Məhkəmə qərarları › İş №2-1(103)-1164/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1164/2024

28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1164/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6631/2023 saylı 18 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. NZ seriyalı ******* saylı xx.xx.1982-ci il tarixli hərbi biletə əsasən o, 1982-1984-cü il tarixlərdə Sovet Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus İT-1 seriyalı ******* saylı xx.xx.1980-cı il tarixli əmək kitabçasından görünür ki, o, xx.xx.1980-cı il tarixdə əmək fəaliyyətinə başlamış, xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək, xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək, xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək işləmişdir. İddiaçı onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********5 saylı xx.xx.2022-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə pensiya təyinatına baxılmasının təxirə salınması haqqında” məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9 1 -ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə MT-İ ******* nömrəli əmək kitabçanızda xx.xx.1992-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində işlədiyinizə dair aparılmış qeydlər əmək haqqı arayışı əsasında təsdiq olunaraq tərəfinizdən Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. Cavabdehin qeyd olunan məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1982- 1984-cü il illərdə hərbi xidmətdə olmuşdur. xx.xx.1980-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. Ümumilikdə 25 ildən çox sığorta stajı və 13 ildən çox güzəştli stajı vardır. Əmək fəaliyyətinin 4 ilə yaxın müddətində Zərgər Müəssisəsində işləmişdir. Belə ki, xx.xx.1992-ci il tarixli əmrlə işə qəbul edilmişdir, xx.xx.1997-ci il tarixli əmrlə tutduğu vəzifədən azad edilmişdir. İddiaçıya məxsus əmək kitabçasında işə daxil olma və işdən çıxma barədə əmrlərin tarixləri və nömrələri barədə müvafiq qeydiyyat aparılmış və qeydlər müəssisənin səlahiyyətli şəxslərinin imzaları və təşkilatın möhürü ilə təsdiq edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli güzəşt arayışında da həmin faktlar öz təsdiqini tapmışdır. "xxxx" ASC “Zərgər” müəssisəsinin hüquqi varisidir. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya verilmiş cavab məktubunda iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrlərə münasibətdə əmək haqqı arayışının təqdim edilməsi barədə məlumat verilmişdir. Bundan əlavə, 3-17-1/3-1-59019/2023 nömrəli məktubda qeyd olunanlara əsasən, İddiaçı MT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövr ərzində "xxxx" ASC-də işləməsi ilə bağlı əsaslı şübhələr yaranmışdır. Belə ki, həmin müəssisə tərəfindən Mərkəzi Filiala onun ləğvi ilə və həmin cəmiyyətin bazasında 2 yeni təşkilatın yaradılması ilə əlaqədar qeyd olunan müəssisədə çalışmış işçilərin işdən azad olunması ilə bağlı əmr və işçilərin adlı siyahısı təqdim olunmuşdur. Həmin siyahıda yalnız xx.xx.2000-ci il tarixdən sonra işdən azad olunmuş işçilərin siyahısı qeyd olunmuş, daha əvvəl həmin müəssisədə işləmiş işçilərlə bağlı isə dəfələrlə müraciət edilməsinə baxmayaraq müvafiq sənədlərin müəssisədə və arxivdə saxlanılmadığı bildirilmişdir. Həmçinin, iddiaçı F.X3 təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən onun ümumi iş stajı 20 il 7 ay 22 gün (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1986- cı il, xx.xx.1986- xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988- xx.xx.1992-ci il, xx.xx.1997-xx.xx.2006-ci il tarixləri arasındakı dövrlər), güzəştli stajı isə 9 il 28 gün (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Göründüyü kimi iddiaçının həm ümumi, həm də güzəştli iş stajı qanunvericiliklə tələb olunan müddətdən azdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6631/2023 saylı 18 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti iddiaya dair yazılı etiraza və işdəki sənədlərə (sorğulara cavab məktublarına) uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iddiaçının ümumi iş stajı 20 il 7 ay 22 gün, xüsusi iş stajı isə 9 il 28 gün təşkil edir. Qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarını dərindən araşdırmamışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür, o, 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən onun ümumi və xüsusi iş stajının yetərli olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Bununla bağlı o, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun tələbi təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi “Zərgər” Müəsissəsi ilə bağlı iddiaçının hüququ yarandığı vaxt qüvvədə olan Qaydalarda 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyinin təsbit olunmasına, iddiaçının iş stajını təsdiq edən əmək kitabçasının mövcud olmasına, əmək kitabçasının normativ sənədlərə uyğun tərtib edilməsinə, cavabdehin iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməməsinə, iddiaçının əmək kitabçasında qeyd olunan “Zərgər” Müəsissəsinin arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilməməsinin, özəlləşdirilərkən işçilərin siyahısında iddiaçının adının göstərilməməsinin iddianın əsaslılığına təsir etməməsinə, özlüyündə əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına almağa əsas verməməsinə, qeyd edilənlərin iddiaçının təqsiri ilə əlaqədar olan hal hesab edilə bilməməsinə istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun xx.xx.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına istinad edərək onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun həqiqətən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü yoxlanılmalıdır. Belə olan halda Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq olunmalı olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması məsələsi yoxlanılmalıdır. Əvvəla qeyd olunmalıdır ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlü olduğu üçün onun 57 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuşdur. Bununla yanaşı, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını, arxiv arayışını və müvafiq güzəştli arayışı təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletin surətindən görünür ki, o, 1982-1984-cü il tarixlərdə Sovet Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Hazırkı işdən görünür ki, cavabdeh inzibati orqanın imtina əsaslarından biri iddiaçının ümumi iş stajının 25 ildən az (20 il 7 ay 22 gün (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1986- cı il, xx.xx.1986- xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988- xx.xx.1992-ci il, xx.xx.1997-xx.xx.2006-ci il tarixləri arasındakı dövrlər) olması ilə bağlıdır. İddiaçının qanunla tələb olunan 25 il ümumi staja malik olub-olmadığı məsələsi yoxlanılarkən məlum oldu ki, iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən onun xx.xx.1980-cı ildən xx.xx.1982-ci ilədək (2 il 7 ay 26 gün), 1982-ci ildən 1984-cü ilədək (hərbi xidmət dövrü) –(2 il), xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək- (1 il 4 ay 11 gün), xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək- (2 il 2 ay 11 gün), xx.xx.1988-ci ildən xx.xx.1988ci ilədək-(3 ay 20 gün), xx.xx.1988-ci ildən xx.xx.1992-ci ilədək –(3 il 4 ay 24 gün), xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilədək –(4 il 6 ay 29 gün) olmaqla, ümumilikdə 19 il 6 ay 1 gün ümumi stajı vardır. Həmçinin iş materiallarında olan Yasamal rayon İcra Hakimiyyəti başçının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 71/g saylı xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1997-ci il tarixdən xx.xx.2015-ci il tarixədək vəfat etmiş İ qrup əlil olan anası X1 qulluq etmiş, həm maddi həm də mənəvi cəhətdən onu himayəsinə götürmüşdür. Bu staj cavabdeh qurum tərəfindən qəbul edilir. İddiaçının cavabdeh tərəfindən qəbul edilməyən əmək stajı 1992-1997-ci illərdəki əmək fəaliyyətinə aiddir. Hansı ki, həmin dövr nəinki iddiaçının əmək kitabçasında qeyd olunub, həm də bu barədə işlədiyi müəssisə tərəfindən ("xxxx" ASC) verilmiş və iş materiallarında mövcud olan arayışlar da mövcuddur. Buna görə də məhkəmə kollegiyası yuxarıda göstərilən qanunvericilik normalarının tələbləri baxımından hesab edir ki, iddiaçının 1992-1997-ci illərdəki əmək fəaliyyəti həm əmək kitabçasında öz təsdiqini tapdığından, həm də bu barədə işəgötürən müəssisənin ayrıca verdiyi arayışlar mövcud olduğundan onun ümumi iş stajına hesablanmalıdır. Belə olan halda iddiaçının anasına qulluq stajı da (bu staj cavabdeh qurum tərəfindən də qəbul edilir) nəzərə alınmaqla, ümumilikdə iş stajı 28 il 6 ay 1 gün təşkil edir ki, bununla da iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərtdən birincisi- 25 ildən az olmayan ümumi stajı tam olaraq tamamlanmışdır. Həmçinin cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəştli stajının 9 il 28 gün (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər)) olduğu və tələb olunan 12 il 6 ay xüsusi stajının olmadığı bildirilir. Ona görə də Kollegiya iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini tələb etdiyi üçün bu tələbin təmin olunması məqsədilə Qanunda nəzərdə tutulan və buna əsas olan bütün şərtlərin ödənilib-ödənilmədiyini də yoxlayır və aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. İşdə olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2021-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Arxivində saxlanılan arxiv sənədlərinə əsasən iddiaçı həqiqətən dekabr 1988-ci il tarixdən 1 №-li Taksimotor parkına elektrik qaz qaynaqçısı vəzifəsinə işə qəbul olunmuş, dekabr 1992-ci il tarixədək həmin vəzifədə işləmişdir. SOCAR SOCAR**********30020123X00014 saylı “17” Mart 2021-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı -xx.xx.1980-ci il tarixli 15/k nömrəli əmrə əsasən “Azərdənizneftinşaat” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə 1-ci dərəcəli yardımçı fəhlə işinə qəbul edilmiş, xx.xx.1980-ci il tarixindən xx.xx.1980-ci il tarixli 83 nömrəli əmrə əsasən 2-ci dərəcəli qazla kəsici peşəsinə keçirilmiş, 01.11 1981-ci il tarixindən xx.xx.1981-ci il tarixli 87 nömrəli əmrə əsasən 3-cü dərəcəli qazla kəsici peşəsinə keçirilmiş, xx.xx.1982-ci il tarixindən xx.xx.1982-ci il tarixli 173/k nömrəli əmrə əsasən Azərbaycan Respublikası ƏQM-nin 36-cı maddəsinin 3-cü bəndinə əsasən hərbi xidmətə çağrışı ilə əlaqədar tutduğu peşədən işdən azad edilmiş, 1982-ci il tarixindən 1984-cü ıl tarixədək hərbi xidmətdə qulluq etmiş, 07.01 1985-ci il tarixindən xx.xx.1985-ci il tarixli 03/k nömrəli əmrə əsasən “Xəzərdənizneftqaztikınti” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinə 3-cü dərəcəli qazla kəsici peşəsinə qəbul edilmiş, xx.xx.1985-ci il tarixli 123/k nömrəli əmrə əsasən 4-cü dərəcəli qazla kəsici peşəsinə keçirilmiş, xx.xx.1986-cı ıl tarixindən xx.xx.1986-cı il tarixli 51/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏQM-nin 37-ci maddəsinə əsasən öz təşəbbüsü ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli sədlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının 35-cı maddəsinə (Ümumi peşələr üzrə) əsasən qazla kəsici peşəsi güzəştli şərtlərlə pensiya hüququ verir. "xxxx" tresti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birbaşa tabeçiliyində olan dövlət müəssisəsi kimi Azərbaycan Respublikası Prezidentinin ‘Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanına əlavələr edilməsi barədə 07 mart 2007-ci il tarixli, 539 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin 12 mart 2007ci il tarixli, 51 nömrəli və 14 mart 2007-ci il tarixli, 61 nömrəli əmrlərinə əsasən “Azneft” İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti" trestinin (qeydiyyat tarixi: xx.xx.1997-ci il, qeyd.№D-2270) və “Azneft” İstehsalat Birliyinin “Azərdənizneftinşaat” trestinin (qeydiyyat tarixi. xx.xx.1994-cü il) bazasında yaradılmışdır və həmin təşkilatların hüquqi varisidir. Azərbaycan Respublikasının "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli güzəştli arayışında qeyd edilmişdir ki, İddiaçı ona görə ki, o, həqiqətən əmək kitabçasına və arxiv sənədlərinə əsasən xx.xx.1992-ci il tarixdən “Zərgər” müəssisəsinə quraşdırıcı zərgər peşəsinə işə qəbul edilmiş, xx.xx.1997-ci il tarixdən isə işdən azad olunmuşdur. "xxxx" ASC “Zərgər” müəssisəsinin hüquqi varisidir, xx.xx.2000-ci il tarixdən hazırki vaxtadək fəaliyyət göstərir. İddiaçı işlədiyi müddətdə fərdi qaydada əl ilə zərgərlik məmulatları və onların hissələrini bədii səviyyədə hazırlamış, qiymətli metaldan qiymətli və ya yarım qiymətli daşlara xüsusi mürəkkəb formalı zərgərlik məmulatlarının quraşdırılması ilə məşğul olmuşdur. İş əsnasında o, zərgərlik məmulatlarının qaynar üsulla qaynağ işləri aparmışdır. Məmulatı qaynaq edən zaman; Asbest, bor turşusu, xlor turşusu (HCL) eləcədə qaynaq işini aparmaq üçün benzindən istifadə etmişdir, açıq alovla işləmişdir. Zərgərlik məmulatlarda emal üçün pəncərə düzəltmiş, məmulatı daş bərkitmə dərəcəsinə qədər tam hazır vəziyyətə salmışdır. Sonuncu mərhələdə əlvan metallardan toplanmış ovuntuları əridib, istehsal üçün külçə hazırlamışdır. Məlumat üçün bildiririk: Fəhlələr üçün vahid tarif dərəcələri üçün iş və peşələrin sorğu kitabı 1987-ci ilin sorağ kitabında (Moskva nəşriyyatı) göstərilir. Zərgər peşəsinə aşağıdakılar aiddir: zərgər-quraşdırıcı; zərgərşəbəkəçi; zərgər- sepçı; zərgər- nəqqaş; zərgəı-bərkidici. Odur ki, həmin peşədə işləyən şəxsin əmək şəraitinə görə güzəştlə, yaşa görə əmək təqaüdünə çıxmaq hüququ vardır. Onun işlədiyi peşə Azerbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun 320 nömrəli və 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarına müvafiq olaraq, həmin qərarın 11.9 bölməsinin “Qaynar-üsulla metalın üzlənməsi” bəndinin “zərgər və bədii məmulatları qaralayanlar” yarımbəndində 2150700a-19553 rəqəmlə kodlaşdırılmışdır. Bu səbəbdən quraşdırıcı zərgər peşəsində işləmiş İddiaçı zərərli sahədə işlədiyi nəzərə alınaraq pensiya qanunu ilə şərtləndirilən tələblərə malik olduğu halda güzəştlə yaşa görə əmək təqaüdünə çıxa bilər. SOCAR-ın xx.xx.2021-ci il tarixli Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışında qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyası haqqında qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən qazla kəsici peşəsində Bakı Stasionar Dərinlik Özülləri zavodunun 10 nömrəli Sexində xx.xx.1986-cı il tarixindən (xx.xx.1986- cı il tarixli 159/k saylı əmr) xx.xx.1987-ci il tarixinədək (xx.xx.1987-ci il tarixli 2/k saylı əmr); “Şelflayihətiklnti” LSTB 1 saylı Tikinti Quraşdırma idarəsinin 1 nömrəli Sahəsində xx.xx.1987-ci il tarixindən (xx.xx.1987-ci il tarixli 2/k saylı əmr) xx.xx.1988-ci il tarixinədək (xx.xx.1988-ci il tarixli 116/k saylı əmr) işləmişdir. İşlədiyi peşə üzrə iş stajı 2 il 2 ay 11 gün işlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Kəsici kənarları olan müxtəlif poladların, əlvan metalların və ərintilərin okslgenli qazla kəsmə alətlərinin köməyilə, əl ilə işarələnmiş düz xətli və fiqurlu kəsilməsi ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bəndində “qazla kəsicilər” vəzifə kodunda müəyyən edilmiş sahənin və peşənin xüsusiyyətləri ilə eynidir. Göründüyü kimi, iddiaçının zərərli iş stajı xx.xx.1980-cı ildən xx.xx.1982-ci ilədək (2 il 7 ay 26 gün), xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək (1 il 4 ay 12 gün), xx.xx.1986-ci ildən xx.xx.1987-ci ilədək (7 ay 13 gün), xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilədək (1 il 6 ay 28 gün) xx.xx.1988-ci ildən xx.xx.1992-ci ilədək (3 il 4 ay 24 gün), xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilədək (4 il 6 ay 20 gün) olmaqla, ümumilikdə 14 il 2 ay 3 gün təşkil edir və həmin staj işəgötürən müəssisələrin müvafiq güzəştli arayışları ilə təsdiq olunur. Həmin zərərli iş stajının yalnız yuxarıda qeyd olunan- 1992-1997-ci illəri ümumi iş stajında olduğu kimi xüsusi iş stajı kimi də cavabdeh qurum tərəfindən qəbul edilmir. Lakin yuxarıda da qeyd olunduğu kimi, iddiaçının həmin dövrdə işləməsi faktı nəinki əmək kitabçasındakı qeydlərlə, həm də işəgötürən müəssisənin verdiyi arayış və güzəştli arayışı ilə təsdiq olunduğu üçün həmin stajın cavabdeh tərəfindən qəbul edilməməsi iddiaçının sosial təminat hüququnun pozulması kimi qiymətləndirilir. O ki qaldı cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilə, bu barədə qeyd olunmalıdır ki, iddiaçının xx.xx.1992-cü il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi “quraşdırıcı zərgər” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 7. “Qaynar üsulla metalın üzlənməsi” bölməsinin 2150700a-19553 kod altında olan “zərgər və bədii məmulatları qaralayanlar” bəndinə, eləcə də 12 saylı xx.xx.2007-ci il tarixli qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11.9. “Qaynar üsulla metalın üzlənməsi” bölməsinin “zərgər və bədii məmulatları qaralayanlar" bəndinə uyğundur. Həmin peşənin zərərli peşənin xüsusiyyətləri ilə eynilik təşkil etməsi işəgötürən müəssisə tərəfindən verilmiş güzəştli arayışın məzmununda ətraflı qeyd olunmuşdur. Bununla da məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün ikinci şərt- 12 il 6 aydan az olmayan xüsusi stajı da tam olaraq tamamlanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün tələb olunan ümumi və güzəştli stajı xx.xx.2006-cı il tarixədək toplandığı üçün həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə görə ona bu şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair şərt tələb edilmirdi. Belə bir tələb qanuna xx.xx.2017-ci il tarixdən sonra daxil edilmişdir. Müvafiq olaraq da həmin tələb xx.xx.2017-ci ildən sonra yaranmış münasibətlərə tətbiq edilə bilər. İddiaçı isə xx.xx.2017-ci ilədək, yəni xx.xx.2006-cı il tarixədək ona güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan ümumi və xüsusi staja malik olmuşdur. Beləliklə, Qanun dəyişənədək iddiaçı artıq güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün hüquq əldə etmişdir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericiliyin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Beləliklə, cavabdeh orqan iddiaçının yuxarıda qeyd olunan ona güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ verən vəzifələrdə işlədiyi dövrün güzəştli iş stajına hesablanmasını istisna edəcək şərtin mövcudluğunu sübuta yetirə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6631/2023 saylı 18 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6631/2023 saylı 18 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar