Məhkəmə qərarları › İş №2-1(103)-1166/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1166/2021

17.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1166/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı qeyri-yaşayış sahəsinə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-654/2020 nömrəli iş üzrə 04 fevral 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Nəsimi küçəsində yerləşən qeyri-yaşayış binasının eskiz layihəyə uyğun olaraq onun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 04.02.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının əsaslarına görə, “... işdə olan Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin 570/a saylı, 04 may 2007ci il tarixli qərarından görünür ki, ünvan 1 ünvanda yaşayan İddiaçı müraciətini nəzərə alaraq, “Bələdiyyə torpaqlarının idarə edilmsəi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq və Biləcəri bələdiyyə üzvlərinin ümumi iclasının 05 saylı, 04.05.2007-ci il tarixli protokoluna əsaslanaraq, Biləcəri bələdiyyəsi hüdudları daxilində uzun müddətdən bəri isitfadə etdiyi 30.0 kv.m torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alğı-satqı yolu ilə İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. İşdə olan sənədlərdən görünür ki, həmin torpaq sahəsinə dair Biləcəri Bələdiyyəsi ilə İddiaçı arasında torpaqların alğı-satqısına dair akt tərtib edilmişdir. Həmçinin torpaq sahəsinin cizgisi Biləcəri bələdiyyəsi və Bnəqədi rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. İşdə olan Biləcəri Bələdiyyəsi tərəfindən verilmiş A-504 saylı, 08 iyul 2019-cu il tarixli arayışdan görünür ki, həqiqətən Biləcəri Bələdiyyəsinin hüdudları daxilində 04.05.2007-ci il tarixli, 570/a saylı qərara əsasən sahibkarlıq fəaliyyəti ilə məşğu olmaq üçün 30.0 kv.m torpaq sahəsi İddiaçı adına sənədləşdirilmişdir. İşdə olan Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış 27 fevral 2018-ci il tarixli, 02/12-09-26/A-160-093 saylı məktubdan görünür ki, onun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən və istifadəsində olan 30 kv.metr olan torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış sahəsinin (mağaza) layihəsinin təsdiq olunması barədə müraciət etmiş, müraciətinə cavab olaraq Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun hərəkət etməsi tövsiyə olunmuşdur. İşdə olan “xxxx” MMC tərəfindən tərtib edilmiş eskiz layihədən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində İddiaçı məxsus mağazanın layihəsi tərtib edilərək, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır. İşdə olan Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 27 fevral 2018-ci il tarixli, 32 saylı istifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismarına icazədən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsində yerləşən ümumi sahəsi 30 kv.metr olan 1 mərtəbəli, mansardlı qeyri-yaşayış sahəsinin (mağaza) şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyi və ondan təyinatı üzrə istifadənin mümkünlüyünu nəzərə alaraq, 27.02.2018-ci il tarixində istismarına icazə verilmişdir. Hazırda iddiaçı razılaşdırılmış layihə əsasında inşa edilmiş və 27.02.2018-ci il tarixdən istismarına icazə verilmiş qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, buna dair texniki pasportun və reyestrdən çıxarışın verilməsini istəyir. İş materiallarından görünür ki, iddiaçı bununla bağlı Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətindən 10.10.2019-cu il tarixli, **********75 saylı məktubla imtina edilmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». Məhkəmə imtinanın əsasları ilə bağlı qeyd edir ki, Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin 31 saylı, 12 yanvar 2007-ci il tarixli qərarına əsasən daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçıya ayrılmışdır. Həmin torpaq sahəsində iddiaçı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış layihə əsasında tikinti işləri aparmış və tikinti başa çatdıqdan sonra icra hakimiyyəti tərəfindən 27 fevral 2018-ci il tarixdə tikinti obyektinin mövcud vəziyyətdə istismarına icazə verilmişdir. Həmçinin imtina üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsasların olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd olunanları, o cümlədən qanunvericiliklə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin imtinası qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.” Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, sözügedən qeyri-yaşayış binasının tikintisinə icazə sənədi və yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Bundan başqa, təqdim edilmiş eskiz layihəsi və istismara icazə Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən təsdiq edilməmişdir. Həmçinin, təqdim edilmiş layihədə layihəçinin möhürü surətdir. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq imtina məktubu ünvanlanmışdır. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1245/2020 nömrəli iş üzrə 23.09.2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 04.02.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-263/2021 nömrəli iş üzrə 13.01.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 23.09.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qərarın ləğvi hissədə əsaslıdır. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarına əsasən apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “17. Məhkəmə kollegiyası qeyd edir ki, məlum iddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsində yerləşən qeyri-yaşayış binası onun qanuni sahibliyində və istifadəsindədir. Həmin qeyriyaşayış sahəsinin eskiz layihəsi Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 2008-ci il tarixdə təsdiq edilmiş, istismara icazə sənədi isə 27 fevral 2018-ci il tarixdə verilmişdir. Həmin qanuni sahibliyində və istifadəsində olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh ərizə ilə müraciət etsə də, cavabdeh tərəfindən müraciətindən qanunsuz və əsassız olaraq imtina edilmişdir.

18. İşdə olan (iş səhifələri 4–5) cavabdehin iddiaçıya verdiyi 10 oktyabr 2019-cu il tarixli imtina məktubundan göründüyü kimi, cavabdehin həmin imtinanı verərkən istinad olunan «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1, 8.0.9.2, 8.0.10.1, 11.1-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyəti haqqında» Əsasnamənin 4.11.11.5, 4.11.12, 4.18.2-ci maddələri olmuşdur.

19. Burada məhkəmə kollegiyası xüsusi olaraq cavabdehin istinad etdiyi, lakin apelyasiya instansiyası məhkəməsinin işin faktiki halları baxımından tam və hərtərəfli araşdırmadığı Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 4.11.11.5, 4.11.12, 4.18.2-ci bəndlərinin tələbləri üzərində dayanmağı zəruri hesab edir.

20. İlk öncə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanı ilə təsdiq edilmiş Əsasnamə 6 iyun 2012-ci il tarixdə qəbul edildiyi halda, iddiaçıya Biləcəri Bələdiyyəsi tərəfindən adıçəkilən torpaq sahəsinin alqı-satqısı barədə 570/A saylı qərar 04 may 2007-ci il tarixdə, yəni, Əsasnamə qəbul edilməmişdən 5 il əvvəl çıxarılmış və həmin Əsasnamədəki müddəaların tətbiq edilib-edilməməsi Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi baxımından qiymətləndirilməli idi.

21. Digər tərəfdən həmin Əsasnamədə İ, İİ və İİİ məsuliyyət səviyyəli binalardan bəhs edilir, lakin iddiaçıya məxsus binanın (mağazanın) hansı məsuliyyət səviyyəli binanın olması və nəticə etibarı ilə də (sənədlərin təqdim edilməsi baxımından) buna müvafiq hüquqi qiymət verilməsi apelyasiya instansiyası məhkəməsində ümumiyyətlə araşdırma predmeti olmamışdır.

22. Həmçinin qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin 570/a saylı, 04 may 2007-ci il tarixli qərarına əsasən ünvan 1 ünvanda yaşayan İddiaçı müraciətini nəzərə alaraq, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq və Biləcəri bələdiyyə üzvlərinin ümumi iclasının 05 saylı, 04 may 2007-ci il tarixli protokoluna əsaslanaraq, Biləcəri bələdiyyəsi hüdudları daxilində uzun müddətdən bəri istifadə etdiyi 30.0 kvadrat metr torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır.

23. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, həmin torpaq sahəsinə dair Biləcəri Bələdiyyəsi ilə İddiaçı arasında torpaqların alğı-satqısına dair akt tərtib edilmişdir. Həmçinin torpaq sahəsinin cizgisi Biləcəri bələdiyyəsi və Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir.

24. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış 27 fevral 2018-ci il tarixli, 02/12-09-26/A-160-093 saylı məktuba əsasən onun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən və istifadəsində olan 30 kvadrat metr olan torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış sahəsinin (mağaza) layihəsinin təsdiq olunması barədə müraciət etmiş, müraciətinə cavab olaraq Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun hərəkət etməsi tövsiyə olunmuşdur.

25. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, «xxxx» MMC tərəfindən tərtib edilmiş eskiz layihəyə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində İddiaçı məxsus mağazanın layihəsi tərtib edilərək, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır.

26. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, işdə olan Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 27 fevral 2018ci il tarixli, 32 saylı istifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismarına icazəyə əsasən İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsində yerləşən ümumi sahəsi 30 kvadrat metr olan 1 mərtəbəli, mansardlı qeyriyaşayış sahəsinin (mağaza) şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyi və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq, 27 fevral 2018-ci il tarixində istismarına icazə verilmişdir.

27. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə yuxarıda gəldiyi nəticəyə gələrkən qeyd etmişdir ki, inzibati orqan iddiaçının müraciəti ilə bağlı aparılmış araşdırmalar nəticəsində müəyyən etmişdir ki, sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə və tikintiyə icazə sənədi təqdim olunmamışdır.

28. Halbuki «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir.

29. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim edilməlidir.

30. Həmçinin apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya torpaq sahəsi ayrılan zaman «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun qüvvədə olan 6.5-ci maddəsinin redaksiyasına görə torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.

31. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

32. «Bələdiyyə torpaqların ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında» Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasının məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanına göndərir.

33. Əsasnamənin 18-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerinin, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir.

34. Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planlama) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır.

35. Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyə göndərir.

36. Əsasnamənin 22-ci bəndinə əsasən bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir.

37. «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında» Əsasnamənin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 may 2002 ci il tarixli 696 saylı Fərmanına əsasən həmin Əsasnamənin 17-ci, 18-ci, 19-cu, 21-ci, 22-ci bədlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları həyata keçirirlər.

38. Buna görə də apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçıya torpaq ayrılan zaman qüvvədə olan qanunvericiliyin tələblərinə görə torpaq sahəsinin ayrılması üçün əvvəlcə Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi alınmalı, ayrılması nəzərdə tutulan torpaq sahəsinin yeri, habelə torpaq sahəsinin yerləşdiyi zona və torpağın normativ qiyməti Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müəyyən edilməli, yalnız bundan sonra bələdiyyə torpağın dəyəri ödənildikdən sonra torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə qərar qəbul edə bilər.

39. Lakin Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən iddiaçıya Biləcəri bələdiyyəsi hüdudları daxilində ayrılmış 30,0 kvadrat metr torpaq sahəsi ayrılarkən ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerinin müəyyənləşdirilməsi üçün həmin dövrdəki müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edilməsi, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin razılığının alması iş materialları ilə müəyyən edilmir.

40. Daha sonra apelyasiya instansiyası məhkəməsi göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» əsasnamənin 4.11.11.5. və 4.11.12-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsə də, Əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir.

41. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin əlavəsi olan rayon icra hakimiyyəti başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığından Bakı şəhərində qeyri yaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir».

42. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, 09 noyabr 2007-ci il tarixdən Azərbaycan Respublikası Şəhərsalma və Dövlət Arxitekturası Komitəsi yaradılmış və Bakı şəhər İcra Hakimiyyətinin nəzdində Memarlıq və Şəhərsalma Baş İdarəsi yoxdur, onun səlahiyyətləri isə yuxarıda göstərilmiş yeni dövlət strukturuna verilməsi araşdırılmamışdır.” İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Həmin Məcəllənin 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28.02.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə kassasiya instansiyası məhkəməsinin göstərişləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında nəzərdə tutulmuş qanuni hədlər daxilindədir və həmin tələblərə uyğun əsaslandırılmışdır. Bu baxımdan, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsaslarına uyğun hüquqi qiymət verən məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqelərə istinad edərək, hesab edir ki, birinci instansiya məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda həcmdə sübutların araşdırılması tələb olunduğu üçün, məhkəmə icraatının davam etdirilməsi zəruridir. Belə ki, İPM-in 12-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Azərbaycan Respublikası Konstitusiyasının 132-ci maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə yuxarı instansiya məhkəmələridir. İMP-in “Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri” adlı 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Sadalanan normaların təhlili göstərir ki, inzibati mühakimə icraatı qaydasında baxılan mübahisələrdə zəruri sübutları toplamaq birinci instansiya məhkəməsinin tam (istisnasız) borcu olduğu halda, yuxarı instansiya məhkəməsi olan apellyasiya məhkəməsinə münasibətdə bu vəzifə nisbi xarakter kəsb edir. Təsadüfi deyildir ki, qanunverici İPM-in 82-ci maddəsində sübutların apellyasiya məhkəməsi tərəfindən toplanmasından yox, bu yeni sübutların ona təqdim olunmasından bəhs etmişdir. Bu da özlüyündə o deməkdir ki, apellyasiya məhkəməsi yuxarı instansiya məhkəməsi olmasına istinad edərək ona təqdim olunan sübutları qəbul etməkdən, həmçinin, kassasiya instansiyasında olduğu kimi bu sübutları məzmunca müzakirə edib, onlara müvafiq hüquqi qiymət verməkdən imtina edə bilməz. İPM-in 82-ci maddəsində Məcəllənin 12-ci maddəsinə göndəriş edilməsi də apellyasiya instansiyası məhkəməsini zəruri sübutları toplamaq məsələsində birinci instansiya məhkəməsi ilə bərabərləşdirmir. Əgər belə bir halın mövcudluğu fərz olunsa idi, onda bu üç pilləli məhkəmə sistemi prinsipi ilə ziddiyyət təşkil edər, apellyasiya instansiyası məhkəməsinin şaquli xətt üzrə yuxarı deyil də, üfüqi xətt üzrə növbəti (sonrakı) məhkəmə kimi birinci instansiya məhkəməsinin yerinə keçərək, onu əvəz etməsi, sonuncunun isə formallığı anlamına gələrdi. Məhz bu yanlış mövqenin nəticəsidir ki, bir sıra işlərdə birinci instansiya məhkəmələri “apellyasiya instansiyası məhkəməsi ... işə ... sübutlar ... əsasında mahiyyəti üzrə tam həcmdə baxır” müddəasını səhv təfsir edərək, qanunvericiliklə bilavasitə onların əsas vəzifəsi kimi müəyyən edilmiş zəruri sübutları toplamaq borcunu bəzən görüntü üçün, bəzən tələm-tələsik yerinə yetirmək, bəzən isə hazırkı işdə olduğu kimi lazımi qaydada yerinə yetirməməklə işin əsl məhkəmə tədqiqatını apellyasiya müstəvisinə köçürməyə cəhd edirlər. Bunun nəticəsində də apellyasiya instansiyası məhkəmələri birinci instansiya məhkəmələrinin əvəzinə onların işini görməyə məcbur edilərək, yuxarı instansiya məhkəmələri kimi öz əsl funksiyalarından uzaqlaşmaqla, ədalət mühakiməsinin həyata keçirilməsində qanunla onların üzərinə düşən əsas vəzifələrin yerinə yetirilməsində çətinliklərlə üzləşirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 17.09.2014-cü il tarixli Qərarında inzibati apellyasiya icraatının əsas qaydaları şərh olunaraq göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında mülki işlər üzrə apellyasiya icraatının hədlərinə dair dolğun və müfəssəl şərh verilmişdir. Həmin Qərarda qeyd edilmişdir ki, “Apellyasiya institutu əksər dövlətlərin mülki-prosessual qanunvericiliyində öz əksini tapmış və onun iki növü nəzərdə tutulmuşdur: tam və natamam apellyasiya. Tam apellyasiya zamanı (Fransa, İtaliya) mövcud prosessual hüquqda nəzərdə tutulmuş apellyasiya icraatının əhəmiyyəti işə mahiyyəti üzrə yenidən baxılmasından, məqsədi isə məhkəmə səhvlərinin aradan qaldırılmasından və tərəflərin özlərinin yol verdikləri nöqsanların düzəldilməsindən ibarətdir. Tərəflər birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutlarla yanaşı, işi tamamilə dəyişə bilən yeni sübutlar təqdim etmək hüququna malikdirlər. Bu cür yanaşma nəticəsində apellyasiya məhkəməsi birinci instansiya icraatının nə qədər dolğun olmasına baxmayaraq, işi tam həll etməyə borcludur və onu birinci instansiya məhkəməsinə yenidən baxılması üçün qaytarmaq hüququna malik deyil. Apellyasiya instansiyasında işin faktiki halları tam həcmdə tədqiq olunur, birinci instansiya məhkəməsində olduğu kimi sübutların qiymətləndirilməsi üzrə eyni hərəkətlər aparılır. Natamam apellyasiya zamanı (Avstriya, Almaniya) isə sübutetmə prosesi birinci instansiya məhkəməsində cəmlənib, apellyasiya məhkəməsi isə birinci instansiyada tərəflərin təqdim etdiyi faktiki materiallar əsasında işə yenidən baxaraq onun səhvlərini və nöqsanlarını aradan qaldırmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27.08.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanılmasındakı məhdudiyyətlər ölkəmizdə natamam apellyasiyanın olmasına dəlalət edir. Tam apellyasiyadan fərqli olaraq, natamam apellyasiya zamanı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini əvəz etmir, onun vəzifəsi birinci instansiyada işin mahiyyətinə aid olmayan hallardan təmizlənmiş və apellyasiya şikayətinin həcmində mübahisənin predmetinə baxılmasından ibarətdir.” İPM-in 87.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Məhkəmə kollegiyası qeyd edir ki, sübutların əhəmiyyətli sayda və ya geniş həcmdə araşdırılmaması anlayışı işin həcminə və predmetinə görə fərqlilik göstərdiyindən, bir iş üçün əhəmiyyət kəsb edən sübut sayı digəri ilə müqayisədə dəyişə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, əhəmiyyətli sayda sübutları araşdırmadan yekun məhkəmə aktı qəbul edən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Bakı İnzibati Məhkəməsinin 2-1(112)-654/2020 nömrəli iş üzrə 04 fevral 2020-ci il tarixli qərarı ləğv edilsin, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilsin. Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar