Məhkəmə qərarları › İş №2-1(103)-1167/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1167/2023

10.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1167/2023 10.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə X6 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə (üçüncü şəxs X4) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9148/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, X1 ünvan 1 ünvanında yerləşən AMEA-nın yataqxanasından qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və iddiaçıya ünvanladığı 14 aprel 2022-ci il tarixli, 091-22994-1222 nömrəli məktubla həmin şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Bundan sonra İddiaçı cavabdehlər Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AMEA-nın yataqxanasının yerləşdiyi ünvana, ünvan 2aimi qeydiyyata alınmış X1 AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin tabeliyində olan yataqxananın qeydiyyatından çıxarılması öhdəliyinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra xx.xx.2022-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, hazırkı iş üzrə cavabdeh qismində Bakı şəhər Yasamal rayon Polis İdarəsini, üçüncü şəxs kimi X3 göstərməklə AMEA-nın yataqxanasının yerləşdiyi ünvan 2aimi qeydiyyata alınmış X1 AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin tabeliyində olan yataqxananın qeydiyyatından çıxarılması öhdəliyinin Bakı şəhər Yasamal rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9148/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi işə baxarkən yaddan çıxarmışdır ki, Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı yataqxanası Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Dövlət reyestrində AMEA-mn Aspirantları üçün yataqxana binası kimi qeydiyyatdan keçmişdir.Məhkəməyə təqdim olunmuş İddiaçı xx.xx.2022-ci il tarixli 01-6/757 nömrəli arayışında qeyd edilmişdir ki, vətəndaş X4 İddiaçı magistratura, doktorantura və dissertanturasında hazırda təhsil almır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayəti müdafiə edərək qərarın ləğv edilməsini və iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və 3-cü şəxs məhkəmə iclasına gəlməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçnın apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan : İddiaçı Azad Həmkarlar İttifaqının xx.xx.2004-cü il tarixli, 15 saylı orderindən görünür ki, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi X4 ünvan 1 ünvanında yerləşən 94a saylı otaqla təmin olunmuşdur. DİN-in BPQMİ-nin xx.xx.2022-ci il tarixli məktubundan və DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.1972-ci il təvəllüdlü X4 Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 12 ünvanında yerləşən 94a saylı mənzildə qeydiyyatdadır. İddiaçı Riyaziyyat və Mexanika İnstitunun xx.xx.2014-cü il tarixli, 186 nömrəli əmrdən çıxarışdan görünür ki, “Elastiklik və Plastiklik nəzəriyyəsi” şöbəsinin böyük elmi işçisi X4 xx.xx.2014-cü il tarixdə işdən azad edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli, 01-6/755 nömrəli məktubundan görünür ki, X4 hazırda Milli Elmlər Akademiyasının magistratura, doktorantura və dissertanturasında təhsil almır. DİN-in BPQMİ-nin xx.xx.2022-ci il tarixli məktubundan və DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.1972-ci il təvəllüdlü X4 Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 12 ünvanında yerləşən 94a saylı mənzildə qeydiyyatdadır. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli, 697 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 12 ünvanında yerləşən bina aspirantların yaşadığı yataqxanadır və İddiaçı balansındadır. İşin müəyyən edilmiş hallarından görünür ki, 3-cü şəxs X4 iddiaçı tərəfindən AMEAnın Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi olması əsası ilə ünvan 1 ünvanında yerləşən 94a saylı otaqla təmin olunmuş, xx.xx.2014-cü il tarixdə iddiaçı tərəfindən işdən azad edilmişdir. Daha sonra iddiaçı X1 ünvan 1 ünvanında yerləşən AMEA-nın yataqxanasından qeydiyyatdan çıxarılmasını üçün cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən müraciətinin təmin olunmasından imtina edildikdən sonra isə iddiaçı hazırkı tələblə Baki İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməməsi ilə yekunlaşmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsinə əsasən : 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.1.2. yataqxanalarda yaşayış sahələri; 91.1.3. manevr fondu yaşayış sahələri; 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Həmin məcəllənin 93-cü maddəsinə əsasən : 93.1. Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. 93.2. Yataqxanalar bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir. 93.3. Yataqxanalarda yaşayış sahələri mebel ilə və vətəndaşların orada yaşaması üçün zəruri olan digər əşyalarla təmin edilir. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102.2-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1. hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2. yaşa görə pensiyaçılar; 102.2.3. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4. işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. 102.3. Bu Məcəllənin 102.2-ci maddəsində göstərilən vətəndaşlara müvafiq yaşayış məntəqəsinin hüdudları daxilində və ya onların yazılı razılığına əsasən digər yaşayış məntəqəsində yerləşən yaşayış sahələri verilir. 102.4. Bu Məcəllənin 101.2-ci maddəsində nəzərdə tutulmuş hallarda digər yaşayış sahələri verilməklə vətəndaşların xidməti yaşayış sahələrindən və ya yataqxanalarda yaşayış sahələrindən çıxarılması müvafiq yaşayış sahələrini verən əvvəlki mülkiyyətçi və ya dövlət (bələdiyyə) orqanı tərəfindən həyata keçirilir. Həmin məcəllənin Maddə 104.2-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsi əmək münasibətləri, xidmət keçdiyi və ya təhsil aldığı müddətləri əhatə edir. Əmək münasibətlərinin, təhsilin xitamı, habelə xidmətkeçmədən azad edilmə yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, AMEA-nın aspirantlar yataqxanası xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir və yuxarda qeyd olunan normalardan da göründüyü kimi yataqxanalar daimi istifadə üçün deyil, yalnız istifadəsinə verilmiş vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulmuşdur. Məhkəmə araşdırmasından və iş materiallarından məlum olur ki, hazırda 3-cü şəxs X4 AMEA-da təhsil almır, xidmət keçmir və AMEA-ı ilə arasında hər hansı əmək münasibətləri mövcud deyil. Həmçinin Kollegiya tərəfindən 3-cü şəxsin Mənzil Məcəlləsinin 102.2-ci maddəsinin təsiri altına düşməsi də müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin öz qərarını əsaslandırarkən qüvvədən düşmüş Mənzil Məcəlləsinin 106, 107,108 və 105-ci maddələrinə istinad etməsilə bağlı Kollegiya qeyd edir ki, həmin maddələrin məzmunundan görünür ki, yataqxanalar fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşamaları üçün nəzərdə tutulmuş və 105-ci maddənin təsir dairəsinə düşən şəxslərin də həmin yaşayış sahələrində yaşadıqları təqdirdə çıxarılmaları qadağan edilmişdir. Eyni zamanda hazırda qüvvədə olan Mənzil Məcəlləsində də bu qeyd olunmuşdur. Lakin, iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilən ünvan 1 ünvanında yerləşən AMEA-nın yataqxanasında qeydiyyatda olan lakin yaşamayan şəxslər barədə siyahıdan X1 8 ildən artıq müddətdə qeyd olunan ünvanda yaşamadığı müəyyən olunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228- ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.” Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır:

1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir;

2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. İş materiallarından iddiaçının qeydiyyatda olduğu yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etmədiyi və həmin yaşayış sahəsində yaşamadığı müəyyən edilmişdir. Göründüyü kimi, X1 qeydiyyatdan çıxarılması üçün Konstitusiya Məhkəməsinin qərarında qeyd olunan hər iki şərtin mövcudluğu iş materialları ilə və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmış və buna uyğun olaraqda sözügedən mənzildə sonuncunun qeydiyyatda qalması üçün əsaslar olmadığından Kollegiya tərəfindən iddiaçının tələbinin haqlı olması qənaətinə gəlinmişdir. Eyni zamanda işin faktiki vəziyyətindən görünür ki, X1 və sonuncu ilə eyni vəziyyətdə olan (hazırda AMEA-da təhsil almayan və ya əmək münasibətlərinə xitam verilmiş) həmin mənzillərdə yaşamayan digər şəxslərin yataqxana mənzillərində qeydiyyatda qalmaları AMEA-da təhsil alan, xidmət keçən və ya işləyən şəxslərin həmin mənzillər ilə təmin ediməsinin iddiaçı tərəfindən reallaşdırılmasını mümkünsüz edir. Beləliklə, yuxarda göstərilən sübutlara məcmu şəklində qiymət verən Kollegiya hesab edir ki, iddiaçının apelyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, cavabdehin imtinası əsassız olmaqla yanaşı iddiaçının hüquqlarını məhdudlaşdırdığından iddiaçının apelyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsaslı olduğundan Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilərək iddia təmin olunmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apelyasiya şikayəti təmin edilsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9148/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. ünvan 4 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmış X1 AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin tabeliyində olan yataqxanadan qeydiyyatdan çıxarılması cavabdeh Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Səadət Bəktaşi Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar