Məhkəmə qərarları › İş №2-1(103)-117/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-117/2021

17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-117/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X16 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı qızının cavabdeh Bakı şəhəri Cavabdeh1nə və üçüncü şəxs 1 saylı Bakı Cavabdeh2nə qarşı yaşayış yeri üzrə qeydiyyata alınması tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(81)-1863/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(81)-1863/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim M.Hacıbəyova). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli 2-1(103)-2484/2019 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1863/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən və məruzəçi H.Həmidov, hakimlər V.Baxışova və E.Nağıyeva). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-nın xx.xx.2020-ci il tarixli 2-1(102)- 829/2020 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli 2-1(103)-2484/2019 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün göndərilmişdir (sədrlik edən və məruzəçi Z.Quliyev, hakimlər R.Nəbizadə və İ.Şəfiyev). İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə və üçüncü şəxs 1 saylı Bakı Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşayış yeri üzrə Bakı şəhəri, 3-cü mkr., 3-cü Alatava,163 (özbaşına tikili) ünvanına pasport qeydiyyatına alınması vəzifəsini cavabdeh Bakı şəhər Cavabdeh1 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı qızı 10 ildən artıq bir müddət faktiki olaraq Bakı şəhəri, 3-cü mkr., 3-cü Alatava,163(özbaşına tikili) ünvanında yaşayır;ailə quraraq bu ünvanına gəlmişdir. Hazırda əri vəfat etmişdir. Əri bu ünvanda qeydiyyatda olmuşdur. Bunu qonşuların aktı və yaşayış yeri üzrə MKİS-nin arayışı da təsdiq edir. Lakin yaşadığı mənzilin çıxarışı olmadığından uzun müddətdir ki yaşadığı yer üzrə qeydiyyata alına bilməmişdir. İddiaçının yaşayış yeri üzrə pasport qeydiyyatında olan başqa şəxslər də var. Yəni həmin ünvan dövlət tərəfindən tanınır və qeydiyyata alınmaq mümkündür. Lakin buna baxmayaraq, bu məsələ ilə bağlı Bakı şəhəri Cavabdeh1nə və 1 saylı Bakı Cavabdeh2nə müraciət etsədə , hər iki təşkilat müxtəlif bəhanələrlə, bir-birinin üzərinə yönəldilməklə qanunun tələbini icra etməkdən imtina etmişlər. İddiaçı Cavabdeh1 imtinasını əsassız hesab edir. İş üzrə yuxarıda göstərilən qərarları qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı veridiyi apellyasiya şikayətində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayon MKTB-nin 33 saylı MKİS-nin verdiyi arayışla da iddiaçının faktiki olaraq 10 ilə yaxın Bakı şəhəri, 3-cü mikrorayon, 3-cü Alatava, 163 (özbaşına tikili) ünvanında qeydiyyatsız yaşaması aydın olduğundan və qanun hər bir şəxs üçün eyni cür tətbiq edilməli olduğundan, iddiaçı hesab etmişdir ki, o da həmin ünvana pasport qeydiyyatına alınmalıdır. Birinci instansiya məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Ona görə də birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı qızı, cavabdeh Bakı şəhəri Cavabdeh1 və üçüncü şəxs 1 saylı Bakı Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş: İddiaçı qızının AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı xx.xx.1968ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır, Biləsuvar rayonu, Amankənd k., ünvanda qeydiyyatdadır. AZE 13098635 nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən xx.xx.1959-cu il təvəllüdlü X5 Azərbaycan Respublikasının vətəndaşıdır, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küç., öz/tik., ev 163-də qeydiyyatdadır. AZ-İ 855342 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, X5 və İddiaçı qızı xx.xx.2013-cü il tarixdə nikahlarını bağlamışlar. AZ-İ 999989 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2018-ci il taixdə ölmüşdür. X21, X14, X12 xx.xx.2019-cu il tarixdə İddiaçı qızının Bakı şəhəri, 3-cü mkr., 3-cü Alatava,163 (özbaşına tikili) ünvanında 10 ildən artıq bir müddət yaşadığı barədə akt tərtib etmişlər. 33 saylı Mənzil kommunal istismar sahəsinin 1110 saylı xx xxxx 2019 –cu il tarixli arayışına əsasən, Bakı şəhəri, 3-cü mkr., 3-cü Alatava,163 (özbaşına tikili) ünvanında 42 nəfər qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2019-cu il tarixli, 018-2074K-3219 nömrəli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə əsasən qeydiyyata əsas verən sənədlərdən birini(mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış,order,icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini və digər zəruri sənədləri ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinə təqdim edib yaşayış yeri üzrə qeydiyyata alına bilər. Yaşadığı ev müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanuna uyğun qaydada sənədləşdirildikdən sonra həmin evə qeydiyyata alınması məsələsinə baxılaçağı barədə qeyd edilmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixli, 082-4827-K-3219 nömrəli məktubuna əsasən, iddiaçıya bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə əsasən, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küç., 163 (özbaşına tikili) ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə Bakı şəhərində yerləşən “ASAN” xidmət mərkəzlərin birinə müaciət etməlidir. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə, eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən, göstərilən ünvanına qeydiyyata alınması qanuna müvafiq deyildir. Beləliklə, iş materiallarından görünür ki, İddiaçı qızı Bakı şəhəri, 3-cü mkr., 3-cü Alatava,163 (özbaşına tikili) ünvanda yerləşən fərdi yaşayış evinə qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının müraciətini təmin etməmişdir. Hazırda iddiaçı həmin evə qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göründüyü kimi qanunverici qeydiyyata alınmanın hansı sənədlər əsasında həyata keçirilməli olduğunu dəqiq müəyyən etmişdir və qanunun qeyd edilən maddəsinin mənasından görünür ki, şəxs, üç əsasla: mülkiyyətçi kimi, icarə və ya kirayə müqaviləsi üzrə və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş başqa sənəd təqdim etdikdə həmin sənədlərdə qeyd edilən ünvana qeydiyyata alına bilər. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küç., ev 163 (özbaşına tikili) qeydiyyata alınması üçün həmin evlə bağlı mülkiyyət hüququ, icarə (və ya kirayə) müqaviləsi, nə də digər qanuni əsasları mövcud deyildir və bunun nəticəsi olaraq iddiaçı cavabdeh orqana qanunla tələb olunan sənədləri təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq iddiaçının özbaşına tikiliyə hansı hüquqda qeydiyyatda olmasını araşdırılması məqsədilə Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin 33 saylı Mənzil Kommunal İstismar sahəsinə sorğu göndərilmişdir. Mənzil Kommunal Təsərrüfat Birliyinin 33 saylı Mənzil Kommunal İstismar sahəsinin məhkəməyə ünvanlandığı xx.xx.2020-ci il tarixli, 91 saylı məktubda bildirilmişdir ki, 3-cü Alatava 163 saylı evdə vətəndaşların qeydiyyata alınması X18 və Şəxsiyyat vəsidələri şöbələri və Asan xidmətlər tərəfindən həyata keçirilmişdir. 33 saylı MKİS tərəfindən 1110 saylı xx xxxx 2019-cu il tarixdə verilmiş arayış 33 saylı MKİS-ə məxsus hesab kitabından yazılmışdır. Həmin məktuba əlavə edilmiş 10 ədəd, 3-cü Alatava 163 saylı evdə qeydiyyatda olanların forma-A görünür ki, X15 xx.xx.1983-cü il tarixdə, X6 xx.xx.1973-cü il tarixdə, X3 xx.xx.1974-cü ildə, X1 xx.xx.1992-ci il tarixdə, İmanverdiyev Nadir Hacı oğlu xx.xx.1976-cı il tarixdə, X7 (iddiaçının həyat yoldaşı, xx.xx.2018-ci il tarixdə vəfat edib) xx.xx.1979-cu il tarixdə, X4 xx.xx.2002-ci il tarixdə, İmanverdiyeva Əzizgül Sədulla qızı xx.xx.1974-cü ildə, X10 xx.xx.1992-ci ildə, İmanverdiyev Hicran Nadir oğlu xx.xx.1992-ci il tarixdə Bakı şəhəri X27 tərəfindən (keşmiş DİŞ Nəsimi RİK) tərəfindən özbaşına tikiliyə qeydiyyata alınmışlar. Göründüyü kimi, iddiaçının qeydiyyatsız yaşayış yeri üzrə müxtəlif vaxtlarda özbaşına tikiliyə inzibati orqan tərəfindən başqa şəxslər, o cümlədən iddiaçının həyat yoldaşı X7 da xx.xx.1976-cı ildən pasport qeydiyyatına alınmışdır. İddiaçının xx.xx.2013cü il tarixdə X7 ilə nikahın bağlanması və həmin vaxtdan özbaşına tikilidə yaşadığı müəyyən edilir. Uzun müddət yuxarıda göstərilən ünvanda yaşayan iddiaçı özbaşına tikilinin istifadəçisi kimi qeydiyyata alınmasını tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 imtinası əsassızdır və iddiaçı yaşadığı yer üzrə pasport qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilməlidir. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(81)-1863/2020 saylı qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı qızının yaşayış yeri üzrə - Bakı şəhəri, 3-cü mkr., 3-cü Alatava,163 (özbaşına tikili) ünvanına pasport qeydiyyatına alınması vəzifəsi cavabdeh Bakı şəhər Cavabdeh1 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar