Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1168/2023 11.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyatında dəyişiklik edilərək yeni çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2-1(112)-184/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu, Q.Vəzirov küçəsi ev 18 ünvanına aid xx.xx.2014-ci il tarixli adına rəsmiləşdirilmiş dövlət reyestrindən çıxarışa və mövcud texniki pasporta müvafiq əlavələr edilərək, qeyd edilən rəsmi 90 kv.m yaşayış sahəsinə əlavə olaraq 63,77 kv.m yaşayış sahə, cəmi 153,79 kv.m yaşayış sahəsinin qeyd edilməsi ilə iddiaçının adına yeni dövlət reyestrindən çıxarışın və yeni texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Cavabdeh2 üçüncü şəxs qismində cəlb edilməsini və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində 182 nömrəli reyestr kitabının 16751 nömrəli vərəqində aparılmış xx.xx.2012-ci il tarixli, ********** saylı qeydiyyatında fərdi yaşayış evinin ümumi sahəsi qrafasında 90 rəqəmin dəyişdirilərək, 153,77 yazılaraq yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qərardadı ilə üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatət təmin edilməmiş, iddia tələbi “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində 182 nömrəli reyestr kitabının 16751 nömrəli vərəqində aparılmış xx.xx.2012-ci il tarixli, ********** saylı qeydiyyatında fərdi yaşayış evinin ümumi sahəsi qrafasında 90 rəqəmin dəyişdirilərək, 153,77 yazılaraq yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” məzmunda icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X2 tərəfindən xx.xx.2011-ci il tarixində Sabunçu rayonu, Q.Vəzirov küçəsi, ev 18 ünvanı həyətyanı sahəsi ilə keçmiş sahiblərindən alqı-satqı müqaviləsi əsasında alındığı zaman Dövlət Reyestr Xidmətindən xx.xx.2011-ci ildə verilən müvafiq çıxarışda və texniki pasportda evin ümumi yaşayış sahəsi 90.0 kv.m göstərilmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2011-ci və xx.xx.2012-ci il tarixlərində (yüklülüyünə dair) tərtib edilən arayışları ilə təsdiqlənir ki, həmin evin ümumi yaşayış sahəsi rəsmi olaraq - 90.0 kv.m olsa da, orada 1992-ci ildən faktiki istifadə edilən daha 63.77 kv.m əlavə yaşayış sahələri mövcuddur. İddiaçı tərəfindən ölçülüb tərtib edilən sxemdən görünür ki, texniki pasportda göstərilən 90.0 kv.m sahəsindən əlavə: l.Evin giriş hissəsinə bitişik 19.50 kv.m-lik yaşayış sahəsi olan, üç tərəfdən divarla bağlanmış eyvan və 2.65 kv.m-lik məişət otağı ilə 2 kv.m-lik sanitar qovşağı otağı; 2. Həyətində isə 12.70 kv.m-lik və 15.17 kv.m-lik məişət otağları, 9 kv.m-lik hamam və 2.35 kv.m-lik sanitar qovşağı otağı iddiaçının həmin evə köçdüyü zamandan mövcud olmuşdur. Rəsmi qeyd olunan 90.0 kv.m sahədən əlavə istifadədə olan həmin 63.77 kv.m sahələr isə naməlum səbəbdən evin texniki pasportuna ümumi yaşayış sahələri qrafasına daxil edilməmişdir. Bundan başqa, xx.xx.2018-ci il tarixli qonşuların imza etdiyi aktdan görünür ki, onlar iddiaçının mərhum həyat yoldaşı tərəfindən 2011-ci ilin sentyabr ayında Sabunçu rayonu, Q.Vəzirov küçəsi, ev 18 ünvanı keçmiş sahiblərindən alqı-satqı müqaviləsi ilə aldığı və evə köçdüyü zaman qeyd edilən əlavə tikililərin mövcudluğunu təsdiq etmişlər. Bütün bunlara baxmayaraq, cavabdehin **********24 saylı, xx.xx.2018-ci il tarixli imtina məktubu ilə iddiaçının qanuni tələbləri rədd edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair hüquqları qeydiyyata alınaraq ********** nömrəli, xx.xx.2012-ci il tarixli çıxarış və xx.xx.2012-ci il tarixli texniki pasport verilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə dövlət reyestrindən çıxarışa və texniki pasporta müvafiq əlavələr edilərək yeni çıxarışın və texniki pasportun verilməsi üçün 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən ayrılmış sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və ərazinin bir hissəsi dəmir yolunun mühafizə zolağında yerləşir. Həmçinin, fərdi yaşayış evinin “A” tikilisində rekonstruksiya işləri və əlavə tikililər (bitişik 2.1 kv.m, sanitar qovşağı, 2.7 kv.m anbar, açıq eyvan bağlı eyvanla əvəz edilmiş) inşa olunmuşdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və vətəndaşa **********24 saylı, xx.xx.2018-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2-1(112)-184/2022 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində 182 nömrəli reyestr kitabının 16751 nömrəli vərəqində aparılmış xx.xx.2012-ci il tarixli, ********** saylı qeydiyyatında fərdi yaşayış evinin ümumi sahəsi qrafasında 90 rəqəmin dəyişdirilərək, 153,77 yazılaraq yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən qərar ləğv edilməlidir. İşin obyektiv araşdırılması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməmiş və nəticədə qanunsuz olaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdən müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən 90 kv.m fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və evə dair texniki pasport tərtib edilmişdir. Lakin 1992-ci ildən fərdi yaşayış evində rekonstruksiyası işləri aparılaraq inşa olunan əlavə tikililər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Buna görə iddiaçı cavabdehə müraciət edərək, çıxarışda müvafiq dəyişiklik edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. - DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 90 kv.m fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - DƏDRX tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il tarixli arayışın surətindən görünür ki, 1992-ci ildə tikilmiş ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi yaşayış sahəsi 90.0 kv.m, faktiki əlavə sahələr - yaşayış evinə bitişik 2.7 kv.m-lik sanitar qovşağı, həyətdə 55.75 kv.m olan sanitar qovşağı-anbar və 3.5. kv.m anbar istifadədədir. - DƏDRX tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən verilmiş xx.xx.2011-ci il tarixli arayışın surətindən görünür ki, 1992-ci ildə tikilmiş ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi yaşayış sahəsi 90.0 kv.m, faktiki istifadə edilən həyətyani tikililər - ayaqyolu 9.9 kv.m, həyətdə 33.2 kv.m olan ayaqyolu və anbar istifadədədir. - Cavabdeh tərəfindən xx.xx.2012-ci il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 90 kv.m göstərilmişdir. - Bakı şəhəri Cavabdeh2 S-164-091 saylı, xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi 18 saylı evin çıxarışında və texniki pasportunda dəyişiklik edilməsi ilə əlaqədar bildirilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinin 79.1-ci və 79.1.9-cu maddələrinin tələblərinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kv.m olan yardımçı tikililərin tikintisinə icazə tələb olunmur. Qeydiyyat vəsiqəsində və texniki pasportda dəyişiklik edilməsilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət oluna bilər. - Bakı şəhəri Cavabdeh2 1/317 saylı, xx.xx.2019-cu il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanı ilə bütün mülkiyyət növləri üzrə torpaqların xəritəçəkmə fəaliyyəti Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (həyətyanı sahələrin) torpaqlarının onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin tələblərinə uyğun olaraq vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - xx.xx.2018-ci il tarixli R.Ə.Ramazanova, T.N.Muradova və S.X.Qaraxanovanın imza etdiyi aktdan görünür ki, İddiaçı mərhum həyat yoldaşı X2 tərəfindən 2011-ci ilin sentyabr ayında Sabunçu rayonu, Q.Vəzirov küçəsi, ev 18 ünvanı keçmiş sahiblərindən alqı-satqı müqaviləsi ilə alındığı və evə köçdüyü zaman: 1.Evin giriş hissəsinə bitişik 19.50 kv.m-lik yaşayış sahəsi olan və üç tərəfdən divarla bağlanmış açıq eyvan və 2.65 kv.m-lik məişət otağı ilə 2 kv.m-lik sanitar qovşağı otağı; 2. Həyətində isə 12.70 kv.m-lik və 15.17 kv.m-lik məişət otaqları, 9 kv.m-lik hamam və 2.35 kv.m-lik sanitar qovşağı otağının mövcudluğunu təsdiq etmişlər. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/907 nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi ünvanında yerləşən DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən İddiaçı 18 saylı fərdi yaşayış evinə dair aparılmış rekonstruksiya işləri və inşa edilmiş əlavə tikililər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğundur. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; - 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən: -79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən: -1.0.4. qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. -2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. -2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. -4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. -4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. -13.9. Dövlət reyestrinin hər bölməsi aşağıda göstərilən üç fəsildən ibarətdir: 13.9.1. obyektin ünvanı (olduğu yer), adı (növü), sahəsi, onun təyinatı və digər zəruri məlumatlar; 13.9.2. mülkiyyət və digər əşya hüquqları, hüquq sahibinin adı, fiziki şəxsin şəxsiyyət vəsiqəsindən məlumat və hüquqi şəxsin rekvizitləri. Hüquq sahibinin göstərdiyi ünvan, payın miqdarı, hüququ təsdiq edən sənədlərin adı və digər zəruri məlumatlar; 13.9.3. mülkiyyət və digər əşya hüquqlarının məhdudlaşdırılması (servitut, ipoteka, uzufrukt, etibarlı idarəetmə, icarə, istifadə, lizinq, daşınmaz əmlakın üzərində həbs qoyulması, daşınmaz əmlaka dair tələblər və sairə), məhdudiyyətin qüvvədə olduğu müddət, xeyrinə hüquq məhdudlaşdırılmış şəxslər, məhdudiyyətin yaranmasına əsas olan sənədin adı, onun qüvvədə olma tarixi, əqdlər üzrə öhdəliklərin icrasının şərtləri və müddəti. -16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. -16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. -23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. -23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. -23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi ünvanında yerləşən 18 saylı fərdi yaşayış evinə baxış keçirilərək mütəxəssis rəyi alınmış və məlum olmuşdur ki, fərdi yaşayış evinin texniki pasportunda qeyd edilmiş 1, 2, 3 və 4 saylı tikililərin faktiki ölçüləri sənəd üzrə göstərilən ölçülərlə eynidir. Texniki pasport üzrə 5 saylı açıq eyvanın ön hissəsinin sütunları arasında mişar daşından arakəsmə divarları, pəncərə blokları quraşdırılmış, nəticədə açıq eyvandan bağlı eyvan yaradılmışdır. Yəni tikiliyə əlavə yük verilməmişdir. Yaradılmış bağlı eyvanın sahəsi texniki pasportda göstərilən ölçülərlə eynidir. Həyətyanı sahədə texniki pasportda qeyd olunmuş, evin arxa hissəsində yerləşən sanitar qovşaq sökülərək, bağlı eyvanın qarşısında 1,32m X 1,50m ölçüdə yeni sanitar qovşaq inşa edilmişdir. Bundan başqa, həyətyanı sahədə bitişik olmaqla ölçüləri 3,80m X 2,30m olan sanitar qovşaq və ölçüləri 3,80m X 3,15m olan anbar tikililəri inşa edilmişdir. Həmin tikililərin hündürlükləri 2,4 metr təşkil edir. Mütəxəssis rəyində belə nəticəyə gəlmişdir ki, mübahisəli fərdi yaşayış evinin texniki vəziyyətinin yaxşı vəziyyətdə olduğu müəyyən edilir, aparılmış artırmalar, yenidənqurma işləri mövcud qanunvericiliklə müəyyən edilmiş tikinti-texniki və şəhərsalma normalarına uyğundur. Mütəxəssis rəyi nəzərə alınaraq ekspertin iştirakı ilə ölcü işləri aparılmışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyəstrindən xx.xx.2012-ci il tarixli, RX-0090920 çıxarışa əsasən, tədqiq olunan ünvanda 0,01364 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 90,0 m2 olan yaşayış evi iddiaçının mülkiyyətindədir. Cavabdeh tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş texniki pasporta əsasən “İ” literli sanitar qovşağının ümumi sahəsi 9,9 kv.m təşkil edir. Baxış zamanı isə aparılmış ölcü işləri nəticəsində tədqiq olunan fərdi yaşayış evinin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin sayı, ölçüləri və digər texniki parametrlərinin texniki pasportun göstəricilərinə uyğun olduğu müəyyən olunmuşdur. Eyni zamanda, məlum olmuşdur ki, 5 saylı açıq eyvanın qarşısı hörülərək və pəncərə quraşdırılaraq bağlanmış, həyətyanı sahədə 4,5x5,8 m ölçüdə 2,5 m hündürlükdə və yaşayış evinə bitişik 1,3x1,5m ölçüdə 2,9m hündürlükdə tikililər inşa olunmuşdur. Ekspert müəyyən etmişdir ki, çıxarışın sərhədləri daxilində cari təmir işləri aparılmış və həyətyanı sahədə əlavə tikililər inşa edilmişdir. İş materiallarında olan DƏDRX tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il tarixli arayışın surətindən də görünür ki, 1992-ci ildə tikilmiş ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi yaşayış sahəsi 90.0 kv.m, faktiki əlavə sahələrin - yaşayış evinə bitişik 2.7 kv.m-lik sanitar qovşağı, həyətdə 55.75 kv.m olan sanitar qovşagı-anbar və 3.5. kv.m anbarın iddiaçının istifadəsində olduğu təsdiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi ünvanında yerləşən DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən İddiaçı 18 saylı fərdi yaşayış evinə dair aparılmış rekonstruksiya işlərinin və inşa edilmiş əlavə tikililərin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğunlugu müəyyən edilmişdir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini nəzərə alaraq və iş materiallarını araşdıraraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun aparılmış rekonstruksiyası işləri nəticəsində fərdi yaşayış evinin ümumi sahəsinin dəyişməsi cavabdeh tərəfindən nəzərə alınmamışdır. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun yuxarıda göstərilən normalarına əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Qanunun tələblərinə əsasən əmlak üzərində hüquqların qeydiyyatı fiziki şəxsin şəxsiyyət vəsiqəsinin məlumatlarına əsasən aparılmalı idi. Buna riayət edilmədiyinə görə iddiaçı həmin texniki səhvin aradan qaldırılması üçün cavabdehə müraciət etsə də, cavabdeh ərizənin təmin edilməsindən imtina etmişdir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili sözügedən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olması və ərazinin bir hissəsinin dəmir yolunun mühafizə zolağında yerləşməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməməsindən ibarət olsa da, cavabdeh həmin torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olmasını və ərazinin bir hissəsinin dəmir yolunun mühafizə zolağında yerləşməsini təsdiq edən hər hansı sübut təqdim etməmiş və beləliklə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin üçüncü şəxs qismində cəlb edilməsinin zəruriliyini əsaslandırmamışdır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi ünvanında yerləşən İddiaçı 18 saylı fərdi yaşayış evinə dair aparılmış rekonstruksiya işlərinin və inşa edilmiş əlavə tikililərin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğunlugu müəyyən edildiyindən, eyni zamanda həmin sahə ilə bağlı hər hansı mübahisənin olması hazırki məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası və apellyasiya şikayətinin dəlilləri əsassızdır və iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsasların mövcud olmaması və cavabdeh inzibati orqan tərəfindən iddiaçının bu barədə müraciətindən imtina olunarkən yalnız formal mülahizələrə istinad olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2-1(112)-184/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1168/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1168/2023
11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver