Məhkəmə qərarları › İş №2-1(103)-1165/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1165/2022

30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1165/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X3 Filialına qarşı müavinətin ödənilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10595/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X3 Filialına qarşı 19.11.1992-ci il tarixdən 10.12.2019-cu il tarixə kimi müharibə əlili üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin İddiaçı birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, müharibə əlilidir. Ona müharibə əlili vəsiqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş idarəsi tərəfindən 10.12.2019-cu il tarixdə təqdim edilmişdir. O, müharibə əlili sayıldığından, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11.07.2005-cii l tarixli, 257 nömrəli Fərmanına əsasən müharibə veteranı adı almış şəxs kimi kommunal və digər xidmətlərin ödənilməsi üçün ayda ödənilən müavinət ona da, ödənilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10595/2021-nömrəli, 11 noyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı “19.11.1992-ci il tarixdən 10.12.2019-cu il tarixə kimi müharibə əlili üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin İddiaçı birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X3 Filialının üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verib birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini iddianın mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının ərizəsi vaxtında verilmiş, formal baxımından lazımı qaydada əsaslandırılmış və orada iddiaçının tələbi göstərilmişdir. Mahiyyət baxımından iddia ərizəsi uğurludur, iddianın mümkün və əsaslı olmasından irəli gəlir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iddia mümkün sayılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və qərardadını onunla əsaslandırmışdır ki, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və qeyd edir ki, iddiaçının tələbinin mümkün hesab edilərək inzibati icraat qaydasında baxılması üçün əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan-Azərbaycan respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur)və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İşin materiallarından görünür ki, ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon Şöbəsi tərəfindən verilmiş **********02 nömrəli vəsiqədən görünür ki, iddiaçıya 17.10.2024- cü il tarixədək 3-cü dərəcəli Qarabağ müharibəsi əlilik vəsiqəsi verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ona müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin keçmiş müddət üçün ödənilməsini tələb etsə də, onun “Müharibə veteranı” adı və statusuna malik olmasını təsdiq edən vəsiqəni nə məhkəmə araşdırması zamanı məhkəməyə, nə də, məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etdiyi zaman, cavabdehə təqdim etməmişdir. Cavabdehin də, iddia ərizəsinə qarşı təqdim etdiyi münasibətdən görünür ki, iddiaçı cavabdeh “Müharibə veteranı” adı və statusuna malik olması barədə vəsiqəni deyil, Qarabağ müharibəsi əlili olması barədə vəsiqəni təqdim etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının “Müharibə veteranı” adı və statusuna malik olması öz təsdiqini tapmadığından, həmin hal onun müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin keçmiş müddət üçün ödənilməsini tələb etmək hüququnu istisna edir. Belə olan halda isə, iddiaçının iddia tələbinin İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Subyektiv hüququn olmaması iddianın mümkün sayılmaması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu qeyd edir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyasi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edildiyindən, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. İddiaçı cavabdeh Sosial Ödənişlərin X3 Filialına müraciət edərkən, “Müharibə veteranı” vəsiqəsi yerinə Qarabağ müharibəsi əlili olması barədə vəsiqə təqdim etmişdir. İddiaçı müharibə veteranı statusu və müharibə veteranı vəsiqəsi mövcud olmadığından, onun müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinət almaq hüququ yaranmamışdır. Yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi, iddianın mümkün sayılması əsaslarından biri inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nətisində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasıdır. İşin faktiki hallarına əasasən iddiaçının qanunla nəzərdə tutulan hüquq və maraqları cavabdeh tərəfindən pozulmamışdır. Hazırda məhkəmə araşdırması zamanı iddiaçının “Müharibə veteranı” adı və statusuna malik olması öz təsdiqini tapmadığından, həmin hal onun müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin keçmiş müddət üçün ödənilməsini tələb etmək hüququnu istisna edir. Belə olan halda isə, iddiaçının iddia tələbinin İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsi mümkün deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir və məhkəmə qərardadının ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10595/2021-nömrəli, 11 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10595/2021-nömrəli, 11 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar