Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1165/2021 05.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, İddiaçı nümayəndəsi X2, iddiaçının vəkili və nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının və üçüncü şəxs DSMF-nin nümayəndəsi X3 iştirakı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1901/2015 nömrəli iş üzrə 13 noyabr 2020-ci il tarixli qərardadlarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1901/2015 nömrəli iş üzrə 25.05.2015-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iddiası təmin edilərək, cavabdehin imtinası qanunsuz sayılmış, iddiaçının 15.09.1979-cu il tarixdən 22.09.2004-cü il tarixədək işlədiyi illər sosial sığorta stajına daxil olunmaqla, ona 05.01.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsi həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi İK-nın 2-1(103)-1048/2020 nömrəli iş üzrə 05.06.2020-ci il tarixli qərardadı ilə şikayət qeyri-mümkün hesab edilmiş, şikayətin qəbulundan imtina olunmuşdur. Cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsi 13.02.2020-ci il tarixdə yeni açılmış hallara dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. DSMF də 06.10.2020-ci il tarixdə həmin Məhkəməyə vəsatət təqdim edərək, Fondun inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmasını, 25.05.2015-ci il tarixli qərarın ləğv olunmasını və işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir. DSMF Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialı da 16.10.2020-ci il tarixdə eyni Məhkəməyə yeni açılmış hallara dair ərizə təqdim edərək, məhkəmə icraatının təzələnməsini və DSMF Suraxanı rayon şöbəsinin DSMF Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialı ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1901/2015 nömrəli iş üzrə 13.11.2020-ci il tarixli birinci qərardadı ilə iş üzrə yeni açılmış hallarla bağlı ərizələr təmin edilməmiş, ikinci qərardadı ilə 25.05.2015-ci il tarixli qərar ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmiş, DSMF inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. 25.05.2015-ci il tarixli qərarın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardadla razılaşmayan iddiaçı, yeni açılmış hallarla bağlı ərizələrin təmin edilməməsi haqqında qərardaddan narazı qalan DSMF Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialı apellyasiya şikayətləri verərək, iddiaçı ləğv edilməsini, DSMF Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialı ləğv edilib, ərizənin təmin olunmasını xahiş etmişlər. İddiaçının apellyasiya şikayətinin dəlillərinə görə, Suraxanı rayon şöbəsi DSMF-nin strukturuna daxil olmaqla, birbaşa onun tabeliyində olmuşdur. Yəni, Suraxanı rayon şöbəsi məhkəmə qərarı əsasında iddiaçıya pensiya təyin edərkən DSMF-nin məlumatı olmuşdur. Ona görə də məhkəmənin 25.05.2015-ci il tarixli qərarından rayon şöbəsinin baş idarəsi kimi DSMF-nin məlumatının olmaması barədə məhkəmənin gəldiyi nəticə absurddur və heç bir məntiqə, reallığa uyğun gəlmir. 2015-ci ildən ona pensiya ödənilirdi və həmin pensiyanın ödənişi 2019-cu ilin mart ayından dayandırılmışdır. Necə ola bilər ki, bu müddət ərzində DSMF-nin məlumatı olmasın. Pensiya ödənişi dayandırıldıqdan sonra iddiaçı dəfələrlə müxtəlif orqanlara şikayətlər etmişdir. Suraxanı rayon şöbəsi bildirirdi ki, pensiya Fond tərəfindən dayandırılıb. DSMF Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının apellyasiya şikayətinin dəlillərinə görə, yeni açılmış hallara dair heç bir əsas birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı rəsmi məlumatlara əsasən Sumqayıt şəhərində qeydiyyatda olduğu halda (10.09.2019-cu il tarixdən Bakı şəhəri Suraxanı rayonunda qeydiyyatdadır), Bakı şəhəri Suraxanı rayonu ərazisində yaşamasını təsdiq edən müvafiq sənəd alınmadan ərizəsi Şöbə tərəfindən pensiya təyin edilməsi üçün qəbul edilmişdir. Faktı təsdiq edən şəxsiyyət vəsiqəsinin surəti iş materiallarında mövcuddur. Pensiya işinə tikilmiş “xxxx” ASC-nin dairəvi möhürü ilə təsdiq edilmiş 25.02.2015-ci il tarixli güzəştli arayışda qeyd olunmuşdur ki, bu arayış əmək kitabçası əsasında tərtib olunmuşdur. Güzəştli arayış təşkilatın özündə saxlanılan ilkin sənədlər əsasında tərtib edilməli olduğu halda, sonradan yazılmış əmək kitabçası əsasında tərtib edilmişdir. Əmək kitabçasının həqiqiliyi də əsaslı şübhələr yaradır. Bakı Apellyasiya Məhkəməsi İK-nın 20.02.2020-ci il tarixli qərardadl ilə cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsi, DSMF Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialı ilə əvəz edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi, onun vəkili və nümayəndəsi, cavabdehin nümayəndəsi öz apellyasiya şikayətlərinə uyğun izahat vermişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayətlər mümkündür. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayətlər mahiyyətcə əsassızdır. İlk olaraq, iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd olunmalıdır ki, İPM-in 100-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Lakin işdən müəyyən edilir ki, iş üzrə yeni açılmış hallarla bağlı ərizələr 2015-ci ildə həyata keçirilən inzibati məhkəmə icraatından 5 il keçdikdən sonra verilmiş, bununla da qanunla nəzərdə tutulan 3 aylıq müddət ötürülmüşdür. İPM-in 103.3-cü maddəsinə görə, bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Cavabdehin apellyasiya şikayətinə münasibətdə isə qeyd edilməlidir ki, İPM-in 28-ci maddəsinə görə, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir (28.1). Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə, 28.2). Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir (28.3). İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz (28.4). Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər (28.5). Məhkəmə kollegiyası bildirir ki, üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlbetmə əsasən iki məqsəd daşıyır. Bir tərəfdən cəlbetmə vasitəsilə həm cəlb olunmuş şəxsin, həm də mübahisə tərəflərinin mənafeləri qorunmalı, digər tərəfdən isə növbəti hüquqi mübahisənin yaranmasının qarşısını almaq üçün qərarın hüquqi qüvvəsi cəlb edilmiş şəxsə də şamil olunmalıdır. Cəlb edilən şəxs məhkəmə prosesində tərəfə çevrilmir. Cəlbetmə vasitəsilə o, özünün və ya başqalarının maraqlarını təmsil etmək imkanı qazanır. Cəlb edilmiş şəxsin tərəflərdən hər hansı birini dəstəkləməsi zəruri deyil. İPM-in 28.1-ci maddəsi ilə tənzimlənən adi cəlbetmə məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda mümkündür. Burada həlledici olan yalnız publik-hüquqi və mülki-hüquqi maraqlardır. İqtisadi və ya başqa faktiki maraqların mövcudluğu kifayət deyil. Bu baxımdan hüquqi maraq o zaman mövcud olur ki, cəlb edilən şəxsin tərəflərdən biri və hər ikisi ilə, yaxud mübahisə predmeti ilə əlaqəsi olsun və hüquqi mübahisə haqqında yekun qərar onun hüquqi vəziyyətini yaxşılaşdırsın, yaxud onun üçün gözlənilən zərərlərin qarşısını ala bilsin. Burada həlledici məqam cəlb edilən şəxslə hər hansı bir tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı qərarın potensial təsiridir. Həmin Məcəllənin 28.2-ci maddəsində nəzərdə tutulan zəruri cəlbetmədən isə o vaxt bəhs olunur ki, hüquqi mübahisənin mahiyyəti üzrə qərar üçüncü şəxslərin hüquqlarına bilavasitə mənfi şəkildə müdaxilə etsin (həmin qərar bu hüquqları dəyişdirsin, ləğv etsin və ya təsdiq etsin). Əksər hallarda burada söhbət üçüncü şəxsin xeyrinə çıxarılmış əlverişli inzibati aktın digər bir şəxs (iddiaçı) tərəfindən mübahisələndirilməsindən gedir ki, məhz bu kontekstdə zəruri cəlbetmənin həyata keçirilməməsi prosessual pozuntu kimi qəbul edilir. Birinci instansiya məhkəməsi qərardadında göstərmişdir ki, “Məhkəmə belə nəticəyə gəlir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1901/2015 saylı 25 may 2015-ci il tarixli qərarı ilə Dövlət Sosial Müdafiə Fondunun hüquqları və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması istisna olunmadığından, Dövlət Sosial Müdafiə Fondu qərarla maraqlarına toxunan şəxs kimi inzibati məhkəmə icraatına cəlb edilməli, sözügedən qərar ləğv edilməli və işə həmin qurumun da prosessual iştirakı ilə mahiyyəti üzrə baxılması təzələnməlidir. İddiaçının məhkəməyə təqdim olunmuş yazılı ərizəsində qeyd olunanlara münasibətdə isə, məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan hazırkı ərizəçi Dövlət Sosial Müdafiə Fonduna tabe struktur olsa da, iddiaçının müraciəti üzrə inzibati icraatı müstəqil şəkildə həyata keçirmişdir və bu tabelilik inzibati icraatın cavabdeh inzibati orqan tərəfindən obyektiv aparılmasına mənfi təsir etməməlidir.” Məhkəmə kollegiyası qərardadın əsasları ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12.04.2017-ci il tarixli Qərarından sonra formalaşmış məhkəmə təcrübəsi artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını da əhatə edir. Digər tərəfdən, üçüncü şəxsin icraata cəlb edilməsi, məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə ərizədə konkret faktiki və hüquqi hallara və pozuntulara istinad edilmişdir ki, həmin dəlillərin mötəbərliyi onlara mahiyyəti üzrə hüquqi qiymət verilməklə yoxlanıla bilərdi. Bütün qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır. Hazırkı inzibati mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən qüvədə saxlanılmalıdır (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 80, 87, 94 və 103-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1901/2015 nömrəli iş üzrə yeni açılmış hallarla bağlı ərizələrin təmin edilməməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə 13 noyabr 2020-ci il tarixli qərardadları dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının apellyasiya şikayətləri təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-1165/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1165/2021
05.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver