Məhkəmə qərarları › İş №2-1(103)-1162/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1162/2023

05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1162/2023 05.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası) “əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2-1(112)-2533/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş əlilliyin səbəbli əlaqəsinin “hərbi xidmət dövrü ilə əlaqədar əlillik” kimi dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2533/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı təyin edilmiş əlilliyin səbəbli əlaqəsinin “hərbi xidmət dövrü ilə əlaqədar əlillik” kimi dəyişdirilməsi vəzifəsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2533/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 2533/2022 saylı, 18 mart 2022-ci il tarixli qərardadının icrası ilə əlaqədar olaraq, İddiaçı 26 may 2022-ci il tarixdə əyani müayinəyə dəvət olunmuş və “əlavə müalicəyə ehtiyac olması” barədə qərar qəbul edilmişdir. İddiaçının həmin əyani müayinəyədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasına uyğun olaraq heç bir müraciəti olmamış və bu səbəbdən iddiaçının əlillik vəziyyətini işin faktiki hallarına uyğun olaraq qiymətləndirmək mümkün olmamışdır. Bununla əlaqədar Bakı İnzibati Məhkəməsinə məktubla müraciət olunmuş və bildirilmişdir ki, İddiaçı xx.xx.2022-ci ildə Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuşdur. Əsas diaqnoz və ağırlaşmaların dəqiqləşdirilməsi məqsədilə vətəndaş ixtisaslaşmış dövlət səhiyyə müəssisəsinə (Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinə) müayinə üçün göndərilmişdir. İddiaçıla telefon əlaqəsi saxlanılaraq, müayinənin nəticəsi ilə komissiyaya müraciət etməsinin vacibliyi vətəndaşın nəzərinə çatdırılmışdır. Lakin İddiaçı müayinə üçün Milli Onkologiya Mərkəzinə getməyəcəyini qəti surətdə bildirmişdir. Vətəndaşın Agentliyə müayinənin nəticəsi ilə müraciət edəcəyi təqdirdə, şəxsin əlillik vəziyyətinin yekun qiymətləndiriləcəyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən tələb olunan sənədlər təqdim edilmədiyindən ümumiyyətlə onun barəsində inzibati icraatı yekunlaşdırmaq mümkün olmamışdır. Belə olan halda əlilliyin səbəbli əlaqəsinin müəyyən edilməsi üçün 11 nömrəli qərarla təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq təsdiqedici sənədlər olmadığı üçün iddiaçı barəsində yekun qərar qəbul edilməmişdir. Məhkəmə isə qeyd olunan halları nəzərə almamış, yalnız iddiaçının təqdim etdiyi sənədlərlə kifayətlənərək açıq-aşkar əsassız qərar qəbul etmişdir. İddiaçı əlilliyinin səbəbli əlaqəsinin dəyişdirilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2533/2022, saylı 12 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırlmasına baxmayaraq, cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə doğulmuşdur. İş materiallarında olan Ukrayna Səhiyyə Nazirliyinin 088102 nömrəli arayışından görünür ki, iddiaçı 2 qrup əlildir, əlilliyin səbəbi - xəstəlik hərbi xidmət dövründə yaranmışdır. İş materiallarında olan hərbi biletin surətindən görünür ki, iddiaçı 27 sentyabr 1974cü il tarixində OBKT-358 yanında Hərbi-həkim komissiyası tərəfindən dinc dövrdə qeyrinizami xidmətə yararsız, müharibə dövründə qeyri-nizami xidmətə yararlı hesab edilmişdir. Həmçinin iddiaçı 20 aprel 1982-ci il tarixində Salyan RHK yanında Hərbi həkim komissiyası tərəfindən dinc dövrdə qeyri-nizami xidmətə yararsız, müharibə dövründə qeyri-nizami xidmətə yararlı hesab edilmişdir. İş materiallarında olan 1363 nömrəli xəstəliklə bağlı 27 sentyabr 1974-cü il tarixli sənəddən görünür ki, iddiaçı şəhadətləndirilmiş, sülh dövründə hərbi xidmətə yararsız olması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 120 № li arayışda qeyd olunur: İddiaçı həqiqətən xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş və xx.xx.1974-cü il tarixdə 358 nömrəli hospitalın HHK-ı tərəfindən xəstəliklər cədvəlinin İ qrafası, 30 «b» maddəsinə (SSRİ MN-nin xx.xx.1973-cü il tarixli 185 nömrəli əmri) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə hərbi xidmətə yararlı şəhadətləndirilərək ehtiyata buraxılmışdır. İş materiallarında olan DSMF publik hüquqi şəxsin 6 saylı regional ərazi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 02 aprel 2021-ci il tarixli **********5 nömrəli məktubdan qeyd edilmişdir ki, iddiaçıya 2-ci qrup əsgəri xidməti vəzifəsini yerinə yetirərkən xəstələnməklə əlaqədar pensiya ödənilir. İşin faktiki hallarından görünür ki, iddiaçıya ümumi xəstəlik səbəbilə əlillik təyin edilmişdir. İddiaçı ona təyin edilmiş əlilliyin səbəbli əlaqəsinin “hərbi xidmət dövrü ilə əlaqədar əlillik” kimi dəyişdirilməsi üçün cavabdeh inzibati orqana müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi» Qaydasının: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən - 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən - 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 3.1-ci bəndinə əsasən əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2-ci bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 26 dekabr tarixli “19-1” nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın: 1.1. Bu Təlimat Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 163-cü maddəsinin birinci hissəsinə əsasən hazırlanmışdır və Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə (bundan sonra Silahlı Qüvvələr), hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda), habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində hərbi xidmət (hərbi toplanış) keçmiş şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması qaydalarını tənzimləyir. 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik. 2.9. Bu Təlimatın 2.5-ci, 2.6-cı və 2.7-ci bəndlərində göstərilən əlillik səbəbləri xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında HHK qərarına uyğun olaraq müəyyən edilir. 2.10. Xəsarətin alınma şəraiti və səbəbi ştatlı HHK tərəfindən təsdiq edilmiş xəstəlik haqqında şəhadətnamədə və ya xəsarətin və xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinə dair qərarında, yaxud ştatdankənar HHK arayışında göstərilməlidir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir). 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. Göründüyü kimi, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş və xx.xx.1974-cü il tarixdə 358 nömrəli hospitalın HHK-ı tərəfindən xəstəliklər cədvəlinin İ qrafası, 30 «b» maddəsinə (SSRİ MNnin xx.xx.1973-cü il tarixli 185 nömrəli əmri) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə hərbi xidmətə yararlı şəhadətləndirilərək ehtiyata buraxılmışdır. Ukrayna Səhiyyə Nazirliyinin 088102 nömrəli arayışına əsasən iddiaçı 2 qrup əlildir, əlilliyin səbəbi - xəstəlik hərbi xidmət dövründə yaranmışdır. 1363 nömrəli xəstəliklə bağlı 27 sentyabr 1974-cü il tarixli sənədə əsasən iddiaçı şəhadətləndirilmiş, sülh dövründə hərbi xidmətə yararsız olması müəyyən edilmişdir. DSMF publik hüquqi şəxsin 6 saylı regional ərazi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 02 aprel 2021-ci il tarixli **********5 nömrəli məktubdan da görünür ki, iddiaçıya 2-ci qrup əsgəri xidməti vəzifəsini yerinə yetirərkən xəstələnməklə əlaqədar pensiya ödənilir. Hazırda iddiaçı ona təyin edilmiş əlilliyin səbəbinin “hərbi xidmət dövrü ilə əlaqədar əlillik” kimi dəyişdirilməsini tələb edir. Cavabdeh orqanın məktubundan görünür ki, iddiaçının əlilliyinin səbəbi hərbi xidmət dövrü ilə əlaqədardır. Lakin hazırda iddiaçının əlilliyinin səbəbinin ümumi xəstəlik kimi qeyd edilməsinin səbəblərini cavabdeh orqan əsaslandıra bilmədi. Əksinə, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın tələblərinə əsasən iddiaçının ümumi xəstəlik səbəbli əlilliklə bağlı səbəbli əlaqənin hərbi xidmət dövrü və ya hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəbli əlaqələrindən hər hansı biri olub-olmamasına dair zəruri inzibati araşdırmanın aparılması cavabdehə həvalə edilsə də, cavabdeh iddiaçının əlilliyin təyin edilməsinə əsas olmuş ilkin sənədlərini və ilkin xəstəliyinin iddiaçının təqdim etdiyi sənədlərdə nəzərdə tutulan diaqnozla əlaqəsinin olduğu müəyyən etmək əvəzinə iddiaçıda olan xəstəliyin əlilliyə əsas verib-verməməsi ilə bağlı araşdırma aparmışdır. Sonradan qərardadın icrası ilə əlaqədar və iddiaya dair etiraz xarakterli məhkəməyə ünvanlanmış sənəddən də görünür ki, cavabdeh hesab etmişdir ki, iddiaçının əlavə müayinəyə ehtiyacı var. Halbuki, iddiaçının əlavə müalicəyə ehtiyacının olub-olmaması, əlil olub-olmaması hazırkı iddianın predmeti deyil. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2533/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar