Məhkəmə qərarları › İş №2-1(103)-1161/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1161/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1161/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçılar İddiaçı4, X10, İddiaçı6 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxs X4, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Ağasaleh oğlu, İddiaçı3, İddiaçı4, X10 və İddiaçı6 cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı qeydiyyatdan çıxarılma tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2-1(112)- 12213/2024 saylı qərarından İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Ağasaleh oğlu, İddiaçı3, İddiaçı4, X10 və İddiaçı6 cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı qeydiyyatdan çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıların paylı mülkiyyətlərində olan yaşayış sahəsində onlardan başqa üçüncü şəxs qeydiyyatdadır, lakin orada yaşamır və həmin şəxsin yaşayış sahəsində qeydiyyatda qalması onların hüquqlarının pozulmasına səbəb olur. Qeydiyyatdan çıxarılması tələb edilən X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) Bakı İnzibati Məhkəməsinin qərardadı ilə qərara alınmışdır. Cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən iddiaya etiraz məhkəməyə təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-12213/2024 saylı qərarı ilə (hakim O.X.Həsənov) iddia ərizəsi təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-12213/2024 saylı qərarından İddiaçı1 apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, həmin iş üzrə Bakı İnzibati Məhkəməsinin qərarı tamamilə əsassızdır və qanunsuzdur, qərarda maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Həmçinin məhkəmənin qərarında məhkəmə tərcübəsi kimi göstərilmiş Ali Məhkəməsinin qərarlarını həmin iş üzrə iddiaçılarla üçüncü şəxs arasında yaranmış hüquq münasibətlərinə heç bir aidiyyəti yoxdur. Belə ki, üçüncü şəxs X4 iddiaçılara məxsus olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi ünvanda yerləşən 32 saylı evdə heç vaxt yaşamamışdır. Həmin fərdi yaşayış evi iddiaçılar İddiaçı1, İddiaçı2 Ağasaleh oğlu, İddiaçı3, İddiaçı4, X1 Yeganə Rafiq qızının paylı mülkiyyətindədir. Elxan Cavadov hərbi qulluqçu kimi Qala qəsəbəsində xidməti mənzil almışdır. Həmin vaxtdan uzun müddətdir ki, Elxan Cavadov öz mənzilində ailə üzvləri ilə birlikdə daimi yaşayır. İddiaçılara mülkiyyət hüququ üzrə evdə o, heç vaxt yaşamamışdır. Lakin birinci instansiya məhkəməsi məhkəmə icraatı zamanı bu halı aydınlaşdırılmamışdır. Məhkəmə üçüncü şəxsin faktiki yaşayış yerini müəyyən etməyib. 1980-ci ildən üçüncü şəxs həqiqi hərbi xidmətdə olarkən Rusiya Federasiyasının Çita şəhərində yaşayırdı.1992-94-cü illərdə Azərbaycana qayıdan Elxan Cavadov Bakının Qala kəndində yerləşən hərbi hissənin hərbi qulluqçusu olub. Hərbi xidmətdən təqaüdə çıxan Elxan Cavadov hərbi xidmətdə olduğu müddətdə ona ayrılmış mənzildə Qala kəndində yaşamağa davam edir. Üçüncü şəxs Elxan Cavadovun nənəsi Rəfiqə Cavadovanın iddiaçılara məxsus olan evdən başqa yaşayış sahəsi yoxdur. O, iddiaçıların razılığı ilə onlara paylı mülkiyyət üzrə məxsus olan evə köçmüşdür və onlarla birlikdə həmin evdə ailə üzvü kimi yaşayır. Rəfiqə Cavadova iddiaçılara məxsus evdə bir otaqda (əvvəllər böyük mətbəx olub) yaşayır. Bu otağın həyətə ayrıca çıxışı yoxdur. Rəfiqə Cavadovanın yaşadığı otaq isə iddiaçılara məxsus evin tərkib hissəsidir. Bu səbəbdən Elxan Cavadov iddiaçıların razılığı olmadan mübahisəli evə qeydiyyata alına bilməzdi. İddiaçılarla ümumi mülkiyyətdə olan ev onlara valideynlərindən miras qalmış evdir. Hazırda da paylı mülkiyyət hüququ üzrə həmin ev iddiaçılara məxsusdur. Üçüncü şəxs Elxan Cavadov iddiaçıların ailəsinin üzvü deyil. İddiaçıların mülkiyyətdə olan evdə Elxan Cavadov qanunsuz olaraq qeydiyyata düşmüşdür. Elxan Cavadovun iddiaçılara mülkiyyət hüququ üzrə məxsus olan evdə qeydiyyatda olması onların evə sahiblik və ona dair sərəncam vermək hüququna mane olur. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2 izahatında məhkəməyə bildirdi ki, birinci instansiya məhkəməsinin qərarı tam əsasızdır. Belə ki, üçüncü şəxs Elxan Cavadov heç vaxt iddiaçılara məxsus olan yaşayış sahəsində yaşamamışdır. Elxanı Cavadovun həmin yaşayış sahəsində qeydiyyatı formal xarakter daşıyır. Həmçinin də, Elxan Cavadovun həmin yaşayış sahəsinə hansı yolla qeydiyyata düşdüyü məlum deyil. Sözügedən yaşayış sahəsi iddiaçılara paylı mülkiyyət hüququ əsasında məxsusdur. İddiaçılar da buna uyğun olaraq həmin evdə yaşayırlar. İddiaçılar arasında faktiki olaraq naturada evlərin hissəsi bölünmüşdür. Elxan Cavadov qanunsuz yolla mübahisə predmeti olan yaşayış sahəsində qeydiyyata düşmüşdür. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil1 izahatında məhkəməyə bildirdi ki, söhbət bir böyük yaşayış sahəsinin həyətindən gedir. Həmin sahə Cavadovlar nəslinə məxsusdur. Həyətdə 4 tikili var. Hər birinin ayrıca sanitar qovşağı, giriş-çıxışı vardır. A, B, V tikililərini əvvəllər öz əmiuşaqlarına satmışdırlar. Onlar da öz hissələrini rəsmiləşdiriblər. Hazırda həmin torpaq sahəsi dövlət torpağı sayılır. Şəxsən özü həmin sahəyə gedib. Onda həmin yerin video görüntüsü də var. Qeyd etdiyi kimi, həyətdə 4 tikili var. Sağ tərəfdə Elxan Cavadovun qeydiyyatda olduğu evdir. Sol tərəfdə isə Cavadovların evidir. Qarşıda da başqa bir ev var. Ümumilikdə 4 tikili mövcuddur. 4 tikilin ünvanı eynidir, yəni Sabir 32 ünvanı. Həmin sahədə heç kim bir-birinə qarışmır. Bircə Elnur evinə hasar çəkib. Sözügedən Rəfiqə xanım Cavadovlar nəslinin ən böyük gəlinidir. 90-a yaxın yaşı vardır. Evi onun oğlu Nəcəfqulu bəy tikib. Hər 4 evin də su sayğacı, qaz sayğacı və s. ayrıdır. Məhkəmənin sorğusuna əsasən ünvan 1 ünvanına dair 1963-cü il tarixdə hazırlanmış texniki pasportun təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmiş və bundan sonra üçüncü şəxsin nümayəndəsi məhkəməyə bildirmişdir ki, torpaq sahəsi dövlət mülkiyyətindədir. Torpaq sahəsinin üzərindəki tikili ilə bağlı olaraq isə texniki pasportda Nəcəfqulu bəyin adının üstündən xətt çəkilmişdir. Texniki pasporta nəzər saldıqda görünür ki, sonuncu dəfə Rafiq Cavadov və hazırkı iddiaçıların adı orada qeyd olunmuşdur. Onlar Nəcəfqulu bəyin hərbi xidmətdə olmasından istifadə edərək torpaq sahəsinin 6/1 özlərinə aid olan hissəsini vərəsəlik qaydasında rəsmiləşdirmişdirlər. Elxan Cavadovun nənəsi 18 yaşından etibarən ailəyə gəlin olaraq gəlmiş və 80 ildir ki, həmin tikilidə yaşayır və bütün komunal xərcləri də özü qarşılayır və orada qeydiyyatdadır. İddiaçılara məxsus yaşayış sahəsi “A” tikilisi kimi qediyyatdan keçmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 izahatında məhkəməyə bildirdi ki, nənəsinin 90 yaşı var. Orada nənəsindən başqa heç kim yaşamır. Nənəsinin yeganə oğlu onun atasıdır. O da orada doğulub, böyüyüb. Qarşı tərəf bildirir ki, orada heç vaxt yaşamayıblar. Lakin onun atası orada doğulub yaşayanda heç İddiaçı1 orada yaşamırdı. Qarşı tərəfin məqsədi odur ki, nənəsi gələcəkdə rəhmətə gedəndə onu evdən qeydiyyatdan çıxarsınlar və ev də sadəcə onlara qalsın. Nənəsinin evində qışda yaşamaq olmur, heç nənəsi də həmin vaxt orada yaşamır. Lakin yayda, şənbə və bazar günləri nənəsi ilə birlikdə həmin evdə yaşayır. Məhkəmə iclasında iştirak edən iddiaçı X10 izahatında məhkəməyə bildirdi ki, nənəsi vəfat etməzdən əvvəl atasının adına vəsiyyətnamə vermişdir. Həmin yaşayış sahəsi atasının, qardaşının mülkiyyətindədir, bu səbəbdən də başqası orada qeydiyyatda ola bilməz. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən əldə olunmuş 01.08.202-cü il tarixli, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 (4/15 hissə), İddiaçı2 Ağasaleh oğlunun (1/6 hissə), İddiaçı3 (1/6 hissə), İddiaçı4 (2/15 hissə), X3 (2/15 hissə) və İddiaçı6 (2/15 hissə) xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2024-cü il tarixli, ******* saylı arayışından görünür ki, İddiaçı1, İddiaçı3, X5, X6, X15, X7, İddiaçı4, İddiaçı5, X8, İddiaçı6, X11, İddiaçı2, X4 03 mart 2005-ci tarixindən etibarən ünvan 2 ünvanında qeydiyyatdadırlar. - İddiaçıların müraciətinə baxılmış və cavab olaraq üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün inzibati məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məktubunda qeyd edilmişdir ki, X2 ünvan 1 ünvanı üzərində mülkiyyət, istifadə və ya digər məhdud əşya hüquqlarının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, X4 xx.xx.2022-ci il tarixindən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə aşağıdakı məzmunda sorğu verilmişdir: “ ... ünvan 1 ünvanına dair 1963-cü il tarixdə hazırlanmış texniki pasportun təsdiq edilmiş surətinin qısa müddət ərzində Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi xahiş olunur”. Sorğuya cavab olaraq məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, ünvan 1 ünvanında A, Б və B üç yaşayış binası mövcud olmuş və üçüncü şəxsin nümayəndəsinin sözlərinə görə, iddiaçıların mülkiyyətinə məhz A tikilisi keçmişdir. Eyni zamanda üçüncü şəxsin nümayəndəsi və vəkilinin təqdim etdiyi video-yazıya tərəflərin iştirakı ilə məhkəmə iclasında baxış keçirilmiş, üçüncü şəxsin nənəsinin yaşadığı evin ümumi həyətə ayrıca giriş-çıxışı olan tikili olması müəyyən edilmiş və həmin evdə məhz üçüncü şəxsin nənəsinin yaşaması işin mübahisələndirilməyən halıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə müvafiq olaraq, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Həmin Qanunun 9-cu maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında aşağıdakılar göstərilmişdir: " ... mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər ... şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. ... Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir". Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 1.4-cü bəndinə görə ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. Birinci instansiyası məhkəməsi qərarında qərarında göstərmişdir ki, iddiaçıların qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxs iddiaçılar ilə eyni ünvan göstəricilərinə malik başqa daşınmaz əmlakın istifadəçisidir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsində aparılmış araşdırma nəticəsində də öz təsdiqni tapmış və iddiaçı(lar) tərəfindən məhkəmə iclasında video yazıya baxılarkən təkzib edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin iddiaçılarla eyni ünvan, lakin müxtəlif evlərdə (iddiaçılara məxsus ev - dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 196 kv.m. olan iki mərtəbəli ev) qeydiyyatda olması, iddiaçıların üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququnu istisna edir. Qeyd olunmalıdır ki, iddiaçıların qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxs iddiaçılarla eyni nəsilin nümayəndəsidir, ev iddiaçılara miras əmlak olaraq keçib, üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələb edilən ayrıca giriş-çıxışı olan evdə isə üçüncü şəxsin nənəsi və nəsilin böyük gəlini xx.xx.1938-ci il təvəllüdlü X5 illər öncə gəlin gəldiyi gündən yaşayır və iddiaçılar özlərinin də nə vaxtsa Rəfiqə Cavadova ilə birlikdə yaşamalarını iddia etmirlər. Belə olan halda, üçüncü şəxsin istifadə hüquqlarının mövcud olub-olmamasının qiymətləndirilməli olmasını, bu məsələlərin həll edilməsinin isə mülki məhkəmə icraatının predmeti olmaqla inzibati məhkəmə icraatında baxıla bilməməsini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehə qarşı yönəlmiş X2 qeydiyyatdan çıxarılma barədə hazırkı iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-12213/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-12213/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar