Məhkəmə qərarları › İş №2-1(103)-1164/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1164/2022

08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1164/2022 08.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, İbrahimova Pərvin Adil qızının katibliyi ilə, İddiaçı nümayandəsi nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırki Azərbaycan respublikasının İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı “bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair ünvan 1ixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırki Azərbaycan respublikasının İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Türkan bağ massivində yerləşən 459/403 saylı bağ sahəsinə dair İddiaçı adına plan və ölçünün tərtib olunaraq və hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 15294 saylı, xx.xx.1986-cı il tarixli icarə müqaviləsi əsasında X4 Bakı şəhəri, Türkan bağ massivində yerləşən 459/403 saylı bağ sahəsi ayrılmışdır. Sözügedən şəxs vəfat etdikdən sonra müvafiq qaydada vərəsəlik işi açılmışdır. Bağ sahəsindən 1986-cı il tarixdən fasiləsiz olaraq istifadə edilməkdədir. Bağ sahəsinin özəlləşdirilməsi məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İnzibati orqanın **********55 saylı, xx.xx.2020-ci il tarixli məktubu ilə ona imtina edilmişdir. İmtina məktubunda göstərilmişdir ki, ... göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Belə ki, 459/403 nömrəsinin bu əraziyə heç bir aidiyyəti yoxdur. Hesab edir ki, imtina əsassızdır. Belə ki, lazımi olan hüquqmüəyyənedici sənəd – order inzibati orqana təqdim edilmişdir. Göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi və arxiv cizgisi ilə uyğunsuzluq təşkil etməsi iddiaçının iradəsindən asılı deyildir. Həmin bağ sahəsi naturada hazırda istifadə edilməkdədir. Bundan əlavə 459/403 nömrəsinin Bakı şəhəri, Türkün bağ massivində sözügedən əraziyə aid olmaması məsələsinə gəlincə bağların bölgüsünə dair sxematik xəritənin tərtibatı iddiaçının səlahiyyəti xaricindədir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Türkan bağ massivində yerləşən 459 saylı bağ sahəsinə dair hüququn ölmüş şəxsə (X4) məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Belə ki, 459/403 nömrəsinin bu əraziyə heç bir aidiyyəti yoxdur. Bununla bağlı iddiaçıya xx.xx.2020-ci il tarixli, **********55 saylı cavab məktubu ünvanlanmışdır. ünvan 1ixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Belə ki, 459/403 nömrəsinin bu əraziyə heç bir aidiyyəti yoxdur. İddia olunan sahə təqribən 1066 saylı bağ sahəsinə uyğun gəlir.Lakin, məhkəmə, iddia ərizəsinə verilmiş dəqiqləşdirməni icraata qəbul edərkən iddiaçının İdarəyə müraciətində 459 saylı deyil, 459/403 saylı bağ sahəsinə çıxarış verilməsini xahiş etdiyini nəzərə almamışdır. Belə ki, bu halda iddianın mümkünlüyü məsələsini, yəni müvafiq iddia tələbi ilə əvvəlcə inzibati orqana müraciət olub-olmamasını məhkəmə nəzərdən keçirməli idi.Bundan əlavə, müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə müvafiq ünvanda ekspertiza təyin edilməlidir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsinin vəkili və nümayəndəsi iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, iddiaçı uzun müddət fasiləsiz olaraq, həmin bağ sahəsindən istifadə etmiş, hasara almış, abadlaşdırılmış və fərdi yaşayış evi tikmişdir. Həmçinin, 1066 saylı bağ sahəsi başqa bir ərazidə yerləşir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, keçmiş X6 və İstismarı Birliyi ilə X5 arasında bağlanmış 15294 saylı, 05 sentyabr 1986-cı il tarixli icarə müqaviləsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 459 nömrəli bağ sahəsi mərhum X4 ayrılmış, həmin müqavilə əsasında mərhum X1 bağ sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə müvafiq olaraq mülkiyyət hüquqları yaranmışdır. X2 vəfatı ilə əlaqədar vərəsəlik işi açılmış və vərəsələrin dairəsi (İddiaçı) müəyyən olunmuşdur (əsas: notariat ofisinin xx.xx.2020-ci il tarixli məktubu). İddiaçı hazırda məhkəmənin hüquqi yardımını nəzərə alaraq müqavilə əsasında mərhum X4 məxsus bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. Hazırda cavabdeh iddianın mümükünlüyü ilə bağlı apellyasiya şikayətində dəlillər göstərsə də, Məhkəmə kollegiyası həmin dəlilləri formal hesab edir. Belə ki, birinci instansiya məhkməsində iş üzrə araşdırma zamanı cavabdeh inzibati orqan iddiaçının dəqiqləşdirilmiş iddia tələbinə qarşı öz etirazını müdafiə etmiş, hətta apellyasiya şikayətində də iddia tələbinin mahiyyəti üzrə şikayətinin dəlillərini qeyd etmişdir. İddianın mahiyyətcə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Apellyasiya şikayətinin “bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəsi və arxiv cizgisi ilə uyğunsuzluq təşkil etməsi və həmin sahənin təqribən 1066 saylı bağ sahəsinə uyğun gəlməsi ilə bağlı” dəlilinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan notarial qaydada təsdiq edilmiş, həmçinin cavabdeh inzibati orqanın arxivindən təqdim edilmiş X6 və İstismarı Birliyi ilə X5 arasında bağlanılmış xx.xx.1986-cı il tarixli, 15294 nömrəli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən, 0.25 ha torpaq sahəsi olan 459 nömrəli bağ sahəsi X6 və İstismarı Birliyi tərəfindən X4 icarəyə verilmişdir. Bundan başqa, məhkəmənin müvafiq sorğusuna əsasən cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, **********56 nömrəli məktubda göstərilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi 1066 saylı bağ sahəsinə dair məlumat İdarənin arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Göründüyü kimi, mövcud uyğunsuzluqları aradan qaldırmaq inzibati orqanın vəzifəsidir. Bundan əlavə ,işin apellyasiya araşdırması zamanı təqdim olunmuş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir: “Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ünvanında yerləşən 0,25 ha torpaq sahəsi olan 459 nömrəli bağ sahəsinə yerli baxış keçirilməsi və faktiki vəziyyətlə bağlı (hüquqmüəyyənedici sənədlərlə müqayisədə) məlumatın verilməsi, həmçinin iddiaçının iddia etdiyi bağ sahəsinin ilkin sənədlərlə müqayisədə hazırki yerləşmə yeri barədə: Bildiririk ki, sözügedən bağ sahəsinin nömrəsi müqavilədə “459” kimi qeyd olunsa da, arxiv cizgisinə əsasən bağ sahəsinin yeni nömrəsi “459/403”-dür. Göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi və arxiv cizgisi ilə uyğunsuzluq təşkil etməkdədir Həmçinin bildiririk ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ünvanında yerləşən 0,25 ha torpaq sahəsi olan “459” nömrəli bağ sahəsinin böyük bir hissəsi vahid elektron kadastr baza məlumatlarına əsasən Türkan üzümçülük sovxozunun Abşeron rayonu istifadəsində olan ərazilərinə düşür. Sözügedən bağ sahəsinin faktiki vəziyyətini əks etdirən baş planı və iddiaçı tərəfindən göstərilən ərazinin döngə nöqtələrinin koordinatları təqdim olunur.” Məhkəmənin müvafiq sorğusuna əsasən cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, **********90 nömrəli məktuba əsasən: “Vahid elektron kadast baza məlumatlarına əsasən bağ sahəsi sxematik xəritəyə uyğun gəlmir. Bundan başqa ərazinin böyük bir hisəsi Abşeron inzibati ərazi vahidi sərhədləri daxilindədir. Həmçinin ümumi bağ massivində hasarlama sxematik xəritəyə uyğun hasarlanmayıb. İdarənin arxiv məlumatlarına əsasən, Türkan bağ massivində yerləşən, 0.25 ha torpaq sahəsi olan 459 nömrəli bağın icarəyə verilməsinə dair X3 adına xx.xx.1986-cı il tarixli, 15294 nömrəli müqavilə mövcuddur. xx.xx.1986-cı il tarixli aktda bağın nömrəsi 403, xx.xx.1972-ci il tarixli cizgidə bağın nömrəsi 459/403 kimi qeyd olunmuşdur.” Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan mütəxəssis rəyində qeyd edilənlərlə bağlı nə imtina məktubunda, nə də ki, birinci instansiya məhkəməsində araşdırma zamanı etirazında və məhkəmə qərarından verdiyi apellyasiya şikayətində hər hansı bir dəlil irəli sürməmiş, əksinə məhkəmə araşdırmaları zamanı icarə müqaviləsinin mövcudluğunu, İdarənin arxivində saxlanıldığını bildirmiş, sözügedən bağın Türkan üzümçülük sovxozunun ərazisinə aid olması ilə bağlı əsaslı sübutlar təqdim etməmişdir. Bugünki gündə də bilinir ki, Türkan üzümçülük sovxozu fəaliyyət göstərmir. Ona dair hüquqmüəyyənedici sənədlər isə İdarə tərəfindən təqdim edilmir. Qeyd edilən məsələ yalnızca elektron kadast baza məlumatlarına əsaslanmaqla bildirilir ki, bu hal da faktiki olaraq qanuni əsaslarla bağ sahəsindən istifadə edən şəxslərin hüquqlarını pozmamalıdır. Apellyasiya şikayətinin növbəti dəlilinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, dəqiqləşdirilmiş iddia tələbinin (dəqiqləşdirilmiş iddia tələbində bağ sahəsinin nömrəsi müqaviləyə uyğun olaraq 459 göstərilmişdir) icraata qəbul edilməsi barədə məhkəmə qərardadının bir nüsxəsi də cavabdehə göndərilmiş və cavabdeh tərəfindən 459 saylı bağ sahəsinə dair X2 yaranmış mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını istisna edən hər-hansı bir yeni sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda iddiaçının göstərdiyi yerin başqa nömrəli bağ olması iddiaçının hüquqlarının pozulmasına səbəb ola bilməz. Cavabdeh iddiaçıda mövcud olan X3 mübahisəli bağın torpaq sahəsi üzrə hüquqlarını təsdiqləyən Bağlar Təsərrüfatı İdarəsinin 15294 saylı, xx.xx.1986-cı il tarixli icarə müqaviləsinin mötəbərliyini mübahisələndirməmişdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı hazırkı tələblə mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir. Müvafiq ünvanda olan bağ sahəsinin iddiaçının mərhum anasına məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə olan halda, mərhumun 459 saylı bağ sahəsi üzərində hüquqlarının olması öz təsdiqi tapdığından, həmin bağ sahəsinin başqa şəxsə verilməsi, başqa şəxsin adına qeydiyyatdan keçməsi müəyyən edilmədiyindən hazırkı iddia tələbi üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tətbiqi mümkündür. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmış vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Əlbəttə ki, vərəsə anlayışın və miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququnun tənzimlənməsi prinsipi Mülki Məcəllənin müddəalarında əks olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.3-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. - 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. - 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. ünvan 1ixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar