Məhkəmə qərarları › İş №2-1(103)-1161/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1161/2024

12.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1161/2024 12.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X3) qarşı “çıxarışın ləğv edilməsi” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1284/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən hüquqların dövləti qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışının ləğv olunması və yaşayış sahəsinin təyinatının dəyişdirilərək xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyi Bakı qarnizonu rəisinin 01 may 2017- ci il tarixli qərarı ilə “Bakı-52” hərbi şəhərciyində baş plan üzrə 14 nömrəli 3 mərtəbəli kazarma binasının yaşayış binası kimi yenidən qurulmasına və binanın yaşayış fondu kimi istifadə olunmasına razılıq verilmişdir. Bakı qarnizonu mənzil komissiyasının 09 aprel 2019cu il tarixli 18 nömrəli protokolu əsasında qeyd edilən binada yaşayış sahəsinə ehtiyacı olan 20 (iyirmi) nəfər hərbi qulluqçuya mənzil ayrılmış və protokol 16 aprel 2019-cu il tarixdə Bakı qarnizonu rəisi tərəfindən təsdiqlənərək X3 ünvan 1 ünvanında yaşayış sahəsi ilə təmin edilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 17 may 2019-cu il tarixli 125 nömrəli sərəncamı ilə qeyd edilən ünvandakı yaşayış sahəsi xidməti mənzillər fondundan çıxarılaraq, vətəndaş X3 ilə daimi kirayə müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 1 ünvanındakı yaşayış sahəsinə X1 adına çıxarış verilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 04 sentyabr 2020-ci il tarixli 224 nömrəli digər sərəncamı ilə Yasamal Rayon İcra Hakimiyyəti başçısının 17 may 2019-cu il tarixli 125 nömrəli sərəncamı iləğv edilmişdir. Sərəncam ləğv edildikdən sonra Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli 7081 nömrəli məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvan 1 ünvanındakı yaşayış sahəsinə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışının ləğv olunması barədə rəsmi müraciət olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 18.01,2022-ci il tarixli **********88 nömrəli məktubu ilə Mənzil-İstismar idarəsinin müraciətinə imtina edilərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi üzərində hüquqların dövlət qeydiyyatının ləğvinin aparılması məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya vətəndaşın bu hüquqdan imtina barədə notarial qaydada təsdiq eilmiş ərizəsi əsasında mümkün olması bildirilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin X1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri 16 noyabr 2019-cu il tarixli ********** nömrəli qeydiyyatın və onun əsasında verilmiş çıxarışın ləğv olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1284/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İnzibati İcraat Haqqında Qanunun” 4.3-cü maddəsi inzibati orqanlar arasında səlahiyyət və aidiyyətlə bağlı mübahisəyə baxılması qaydasını nəzərdə tutduğundan, hazırkı mübahisənin əsas predmeti isə inzibati orqanın qəbul etdiyi inzibati aktın ləğv olunması ilə bağlı olduğundan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayyət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarından görünür ki, iddiaçı ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin X1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri 16 noyabr 2019-cu il tarixli ********** nömrəli qeydiyyatın və onun əsasında verilmiş çıxarışın ləğv olunması barədə qərarın qəbul edilməsini xahiş edir. Göründüyü kimi inzibati orqan kimi bir dövlət orqanı tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası ilə bağlı qəbul edilmiş müxtəlif aktların inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsinə dair başqa bir dövlət orqanına qarşı iddia qaldırılmışdır. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, bir dövlət hakimiyyət orqanının hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi nəticəsində qəbul etdiyi qərarın, sərəncamın, digər aktın, eləcə də faktiki xarakterli fəaliyyətin və s. başqa bir dövlət orqanı tərəfindən mübahisələndirilməsi qanunvericiliyə görə inzibati məhkəmə icraatı qaydasında baxılan işlərin dairəsinə aid deyildir. Belə mübahisələr “İnzibati icraat” haqqında Qanunun 4.3-cü maddəsində müəyyən olunmuş qaydada həll olunmalıdır. Həmin normaya görə inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 484 nömrəli, 25 yanvar 2019-cu il tarixli Fərmanı ilə müəyyən edilmişdir ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Həmin Qanunun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş komissiyanın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası həyata keçirir. Belə olan halda, dövlət orqanlarının aralarında yaranmış aidiyyət və ya səlahiyyətlərlə əlaqədar mübahisələr inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan inzibati (publik) hüquq münasibətlərindən irəli gələn mübahisə kimi qiymətləndirilə bilməz. Cünki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən, maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən, ərizə - maraqlı şəxsin(yəni hüquqi və ya fiziki şəxsin - bax: 2.0.3) inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən, inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin(yəni hüquqi və ya fiziki şəxsin - bax: 2.0.3) inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır Beləliklə, hazırkı mübahisəyə inzibati məhkəmə icraatında baxılmalı olmadığından iddia mümkünsüzdür. Qeyd edilənləri nəzərə alan birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırki iddiaya əsasən iki inzibati orqan arasında səlahiyyətlərin tətbiqi ilə bağlı mübahisə olduğundan iddianın inzibati məhkəmə icraatı qaydasında həlli ədalət mühakiməsinin məqsədlərinə uyğun deyil. Odur ki, iddia mümkün sayılmamalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər formal mülahizələrdən ibarət olmaqla məhkəmənin qəbul etdiyi qərardadın ləğvinə əsas vermir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1284/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar