Məhkəmə qərarları › İş №2-1(103)-1163/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1163/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1163/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi ona pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Anar Vəzir oğlu Tanrıverdiyevən ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi ona yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6225/2021 saylı 20 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 aprel 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. O, 1972-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və 1976-cı ildə əməyin iqtisadiyyatı ixtisası üzrə tam kursu bitirmiş, 04.05.1977-ci il tarixdən 05.11.1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçı əmək kitabçasını itirdiyi üçün 1977-ci ilin yanvar ayından 1994-cü ilin noyabr ayına qədər Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində müxtəlif vəzifələrdə işləməyi barədə arxiv arayışını, aylıq əmək haqqı barədə olan məlumatları, 1994-cü ilin noyabr ayından 1995-ci ilin oktyabr ayına qədər “Naxbank NKB”-da baş müşavir işləməyi barədə məlumatları, həmçinin 25.10.1995-ci ildən 30.03.1999-cu ilə qədər "xxxx" ASC-də Naxçıvan Şöbəsinin müdiri vəzifəsində işləməyi barədə iş yerinin arayışlarını təqdim edərək, təqaüd yaşının çatması ilə bağlı ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyanın təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********1 saylı 18.03.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”) tələblərinə uyğun qaydada Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala şəxsiyyət vəsiqəsinin surətinin, ümumi iş stajını təsdiq edən sənədlərin əsllərinin (əmək kitabçası, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənəd və s) və pensiyanın təyin edilməsi ilə bağlı ərizənin təqdim edilməsi zəruridir. Eyni zamanda onun dövlət qulluqçusu kimi işlədiyi son 24 ayı və ya ardıcıl 60 ayı ərzində əmək haqqı barədə müvafiq dövlət orqanının arayışı təqdim edilməlidir. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə əmək kitabçası təqdim edildikdən sonra baxılacağı bildirilmişdir. Cavabdehin qeyd olunan məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “dövlət qulluqçusu kimi ona yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqanın yuxarıda göstərilən məzmunda verdiyi cavab məktubu onun AR Konstitusiyasının 38-ci maddəsi ilə təsbit olunmuş sosial təminat hüququnu pozur. Əmək kitabçası itdikdə işçilərin əmək kitabçasının Forması və onun tərtibi Qaydaları”nın 7-ci bəndinə uyğun olaraq işçi axırıncı iş yerinə müraciət etməklə onun dublikatını ala bilər. Əgər işçi 25-30 illik əmək stajı olan kitabçasının itməsindən söhbət gedirsə və həmin şəxsin əvvəl işlədiyi müəssisələr bağlanmışlarsa, bununla bağlı arxiv sənədləri mövcuddursa, belə olan halda narahatçılığa əsas yoxdur, çünki işçi ilə əmək müqaviləsi bağlanan zaman ona əmək kitabçası açılıbsa, bu o deməkdir ki, həmin sənədlər artıq arxiv idarəsində saxlanılır. Arxiv sənədlərinin saxlanması isə 75 ilə qədər nəzərdə tutulur. Arxiv sənədləri mötəbər sənəd olmaqla itmiş, yanmış, məhv olmuş sənədlərin sübutu və bərpası üçün əsasdır. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı 25.02.2021-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Fondun Xüsusi Şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən 18.03.2021-ci il tarixli **********1 nömrəli məktubla cavab verilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Tərəflərindən iddiaçıya ünvanlanmış cavab məktubunun məzmunundan göründüyü kimi, hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məsələsinə baxılmasından imtina etməmiş, əksinə müvafiq sənədlərin əsillərini tam şəkildə təqdim etdikdən sonra ona güzəştli pensiya təyinatının aparılması məsələsinə baxılacağını bildirmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən iddiaçının müraciətinə verilən cavab imtina kimi qəbul edilə bilməz. Göründüyü kimi, iddiaçı tərəfindən pensiya təyin edilməsi məsələsinin yoxlanılması üçün zəruri olan dövlət qulluqçusu kimi işlədiyi müddətin son 24 ayı və ya ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqı barədə müvafiq dövlət orqanının arayışı və əmək kitabçasının əslləri Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filiala təqdim edilməmişdir. Buna görə də pensiya təyin edilməsi məsələsinin yoxlanılması qeyri-mümkündür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6225/2021 saylı 20 dekabr 2021-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək, İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”) tələblərinə uyğun qaydada Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası ödənilir. Həmin Qanunun 20.11.1-ci, 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. ’’Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əlavə ala bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında, dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Qanunvericiliyin istinad olunan normalarından görünür ki, dövlət qulluqçusu kimi qulluq stajına əlavə almaq üçün ən az 15 il dövlət qulluğunda staj tələb olunur. İddiaçı tərəfindən dövlət qulluğunda stajının yoxlanılması üçün zəruri sənədərin əsli təqdim edilmədiyi üçün onun 15 il dövlət qulluğu stajının olub-olmamasını yoxlamaq mümkün olmamışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinə münasibətdə cavabdeh inzibati orqan 18.03.2021-ci il tarixli məktubla cavab verərək ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə əmək kitabçası təqdim edildikdən sonra baxılacağını bildirmişdir. Cavabdeh inzibati orqanın həmin məktubundan narazı qalan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və məhkəmə icraatı dövründə də inzibati orqanın mövqeyi dəyişməmiş, iddiaçının tələbinin təmin olunması istiqamətində hər hansı addım atılmamışdır. Buna görə də məhkəmə kollegiyası cavabdehin 18.03.2021-ci il tarixli məktubunu imtina kimi qiymətləndirərək, iddiaçının hazırki iddia ilə məhkəməyə 30.04.2021 il tarixdə müraciət etdiyini, Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı onun dövlət qulluqçusu kimi kifayət qədər iş stajının olmasına əsaslanaraq cavabdeh orqandan ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. Cavabdeh isə iddiaçının ümumi iş stajının 25 ildən, dövlət qulluğu stajının isə 15 ildən az olması əsası ilə tələbinin təmin olunmasından imtina edir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının ümumilikdə 25 ildən çox ümumi stajının, 15 ildən çox dövlət qulluğu stajının olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir.Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1 və 21.1.7- ci maddəsinə əsasən Dövlət qulluqçuları üçün pensiya təminatı və dövlət sosial sığortasına təminat verilir. Həmin Qanununun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanununun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. Həmin Qanununun 23.4-cü maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Həmin Qanununun 32-1.1-ci madəsinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1—ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). Həmin Qanunun 20.11-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: Həmin Qanunun 20.11.1-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; Həmin Qanunun 20.11.2-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 20.11-1-ci maddəsinə əsasən dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. Həmin Qanunun 20.12-ci maddəsinə əsasən b qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İş materiallarından müəyyən olunur ki, iddiaçı X8 Komitəsində 1977-ci ilin yanvar ayından 1980-ci ilin iyun ayına qədər böyük iqtisadçı, 1980-ci ilin iyun ayından 25.07.1989-cu ilə qədər şöbə müdiri, 25.07.1989-cu il tarixdən 17.07.1991-ci il tarixədək təlimatçı, Naxçıvan MR Kənd Təsərrüfatı və Ərzaq Naziri vəzifəsində 01.08.1991-ci il tarixdən 12.05.1993-cü il tarixədək, Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri vəzifəsində 1993-cü iyun ayından 1994-cü ilin noyabr ayına qədər işləmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 13/513 saylı 22.06.2000-ci il tarixli arxiv arayışında qeyd olunmuşdu ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin və X8 Komitəsinin sənədlərinə baxdıqda müəyyən olundu ki, İddiaçı 1977-ci ilin yanvar ayından 1980-ci ilin iyuna ayına qədər böyük iqtisadçı, 1980-ci ilin iyun ayından 25.07.1989-cu ilə qədər şöbə müdiri, X8 Komitəsinin 25.07.1989-cu il tarixli 07 №-li protokolundan çıxarışa əsasən X8 Komitəsinə təlimatçı təyin edilməsi, 17.07.1991-ci il tarixli 04 №-li əmrlə Naxçıvan MR Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini vəzifəsinə təyin edilməsi, 01.08.1991-i il tarixli 49 №-li əmrlə Naxçıvan MR Kənd Təsərrüfatı və Ərzaq Naziri təyin edilməsi, 12.05.1993-cü il tarixli 16 n №-ıi əmrlə işdən azad edilməsi, 1993-cü ilin iyun ayından 1994-cü ilin noyabr ayına qədər Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri vəzifəsində işləməsi əmr kitablarında göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində, Naxçıvan MSSR X11 Komitəsində, X8 Komitəsində işlədiyi və aylar üzrə əmək haqqı almasına dair arayış təqdim edilmişdir. Azərbaycan Beynəlxalq Bankı İnsan Resurslarının idarə edilməsi departamentinin 40-4896/2021 saylı 19.04.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 25.10.1995- 30.03.1999-cu il tarixlərində "xxxx" ASC-də Naxçıvan şöbəsinin müdiri vəzifəsində işləyib və son bir il ərzində aylıq əmək haqqı aşağıda göstərilən kimi təşkil edib: mart 1988- 500000, aprel 1998-500000, may 1998-500000, iyun 1998-500000, iyul 1998-500000, avqust 1998- 500000, sentyabr 1998-500000, oktyabr 1998-500000, noyabr 1998- 500000, dekabr 1998-500000, yanvar 1999-500000 və fevral 1999-500000. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Beynəlxalq Bankı Hüquq departamenti tərəfindən təqdim olunmuş “Azərbaycan Respublikası Beynəlxalq Bankı” X3 279k saylı 25 oktyabr 1995-ci il tarixli və 29 saylı 31 mart 1999-cu il tarixli əmrlərinin surətlərindən görünür ki, 25 oktyabr 1995-ci il tarixli 279k saylı əmrlə X9 heyətinin 1995-ci il 20 oktyabr tarixli qərarına (protokol №44) uyğun olaraq İddiaçı Azərbaycan Respublikası X5 şöbəsinin müdiri vəzifəsinin icraçısı təyin edilmiş, 31 mart 1999-cu il tarixli 29 saylı əmri ilə tutduğu vəzifədən azad edilmişdir. Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinin 02/55 saylı 19 may 2021ci il tarixli məktubu ilə təqdim olunmuş Naxçıvan MR Kənd Təsərrüfatı və Ərzaq nazirinin 17 iyul 1991-ci il tarixli 04 №-li və 12 may 1993-cü il tarixli 16 n №-li əmrlərinin surətindən görünür ki, 17 iyul 1991-ci il tarixli 04 №-li əmrlə İddiaçı 17 iyul 1991-ci il tarixdən Naxçıvan MR Kənd Təsərrüfatı və Ərzaq nazirinin müavini vəzifəsinə təyin edilmiş, 12 may 1993-cü il tarixli 16 n №-li əmri ilə Naxçıvan MR Kənd Təsərrüfatı və Ərzaq naziri İddiaçı işdə yol verdiyi nöqsanlara görə Naxçıvan MR Ali Məclisi sədrinin 10 aprel 1993-cü il tarixli 36-Xİİ №-li fərmanı ilə tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısına əsasən: Azərbaycan Kommunist Partiyasının Naxçıvan Vilayət Komitəsinin Aparatında instruktor-Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Aparatında böyük məsləhətçi; Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında nazir, dövlət komitəsinin sədri-Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) mərkəzi icra hakimiyyəti orqanlarının aparatında aparatın rəhbəri; Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında nazirin birinci müavini, müavini, dövlət komitəsi sədrinin birinci müavini, müavini- Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) mərkəzi icra hakimiyyəti orqanlarının aparatında müvafiq olaraq Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının aparatın rəhbərinin müavini, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanının aparatında təminedici şöbənin müdiri; Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında baş idarə, aparıcı idarə, şöbə rəisi, Azərbaycan SSR Dövlət Plan Komitəsinin işlər müdiriAzərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) mərkəzi icra hakimiyyəti orqanlarının aparatında təminedici şöbənin müdiri; Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında baş mütəxəssis (iqtisadçı, maliyyəçi, hüquqşünas, mühasib və digər), iqtisadi müşavir, məsləhətçi, rəhbərin köməkçisi- Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) mərkəzi icra hakimiyyəti orqanlarının aparatında böyük məsləhətçi vəzifələrinə uyğunlaşdırılmışdır. Göründüyü kimi, Siyahıda adı göstərilən vəzifələrdə işləməklə 15 ildən artıq dövlət qulluğu stajına malik olmuşdur. İddiaçının 65 yaşı tamam olduğu üçün qüvvədə olan qanunvericiliyin tələbinə əsasən dövlət qulluqçusu kimi yaşa görə pensiya almaq hüququ da yaranmışdır. İş materiallarında olan arxiv sənədlərindən, hərbi bilet və təhsil haqqında diplomun surətindən görünür ki, iddiaçının ümumilikdə 25 ildən çox sosial sığorta stajı, 15 ildən çox isə dövlət qulluğu stajı var. Lakin cavabdeh inzibati orqan iddiaçının 1977-1994-cü illərdə işlədiyi illərinin onun əmək kitabçasında qeyd edilməməsinə əsaslanaraq dövlət qulluqçusu kimi ümümi iş stajının kifayət qədər olmadığı (15 ildən az) qənaətindədir. Hazırki iş üzrə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, təhsil sənədini (diplomu), ümumi iş stajının 25 ildən, dövlət qulluğu stajının isə 15 ildən çox olması ilə bağlı arayışları təqdim etmişdir. İddiaçıya məxsus diplomdan və hərbi biletdən görünür ki, o, müvafiq olaraq 1972-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və 1976-cı ildə əməyin iqtisadiyyatı ixtisası üzrə tam kursu bitirmiş, 04.05.1977-ci il tarixdən 5.11.1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Adı çəkilən Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi, arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olan halda həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şübhə altına alınması məntiqə uyğun deyildir. Odur ki, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının 1977-1994-cü illərdə işlədiyinə dair arxiv arayışında göstərilən məlumatları mötəbər sübut saymış və hesab etmişdir ki, həmin dövr iddiaçının əmək stajına daxil edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün iddiaçının tələbinin təmin olunmasından imtina edilməsi əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. O ki qaldı apellyasiya şikayətinin dəlillərinə, məhkəmə kollegiyası həmin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qəbul etmir və hesab edir ki, həmin dəlillər qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi və iddianın rəddi üçün əsas yaratmır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması barədə iş üzrə düzgün nəticəyə gəlib, qərarın əsaslandırıcı hissəsində iddiaçının 65 yaşdan bu hüquququnun yarandığını qeyd etsə də, qərarın nəticə hissəsində iddiaçıya həmin növdə pensiyanın hansı yaşdan (yəni hansı tarixdən) təyin olunmasını dəqiq göstərməmişdir. Lakin bu pozuntunu məhkəmə kollegiyası kobud pozuntu kimi qiymətləndirmir və hesab edir ki, həmin pozuntu nəticə etibarilə qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün də əsas yaratmır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6225/2021 saylı 20.12.2021-ci il tarixli qərarı iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə təyin edilmiş əmək pensiyasının ona 65 yaşdan, yəni 13.02.2021-ci il tarixdən hesablanaraq ödənilməsi göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6225/2021 saylı 20 dekabr 2021-ci il tarixli qərarı İddiaçı dövlət qulluqçusu kimi yaşa görə təyin edilmiş əmək pensiyasının ona 65 yaşdan, yəni 13.02.2021-ci il tarixdən hesablanaraq ödənilməsi göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar