, mülkiyyətçi qanuni və əsaslı olaraq üçüncü şəxsləri mülkiyyətində olan yaşayış sahəsindən həmin yaşayış sahəsinə istər əşya hüququ, istərsə də ailə münasibətlərindən yaranan hüquq kimi istifadə hüququna malik olmamış, qeydiyyatı formal xarakter daşımış şəxsin qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuşdur.

40. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, 3-cü şəxsin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10296/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10296/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar