Məhkəmə qərarları › İş №2-1(103)-1161/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1161/2022

04.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1161/2022 04.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının vəkili X4, cavabdehin nümayəndəsi X2, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Bakı Şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs X5) qarşı “sərəncamın qismən ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(112)-10614/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 04 mart 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri Nəsimi RİH-yə və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı cavabdeh Bakı şəhəri Nəsimi RİH-in 1 dekabr 2017-ci il tarixli 318 nömrəli sərəncamının qismən ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı X3 qarşı iddia qaldıraraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və ünvan 1 ünvanında yerləşən ona məxsus kafeyə aid sahədə X5 tərəfindən inşa edilmiş pilləkənin onun hesabına sökülməsi tələbini irəli sürmüşdür. Məhkəmə müəyyən etmişdir ki, X5 tərəfindən inşa olunmuş qeyri-yaşayış binasının mübahisələndirilən pilləkəni hazırkı iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin texniki pasportunun “tikilinin planı” bölməsində nəzərdə tutulmuş ərazi ilə üstüstə düşür və pilləkənin yerləşdiyi ərazi ilkin olaraq iddiaçının qeyri-yaşayış sahəsinə aiddir. Həmçinin, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 24 sentyabr 2018-ci il tarixli 21011 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, X5 tərəfindən inşa olunmuş mübahisəli pilləkən tikilisi Bakı şəhəri Nəsimi RİH başçısının 1 dekabr 2017-ci il tarixli 318 saylı sərəncamı ilə Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış 18/03- 8/769 saylı eskiz layihəsində, İddiaçı mülkiyyətindəki sahəsi 102,4 kv.m olan qeyri-yaşayış sahəsinə dair verilmiş texniki pasportun plan-sxemində 18,9 kv.m açıq sahə kimi göstərilmişdir. Digər tərəfdən də iş materiallarından müəyyən olunur ki, həmin iş üzrə cavabdeh Bakı şəhəri Nəsimi RİH tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 və 17 saylı binaların yaxınlığında yerləşən tikili (o cümlədən həmin tikilinin ayrılmaz hissəsi olan mübahisələndirilən pilləkən qəfəsi) Bakı şəhəri Nəsimi RİH başçısının 1 dekabr 2017-ci il tarixli sərəncamı və Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış 18/03-8/769 saylı eskiz layihəsi əsasında inşa olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri Nəsimi RİH-in 1 dekabr 2017-ci il tarixli 318 saylı sərəncamının qismən ləğv edilməsi xahiş edilsə də, ərizəyə cavab verilməmişdir. İddiaçı hesab edir ki, ərizəyə cavabdeh Bakı şəhəri Nəsimi RİH tərəfindən baxılmaması və ya əsassız olaraq baxılmasının gecikdirilməsi, qurumun müraciətlə bağlı əsassız imtinasıdır. İddia tələbi qanunidir və əsaslıdır, ona görə də təmin olunmalıdır. Göstərilənlərə və İPM-in 2, 4, 14, 45, 46, 73-cü maddələrinə əsaslanaraq, cavabdeh Bakı şəhəri Nəsimi RİH-in 1 dekabr 2017-ci il tarixli 318 saylı sərəncamının tikilinin ayrılmaz hissəsi olan pilləkən qəfəsi hissəsində ləğv edilməsi öhdəliyinin həmin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(112)-10614/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına baxdıqda məlum olur ki, iddia tələbinə dair prosessual müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilməsi və iddia tələbin mümkün hesab edilərək icraata götürülməsi xahiş edilmiş, təəssüf ki, məhkəmə işə baxarkən bu ərizəyə münasibət bildirməmişdir. İş materiallarına baxdıqda məlum olur ki, sərəncamdan məhkəmə proseslərində məlumatlı olmuş və bu baxımından sərəncamı vaxtında mübahisələndirə bilməmişdir. Bu hal müddətin üzrlü səbəbdən buraxılması halı kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2- 1(112)-10614/2021 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Birinci instansiya məhkəməsi qərardadını belə əsaslandırmışdır ki, İddiaçı əvvəllər də eyni tələblə məhkəmədə iddia qaldırmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4368/2021 saylı iş üzrə 6 avqust 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi RİH-ə qarşı 1 dekabr 2017-ci il tarixli 318 saylı sərəncamının tikilinin ayrılmaz hissəsi olan pilləkən qəfəsi hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsində iki cavabdeh inzibati orqan göstərilsə də, mübahisə predmeti olan sərəncam cavabdeh Bakı şəhəri Nəsimi RİH tərəfindən qəbul olunduğundan, tələb ikinci cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı yönəlməmişdir və həmin cavabdehin işdə prosessual iştrakı formal qiymətləndirilərək iddia ona aid hissədə mümkün sayılmır. Cavabdeh Bakı şəhəri Nəsimi RİH-ə münasibətdə isə, eyni əsaslarla eyni tələb üzrə mübahisəyə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə qiymət verildiyindən, hazırkı iddiaya yenidən baxılması yolverilən hal deyil. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Həmçinin sözügedən qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48- ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, işdən görünür ki, iddiaçı iddia ərizəsi ilə birgə buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4368/2021 saylı iş üzrə 6 avqust 2021-ci il tarixli qərardadına əsasən mübahisələndirilən sərəncam üzrə iddia müddətinin buraxılması əsası ilə iddia mümkün sayılmadığından, hazırkı iş üzrə müddətin burxaılmasının üzrlü hesab edilərək, iddia tələbinin mümkün sayılmasını xahiş etmiş, lakin məhkəmə iddianı mümkün saymayarkən həmin vəsatətə münasibət bildirməmişdir. Belə olan halda məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyası prosessual hüquq pozuntusu kimi qiymətləndirir və hesab edir ki, göstərilən qaydaların məhkəmələr tərəfindən pozulması son nəticədə məhkəməyə müraciət etmək hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər. AR İnzibati-Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin yardım etmək vəzifəsi” ilə bağlı tələblər pozulmuşdur”. Belə ki, birinci instansiya məhkəməsinin iddiaçının buraxılmış prosessual müddətin bərpasına dair vəsatətə münasibət bildirmədən iddianı mümkünsüz sayması prosessual qanunvericiliyin tələbləri baxımından qanuni olmamışdır. Bununla əlaqədar qeyd edilməlidir ki, ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən həmin vəsatətə münasibət bildirilməli, daha sonra iddianın mümkünlük şərtlərinə qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(112)-10614/2021 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Aida Hüseyn Hakimlər Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar