Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1168/2022 18.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2-1(112)-3658/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 15-18 mart 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsi, 3 saylı evin iki otaqlı 46 saylı mənzilinin adına özəlləşdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 3 saylı evin iki otaqlı 46 saylı mənzili - Bakı şəhəri İcra Hakimiyəti Başçısının birinci müavini E.Əzizovun imzası ilə təsdiq edilmiş 08.04.1992-ci il tarixli, 310/30 saylı sərəncam, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 001900 saylı, 24.02.1993-cü il tarixli order əsasında üç nəfər ailə üzvü ilə onun sahibliyinə və istifadəsinə verilmişdir. Cavabdehə müraciət etmiş və yuxarıda göstərilən ünvanda yerləşən iki otaqlı mənzilin onun adına özəlləşdirilməsini xahiş etmiş və 28.12.2020-ci tarixdə cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsi, 3 saylı evin iki otaqlı 46 saylı mənzilinin xidməti mənzil olması əsas gətirilmiş və mənzilin özəlləşdirilməsindən imtina edilmişdir. Qeyd olunduğu kimi, mənzil sahəsinin hərbi qulluqçu olaraq onun və ailə üzvlərinin istifadəsinə verilməsinə əsas olan a) Bakı şəhəri, İHB-nin birinci müavini E.Əzizovun imzası ilə təsdiq edilmiş, 08.04.1992-ci il tarixli 310/30 saylı sərəncamda; b) Mənzil sahəsinin ayrılması üçün əsas sənəd hesab edilən 001900 saylı, 24.02.1993-cü il tarixli orderdə Bakı şəhəri, Binəqədi rayonu Əcəmi Naxçivani küçəsi, 3 saylı evin 46 saylı mənzilinin xidməti mənzil olaraq onun adına rəsmiləşdirilməsi barədə heç bir qeyd mövcud deyil. Azərbaycan Respublikası Müdafiə Nazirli Mənzil İstismar İdarəsinin 4033 saylı 13.09.2019-cu il tarixli məktubla balans saxlayıcı – Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi təsdiq edir ki, Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsi, 3 saylı, 2 otaqlı, 46 saylı mənzilə verilmiş 001900 saylı 24.02.1993-cü il tarixli order xidməti yox, daimi orderdir. «Mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi məlum halda Binəqədi rayonu Ə.Naxçivani küçəsi 3 saylı evin 46 saylı mənzilinə şamil olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 3 ünvanında yerləşən, 2 otaqlı, 46 saylı mənzilin mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilmsəi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2-1(112)-3658/2021 nömrəli nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: A.Abdullayeva) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı tərəfindən müvafiq mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 26.10.2020-ci İİ tarixdə müraciət edilmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur kl, Nəsimi Rayon İcra Hakimiyyətinin 08.04.1992-ci İİ tarixli, 310/30 saylı qərarına əsasən verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsi, 3 saylı evin, 46 saylı mənzili xidmətidir. Mənzilin daimi verilməsinə dair hər hansı sənəd təqdim olunmamışdır. Qeyd olunan mənzilin daimi verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sərəncam təqdim ediləcəyi təqdirdə ərizəyə yenidən baxıla bilər. Bu səbəbdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa **********98 saylı, 28.12.2020-ci il tarfxli cavab məktubu ünvanlanmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, iddia tələbinin mümkünlüyü məhkəmə tərəfindən araşdırılmamış və nəticə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 3 ünvanında yerləşən, 2 otaqlı, 46 saylı mənzilin mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilmsəi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh öz imtinasının əsasında sözügedən mənzilin Nəsimi rayon İcra Hakimiyyətinin 08.04.1992-ci il tarixli, 310/30 saylı qərarına əsasən verilmiş xidməti mənzil olduğuna istinad etsə də, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş arayışla bildirilmişdir ki, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 08.04.1992-ci il tarixli, 310/30 nömrəli sərəncam əsasında Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 3, 46 sayı mənzilə verilmiş 24.02.1993-cü il tarilxi, 001900 nömrəli order daimi orderdir. Beləliklə də, sözügedən arayış cavabdehin arqumentinin əsassız olmasına dəlalət edir. Eləcə də, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən sübutlara məcmu halında qiymət verərək qeyd etmişdir ki, işdə olan kifayət qədər mötəbər sübutlarla (qərar, order və s,) müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 46 saylı mənzil iddiaçının ailə üzvləri ilə birlikdə daimi istifadəsinə verilmiş, həmin mənzil 1993-cü il tarixdən iddiaçının və ailə üzvlərinin daimi istifadəsindədir. Hazırda mənzildə iddiaçının arvadı 1964-cü il təvəllüdlü X3 və 1998-ci il təvəllüdlü X5 qeydiyyatdadır və həmin şəxslər də notarial qaydada ərizə təqdim edərək, mübahisəli mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmirlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafə Nazirliyi Mənzil- İstismar İdarəsi tərəfindən verilmiş 13.09.2019-cu il tarixli, 4033 nömrəli arayışdan görünür ki, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 08.04.1992-ci il tarixli, 310/30 nömərli sərəncam əsasında Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 3, 46 nömrəli mənzilə verilmiş 24.02.1993-cü il tarixli, 001900 nömrəli order daimi orderdir. İş materiallarında olan 1 saylı Bakı “Asan xidmət” Mərkəzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışın surətindən görünür ki, İddiaçı 29.06.2003-cü il tarixdən ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Həmin ünvanda İddiaçı başqa, 28.08.1964cü il təvəllüdlü X3 və 23.09.1998-ci il təvəllüdlü X5 qeydiyyatdadırlar. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş X3 tərəfindən verilmiş 14.02.2019-cu il tarixli, **********705 nömrəli ərizənin surətindən görünür ki, o, ünvan 4 ünvanda yerləşən 46 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və reyestrdən çıxarış verilməsinə etiraz etmir. İş materiallarında olan 102 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 04 sentyabr 2019-cu il tarixli, 722 nömrəli arayışın surətindən görünür ki, İddiaçı ünvan 4 ünvanda yerləşən 46 saylı mənzildə qeydiyyatdadır. Bina tikilib təhvil verildiyi gündən, halhazırradək Binəqədi rayonu 102 saylı Mənzil Kommunal İstismarı Sahəsinin balansındadır. İş materiallarında olan Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 001900 nömrəli, 24.02.1993-cü il tarixli orderin surətindən görünür ki, Ə.Naxçıvani küçəsi, ev 3 ünvanda yerləşən, 30.15 kv.m sahəsi olan, 2 otaqlı, 5-ci mərtəbədə 46 saylı mənzil 3 nəfər ailə tərkibi (özü, arvadı 1964-cü il təvəllüdlü X3 və 1993-cü il təvəllüdlü qızı) ilə İddiaçı ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 07.11.2018-ci il tarixli, M-179 nömrəli Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavinin 08.04.1992-ci il tarixli, 310/30 saylı qərarından arxiv çıxarışının notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, Nəsimi rayon İcra Hakimiyyətinə ünvanlanmış ünvan 6l tarilxi, 74 saylı məktubu ilə hərbi qulluqçulara orderlərin təsdiqi və verilməsi üçün 12.02.1992-ci il tarixli və 25.03.1992-ci il tarixli, N saylı hərbi hissə komandirinin təsidq edilmiş siyahısı təqdim edilmişdir. Sovet Ordusu və Hərbi Dəniz Donanmasının Mənzil Müavinətlərinin, Mənzil-İstismar Xidmətinin 4-cü fəslinin 26-cı b. və 12.09.1986-cı il tarixli, 7/8139 saylı BŞİ məktubuna əsasən hərbi qulluqçulara orderlər verilmiş: 4. İddiaçı – gizir, 3 nəfərlik ailə tərkibi ilə, (özü, arvad, qızı) 30.15 kv.m sahəsi olan, 2 otaq, Naxçıvani küçəsi, ev 3, mənzil 46. İş materiallarında olan məhkəmənin sorğusuna 102 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş cavab olaraq verilmiş 495 nömrəli, 17.06.2021-ci il tarixli məktubdan görünür ki, Ə.Naxçıvani küçəsi, ev 3, mənzil 46 ünvanı barədə 102 saylı MKİSdə olan məlumata əsasən vətəndaş İddiaçı adına 01900 nömrəli, 24.02.1993-cü il tarixli orderə əsasən mənzilin sahibidir və hal-hazırda orada aşağıdakı ailə üzvləri ilə birlikdə qeydiyyatdadır və yaşayır – 1. İddiaçı – özü, 2. X1 – arvadı, 3. X5 – oğlu. İş materiallarında olan notarial qaydada tərcümə və təsdiq edilmiş ərizənin surətindən görünür ki, X6 ünvan 7 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 28.12.2020-ci il tarixli, **********98 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının mübahisəli mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə müraciətinə cavab olaraq bildirilmişdir ki, aparılan araşdırma zamanı Nəsimi rayon İcra Hakimiyyətinin 08.04.1992-ci il tarixli, 310/30 saylı qərarına əsasən verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 3 saylı evin, 46 saylı mənzili xidmətidir. Mənzilin daimi verilməsinə dair hər hansı sənəd təqdim olunmamışdır. Qeyd olunan mənzilin daimi verilmsəi haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sərəncam təqdim ediləcəyi təqdirdə ərizəsinə yenidən baxıla bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydasını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.11-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçəməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi əsas hesab edilir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci abzasına əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 3-cü hissəsinə əsasən, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Normaların məzmunundan da göründüyü kimi qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib: mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Göründüyü kimi, qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan şəxslərin razılıq ərizələri və 2 №-li formada arayış da əlavə edilməklə) mənzilə dair hüququn qeyd alınması üçün əsasdır. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, Ə.Naxçıvani küçəsi, ev 3 ünvanda yerləşən, 30.15 kv.m sahəsi olan, 2 otaqlı, 5-ci mərtəbədə 46 saylı mənzil Bakı şəhəri İcra Hakimiyəti Başçısının birinci müavininin 08.04.1992-ci il tarixli, 310/30 saylı qərarı və Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 001900 saylı, 24.02.1993-cü il tarixli order əsasında 3 nəfər ailə tərkibi (özü, arvadı 1964-cü il təvəllüdlü X3 və 1993-cü il təvəllüdlü qızı) ilə İddiaçı ayrılmışdır. İddiaçı ailəsi ilə birlikdə həmin mənzildə qeydiyyatda olmaqla yaşayırlar. İddiaçı həmin mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etsə də cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi qeyd olunan mənzilin daimi verilməsinə dair hər hansı sənədin təqdim olunmadığı göstərilmişdir. Halbuku, iş materiallarında olan Azərbaycan Respublikası Müdafə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 13.09.2019-cu il tarixli, 4033 nömrəli arayışdan görünür ki, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 08.04.1992-ci il tarixli, 310/30 nömərli sərəncam əsasında Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 3, 46 nömrəli mənzilə verilmiş 24.02.1993-cü il tarixli, 001900 nömrəli order daimi orderdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqanın imtina məktubunda, eləcə də apelyasiya şikayətində göstərdiyi dəlillər iş materialları ilə öz təsdiqini tapmamaqla təkzib olunur və eyni zamanda cavabdeh orqan göstərdiyi dəlillərlə bağlı hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il tarixli Qərar) Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etməklə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apelyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2-1(112)-3658/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1168/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1168/2022
18.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver