Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1166/2022 20.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı yeni məlumat vərəqinin verilməsi barədə tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1843/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh qurumda xidmət çəkdiyi dövr ərzində “Usta” məharət dərəcəsi və “xarici dil bilməyə” görə aldığı əlavələrin təminat xərcliyinə əlavə edilməklə bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına yeni məlumat vərəqəsinin göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsinə dair tələb irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1979-cu ildən 2005-ci ilə qədər Dövlət Təhlükəsizliyi xidmətində müxtəlif vəzifələrdə qulluq etmişdir. Xidmət çəkdiyi dövr ərzində qüsursuz xidmətə görə “Usta” məharət dərəcəsinə yiyələnmiş və həmin dərəcəyə malik olduğundan onun vəzifə maaşına müəyyən miqdarda əlavələr hesablanmışdır. Bundan başqa,o, işlədiyi dövr ərzində xarici dil biliyimə görə də, maaşına əlavələr alırdı. Xidmət göstərdiyi dövr ərzində yuxarıda göstərilən əlavələri alsa da, sonradan onların heç biri onun xüsusi orqanlarda fəaliyyətinə görə “təminat xərcilyi”-nə daxil edilməmişdir. Halbuki, o, xidmət çəkdiyi dövr ərzində “Usta” məharət dərəcəsindən məhrum edilməmiş, o cümlədən xarici dil biliklərini də, itirməmişdir. Qeyd olunan əlavələrin onun “təminat xərcliyinə” əlavə edilməsi üçün o, xx.xx.2019-cu il tarixdə ərizə ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etsə də, həmin xidmət tərəfindən onun ərizəsinə heç bir münasibət bildirilməmişdir. Həmçinin, xx.xx.2020-ci il tarixdə vəkili tərəfindən onun “Usta” məharət dərəcəsi, “xarici dil biliyinə” görə əlavə ödənişlərdən məhrum edilmə səbəblərinin öyrənilməsi məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə sorğu verilmiş, lakin, həmin sorğuya qeyd olunan məlumatların verilməsinin mümkün olmaması bildirilərək, cavab verilməmişdir. Bundan sonra, o, xx.xx.2020-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (keçmiş Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxlərlə iş Departamenti) müraciət edərək, “məharət dərəcəsi” və “xarici dil biliyi” ilə bağlı aldığı müavinətlərin pensiyasına əlavə edilməsi və pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizəsində qeyd olunan əlavələrin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən onlara göndərilən məlumat vərəqəsində əks olunmadığı üçün onun pensiyasının hesablanmasından imtina etmişdir. Beləliklə, Dövlət Təhlükəsizliyi Xidmətində xidmət keçdiyi dövr ərzində vəzifə maaşına “məharət dərəcəsi” və “xarici dil biliyi” ilə bağlı əlavələr alsa da, hazırda həmin əlavələr onun pensiyasına əlavə edilərək hesablanmır. Buna səbəb isə cavabdeh tərəfindən pensiya təyin edən orqana təqdim olunan məlumat vərəqəsində qeyd olunan əlavələrin əks olunmamasıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1843/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı “Usta” məharət dərəcəsi və “xarici dil bilməyə” görə aldığı əlavələrin onun təminat xərcliyinə əlavə edilməklə bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərə Təyinat üzrə Mərkəzi Filialına yeni məlumat vərəqəsinin göndərilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə edilmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı C. Bağırov 01 noyabr 1999cu ildən yenidən hərbi xidmətə qəbul edilmiş, 26 fevral 2005-ci il tarixədək keçmiş Milli Təhlükəsizlik Nazirliyində hərbi xidmətdə olmuşdur. Xidmətdən ehtiyata buraxılarkən hazırda iddia ərizəsində tələb edilən “usta məharət” dərəcəsinə və “xarici dil biliyinə” görə əlavələrin heç birini almamışdır. Nəzərə alınmalıdır ki, yuxarıda göstərilən Nazirlər Kabinetinin qərarlarına əsasən hərbi qulluqçulara qeyd olunan əlavələrin təyin olunması qaydası xidmət etdikləri qurumlar tərəfindən müəyyən edilir. İddiaçı C. Bağırov 26 fevral 2005-ci il tarixində yenidən hərbi xidmətdən ehtiyata buraxılarkən həmin dövr qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 40-cı maddəsinə əsasən pensiya təyin edilmişdir. Buna baxmayaraq məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə istinad etməklə iddia tələbinin təmin edilməsinə dair qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə qərarında qeyd etmişdir ki, “İddiaçının hərbi xidmətdən buraxıldığı, dövrdən sonra qüvvəyə minmiş yüngülləşdirici norma olan xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın müvafiq müddəaları nəzərə alınmaqla, iddiaçıya pensiya hesablanması üçün Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilməli olan “Məlumat vərəqəsində” xarici dil (ingilis dili) bilməyə görə aylıq vəzifə maaşına 10% əlavə və usta məharət dərəcəsinə görə aylıq vəzifə maaşına 35 % əlavə nəzərə alınmalıdır” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlarda nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən , ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. 03 avqust 2004-cü il tarixdən qüvvəyə minmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 20.3-cü maddəsinə əsasən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanununa və bu qanuna uyğun pensiya hüququna malik olan kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zamanı onların xidmətdən tərxis olunan günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensiyasından başqa digər növ kompensasiya, birdəfəlik ödəmələr, müavinətlər, büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 fevral 1994-cü il tarixli, 67 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifələrinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Qərarının 1-ci maddəsinə əsasən usta məharət (ali ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinin məharət (tibbi hərbi qulluqçularının isə ixtisas) dərəcəsinə görə aylıq vəzifə maaşına 35 faiz məbləğlərində əlavələr müəyyən edilir. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı 01 avqust 1979-cu ildən, 20 may 1998-ci ilə qədər cavabdeh qurumda hərbi xidmətdə olmuşdur. İddiaçı C. Bağırova xidmət etdiyi dövr ərzində “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” 19 oktyabr 1992-ci il tarixli 562 və “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 17 fevral 1994-cü il tarixli 67 nömrəli qərarlarının tələbləri nəzərə alınaraq, müvafiq qaydada 01 iyun 1990-cı ildən 01 iyun 1992-ci ilə qədər xarici dil bilməyə görə vəzifə maşına 10% və 09 mart 1997-ci ildən 20 may 1998-ci ilə qədər “usta” məharət dərəcəsinə görə vəzifə maaşına 35% əlavə ödənilmişdir. O, 01 yanvar 1999-cu ildən yenidən hərbi xidmətə qəbul edilərkən ona təyin olunmuş pensiya dayandırılmış, 26 fevral 2005-cı il tarixində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” yarımbəndi (yaşa görə) ilə müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı hərbi xidmətdən ehtiyata buraxıldığı günə təminat xərcliyi vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə 90% əlavədən və ərzaq payı əvəzinə verilən pul kompensasiyasından ibarət olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 01 avqust 1979-cu ildən 20 may 1998-ci ilə qədər hərbi xidmətdə olmuş, ona həmin dövr qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən pensiya təyin edilmişdir Sonradan o, 01 noyabr 1999-cu ildən yenidən hərbi xidmətə qəbul edilmiş və 26 fevral 2005-ci il tarixədək keçmiş Milli Təhlükəsizlik Nazirliyində hərbi xidmətdə olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı göstərilən dövrlərdə iddia tələbində göstərilən “usta məharət” dərəcəsinə və “xarici dil biliyinə” görə əlavələrin heç birini almadığından hazırkı iddia tələbi əsassızdır və təmin edilə bilməz. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28.01 2014-cü il tarixli Qərarına görə Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsi ümumi şəkildə normativ hüquqi aktın yalnız gələcəyə dair qaydaların müəyyən etdiyini və onun geriyə qüvvəsinin olmadığını nəzərdə tutur. Belə ki, “normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir" ifadəsinin mahiyyəti onunla izah edilir ki, məhkəmə, normativ hüquqi aktı, onun qüvvəyə minməsindən əvvəl baş vermiş faktlara (münasibətlərə), bu faktların yaratdığı hüquqi nəticələri dəyişmək və ya ləğv etmək məqsədilə tətbiq edə bilməz. Normativ hüquqi akt, onu qəbul edənin diktəsidir, bu isə yalnız gələcək zamana təsir edə bilər. Əksər normativ hüquqi aktların “lex retro non agit” prinsipinə əsasən geriyə qüvvəsi olmur, həmin aktlar yalnız hüquqi qüvvəyə mindikdən sonra yaranan münasibətlərə tətbiq edilir. Normativ hüquqi aktın hüquqi qüvvəsinin geriyə şamil olunmaması hüquq sistemində qayda və hüquqi təhlükəsizlik zəmanətini yaradır. Belə məhdudiyyət, ilk növbədə, qanunvericiliyin və təcrübədə normaları tətbiq edən orqanların fərdin subyektiv hüquqlarına haqqsız müdaxiləsindən qoruyur. Konstitusiya hüququ baxımından hüquq sistemində "fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran” hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi istisna olunmur. Plenumun Qərarına əsasən şəxsin “hüquqi vəziyyət’! onun hüquq və vəzifələrinin məcmusunu xarakterizə edərək qanun nöqteyi-nəzərindən bu subyektin cəmiyyətdə tutduğu mövqeyi və malik olduğu imkanları səciyyələndirir. Hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair" Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli digər Qərarında formalaşdırılan mövqeyə görə bəzi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəlidir.Eyni zamanda qanunverici pensiyaların hesablanmasının, təyin və əldə edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqildir (sərbəstdir). Lakin bütün hallarda qeyd olunan fərqləndirmə Konstitusiyada təsbit edilmiş bərabərlik hüququna müvafiq olaraq o halda və tərzdə mümkündür ki, bu şərtlər obyektiv hallara əsaslansın, özünü doğrultsun, konstitusiya əhəmiyyətli məqsədlərə xidmət etsin və bu məqsədlərə nail olmaq üçün istifadə olunan hüquqi vasitələrə mütənasib olsun. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının pensiyasının həmin tarixə qüvvədə olan qanunvericiliyə uyğun olaraq təyin edildiyindən və iddia edilən əlavələri hərbi xidmətdən buraxıldığı günə almadığına görə iddia tələbi iddiaçının hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmədən yalnız onun maddi vəziyyətinin yaxşılaşdırılmasına yönəlmişdir. Bu səbəbdən yeni qanunvericiliyin qəbul olunması onun hüquqi vəziyyətini yaxşılaşdıran hal kimi qiymətləndirilməməli və bərabərlik hüququnun pozulması kimi qəbul olunmamalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı əssasız olduğundan ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94-cü və 99-cu maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qəraraaldı: Cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1843/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “cavabdeh qurumda xidmət çəkdiyi dövr ərzində “Usta” məharət dərəcəsi və “xarici dil bilməyə” görə aldığı əlavələrin təminat xərcliyinə əlavə edilməklə bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına yeni məlumat vərəqəsinin göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi rədd edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər . Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1166/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1166/2022
20.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver