Məhkəmə qərarları › İş №2-1(103)-1165/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1165/2023

27.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1165/2023 27.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsinin iştirakı ilə İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs "xxxx" X5 MMC) “qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7508/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı (VÖEN **********) Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında 23 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırmışdır: “...Cavabdeh Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında 23 fevral 2022-ci il tarixli qərarı ləğv edilməlidir İlk növbədə, "xxxx" və “QOÇ DÖNƏR” sözlərindən ibarət əmtəə nişanlarındakı sözlər və qoç başının şəkilləri, əmtəə nişanında istifadə olunan söz birləşmələrinin qrafiki, yəni ümumi görünüşlü (müşahidə) təəssüratları; şriftin növü; hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılışları (məsələn, çap və ya əllə yazılmış hərflər, böyük və ya sətri hərflər); hərflərin biri-birinə nəzərən yerləşməsi tamamilə fərqlidir. Bundan əlavə, qoçun başı da istifadə edilən bir təsvirdir və "xxxx" X5 MMC tərəfindən xüsusi olaraq yaradılan bir ixtira, təsvir (loqotip) deyildir. Beləliklə, həm ümumi təsvir, həm fonetik, həm də məna baxımından hər iki əmtəə nişanındakı təsvirlər bir-birindən tamamilə fərqlənir. Eyni zamanda, xx.xx.2022-ci il tarixli FA-01 №-li işə baxılarkən ekspertiza tədqiqatı aparılmış, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəydə qeyd edilmişdir ki, müqayisə edilən nişanlarda (işarələrdə) ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü (yazılış tərzi), səslərin oxşarlığı, işarədə olan hecaların miqdarı və digər əlamətlər nəzərə alınaraq onların vizual (görünüş), həm də fonetik (səs) nöqteyi-nəzərdən oxşar olmasını qeyd etmək olar. Eyni zamanda, “QOÇ” təsvirinə münasibətdə rəydə qeyd edilmişdir ki, hər iki nişanda göstərilən təsvirlərdə müəyyən fərqlərin olmasına baxmayaraq rənglərin kombinasiyası və ümumi təəssürat onların eyni xidmət şəbəkəsinə aid olması fikrini yarada bilər. Həmin ekspert rəyi əsaslandırılmamış, əmtəə nişanlarının müqayisəsi səthi olaraq aparılmışdır. Həmin rəylə bir tərəfdən “QOÇ” təsvirləri arasında fərqliliklərin olması qeyd edilsə də yalnız rəng kombinasiyasına görə eyni xidmət şəbəkəsinə aid olması fikrini yarada bilməsi qeyd edilmişdir. Rəy birtərəfli olaraq qarşı tərəfin xeyrinə həll edilmişdir. Oxşarlıq elementləri dəqiqliklə təsvir edilməmişdir. Halbuki, ekspert öz rəyini hər iki nişanın elementlərinin dəqiqliklə tədqiqatı və qanunvericiliyin tələbləri əsasında tərtib etməli idi. Hər iki nişanda olan “Qoç” sözü Azərbaycan dilinin izahlı lüğətində “qoyunun erkəyi, damazlıq erkək qoyun” mənasını ifadə edir, bu baxımdan həmin söz təklikdə əmtəə nişanı kimi qeydə alına bilməz, “Qoç” sözündən istifadəyə məhdudiyyət qoyula bilməz. Həmçinin, “QOÇ” təsvirləri görünüş baxımından bir-birindən çox fərqlənir. Həmçinin "xxxx" söz birləşməsi 2, “Qoç dönər” söz birləşməsi isə 3 hecadan ibarətdir. Eyni zamanda “Qoç” əmtəə nişanı növ əlamətinə də çevrilməmişdir. Sözügedən qərar qəbul edilərkən əsas kimi yuxarıda qeyd edilən xx.xx.2021-ci il tarixli rəyə əsaslanılmışdır ki, həmin rəyin də əsaslandırılmaması səbəbindən qərarda əsaslandırılmamış hesab olunur. Sözügedən obyektiv olmayan ekspert rəyi işi qabaqcadan həll etmişdir və bunun nəticəsində iddiaçının Konstitusiya ilə qorunan hüquqlarını pozmuşdur. Ekspert rəyi iqtisadi maraqlarına zidd olduğundan “İnsan Hüquqlarının və X2” X3 Protokolunun 1-ci maddəsində qeyd edilən mülkiyyət hüquqlarını pozmuşdur. Eyni zamanda tərtib edilmiş ekspert rəyində tədqiqat aparmış ekspertin (və ya ekspertlərin) kimliyi, ixtisası və bu rəyi tələb etmək üçün tələb edilən digər məlumatları da qeyd edilməmişdir.” Cavabdeh iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu aşağıdakılarla əsaslandırmışdır: "xxxx" X5 MMC-yə "xxxx" əmtəə nişanından qanunsuz istifadə edilməsi ilə bağlı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin xx.xx.2021-ci il tarixli PHŞ/2-2- 2021-526 nömrəli müraciəti İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuşdur. Müraciətdə "xxxx" X5 MMC-nin adına qeydiyyata alınmış ilkinlik tarixi xx.xx.2021-ci il 2021 1937 nömrəli, xx.xx.2017-ci il 2017 1175 nömrəli və xx.xx.2014-cü il tarixli 2014 0451 nömrəli "xxxx" əmtəə nişanlarından fiziki şəxs İddiaçı fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən obyektin üzərində (girişdə) “QOÇ DÖNƏR” yazılmaqla qanunsuz istifadə edildiyi bildirilmiş və Agentliyin tabeliyində olan Patent və X1 Mərkəzi tərəfindən "xxxx" təsviri əmtəə nişanının “Qoç dönər” təsviri nişanı ilə oxşarlığının müəyyən edilməsi barədə müvafiq rəy təqdim edilmişdir. "xxxx" KFT MMC-nin nümayəndəsi X6 "xxxx" KFT MMC-yə məxsus müvafiq əmtəə nişanlarından fiziki şəxs İddiaçı tərəfindən qanunsuz istifadə edilməklə haqsız rəqabətə yol verildiyini, bunun sübutu kimi, müvafiq sənəd və məlumatları Xidmətə təqdim etdiklərini qeyd edərək, həmin haqsız rəqabət hallarının qarşısının alınması və fiziki şəxs İddiaçı barəsində qanunamüvafiq tədbirlər görülməsini bildirmişdir. İddiaçı fəaliyyət göstərdiyi AZ1044, ünvan 2 ünvanında yerləşən obyektin girişində (fasadında) “FAST FOOD QOÇ DÖNƏR” sözləri yazılmış və “QOÇ DÖNƏR” sözlərindən əvvəl qoç təsvirli (məzmunlu) açıq məkanda yayımlanan reklam üçün Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyindən icazə alınmamışdır; - fiziki şəxs İddiaçı fəaliyyət göstərdiyi AZ1044, ünvan 2 ünvanında yerləşən obyektin girişində (fasadında) “FAST FOOD QOÇ DÖNƏR” sözləri və “QOÇ DÖNƏR” sözlərindən əvvəl qoç təsviri, habelə həmin obyektə istehlakçılara təqdim olunan nəzarət - kassa aparatının çekinin üzərində qoç təsviri və “QOÇ DÖNƏR” sözləri xx.xx.2021- ci il tarixindən yazılmış və hazırda da bu hərəkətlər davam edir. İddiaçı AZ1044, ünvan 2 ünvanında yerləşən obyektdə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək fəaliyyəti nəticəsində 5848,43 manat gəlir əldə etmişdir. Sadələşdirilmiş vergi çıxılmaqla həmin gəlir 5731,33 manat olmuşdur. Göründüyü kimi, Dövlət Xidməti tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli Qərar tamamilə qanuni və əsaslıdır.” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7508/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: “...Məhkəmənin qərarı qnunsuz və əsassızdır. Belə ki, məhkəmə qərarını əsaslandırarkən əsas etibarilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzi tərəfifıdən verilmiş mahiyyət etibarilə qərəzli olan və səthi araşdırılmış xx.xx.2021-ci il tarixli rəyə istinad etmişdir. İlk növbədə "xxxx" və "QOÇ DÖNƏR" sözlərindən ibarət əmtəə nişanlarındakı sözlər və qoç başının şəkilləri, əmtəə nişanında istifadə olunan söz birləşmələrinin qrafiki, yəni iimumi görünüşlü (müşahidə) təəssüratları; şriftin növü; hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılışları (məsələn, çap və ya əllə yazılmış hərflər, böyük və ya sətri hərflər); hərflərin biri-birinə nəzərən yerləşməsi tamamilə fərqlidir. Bundan əlavə bildirirəm ki, qoçun başı da istifadə edilən bir təsvirdir və "xxxx" X5 MMC tərəfindən xüsusi olaraq yaradılan bir ixtira, təsvir (loqotip) deyildir. Beləliklə, həm ümumi təsvir, həm fonetik, həm də məna baxımından hər iki əmtəə nişanındakı təsvirlər bir - birindən tamamilə fərqlənir. Eyni zamanda qeyd etmək istəyirəm ki, xx.xx.2022-ci il tarixli FA-01 №li işə baxılarkən ekspertiza tədqiqatı aparılmış, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəydə qeyd edilmişdir ki, müqayisə edilən nişanlarda (işarələrdə) ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü (yazılış tərzi), səslərin oxşarlığı, işarədə olan hecaların miqdarı və digər əlamətlər nəzərə alınaraq onların vizual (göriiniiş), həm də fonetik (səs) nöqteyinəzərdən oxşar olmasını qeyd etmək olar. Eyni zamanda "QOÇ" təsvirinə münasibətdə rəydə qeyd edilmişdir ki, hər iki nişanda göstərilən təsvirlərdə müəyyən fərqlərin olmasına baxmayaraq rənglərin kombinasiyası və ümumi təssiirat onların eyni xidmət şəbəkəsinə aid olması fikrini yarada bilər. Bildirirəm ki, həmin ekspert rəyi əsaslandırılmamış, əmtəə nişanlarının müqayisəsi səthi olaraq aparılmışdır. Eləmin rəylə bir tərəfdən "QOÇ" təsvirləri arasında fərqliliklərin olması qeyd edilsə də, yalnız rəng kombinasiyasına görə eyni xidmət şəbəkəsinə aid olması fikrini yarada bilməsi qeyd edilmişdir. Rəy birtərəfli olaraq qarşı tərəfin xeyrinə həll edilmişdir. Oxşarlıq elementləri dəqiqliklə təsvir edilməmişdir. Halbuki ekspert öz rəyini hər iki nişanın elementlərinin dəqiqliklə tədqiqatı və qanunvericiliyin tələbləri əsasında tərtib etməli idi. Hər iki nişanda olan "Qoç" sözü Azərbaycan dilinin izahlı lüğətində "qoyunun erkəyi, damazlıq erkək qoyun" mənasını ifadə edir, bu baxımdan həmin söz təklikdə əmtəə nişanı kimi qeydə alına bilməz, "Qoç" sözündən istifadəyə məhdudiyyət qoyula bilməz. Həmçinin "QOÇ" təsvirlrəri görünüş baxımından bir-birindən çox fərqlənir. Həmçinin "xxxx" söz birləşməsi 2, "Qoç dönər" söz birləşməsi isə 3 hecadan ibarətdir. Eyni zamanda "Qoç" əmtəə nişanı növ əlamətinə də çevrilməmişdir . Sözügedən qərar qəbul edilərkən əsas kimi yuxarıda qeyd etdiyim xx.xx.2021-ci il tarixli rəyə əsaslanılmışdır ki, həmin rəyin də əsaslandırılmaması səbəbindən qərar da əsaslandırılmamış hesab olunur. Obyektiv olmayan ekspert rəyi işi qabaqcadan həll etmişdir və bunun nəticəsində mənim konstitusiya ilə qorunan hüquqlarımı pozmuşdur. Həmçinin sözügedən ekspert rəyi iqtisadi maraqlarıma zidd olduğundan "İnsan Hüquqlarının və X2" X3 Protokolunun 1-ci maddəsində qeyd edilən mülkiyyət hüquqlarımı pozmuşdur. Qeyd edilən pozuntunu heç vaxt törətməmişdir. Həmçinin mübahisələndirdiyim qərarda da məhz qeyd edilən pozuntunun onun tərəfindən hansı üsul və vasitələrlə edildiyi və bunun detalları əsaslandırılmamışdır. Ümumiyyətlə qərarın təsviri hissəsi ilə nəticə hissəsi arasında ziddiyyət mövcuddur. Bütün bu qeyd edilən hallardan aşkar surətdə görünür ki, qərar birtərəfli olaraq qarşı tərəfin xeyrinə həll edilmişdir. Komissiya birmənalı olaraq qarşı tərəfin mövqeyinə xidmət edən araşdırma apararaq, sübutlar toplamışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsas etibarilə ekspertiza rəyinə istinad etmiş, sübutlara qərəzli baxmış, beləliklə də, qanunsuz və əsassız qətnamə qəbul etmişdir.” Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunması məhkəmədən xahiş etmişdir. Hazırkı məhkəmə iclası barədə məlumat verilsə də məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılması mümkün hesab olunmuşdur. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Bağırov izahatında bildirdi ki, "xxxx" X5 MMC tərəfindən şikayət daxil olmuşdur ki, onun əmtəə nişanından iddiaçı tərəfindən qanunsuz istifadə olunur. Ekspertiza keçirilməklə müəyyən olunmuşdur ki, loqolar oxşardır. Odur ki, Xidmət tərəfindən ona maliyyə sanksiyası tətbiq edilmişdir. Odur ki, bununla iddiaçının özünün təqdim etdiyi sənədləri məhkəməyə təqdim edir və onun apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş edir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçı mübahisələndirmə haqqında iddia vasitəsilə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında 23 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsini tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən onun tələbi rədd olunmuşdur. Məhkəmə bu nəticəyə gələrkən hesab etmişdir ki, cavabdeh iddiaçı barəsində qəbul etdiyi 23 fevral 2022-ci il tarixli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhəkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Birincisi, işdən görünür ki, cavabdeh Xidmət tərəfindən "xxxx" X5 MMC-yə "xxxx" əmtəə nişanından qanunsuz istifadə edilməsi ilə bağlı cavabdeh Xidmətə daxil olmuş müraciətləri (şikayət ərizələri) ilə əlaqədar iddiaçının təsərrüfat subyektlərinə gəlmədən, toplanmış sənədlərə, ekspert rəyinə əsasən müəyyən olunan məlumatlar əsasında araşdırma aparılaraq mübahisələndirilən qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndindən isə görünür ki, sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidir. Göründüyü kimi, yerəlrə getmədən, aparılan araşdırma və sair yoxlama tədbirlərinin Reyestrdə qeydiyyata alınması tələb olunmur. İşin mahiyyətinə gəldikdə iş materiallarına əsasən müəyyən olunur ki, üçüncü şəxs "xxxx" X5” MMC-nin adına “Qoç ♦ Ət” əmtəə nişanı, üst hissədə qoç təsviri olan “Keyfiyyətli və bərəkətli QOÇ ƏT KABAB KEYFİ" əmtəə nişanı Nitsa təsnifatının 43-cü sinfi-kafe və restoran xidmətləri üzrə dövlət qeydiyyatı aaparılmışdır. Lakin cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxsin şikayəti əsasında aparılan inzibati araşdırma zamanı, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzindən alınmış "xxxx" təsviri əmtəə nişanının “Qoç dönər” təsviri nişanı ilə oxşarlığına dair” xx.xx.2021-ci il tarixli rəyə əsasən müəyyən olunmuşdur ki, üçüncü şəxsə məxsus həmin əmtəə nişanı ilə iddiaçıya məxsus Mərdəkan qəsəbəsi, 28 may küçəsi 88 ünvanında yerləşən kafe (restoranın) reklam lövhəsində yerləşdirilən “Qoç dönər” (fast food) nişanının hər ikisində nişan təsvir və söz kombinsiyalarından ibarətdir.Hər iki nişanda qoçun təsviri qırmızı və ağ rənglərdən ibarət olmaqla mərkəzi mövqe tutur, habelə, üç hərf işarəsindən və bir hecadan ibarət “QOÇ" sözü qoç təsvirinin altında yerləşir. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində həmin rəylə razılaşmayaraq mübahisələndirir ki, “QOÇ DÖNƏR” və "xxxx" təsvirlərdə hər iki qoç başı təsviri birbirindən rəng çalarlarına və görünüşünə görə, həmçinin hər iki yazıda şriftlərin növləri və görünüşləri, hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılışları (məsələn, çap və ya əllə yazılmış hərflər, böyük və ya sətri hərflər), hərflərin biri-birinə nəzərən yerləşməsi birbirindən fərqlidir. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlilləri iə razılaşmır. Çünki, işə əlavə olunmuş həmin rəydən görünür ki, hər iki nişanda mövcud olan təsvirlər “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.4, 29.5, 29.6-cı bəndləri, habelə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin “c” bəndinin tələbləri nəzərə alınmaqla, müqayisəli surətdə fərqlilik və oxşarlıq əlamətləri hərtərəfli tədqiq olunaraq rəyə gəlinmişdir ki, müqayisə edilən nişanlar oxşar hesab olunur və bu səbəbdən istehlakçılar tərəfindən onların qarışdırılması ehtimalı yüksəkdir. Əslində, həmin rəydə gəlinən nəticəni, adi gözlə vizual şəkildə müşahidə etdikdə bu oxaralığın müşahidəçini çaşdırdığını görmək mümkündür. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun -6-cı maddəsinə əsasən aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın: -hissə 3. Əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Belə ki, əmtəə nişanı fərqlənmə qabiliyyətinə malik olmaqla yanaşı, əmtəənin mənşəyini istehlakçıya bildirməli, müxtəlif istehsalçılar tərəfindən istehsal olunan əmtəələri bir-birindən fərqləndirməlidir. -Bənd 29.3. İddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. -29.4. Eynilik və oxşarlıq yoxlanarkən, aşağıdakı hərəkətlər həyata keçirilir: -a) eyni və oxşar nişanların məlumat axtarışı aparılır; -b) məlumat axtarışı zamanı tapılan nişanın iddia olunan nişanla oxşarlıq dərəcəsi müəyyən edilir; -c) iddia edilən əmtəələrin və ya xidmətlərin, qeydə alınmış (iddia edilmiş) eyni və ya oxşar əmtəə nişanının (işarənin) şamil edildiyi əmtəələrlə və ya xidmətlərlə eyniliyi müəyyən edilir. -29.6. Sözlərdən ibarət iddia edilən nişanların yoxlanılması -29.6.1. Sözlərdən ibarət olan nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir: -a) sözlərdən ibarət nişanlarla (işarələrlə); -b) kompozisiyaya daxil olan sözlərdən ibarət elementlərin kombinasiyalı nişanları (işarələri) ilə. -Sözlərdən ibarət nişanların (işarələrin) oxşarlığı səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) ola bilər: -29.6.2. Səs üzrə (fonetik) oxşarlıq aşağıdakı əlamətlərlə müəyyən edilir: -a) müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu; -b) nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı; -c) yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biri-birinə nəzərən yerləşməsi; -ç) uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu; -d) işarədə olan hecaların miqdarı; -e) işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer; -ə) kar və cingiltili tərkibin yaxınlığı; -f) nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri; -g) bir nişandan (işarədən) digərinə daxil olma; -ğ) vurğu. -29.6.3. Qrafiki (görünüşlü) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: -a) ümumi görünüşlü (müşahidə) təəssüratı; -b) şriftin növü; -c) hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər, böyük və ya sətri hərflər); -ç) hərflərin biri-birinə nəzərən yerləşməsi; -d) hərflərlə yazılmış sözlərin əlifbası; -e) rəng və ya rənglərin uzlaşması (kombinasiyası). -29.6.4. Məna etibarı ilə (semantik) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: -a) nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi; -b) nişanda (işarədə) olan elementlərdən birinin üzərinə düşən, müstəqil əhəmiyyətə malik məntiqi vurğuların üst-üstə düşməsi; -c) nişanda (işarədə) öz əksini tapan məna və ideyaların əkslikləri. -29.6.5. Bu Qaydaların 29.6.1—29.6.4 bəndlərində göstərilənlərin hər biri istər ayrıca və istərsə də müxtəlif quraşmalarda (birləşmələrdə) nəzərə alına bilər. -29.9.1. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır. - 29.9.2. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin tədqiq olunan rəylə razılaşmayaraq öz mülahizələrini ehtiva edən dəlilləri tamamilə əsassızdır. Onu da qeyd etmək lazımdır ki, iddiaçı, üçüncü şəxsin adına qeydə alınmış həmin əmtəə nişanı ilə oxşarlıq kəsb edən əmtəə nişanından nəinki ona məxsus kafenin reklam lövhəsində, həm də nəzarət-kassa aparatının çeklərində də istifadə edilmişdir. Belə ki, işdən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ŞTQ, 28 May, ev 25, ünvanında yerləşən obyektin girişində (fasadında) “FAST FOOD QOÇ DÖNƏR” sözləri yazılmış və “QOÇ DÖNƏR” sözlərindən əvvəl qoç təsviri, habelə həmin obyektə istehlakçılara təqdim olunan nəzarət - kassa aparatının çekinin üzərində qoç təsviri və “QOÇ DÖNƏR" sözləri əks olunmuşdur. Hətta onun cavabdehə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsində də obyektin girişində (fasadında) “FAST FOOD QOÇ DÖNƏR” sözləri və nəzarət - kassa aparatının çekinin üzərində qoç təsviri və “QOÇ DÖNƏR" sözlərindən xx.xx.2021-ci il tarixdən yazılmağa başlanıldığı qeyd edilmişdir. Beləliklə də, iddiaçı və üçüncü şəxsin fəaliyyət xarakterinin (kafe, restoran) eyni olması da nəzərə alınmaqla, qeyd edilən əmtəə nişanlarının istehlakçıda çaşqınlıq yaradacağı və üçüncü şəxsin adına qeydə alınmış əmtəə nişanı ilə iddiaçının istifadə etdiyi əmtəə nişanı arasında vizual, eşitmə və ya konseptual, ideya baxımdan oxşar olması, nişanların istehlakçılar tərəfindən qarışdırılması ehtimalının və istehlakçını göstərilən xidmətin mənşəyi ilə bağı yanılda bilməsi sübuta yetirilir. Belə olan halda da üçüncü şəxsin nüfuza malik əmtəə nişanı vasitəsilə, iddiaçının özünə bazarda haqsız üstünlük əldə etməsinə bəraət qazandımaq mümkün deyil. İddiaçının qeyd olunan hərəkətləri qanunvericiliyin tələbləri baxımından isə hüquqa zidd və sahibkarlıq sahəsində rəqabətin aparılması qaydalarının pozulmasıdır. Bu baxımdan cavabdeh orqan tərəfindən iddiaçıya maliyyə sanksiyası tətbiq olunması əsaslıdır. Belə ki, “Haqsız rəqabət haqqında" Qanunun 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər, qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər, habelə qeyd olunan Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanları, bazar subyektləri və onların vəzifəli şəxsləri qanun pozuntusunu dayandırmaq və onun nəticələrini aradan qaldırmaq haqqında Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməyə, tətbiq edilmiş maliyyə sanksiyaları ödəməyə borcludurlar. Həmin Qanunun 12-ci maddəsinnin 1-ci hissəsinə əsasən bazar subyektlərinə bu Qanunun 4-cü maddəsində qadağan olunmuş hərəkətlərə yol verdikdə — haqsız rəqabətə yol verilməklə, satılmış mallardan, (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) bir misli həcmində, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə — iki misli həcmində maliyyə sanksiyaları tətbiq edilir. Cavbdehin mübahisələndirilən qərarından görünür ki, qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla, cavbdeh tərəfindən iddiaçının əldə etdiyi gəlir, onun özü tərəfindən ərizəsi ilə cavabdehə orqana təqdim etdiyi kassa çekləri və sadələşdirilməş bəyannamə (işə əlavə olunmuşdur) göstəriciləri əsasında 5731,33 manat məbləğində hesablanaraq, həmin məbləğin bir misli qədər də ona maliyyə sanksiyası tətbiq olunmuşdur. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin qərarı ilə haqsız rəqəbətə yol verdiyinə görə iddiaçının 5731,33 manat hesablanaraq maliyyə sanksiyası tətbiq olunması və ondan aşkar olunan nöqsanların aradan qaldırılaraq nəticəsi barədə Xidmətə məlumat verilməsi barədə göstərişinin verilməsi qanuni və əsasılıdr. Qanuni və əsaslı olan qərar isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 70.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə, o halda, həmin inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozmuş olsun. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, iş üzrə hərtərəfli araşdırma aparılaraq, sübutlarla müəyyən olunan hallara, maddi və prosessual hüquq normalarına uyğun olan, iddianın rədd edilməsi barədə, düzgün nəticəyə gəlmişdir Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7508/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7508/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar