Məhkəmə qərarları › İş №2-1(103)-1167/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1167/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1167/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illərin sığorta stajına əlavə edilməklə ona 10.12.2020-ci il tarixdən (62 yaşı tamam olduğu tarixdən) yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5780/2021 saylı 18 oktyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 aprel 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. JB seriyalı 044695 saylı 02.07.1981-ci il tarixli diplomdan görünür ki, İddiaçı Əzizbəyov adına X9 Ordenli Azırbaycan neft və kimya institutunda elektrik aparatları ixtisası üzrə təhsil almışdır. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı 17.09.1983-cü il tarixli əmək kitabçasından görünür ki, o, 12.09.1983-23.10.1989-cu illərdə Bakı ət kombinatında menecer-konstruktorçu, menecer energetik vəzifələrində işləmiş, 01.03.1990-cı ildə Azərbaycan Respublikası SSR STN-nin “Ocaq” trestinin Bakı Təmir Tikinti İdarəsində texniki istehsalat şöbəsinə mühəndis vəzifəsinə təyin edilmiş, 17.02.1997-ci ildə işdən çıxmış, 20.03.1997-04.01.1998-ci illərdə 12 saylı trestin Xüsusi Təmir Tikinti İdarəsində baş mühəndis işləmiş, 12.02.1998-ci ildə yenidən Azərbaycan Respublikası “Xidmət” Dövlət şirkətinin “Ocaq” trestinin Bakı şəhər Təmir Tikinti İdarəsinin texniki istehsalat şöbəsinə mühəndis qəbul edilmiş, 05.12.2005-ci ildə işdən azad edilmişdir. İddiaçı ona yaşa görə pensiyanın təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********6 saylı 15.02.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 2020-ci ilin 1 iyul tarixindən 01.07.2021-ci il tarixinədək qadınların pensiya yaşı 62 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim edilmiş 17.09.1983-cü il tarixli əmək kitabçası və əyani təhsil müddəti haqqında diploma əsasən onun ümumi iş stajı 01.01.2006-cı ilədək 21 il 9 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Onun əmək kitabçasında qeyd olunan 12.02.1998-ci il tarixdən 05.12.2005-ci il tarixədək işlədiyi “Xidmət” Dövlət şirkəti və “Ocaq” trestinin Bakı şəhəri TTİ-nin faktiki və və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması mümkün olmamışdır. Qeyd olunanlar nəzərə alınaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericilik baxımından mümkün olmamışdır. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “12.02.1998-ci il tarixdən 05.12.2005-ci il tarixədək Azərbaycan Respublikası “Xidmət” Dövlət şirkəti “Ocaq” trestinin Bakı Təmir Tikinti İdarəsinin texniki istehsalat şöbəsində mühəndis vəzifəsində işlədiyi müddətin onun sosial sığorta stajına əlavə edilməklə ona 10.12.2020-ci il tarixdən, yəni 62 yaşı tamam olduğu tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, inzibati orqana və məhkəməyə təqdim etdiyi əmək kitabçası və diplom ilə onun 26 il 6 aydan artıq sığorta stajının hesablanması, habelə 10.12.2020-ci ildə 62 yaşının tamam olması ona Nərimanov RPİ tərəfindən 05.01.2009-cu ildə verilmiş şəxsiyyət vəsiqəsi ilə təsdiq olunur. Ona görə də onun əmək kitabçasındakı tədqiq olunan qeydlərin işlədiyi təşkilatların səlahiyyətli şəxsləri tərəfindən imzalanması və təşkilatların möhürü ilə təsdiq edilməsi, həmin qeydlərdə düzəlişlər olmaması və əmək kitabçasının tamlığının pozulmaması, habelə həmin müəssisələrdə işlədiyi bütün əmək fəaliyyəti dövrünün 18 fevral 1997-ci il tarixdə qəbul olunmuş “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu ilə əhatə olunması və həmin qanunun müəyyən etdiyi qaydaların müəssisə üçün məcburi xarakter daşıması, həm də qeyd olunan Qanuna əsasən məcburi sığorta haqlarının yığılmasının təmin edilməsi vəzifəsinin məhz DSMF orqanlarının üzərinə düşməsi – bütün bunlar onun əmək kitabçasındakı və diplomdakı qeydlərə əsasən 26 il 6 aydan çox olan iş stajı, məhz onun sığorta stajı kimi qiymətləndirilməlidir. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi 17.09.1983-cü il tarixli İT – İ № ******* nömrəli əmək kitabçası və əyani təhsil müddəti haqqında 044695 nömrəli ali təhsil diplomuna əsasən 01.01.2006- cı il tarixədək 18 il 9 ay 7 gün ümumi iş stajı vardır ki, bu da qanunvericiliklə tələb edilən müddətdən (25 ildən) azdır. Əlavə olaraq, Sosial Ödənişlərin Təyinatı üzrə X6, daxili nəzarət və monitorinq departamentinin Monitorinq və araşdırma şöbəsinin 04.02.2021-ci il tarixli Xidməti məruzəsinə əsasən iddiaçının 12.02.1998-ci il tarixdən 05.12.2005-ci il tarixədək işlədiyi “Xidmət Dövlət Şirkəti” “Ocaq” trestinin Bakı şəhəri TTİnin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün araşdırılmamış və həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2, 27.1 və 29.1-1-ci maddələrinə əsasən iddiaçının 01.01.2006-cı il tarixədək 18 il 9 ay 7 gün ümumi iş stajı və ona uyğun olaraq 13913,74 manat pensiya kapitalı hesablanmışdır. Qeyd edilməlidir ki, Qanunun 7-ci maddəsinin tələblərinə əsasən əmək pensiyasının minimum məbləğindən az olmayan pensiyanın təyin olunması üçün vətəndaşın hüququnun yarandığı 10.12.2020-ci il tarixə tələb olunan pensiya kapitalı 28 800 manatdır. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 Alt Sisteminə əsasən Qanunun 22.1.1-ci maddəsini tətbiq etməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin olunması üçün vətəndaşın 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Digər tərəfdən hüquqi şəxsin dövlət qeydiyyatına alınması onun fəaliyyət göstərməsi demək deyil. İddiaçının əmək kitabçasına əsasən 05.12.2005-ci il tarixədək işlədiyi müəssisənin VÖEN-nin aşkar edilməməsi onun fəaliyyətini, eləcə də iddiaçının həqiqətən bu müəssisədə işləyib-işləməməsini sual altına qoyur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5780/2021 saylı 18.10.2021-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək, İddiaçı 12.02.1998-ci il tarixdən 05.12.2005- ci il tarixədək Azərbaycan Respublikası "Xidmət" dövlət şirkəti “Ocaq" trestinin Bakı Təmir Tikinti İdarəsinin texniki istehsalat şöbəsində mühəndis vəzifəsində işlədiyi müddətin ümumi sosial sığorta stajına daxil edilərək, 62 yaşının tamam olduğu 10.12.2020-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iddiaçının Azərbaycan Respublikası "Xidmət" dövlət şirkəti “Ocaq" trestinin Bakı Təmir Tikinti İdarəsində işləməyinə dair əmək kitabçasında olan 05.12.2005-ci il tarixli çıxış qeydində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə istinad edilmişdir. Halbuki “İşçilərin əmək kitabçasının forma və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 186 saylı 26.12.1996-cı il tarixli Qərarının 4.1-ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq olunur. Göründüyü kimi, iddiaçıya məxsus əmək kitabçasında 2005-ci ilin dekabr ayında edilmiş qeyddə işçinin işdən çıxma səbəbi qüvvədə olan qanunvericiliyə uyğun olaraq deyil, ondan 6.5 il əvvəl qüvvədən qüşmüş ƏQM-ə uyğun olaraq əsaslandırılmışdır ki, bu da özlüyündə həmin qeydlərin mötəbərliyini şübhə altına alır. Apellyasiya şikayətinə yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının 62 yaşının tamam olduğu 10.12.2020-ci il tarixə 25 ildən artıq sığorta stajı olmuş, bu hal ona məxsus əmək kitabçası ilə də öz təsdiqini tapır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 15.02.2021-ci il tarixdir. Lakin iş materiallarından həmin imtina məktubunun iddiaçı tərəfindən alınması müəyyən edilmir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə 15.04.2021ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı 25 ildən artıq stajının olmasına əsaslanaraq, “12.02.1998-ci il tarixdən 05.12.2005-ci il tarixədək Azərbaycan Respublikası “Xidmət” Dövlət şirkəti “Ocaq” trestinin Bakı Təmir Tikinti İdarəsinin texniki istehsalat şöbəsində mühəndis vəzifəsində işlədiyi müddətin onun sosial sığorta stajına əlavə edilməklə, ona 10.12.2020-ci il tarixdən, yəni 62 yaşı tamam olduğu tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsini tələb edir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun ümumi iş stajının 25 ildən az (21 il 9 ay) olması, həmçinin pensiya kapitalının kifayət qədər olmaması əsası ilə tələbin təmin olunmasından imtina edilmişdir. Sonradan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun tələbi təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının ümumi iş stajının 25 ildən çox, yəni 26 il 7 ay 7 gün olmasına, onun işlədiyi müəssisənin mövcud olmasına və 2007-ci ildə özəlləşdirilməsinə, eləcə də müəssisənin arxiv sənədlərinin mövcud olmamasının iddiaçının ziyanına şərh edilə bilinməməsinə, arxiv sənədlərinin saxlanılmasının iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərinin səlahiyyətində olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İddiaçı xx.xx.1958-ci ildə doğulduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə görə onun iddia tələbində göstərdiyi 62 yaşdan pensiya hüququ yaranmışdır. Bəhs edilən normaya görə iddiaçıya yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 62 yaşı tamam olması, 2) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı. İddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə təhsil barədə sənədini (diplomunu) və əmək kitabçasını təqdim etmişdir. İddiaçıya məxsus JB seriyalı 044695 saylı 02.07.1981-ci il tarixli diplomdan görünür ki, o, 1976-1981-ci illərdə Əzizbəyov adına X9 Ordenli Azırbaycan neft və kimya institutunda elektrik aparatları ixtisası üzrə təhsil almışdır. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, 12.09.1983-23.10.1989-cu illərdə Bakı ət kombinatında menecer-konstruktorçu, menecer energetik vəzifələrində işləmiş, 01.03.1990-cı ildə Azərbaycan Respublikası SSR STN-nin “Ocaq” trestinin Bakı Təmir Tikinti İdarəsində texniki istehsalat şöbəsinə mühəndis vəzifəsinə təyin edilmiş, 17.02.1997-ci ildə işdən çıxmış, 20.03.1997-04.01.1998-ci illərdə 12 saylı trestin Xüsusi Təmir Tikinti İdarəsində baş mühəndis işləmiş, 12.02.1998-ci ildə yenidən Azərbaycan Respublikası “Xidmət” Dövlət şirkətinin “Ocaq” trestinin Bakı şəhər Təmir Tikinti İdarəsinin texniki istehsalat şöbəsinə mühəndis qəbul edilmiş, 05.12.2005-ci ildə işdən azad edilmişdir. Hazırda cavabdeh inzibati orqan iddiaçının ümumi iş stajının 25 ildən az olması, pensiya kapitalının kifayət qədər olmaması, eləcə də onun işlədiyi müəssisənin arxiv sənədlərinin olmaması səbəbindən 12.02.1998-ci ildən 05.12.2005-ci ilədək olan dövrlərdə sosial sığorta stajının araşdırılmasının mümkün olmaması və buna görə də pensiya hüququnun yaranmaması qənaətindədir. İddiaçının 1998-2005-ci illərdə işləməsi barədə qeydlər əmək kitabçasında öz təsdiqini tapsa da, cavabdeh bu qeydlərin həqiqətə uyğun olmadığını sübut edən heç bir halın olmadığı halda onları qəbul etmir, yeganə dəlil olaraq həmin müəssisənin arxiv sənədlərinin saxlandığı ünvanın məlum olmadığına istinad edir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 4/877 saylı 27.04.2021-ci il tarixli məktubundan görünür ki, “Xidmət” Dövlət şirkətinin “Ocaq” Trestinin Bakı şəhər Təmir Tikinti İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə təhvil verilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 19.06.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası “Xidmət” Dövlət şirkətinin “Ocaq” tresti və həmin trestin Bakı şəhər Təmir Tikinti İdarəsi adlı hüquqi şəxslərin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 23 iyun 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası “Xidmət” Dövlət şirkətinin “Ocaq” trestinin Təmir Tikinti Sahəsi 22.09.1993-cü ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir. 2004-cü ildən hazırkı dövrədək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. İşin 75 və 82-ci səhifəsində olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 11.08.2021-ci il tarixli və 13.09.2021-ci il tarixli məktublarından görünür ki, keçmiş Xidmət Dövlət Konserninin “Ocaq” icarə təmir tikinti trestinin ünvan 5 ünvanında yerləşən Bakı şəhər Təmir Tikinti İdarəsi “Azərbaycan Respublikasında Dövlət Əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq 2007-ci ildə hərrac vasitəsilə özəlləşdirilmişdir. Məktuba əlavə edilmiş 002012 qeydiyyat nömrəli şəhadətnamədən görünür ki, sözügedən Təmir Tikinti İdarəsi qanunvericilikdə müəyyən edilmiş qaydada satın alınmışdır. Beləliklə, sadalanan hallardan görünür ki, iddiaçının işlədiyi müəssisə mövcud olmuş, 2007-ci ildə özəlləşdirilmişdir. Cavabdehin istinad etdiyi hal- iddiaçının işlədiyi müəssisənin arxiv sənədlərinin mövcud olmaması barədə gətirdiyi dəlillə bağlı qeyd olunmalıdır ki, arxiv sənədlərinin saxlanılması iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası hesab edir ki, məhkəmə düzgün olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.03.2000-ci il tarixli 32 nömrəli qərarı ilə təsdiq olunmuş Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamənin müvafiq müddəalarına düzgün olaraq istinad etmişdir. Bununla yanaşı, Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: (-). İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. 3-cü qrafada işin adı, peşəsi, yaxud vəzifəsi, həmçinin vahid tarif cədvəli üzrə əməyin ödənilməsi dərəcəsi konkret göstərilməklə hansı sexə, şöbəyə, bölməyə, sahəyə, peşə və ya vəzifəyə təyin edilməsi yazılır. İşçinin qəbul edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında qeyd fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatına və müvafiq sahələr üzrə fəhlə peşələrinin və qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçalarına və digər müvafiq sənədlərə əsasən aparılır. İşəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. İddiaçının əmək kitabçasından görünür ki, o, 12.02.1998-ci il tarixdən 05.12.2005-ci il tarixədək sözügedən müəssisədə işləmiş, 05.12.2005-ci il tarixdə işdən azad olunmasına dair verilən əmr işəgötürənin imza və möhürü ilə təsdiq edilmişdir. Beləliklə, iş üzrə iddiaçının əmək kitabçası və verilmiş məhkəmə sorğularına əsasən təqdim olunmuş cavab məktublarının məzmunundan aydın olur ki, iddiaçının 1998-2005-ci illərdə işlədiyi müəssisə mövcud olmuşdur. Buna görə də iddiaçının 1998- 2005-ci illər üzrə iş stajını sübut edən əsas sənəd- əmək kitabçası təqdim olunan digər sənədlərlə birlikdə qiymətləndirilərək həmin dövrdə iş yeri olan müəssisənin fəaliyyət göstərməsi, iddiaçının da həmin müəssisədə işləməsi faktı təsdiq olunduğu üçün həmin dövr ona pensiya təyin edilməsi üçün iş stajına daxil edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının mübahisəli dövrdə- 12.02.1998-05.12.2005-ci illərdə işlədiyi müəssisənin arxiv sənədlərinin olmamasına görə həmin illərdəki stajı qəbul etməsə də, iddiaçının həmin müəssisədə işlədiyi 01.03.1990-17.02.1997-ci illərdəki stajını qəbul etmiş, belə olan halda istinad etdiyi imtinanın əsasını təşkil edən dəlili əsaslandıra bilməmişdir. Halbuki “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 01.01.2006-cı il tarixədək qüvvədə olan qanunun tələbinə görə əmək kitabçasında qeyd olunan 12.02.1998-ci ildən 05.12.2005-ci il tarixədək olan dövr üzrə stajdan irəli gələn hüquqlarının (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna və iddiaçının artıq bunadək qazanmış olduğu hüququnun (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Odur ki, iddiaçının 12.02.1998-ci il tarixdən 05.12.2005-ci il tarixədək işlədiyi müddət onun stajına daxil edilməlidir. Belə olan halda iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki şərtdən biri- 25 ildən az olmayan ümumi sığorta stajına malik olması şərti ödənildiyi üçün digər şərtə- “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi” şərtinin yoxlanılmasına ehtiyac qalmır. Odur ki, iddiaçının əmək kitabçasındakı qeydlər nəzərə alınmaqla onun 01.01.2006cı il tarixədək olan dövr üzrə işlədiyi müddət stajına daxil edilməlidir. Cavabdeh tərəf iddiaçının əmək kitabçasındakı qeydlərin düzgün olmadığını, ya da mübahisələndirdiyi 1998-2005-cı illər üzrə olan müddətin şübhəli olması ilə bağlı halları əsaslandıra bilməmiş, bu barədə mötəbər sübutları təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. O ki qaldı apellyasiya şikayətinin dəlillərinə, məhkəmə kollegiyası həmin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qəbul etmir və hesab edir ki, həmin dəlillər qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi və iddianın rəddi üçün əsas yaratmır. Bununla bağlı iddiaçının 12.02.1998-05.12.2005-ci illər üzrə işlədiyi dövrün onun ümumi stajına daxil edilməklə, ona 62 yaşının tamam olduğu, yəni 10.12.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbi əsaslı olduğu üçün birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5780/2021 saylı 18 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5780/2021 saylı 18 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar