Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1162/2025 20.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X3 Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-476/2024 saylı, 18 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyinatı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, onun işlədiyi illər nəzərə alındıqda onun iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. İddiaçının fəaliyyət göstərdiyi vəzifələr isə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi ilə bağlı aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh onun müraciəti üzrə düzgün cavab verməmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinə yenidən dəqiqləşmə təqdim edərək məhkəmədən “iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, ödənilməmiş pensiya məbləğinin ödənilməsinin isə 29 iyul 2019-cu il tarixdən ödənilməsini cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1979-cu il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında xx.xx.1991 -ci il tarixdən xx.xx.2005-ci il tarixədək Bakı Baş Tikinti İdarəsi “BŞT" trestinin 21 saylı tikinti idarəsində iş icraçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar, iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq Dövlət Arxivinin Bakı filialının xx.xx.2024-cü il tarixli 3-48- 2F/2-726/2024 nömrəli arayışında sözügedən müəssisənin 1991-2005-ci illərə dair arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. Həmçinin, "xxxx" MTK-nın iddiaçıya dair xx.xx.2024-cü il tarixli 01 nömrəli arayışında xx.xx.2005-ci il tarixdən xx.xx.2006-ci il tarixədək həmin müəssisədə iş icraçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Araşdırma zamanı xx.xx.2006-ci il tarixdən xx.xx.2006-cı il tarixədək dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığından 01,03.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövr ərzində də İddiaçı işləyib-işləməməyinə dair əsaslı şübhələr yaranmışdır. Göstərilən səbəblərdən də xx.xx.1990-ci il tarixdən xx.xx.2005-ci il tarixədək və 01,03.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrləri iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. Buna görə də, İddiaçı ümumi iş stajı 25 ildən az - 17 il 2 ay 8 gün (xx.xx.1979-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, 01,04.1979-ci il tarixdən xx.xx.1979-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982- ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1983ci il tarixdən xx.xx.1990-ci il tarixədək olan dövrlər və 2006-2023-cü illər üzrə 6 il 4 ay) təşkil etmişdir, güzəştli iş stajı isə olmamışdır. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20289,11 manat təşkil etmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-476/2024 saylı, 18 sentyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 29 iyul 2019-cu il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-476/2024 saylı, 18 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki; -xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək BBT kombinatında tədris kursunda təhsil almış; -xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək 3 saylı tresti Bakı şəhəri tikinti trestinin tikinti idarəsində ikinci dərəcəli dülgər; -xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək 3 saylı tresti Bakı şəhəri tikinti trestinin tikinti idarəsində ikinci dərəcəli dülgər; -xx.xx.1982-ci il tarixdə 77 saylı tresti Bakı şəhəri tikinti trestinin tikinti idarəsinə ikinci dərəcəli dülgər qəbul edilmiş, xx.xx.1983-cü il tarixdə 3-cü dərəcəli dülgər keçirilmiş və xx.xx.1983cü il tarixdə işdən azad edilmiş; -xx.xx.1983-cü il tarixdə 71 saylı Tİ trestdən 3-cü dərəcəli dülgər qəbul edilmiş, xx.xx.1985ci il tarixdə ona 4-cü dərəcəli dülgər keçirilmiş, 01.07.197-ci il tarixdə 3-cü dərəcəli dülgər vəzifəsini mənimsəmiş, xx.xx.1988-ci il tarixdə dördüncü dərəcəli dülgərliyi mənimsəmiş; xx.xx.1989-cu il tarixdə üç saylı tikinti idarəsindən köçürmə qaydasında istehsalat şöbəsinə mühəndislik vəzifəsinə keçirilmiş, xx.xx.1989-cu il tarixdə 2-ci kateqoriyalı mühəndis kimi müvəqqəti olaraq smeta-texniki şöbəyə keçirilmiş, xx.xx.1990- ci il tarixdə mühəndis kimi keçirilmiş və xx.xx.1990-cı il tarixdə işdən azad edilmiş; -xx.xx.1990-cı il tarixdə 21 saylı Tİ Bakı şəhər tikiliyə keçmək yolu ilə briqadir-usta vəzifəsinə qəbul edilmiş, xx.xx.1991-ci il tarixdə istehsalat-texniki şöbəyə rəis vəzifəsinə keçirilmiş, xx.xx.1991-ci il tarixdə iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.1992-ci il tarixdə baş iş icraçısı vəzifəsinə keçirilmiş və xx.xx.2005-ci il tarixdə işdən azad edilmiş; -xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MTK-da iş icraçısı; -xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" MTK-da iş icraçısı; -xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" MMC-də iş icraçısı; -xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" MTK-də iş icraçısı; -xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək "xxxx" MTK-də mühəndis; -xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək "xxxx" MMC-də iş icraçısı işləmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş məktubdan görünür ki, BBTİ 21 saylı Tikinti İdarəsinin 1990-2005-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. - "xxxx" MTK tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (xx.xx.2016-xx.xx.2019 iş icraçısı) işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta əmək stajı iki il altı ay təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri iş icraçısı ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısının XXVİİ bəndinin 22900006- 2444 vəzifə koduna uyğundur. - "xxxx" MTK tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) iş icraçısı xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək iş icraçısı vəzifəsində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığora (əmək) stajı 1 il 06 ay 06 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri iş icraçısı ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1993-cü il 320 saylı, tarixli nömrəli Qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahının 27-ci bəndinə (yarımbəndinə) və (və ya) 2290100B- 24441 vəzifə koduna uyğundur. - Hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixdən 18 oktyabr 1981- ci il tarixədək hərbi xidmətdə olmuşdur. - cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunda qeyd edilmişdir ki, “Mərkəzi Filiala təqdim etdiyiniz 16 aprel 1979-cu il tarixli l/İT-l ******* nömrəli əmək kitabçanızda xx.xx.1991-xx.xx.2005-ci il tarixiəri arasındakı dövr ərzində Bakı Baş Tikinti İdarəsi “BŞT” trestinin 21 saylı tikinti idarəsində iş icraçısı vəzifəsində işlədiyiniz qeyd olunub. Bununla əlaqədar, iş stajınıza aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün tərəfimizdən aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğumuza cavab olaraq Dövlət Arxivinin Bakı filialının xx.xx.2024cü il tarixli 3-48- 2F/2-726/2024 nömrəli arayışında sözügedən müəssisənin 1991-2005-ci illərə dair arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilib. Həmçinin, "xxxx" MTKnın sizə dair xx.xx.2024-cü il tarixli 01 nömrəli arayışında xx.xx.2005-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə iş icraçısı vəzifəsində işlədiyiniz qeyd olunub. Araşdırma zamanı xx.xx.2006-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabınızın sığorta hissəsində öz əksini tapmadığından xx.xx.2005- xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində də işləyibişləməməyinizə dair əsaslı şübhələr yaranmışdır. Göstərilən səbəblərdən də xx.xx.1990xx.xx.2005-ci il və xx.xx.2005-xx.xx.2006-cı il tarixləri arasındakı dövrləri sizin iş stajınıza daxil etmək mümkün deyil. Buna görə də, sizin ümumi iş stajınız 25 ildən az (17 il 2 ay 8 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1979-xx.xx.1979- cu il, xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1982xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər və 2006-2023-cü illər üzrə 6 il 4 ay)) təşkil edir, güzəştli iş stajınız isə yoxdur. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20289,11 manat təşkil edir.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı şlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qanunvericiliyin müddəalarından görünür ki, kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 25 il, güzəştli iş stajının 12 il 06 aydan çox olmali, həmçinin zəruri iş stajı xx.xx.2017-ci il tarixədək toplanmalıdır. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç şərtin ödənilməsi tələb olunur. 1) xx.xx.2006-ci il tarixədək 25 il ümumi iş stajının olması; 2) bu müddətin azı 12 il 06 ayının güzəştli iş stajı olması; 3) iddiaçı Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Hazırkı iş üzrə cavabdehin imtinasının əsasını iddiaçının qanunvericiliklə nəzərdə tutulan 12 il 06 ay güzəştli iş stajına malik olmaması təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. İlk növbədə qeyd ediilməlidir ki, iddiaçının xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində Bakı Baş Tikinti İdarəsi “BŞT” trestinin 21 saylı tikinti idarəsində iş icraçısı vəzifəsində işlədiyi dövr ilə bağlı güzəştli arayışın əldə edilməsinə yönəlmiş lazımi tədbirlər görülmüşdür. Lakin iddiaçının əvvəllər işlədiyi müəssisə artıq mövcud olmadığından həmin arayışı əldə etmək mümkün olmamışdır. Xüsusilə o da qeyd olunmalıdır ki, BBTİ 21 saylı Tikinti İdarəsinin 1990-2005-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Beləliklə, güzəştli arayışın əldə edilməməsi hazırkı işin obyektiv hallarından irəli gəlmişdir. Bununla bağlı olaraq qeyd edilməlidir ki, obyektiv və iddiaçıdan asılı olmayan səbəblərdən güzəştli arayışın əldə edilməsinin mümkün olmaması iddiaçının işlədiyi peşənin güzəştli iş stajına daxil edilməməsinə səbəb ola bilməz. Konkret işdə mövcud olan digər sübutların məcmusu əsasında bu halı müəyyən etmək mümkündürsə, güzəştli arayış olmadan da, iddiaçının işlədiyi peşəni güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin etməyə imkan verən işlərə aid etmək olar. Hazırkı işdə də məhz bu hal mövcud olmuşdur. Belə ki, əmək kitabçasından da göründüyü kimi iddiaçı BBTİ 21 saylı Tikinti İdarəsinə xx.xx.1991-ci il tarixdə iş icraçısı vəzifəsinə təyin edilmiş, xx.xx.1992-ci il tarixdə baş iş icraçısı vəzifəsinə keçirilmiş və xx.xx.2005-ci il tarixdə işdən azad edilmişdir. “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X1”na nəzər yetirdikdə görünür ki, iş icraçılarının (həmçinin böyük iş icraçısı) əmək funksiyaları məhz aşağıdakilar olmuşdur: -“Sahənin istehsal təsərrüfat fəaliyyətinə rəhbərlik edir. Müəyyən edilmiş vaxt ərzində obyektlərin verilməsi planını və tikinti quraşdırma işlərinin cəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin edir. İşin mexanikləşdirilməsi səviyyəsinin yüksəldilməsini, yeni texnikanın tətbiqini, əməyin təşkilinin təkmilləşdirilməsini tikinti quraşdırma işlərinin maya dəyərinin aşağı salınmasını, materialların qənaətlə işlədilməsi üçün tədbirləri həyata keçirir. Əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparır. Obyektlərin inşası üçün texniki sənədləşmənin əldə edilməsini təmin edir. Tikinti maşınları, nəqliyyat və mexaniki vasitələrin, materiallar, konstruksiyalar, detallar (hissələr) alətlər, inventar və s. əldə edilməsi üçün sifarişlər hazırlayır və onlardan səmərəli istifadə olunmasını təmin edir. Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edir. Sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsində iştirak edir. Subpodrat (xüsusiləşdirilmiş) təşkilatlar üçün iş sahəsi hazırlayır və onlardan görülmüş işin qəbul olunmasında iştirak edir. Qorunan (mühafizə olunan) sahələrdə işlərin görülməsinə verilən icazəni rəsmiləşdirir. Ustalar üçün tikinti quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən edir, onların yerinə yetirilməsinə nəzarət edir. Təhlükəsiz metodlarla işləmək üçün bilavasitə iş yerlərində fəhlələrə təlimat verir. Texnoloji avadanlıqlardan (nərdivanlar, körpülər, müdafiə ləvazimatı, özül üçün çuxur və xəndəklərin divarını bərkitmə materialları, maili dirəklər və konduktorlar və s. qurğular), tikinti maşınlarından, energetik qurğulardan, nəqliyyat vasitələri və işçiləri qoruma vasitələrindən istifadəni təmin edir. Ağırlığın qaldırılması normalarına, iş yerlərində keçid və giriş yollarında səliqə və qaydaya, kranaltı yolların düzgün saxlanılması və istismar olunmasına, iş yerlərinin təhlükəsizlik işarələri ilə təmin olunmasına riayət etməyə nəzarət edir. Obyektdə anbar təsərrüfatı və maddi sərvətlərin qorunmasını təşkil edir. Təhlükəsizlik texnikasının vəziyyətini yoxlayır və aşkar edilmiş qüsurların aradan qaldırılmasını, istehsalat sanitariyası qaydalarının pozulmaması, işçilər tərəfindən əmək mühafizəsi təlimatına riayət edilməsi üçün tədbirlər görür. İşçilərin istehsal və əmək intizamına riayət etmələrini təmin edir. Fərqlənmiş işçilərin mükafatlandırılması, əmək və istehsalat intizamını pozanlara qarşı inzibatı cəzanın verilməsi üçün təkliflər təqdim edir.” Göründüyü kimi iddiaçının işlədiyi iş icraçısı vəzifəsi həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında iş icraçısı və böyük iş icraçısı vəzifəsi “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində göstərilmişdir. Digər tərəfdən iddiaçının iş icraçısı vəzifəsində işlədiyi müəssisə hazırda mövcud olmasa da, həmin vəzifə Siyahıda nəzərdə tutulduğundan, həmçinin güzəştli arayışın təqdim olunmaması onun təqsiri ilə bağlı olmadığından, o cümlədən onun işlədiyi sahə məhz tikinti ilə bağlı olduğundan və o, növbəti illərdə güzəştli pensiya hüququ verən iş icraçısı vəzifəsində (güzəştli arayışlar ilə təsdiq olunur) işləməyi davam etdiyindən, onun xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci il tarixədək iş icraçısı (böyük iş icraçısı) vəzifəsində işlədiyi müddət sığorta stajına daxil edilməlidir. İddiaçının xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MTK-da iş icraçısı vəzifəsində işlədiyi müddətin də xx.xx.2006-cı il tarixədək olan dövrü sığorta stajına daxil edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş arayışdan da göründüyü kimi, həmin müəssisə iddiaçının işlədiyi həmin vəzifənin güzəştli pensiya hüququ verən vəzifəyə aid olduğunu qəbul etmiş, həmin arayışda göstərilənlər şübhə doğurmamış, cavabdehin özü də bunun əksini təsdiq edən obyektiv arqumentlər təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası müəssisə tərəfindən xx.xx.2006-cı il tarixədək məcburi sosial sığorta haqqlarının ödənilib-ödənilməməsinə münasibətdə qeyd edir ki, alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının xx.xx.1991-2002-ci illərdəki işlədiyin dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. 2002-xx.xx.2006-ci illərə münasibətdə isə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləlilklə, qanunvericiliyə edilmiş tənzimləmələrlə 2006-cı ilin 01 yanvar tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən iddiaçının xx.xx.1984-xx.xx.2005 müddətin sığorta stajına daxil edilməsi üçün məcburi sosial sığorta haqqlarının ödənilibödənilməməsi mühim rol oynamır. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1913/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, “Kollegiya sözügedən dəlili də əsassız hesab edir. Belə ki, hər şeydən əvvəl iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən güzəştli arayışın əldə edilməsinə yönəlmiş lazımi tədbirlər görülmüşdür. Lakin iddiaçının əvvəllər işlədiyi müəssisə artıq mövcud olmadığından həmin arayışı əldə etmək mümkün olmamışdır. İddiaçının işləmiş olduğu müəssisənin hüquqi varisi olan "xxxx" ASC də həmin arayışı təqdim edə bilməmişdir. Beləliklə, güzəştli arayışın əldə edilməməsi hazırkı işin obyektiv hallarından irəli gəlmişdir. Bununla bağlı olaraq qeyd edilməlidir ki, obyektiv və iddiaçıdan asılı olmayan səbəblərdən güzəştli arayışın əldə edilməsinin mümkün olmaması iddiaçının işlədiyi peşənin güzəştli iş stajına daxil edilməməsinə səbəb ola bilməz. Konkret işdə mövcud olan digər sübutların məcmusu əsasında bu halı müəyyən etmək mümkündürsə, güzəştli arayış olmadan da, iddiaçının işlədiyi peşəni güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin etməyə imkan verən işlərə aid etmək olar. Hazırkı işdə də məhz bu hal mövcud olmuşdur.” «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 476/2024 saylı, 18 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-476/2024 saylı, 18 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1162/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1162/2025
20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver