Məhkəmə qərarları › İş №2-1(103)-1164/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1164/2023

16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1164/2023 16.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının yenidən hesablanması tələbinə dair” Bakı İnzibati Məhkəməsinin 2-1(113)-9102/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyə görə ona təyin edilmiş əmək pensiyasının “Sevinc” Səhmdar Cəmiyyətində (Bakı oyuncaq fabrikində) işlədiyi xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək dövrlər sığorta stajı kimi nəzərə alınmaqla yenidən hesablanması və pensiya təyin edildiyi tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(113)-9102/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək (7 il 10 ay 1 gün) “Bakı oyuncaqlar və uşaq malları” fabrikində və “Uşaq sevinci” ATSC-də işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməklə ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının yenidən hesablanması və təyin edildiyi tarixdən ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək təmin olunması, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının mübahisələndirilən dövr üzrə əmək stajı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablandığını bildirmiş və bu barədə Filialın qərarını məhkəməyə təqdim edərək, tərəflər arasındakı mübahisə aradan qaldırıldığına görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı həmin qərarla tanış olduqdan sonra, iş üzrə icraata xitam verilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, cavabdeh orqanın iş üzrə icraata xitam verilməssi barədə ərizəsi təmin edilməlidir. Belə ki, cavabdeh Filialın nümayəndəsinin məhkəməyə təqdim etdiyi işə xitam verilməsi barədə ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, Filialın xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixdən iddiaçıya təyin olunmuş əmək pensiyası xx.xx.2023-cü il tarixindən yenidən hesablanaraq onun pensiyasının son məbləği 306,79 manat məbləğində müəyyən edilmişdir. İddiaçının qeyd olunan mövqeyindən göründüyü kimi, cavabdeh tərəfindən ona pensiya təyin olunduğundan iş üzrə icraata xitam verilməsi ilə razıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlir ki, cavabdehin ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 80, 83, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin iş üzrə icraata xitam verilməsi barədə ərizəsi təmin edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar