Məhkəmə qərarları › İş №2-1(103)-1166/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1166/2025

06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1166/2025 06.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X4 və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X3 Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə “mənzil növbəsinə götürülmə” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10367/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Cavabdehnə qarşı "mənzil növbəsinə götürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, o, Beyləqan rayonu üzrə yaşayış yeri üzrə qeydiyyatda olmuş, hal-hazırda Bakı şəhərində qeydiyyatda olmaqla yaşamaqdadır. Cavabdehə müharibə əlili kimi mənzil növbəsinə götürülməsi barədə müraciət etmiş, lakin müraciəti heç bir əsaslı səbəb olmadan təmin edilməmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aldığı əlilliyi ilə əlaqədar mənzil növbəsinə götürülmə öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, M. Kaveroçkin küçəsi, ev 10 qeydiyyatda olan İddiaçı Cavabdehnə 5-15/1-B-50-068/2024 saylı, 17.05.24-cü il qeydiyyat tarixli ərizə ilə müraciət edərək, imtiyazlı şəxs kimi mənzil növbəsinə qəbul edilməsi köməklik göstərilməsi barədə müvafiq sərəncam verilməsini xahiş etmişdir. Cavabdeh 5-15/1-B-50- 068/2024, xx.xx.2024-cü il tarixli məktubu ilə ərizəçiyə bildirilmişdir ki, ’’Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi” Qaydalarının 8-ci bəndinin 2-ci hissəsinə əsasən Bakı şəhərində yeddi il daimi qeydiyyatı olan vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırmasına ehtiyacı olanların uşotuna götürülürlər. İddiaçı Bakı şəhərində yeddi il daimi qeydiyyatı olmadığından və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri DövlətXidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-B0167- 8/2024/**********14 saylı, xx.xx.2024-cü il tarixli arayışa əsasən mülkiyyətində Beylaqan rayonu, Milabad kəndində 0.04 ha topaq sahəsi olduğundan onun xahişinin təmin etmək mümkün deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10367/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və iddiaçı X2 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aldığı əlilliyi ilə əlaqədar mənzil növbəsinə götürülməsi öhdəliyi Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 10367/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı xx.xx.1983- cü ii tarixdən xx.xx.1985-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmiş, təkrar olaraq xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında çavuş rütbəsində və xx.xx.1994-cü ii tarixdən xx.xx.1995-ci il tarixədək isə kiçik gizir rütbəsində hərbi xidmət keçmiş, dekabr 1993-cü ildə Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanmış, xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının Hərbi Həkim Komissiyası tərəfindən “Xəstəliklər cədvəlinin 14b və 39b maddəsinə (MN-nin 260 nömrəli 1987-ci ii tarixli əmri)” əsasən sülh dövründə sıradankənar xidmətə yararlı, müharibə dövründə 1 (birinci) dərəcəli məhdud yararlı hesab edilmiş, Müdafiə Nazirinin xx.xx.1995-ci il tarixli əmri əsasında xx.xx.1995-ci il tarixdə Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş məktubdan görünür ki, ehtiyatda olan gizir İddiaçı ondan ötrü ki, o, Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin edilməyib və adı güzəştli mənzil növbəsində qeydiyyata alınmamışdır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlilliyə görə 330 (üç yüz otuz) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. - İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, iddiaçının Bakı şəhərində 7 il daimi qeydiyyatı olmadığına və mülkiyyətində Beyləqan rayonunda 0.04 ha torpaq sahəsi olduğuna görə onun müraciətinin təmin edilməsindən imtina edilir. - Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı xx.xx.2003- cü il tarixdən xx.xx.2019-cu il tarixədək Beyləqan rayonu, Milabad qəsəbəsində qeydiyyatda olmuşdur. xx.xx.2019-cu il tarixdən hazıradək isə ünvan 1 ünvanında qeydiyyatdadır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı adına Beyləqan rayonu, Milabad kəndində yerləşən 0,04 ha həyətyanı və ümumi birgə mülkiyyətində olan 1,6642 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri qeydiyyata alınmışdır.Bayramova (Əliyeva) Fazilə Sevdimalı qızının adına Beyləqan rayonu, Mil kəndində yerləşən ümumi birgə mülkiyyətində olan 0,15 ha həyətyanı və ümumi birgə mülkiyyətində olan 0,27 ha, 1,9152 ha və 0,0689 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - MKİS tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 2014-cü ildən xx.xx.2021-ci il tarixədək ünvan 2 ünvanında qeydiyyatsız yaşayıb. xx.xx.2021-ci il tarixdən 2022-ci ilin noyabr ayına kimi qeydiyyata olub yaşayış. Lakin hazırda həmin ünvanda yaşamır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə görə əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın: 1-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürmək, növbə müəyyən etmək və yaşayış sahələri vermək məsələlərinə dair komissiyanın təklifləri müvafiq yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən müzakirə və təsdiq edilir. 2-ci bəndinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar - mənzil-tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər. 4-cü bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. 5-ci bəndinə əsasən aşağıdakılar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sayılır: a) həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailəsinin hər üzvünün mənzil sahəsi ilə təminatı rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyənləşdirilmiş səviyyədən aşağı olan vətəndaşlar; b) dövlət və ictimai mənzil fondu evlərində əsas kirayəçidən kirayəyə götürmək şərtilə və ya mənzil-tikinti kooperativlərinə məxsus evlərdə, yaxud da fərdi mənzil fondu evlərində kirayə müqaviləsi ilə uzun müddət yaşayan və başqa yaşayış sahəsinə malik olmayan vətəndaşlar. Bu müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Soveti həmin rayonun, şəhərin və ya digər yaşayış məntəqəsinin şəraitini əsas götürməklə müəyyən edir; v) mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olaraq, yataqxanaya köçən vətəndaşlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar; q) müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən yaşayış evində (yaşayış sahəsində) yaşayan vətəndaşlar. Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının yerli X1 aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş «Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları»nın: 7-ci bəndində Bakı şəhərində daimi yaşayan mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların kateqoriyaları sadalanmışdır. 8-ci bəndinə görə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərində bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər. Hazırkı işin hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aldığı əlilliyi ilə əlaqədar mənzil növbəsinə götürülməsini xahiş edir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən iddiaçının son 7 il ərzində Bakı şəhərində yaşamadığına istinad edərək onun mənzil növbəsinə götürülməsindən imtina edilmişdir. İmtinanın hüquqi əsası qismində isə Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların hüquqi və mənzillərin bölüşdürülməsi Qaydalarının 8-ci hissəsi göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Lakin, Mənzil Məcəlləsinin 51.7-ci maddəsi ilə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyini nəzərdə tutulsa da, hazırki halda uçota alınma ilə bağlı yeganə və mövcud qüvvədə olan qanunvericilik yuxarıda adıçəkilən “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları” və “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”dan ibarətdir. Müvafiq Qaydaların yuxarıda qeyd edilən müddəalarından da müəyyən olunur ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar azı son 5 il ərzində Bakı şəhərində yaşamış olduqları halda, Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar isə yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. Daimi yaşamağın müddəti isə Bakı şəhərində pasport qeydiyyatının tarixi ilə müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, adıçəkilən Qaydalarda müddətlə bağlı şərtin ödənilməsinin vacibliyi xüsusi olaraq vurğulansa da, həmin normanın məqsədi onunla bağlıdır ki, şəxs mənzil növbəsinə daimi yaşadığı, ailə üzvləri ilə birgə təsərrüfat apardığı ərazi üzrə götürülsün. Belə ki, şəhər və rayon üzrə mənzil növbəsinə götürülən şəxslərə təqdim edilən mənzillərin bazar dəyərinin fərqliliyi nəzərə alınmaqla və eyni ərazi üzrə mənzil növbəsinə götürülmə sayının əsassız artımının qarşısının alınmasına yönəlmiş bu norma Azərbaycan SSR dövründə qəbul edilsə də təkcə hüquqi baxımından yox, həmçinin işin faktiki halları baxımından da öz əhəmiyyətini saxlayır. Lakin, daimi yaşama müddətinin Bakı şəhərində pasport qeydiyyatının tarixi ilə müəyyən edilməsini məhkəmə hal-hazırda qüvvədə olan qanunvericiliyin tələbləri baxımından öz əhəmiyyətini itirməsi və hazırkı işin faktiki hallarına münasibətdə tətbiq edilməməsi qənaətindədir. Belə ki, hal-hazırda qüvvədə olan qanunvericilik Azərbaycan SSR dövründə qüvvədə olan qanunvericilikdə fərqli olaraq yaşayış yerinə münasibətdə yeni tənzimləmə müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsindən də müəyyən edilir ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəyə görə yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Qanunvericiliyin tələbindən də göründüyü kimi şəxsin bir yaşayış yeri üzrə qeydiyyatda olması ilə bağlı mütləq şərt nəzərdə tutulsa da şəxsin bir-neçə yaşayış yerinin olması ilə bağlı da tənzimləmə həyata keçirilmiş və hər hansı şəxsin bir-neçə yaşayış sahəsinə malik olması hüququ tanınmışdır. Bu isə, o deməkdir ki, hazırkı mübahisənin həlli hal-hazırda qüvvədə olan qanunvericiliyin tələbi baxımından iddiaçının Bakı şəhərində yaşamasını təkcə onun yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı yox, faktiki olaraq daimi Bakı şəhərində yaşamasının digər sübutlarla yoxlanılmasından asılı olacaqdır. Yəni, cavabdehin qeyd etdiyi kimi şəxsin Bakı şəhərində son 7 il ərzində yaşaması yoxlanılmalıdır ki, bu zaman cavabdehin mövqeyindən fərqli olaraq şəxsin hansı tarixdən yaşayış yeri üzrə qeydiyyata alınması əhəmiyyət kəsb etmir. Ümumilikdə onun Bakı şəhərində faktiki olaraq daimi yaşaması da nəzərə alınmalıdır. İş materiallarında olan MKİS tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı ünvan 2 ünvanında 2014-cü ildən xx.xx.2021-ci il tarixədək qeydiyyatsız yaşamış, xx.xx.2021-ci il tarixdə qeydiyyata düşmüş və 2022-ci ilin noyabr ayınadək həmin ünvanda yaşamışdır. Bakı şəhəri İcra Hakimiyyətinin nəznində olan MənzilKommunal Təsərrüfatı Departamentləri və onun nəznində olan digər qurumlar əhalinin mənzil-kommunal xidmətlərinə tələbatın daha tam ödənilməsi məqsədilə mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, balansında olan mənzilkommunal sahələrinə rəhbərlik, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi, şəhərin sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, qeyri-yaşayış sahələrindən təyinatı üzrə səmərəli istifadə edilməsinin təmin edilməsi, əsaslı tikinti və təmir sahəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş səlahiyyətlər dairəsində abadlıq, tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, modernləşdirilməsi və qurulması, aşınmalara uğramış liftlərin dəyişdirilməsi və texniki xidməti, şəhər yollarının istismarı və cari təmiri, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi, fəvvarələr və yeraltı keçidlərin istismarı və təmiri, şəhərin mənzil-kommunal təsərrüfatı ilə bağlı digər funksiyaları həyata keçirir. Belə olan halda məhkəmə Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş məlumatı nəzərə alaraq arayışda göstərilən məlumatların mötəbərliyini nəzərə alır. Göründüyü kimi cavabdehin imtinasının birinci dəlili əsassız olmuşdur. Digər dəlillə bağlı qeyd edilməlidir ki, iddiaçının Azərbaycan Respublikasının digər bölgəsində olan torpaq sahəsinin mülkiyyətçisi olması, şəxsin həmin bölgədə yaşaması məcburiyyətini yaratmır. Hər bir şəxs konstitusiya ilə qorunan hüquq və azadlıqları əsasında istədiyi ərazidə yaşamaq hüququna malikdir. Başqa sözlə, əgər şəxs hər hansı bölgədə torpaq sahəsinin mülkiyyətçisi olarsa, bu hal onun mütləq qaydada həmin ərazidə fərdi yaşayış evi tikmək və orada yaşamaq kimi bir məcburiyyət nəzərdə tutmur. Vətəndaşa belə bir məcburiyyət tətbiq olunarsa, şəxsin yaşayış seçimişi ilə bağlı hüquqları məhdudlaşdırılmış olur. Digər tərəfdən nəzərə alınmalıdır ki, həmin torpaq sahəsi üzərində təkcə onun mülkiyyət hüquqları deyil, həmçinin digər fiziki şəxslərin mülkiyyət hüquqları qeydə alınmışdır. Yəni, həmin torpaq sahəsi ümumi birgə mülkiyyətdə olduğundan, iddiaçının torpaq sahəsinin özgəninkiləşdirilməsini və ya üzərində fərdi yaşayış evinin tikintisi ilə bağlı sərbəst hərəkətlər icra edə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10367/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10367/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar