Məhkəmə qərarları › İş №2-1(103)-117/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-117/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-117/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X40 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X15 ibarət tərkibdə, X29-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1216/2022 saylı 31 yanvar 2022-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 22 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli Sərəncamı ilə Cavabdeh xx.xx.2008-ci il tarixli 02/368 saylı müraciətini və xx.xx.2008-ci il tarixli 02/178 saylı məktubunda qeyd olunan təklifləri nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 1255 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirillməsi üzrə 2006-2007-ci illər üçün əllavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasını təmin etmək məqsədilə, Əzizbəyov metrosu ərazisində yol qovşaqlarının layihələndirillməsi və tikintisi ilə əlaqədar, həmin ərazidə fəaliyyət göstərən qeyri-yaayış (ticarət) obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə, sərəncamda adları çəkilən ünvanlarda yenidən bərpa edilməsi üçün Cavabdehnə icazə verilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli sərəncamının icra edilməsi haqqında 93 saylı 27 fevral 2009-cu il tarixli sərəncamı ilə Q.Qarayev prospektində 30/42 və 34/67 saylı binaların arasındakı 350 kv.m. torpaq sahəsində X11, X2 və X32, E.Süleymanov küçəsi 94 saylı bina yaxınlığındakı 150 kv.m. torpaq sahəsində X6 və X33, B.Çobanzadə küçəsi 25 və 35 saylı binaların arasındakı 360 kv.m. torpaq sahəsində İddiaçı, X1 və Zeynal Abdullayevə, Nəsimi küçəsi, İstilikxana divarı boyunca 550 kv.m. torpaq sahəsində X41, X3 və X42, Ş.Mirzəyev küçəsində, R.Teymurov küçəsindən T.Abbasov küçəsinə kimi olan 600 kv.m. torpaq sahəsində vət. D.Cəbrayılova, S.N.Dadaşovaya, X16, X12 və vət. X43 ticarət obyektinin tikintisinə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 113 saylı xx.xx.2012-ci il tarixli sərəncamı ilə yol qovşağının tikintisi ilə əlaqədar qeyri-yaşayış (ticarət) obyektlərinin bir hissəsinə məhkəmə qərarlarına və Cavabdeh məktublarına əsasən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən təzminat ödənilməsi, digərlərinin məsələsinin isə məhkəmə icraatında olduğunu nəzərə alaraq həmin qeyri-yaşayış obyektlərinin digər ərazilərdə bərpa edilməsi məqsədilə verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli 77 saylı sərəncamı və Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2009-cu il tarixli 18/03-8/1768 saylı və s. məktubları qüvvədən düşmüş hesab edilmişdir. Bakı şəhəri Cavabdeh Başçısının “Bakı şəhəri Cavabdeh Başçısının bəzi sərəncamlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” 06 aprel 2012-ci il tarixli 46 nömrəli sərəncamı ilə Cavabdeh Başçısının “Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli 77 saylı sərəncamının icra edilməsi haqqında” xx.xx.2009-cu il tarixli 93 nömrəli və “Cavabdeh xx.xx.2009-cu il tarixli 93 saylı sərəncamında qismən düzəlişlər edilməsi haqqında” xx.xx.2009-cu il tarixli 155 nömrəli sərəncamları qüvvədən düşmüş hesab edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı və qeyrilərinə ünvanlanmış xx.xx.2014cü il tarixli Kİ-572/1 saylı məktubdan görünür ki, onlara Qaradağ rayonu ərazisində eyni ölçülü torpaq sahələri təklif edilmiş və obyektləri sökülmüş sahibkarlar tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə rəsmi müraciət edildiyi təqdirdə istifadədə olmuş torpaq sahəsinin ölçüsünə uyğun olaraq Qaradağ rayonu ərazisində sahibkarlıq fəaliyyəti üçün başqa sahə verilməsi məsələsinə baxılacağı bildirilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Koroğlu (Əzizbəyov) metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyətinin sərəncamının ləğv edilməsi və həmin qeyriyaşayış sahələrinin Bakı şəhərinin Qaradağ rayonu ərazisində bərpa edilməsi üçün torpaq sahəsi ayrılması barədə” xx.xx.2015-ci il tarixli 106 saylı sərəncamı ilə Koroğlu (Əzizbəyov) metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələri obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə Qaradağ rayonu ərazisində ğtorpaq sahəsi ayrılması qərara alınmış, Qaradağ rayon İcra Hakimiyyəti ilə birlikdə həmin sərəncama uyğun olaraq müvafiq sənədləşdirmə işlərinin aparılmasını təmin etmək Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə tapşırılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin 196 nömrəli xx.xx.2015-ci il tarixli “Əzizbəyov metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli 77 saylı sərəncamında dəyişiklik edilməsi barədə” sərəncamı ilə müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli 77 saylı sərəncamının 1 və 1.1-ci bəndləri aqağıdakı redaksiyada oxunsun: “1. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 1255 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün X57”nın 26 və 27-ci bəndlərinin icrasını təmin etmək məqsədilə “Koroğlu (Əzizbəyov) metrosu ərazisində yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar həmin ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış (ticarət) obyektlərinin sahiblərinə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəəsinin cənub, Lokbatan-Xocəsən yolunun şimal hissəsində aşağıda göstərilən ölçülərdə torpaq sahələri ayrılsın: X11- 60 kv.m., X2- 40 kv.m., X32- 600 kv.m., X17 (“Adil” şirkətinə)- 280 kv.m., X18 – 150 kv.m., X13- 150 kv.m, X6- 220 kv.m., X33- 80 kv.m., İddiaçı- 400 kv.m., X1- 90 kv.m., Zeynal Abdullayevə- 160 kv.m., X34- 800 kv.m., X19- 200 kv.m., X41- 200 kv.m., X3- 800 kv.m., X42- 60 kv.m., X7- 200 kv.m., X23- 40 kv.m., X16 və X12- 92 kv.m., X43- 50 kv.m., “Merkurriy-R” firmasına (X24)- 2800 kv.m., Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə tapşırılsın ki, Qaradağ rayon İcra Hakimiyyəti ilə birlikdə bu sərəncama uyğun olaraq müvafiq sənədləşdirmə işlərinin aparılmasını təmin etsin”. Sərəncamın 2-ci bəndinə əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 12.03.2-12-ci il tarixli 113 saylı və xx.xx.2015-ci il tarixli 106 saylı sərəncamları öz qüvvəsini itirmiş hesab edilmişdir. İddiaçılar X44, X14, X20, X25, X4, İddiaçı, X50, X8, X35, X26, X5, X9, X21 və X46 Bakı şəhər Nizami rayonu İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli 77 nömrəli və Cavabdeh Başçısının xx.xx.2009-cu il tarixli 93 nömrəli sərəncamları ilə onlara qeyd olunan ünvanlarda ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı bir qanunsuz müdaxilələrin cavabdeh təşkilata və digər şəxslərə qadağan edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1379/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə iddiaçıların iddiası təmin edilməmişdir. Həmin qərardan narazı qalmış iddiaçıların apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-942/2017 saylı 29 mart 2017-ci il tarixli qərarı ilə iddiaçılar X46, X51, X21 və İddiaçı apellyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1379/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı qismən, həmin şəxslərə aid hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli 77 nömrəli və Cavabdeh Başçısının xx.xx.2009-cu il tarixli 93 nömrəli sərəncamları ilə həmin apelyantlara qeyd olunan ünvanlarda ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı bir qanunsuz müdaxilələrin Cavabdehnə qadağan edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-104/2018 saylı 25 aprel 2018-ci il tarixli qərarı ilə X44 və qeyrilərinin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-1379/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı digər iddiaçılara aid hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli 77 nömrəli və Cavabdeh Başçısının xx.xx.2009-cu il tarixli 93 nömrəli sərəncamları ilə həmin apelyantlara qeyd olunan ünvanlarda ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı bir qanunsuz müdaxilələrin Cavabdehnə qadağan edilməsi qərara alınmışdır. Sözügedən qərardan narazı qalmış Cavabdeh kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 2-19102)-1650/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin olunmaması və Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-104/2018 saylı 25 aprel 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Lakin bundan sonra İddiaçı onun xeyrinə məhkəmə qərarlarının qəbul olunmasına baxmayaraq Cavabdeh tərəfindən obyektinin bərpa olunmasına imkan verilmədiyi üçün əldə çıxmış fayda ilə bağlı onun xeyrinə Cavabdehndən maddi ziyanın və əlavə olaraq da mənəvi ziyanın tutulmasını tələb edir. İddiaçı bu barədə cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbi təmin edilməmişdir. Həmin imtina məktubundan narazı qalan İddiaçı Cavabdehnə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “1.250.000 manat məbləğində maddi, 1.000.000 manat məbləğində mənəvi zərərin ödənilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus qeyri-yaşayış obyekti 2007-ci ilin may ayında sökülmüşdür. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20 fevral 2009-cu il tarixli 77 saylı Sərəncamı ilə Əzizbəyov metrosu ətrafında fəaliyyət göstərmiş qeyriyaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi üçün Cavabdehnə icazə verilmişdir. Bundan sonra cavabdeh 27 fevral 2009-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində, 25 və 35 saylı binaların arasında 360 kv.m torpaq sahəsində iddiaçıya 200 kv.m torpaq sahəsi ayrılaraq ticarət obyektinin tikintisinə icazə vermişdir. Bundan sonra yuxarı instansiya məhkəmələri tərəfindən qəbul edilmiş qərar əsasında onun və digər şəxslərin iddiası qismən təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20 fevral 2009-cu il tarixli 77 saylı və Cavabdehnə 27 fevral 2009cu il tarixli 93 nömrəli sərəncamları ilə onun və digər şəxslərin qeyd edilən ünvanlarda ticarət obyektlərin bərpa edilməsi ilə bağlı edilən hər hansı qanunsuz müdaxilələr Cavabdehnə qadağan edilmişdir. Lakin, cavabdeh məhkəmə qərarının məcburiliyini nəzərə almayaraq, hazırki günədək hərəkətsizliyini nümayiş etdirir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti 20 fevral 2009-cu il tarixli 77 saylı sərəncam verərək Cavabdehnə aidiyyəti üzrə torpaq sahəsinin ayrılmasını tapşırmışdır. Rayon İcra Hakimiyyəti göstərilən sərəncamın icrasını təmin etmək məqsədilə xx.xx.2009cu il üçün torpaq sahələri ayırmışdır. Sonradan Bakı şəhər İcra Hakimiyyəti başçısı sərəncamını ləğv etmişdir. Həmin sərəncam ləğv edildikdə sonra Bakı şəhər Cavabdeh başçısının 93 saylı xx.xx.2009-cu il tarixli sərəncamı öz qüvvəsini itirmiş hesab edilmişdir. Həmin müddətdə və hazırda torpaq sahələrinin ayrılmasına dair müstəqil sərəncam vermək Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinə aid olmamışdır. Cavabdeh qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1216/2022 saylı 31 yanvar 2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı dəymiş 1000 manat məbləğində mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi xahiş edilmişdir. Eyni zamanda həmin qərardan narazı qalan Cavabdeh tərəfindən də apellyasiya şikayəti verilərək, qərarın 1000 manat məbləğində mənəvi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdu ki, ona vurulmuş maddi ziyan kimi tələb olunan 1.250.000 manat pul cavabdeh inzibati orqandan onun xeyrinə əldən çıxmış fayda kimi, mənəvi ziyan kimi məhkəmənin tutduğu 1000 manat məbləğlə isə razılaşmayaraq həmin mənəvi ziyanın miqdarının 1.000.000 manat məbləğində müəyyən olunması xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, məhkəmənin həmin qərarı maddi və prosessual hüquq normalarının əhəmiyyətli dərəcədə pozulması nəticəsində qəbul edildiyindən ləğv olunmalı və iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən işin faktiki halları tam araşdırılmamış və maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmədə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli, 77 saylı və xx.xx.2012-ci il tarixli, 113 saylı Sərəncamları mübahisələndirilmiş və müvafiq qərarlar qəbul edilmişdir. Həmin Sərəncamlara görə məhkəmə tərəfindən qəbul edilmiş qərarların icrası Cavabdeh tərəfindən deyil, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilməli idi. Məhkəmə qərar qəbul edərkən iddiaçının hansı fiziki və mənəvi sarsıntılar keçirməsini, mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulmasını, qanunsuz hərəkət və hərəkətsizlik edilibsə mənəvi zərərlə arasındakı səbəbli əlaqənin olmasını və cavabdehin təqsirinin dərəcəsini və nədən ibarət olmasını müəyyən etməmişdir. Məhkəmə qərarında (6-cı səhifə, 3-cü abzas) cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi zərərin dəyməsinin sübuta yetmədiyini qeyd edir və bunu iddiaçıya vurulduğu güman edilən maddi zərərlə cavabdehin hərəkət, yaxud hərəkətsizliyi arasında səbəbli əlaqənin mövcud olmaması ilə izah edir. Lakin məhkəmə mənəvi zərərlə bağlı qərar qəbul edərkən, iddiaçıya dəyməsi güman edilən mənəvi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi arasında səbəbli əlaqənin mövcud olub-olmamasına hüquqi qiymət vermir. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və öz apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddiasının tam təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı hazırki işə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdehin və 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi X22 öz apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın tam rədd olunmasını, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 3-cü şəxs qismində işə cəlb olunması ləğv olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından cavabdeh inzibati orqan imtina etmiş və bundan sonra məhkəməyə vaxtında müraciət etdiyi müəyyən olunan iddiaçının iddiası birinci instansiya məhkəməsi tərəfindən mümkün sayılmışdır. İddianın mümkün sayılma məsələsi cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmişdir. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı Cavabdehnə qarşı tələbi “ əldən çıxmış fayda kimi 1.250.000 manat məbləğində maddi ziyanın və 1.000.000 manat məbləğində mənəvi zərərin ödənilməsi” ilə bağlıdır. Bununla bağlı iddiaçının tələbinin təmin olunmasından cavabdeh inzibati orqan imtina etmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən -mənəvi zərərin tutulması hissəsində qismən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın “maddi zərərin ödənilməsinin təmin edilməməsi” ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin 1255 saylı xx.xx.2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirillməsi üzrə 2006-2007-ci illər üçün əllavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasını təmin etmək məqsədilə, Əzizbəyov metrosu ərazisində yol qovşaqlarının layihələndirillməsi və tikintisi ilə əlaqədar həmin ərazidə fəaliyyət göstərən qeyri-yaşayış (ticarət) obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə, sərəncamda adları çəkilən ünvanlarda yenidən bərpa edilməsi üçün Cavabdehnə icazə verilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli sərəncamının icra edilməsi haqqında 93 saylı 27 fevral 2009-cu il tarixli sərəncamı ilə Q.Qarayev prospektində 30/42 və 34/67 saylı binaların arasındakı 350 kv.m. torpaq sahəsində X11, X2 və X32, E.Süleymanov küçəsi 94 saylı bina yaxınlığındakı 150 kv.m. torpaq sahəsində X6 və X33, B.Çobanzadə küçəsi 25 və 35 saylı binaların arasındakı 360 kv.m. torpaq sahəsində İddiaçı, X1 və Zeynal Abdullayevə, Nəsimi küçəsi, İstilikxana divarı boyunca 550 kv.m. torpaq sahəsində X41, X3 və X42, Ş.Mirzəyev küçəsində, R.Teymurov küçəsindən T.Abbasov küçəsinə kimi olan 600 kv.m. torpaq sahəsində vət. D.Cəbrayılova, S.N.Dadaşovaya, X16, X12 və vət. X43 ticarət obyektinin tikintisinə icazə verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-104/18 saylı 25 aprel 2018-ci il tarixli qərarından görünür ki, iddiaçılar X44, X14, X27, X25, Allahverdiyeva Həşim qızı, İddiaçı, X50, X10, X35, X26, X5, X9, X21 və X28 cavabdeh Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinə qarşı Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli 77 nömrəli və Cavabdeh Başçısının xx.xx.2009-cu il tarixli 93 nömrəli sərəncamları ilə onlara qeyd edilən ünvanlarda ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı bir qanunsuz müdaxilələrin cavabdeh təşkilata qadağan edilməsi barədə iddiası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1379/2015 saylı 13 may 2015-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilərək, 2-1(82)-3379/2015 saylı 13 may 2015-ci il tarixli qərar iddiaçılar İddiaçı və qeyrilərinə aid hissədə ləğv edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli 77 nömrəli və Cavabdeh Başçısının xx.xx.2009-cu il tarixli 93 nömrəli sərəncamları ilə iddiaçılar İddiaçı və qeyrilərinə qeyd edilən ünvanlarda ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı qanunsuz müdaxilələrin Cavabdehnə qadağan edilməsi qərara alınmışdır. Həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 1650/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iddiaçıya məxsus tikilinin dövlət ehtiyacı üçün sökülməsi mübahisəsizdir və bunun nəticəsində ona dəymiş ziyanın kompensasiyası kimi qəbul edilən xx.xx.2009-cu il və xx.xx.2009-cu il tarixli sərəncamlar artıq 13 ildən artıqdır ki, icra olunmamış, nəticədə iddiaçının mülkiyyət hüquqları qeyri-müəyyən qalmış, iddiaçı həmin müddətdə öz fəaliyyətini realizə edə bilməmişdir. Belə olan halda qanuni qüvvədə olan (həm də qanuniliyi dəfələrlə məhkəmə qaydasında mübahisələndirilən) sərəncamlar əsasında iddiaçıya ayrılmış torpaq sahəsində ticarət obyektinin bərpa edilməsi ilə bağlı müdaxilələr Cavabdehnə məhkəmə qərarları ilə qadağan edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli 77 saylı və Cavabdeh xx.xx.2009-cu il tarixli 93 saylı sərəncamlarının hüquqi qüvvəsini itirmələri ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 196 saylı 08 may 2015-ci il tarixli sərəncamı qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə ləğv edilmiş, qanuni qüvvəsini almış məhkəmə qərarları ilə İddiaçı ayrılmış torpaq sahəsində ticarət obyektinin bərpası ilə bağlı müdaxilələrin Cavabdehnə qadağan edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimovanın Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Qeyd edilən işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanunsuz sayılmalıdır. Bundan başqa, demokratik cəmiyyətin təməl prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xas olan prinsipdir. Buradan belə nəticə çıxır ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda müsbət həll olunur ki, sözügedən müdaxilə qanunilik tələbinə cavab versin və əsassız olmasın. Konvensiyadakı “qanun” və “qanuni” anlayışları mahiyyətcə daxili qanunvericiliyə istinad edir, qanunun keyfiyyətini bildirir və daxili qanunvericiliyin qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir. Cəmiyyətin maraqları və mülkiyyətçinin hüquqları arasında ədalətli tarazlığa riayət etmək tələbi ümumilikdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin strukturunda öz əksini tapıb və onun birinci cümləsində ifadə olunmuş ümumi prinsip nəzərə alınmaqla şərh olunmalıdır. Xüsusən, istifadə olunan vasitələrlə insanı əmlakından məhrum edən və ya ondan istifadəni məhdudlaşdıran tədbirlərin güddüyü məqsəd arasında ağlabatan balans olmalıdır. Müvafiq hüquqi aktlarla nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi şərtləri mübahisələndirilən tədbirlərin görülməsi zamanı zəruri ədalətli tarazlığa riayət olunub-olunmadığı və xüsusi olaraq, onların ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyubqoymadığının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edirlər. Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri baxımından mübahisəyə hüququ qiymət verilərkən ilk növbədə sözügedən müxtəlif maraqlar bütünlüklə aydınlaşdırılmalıdır. Nəzərə alınmalıdır ki, Konvensiyanın məqsədi “praktiki və səmərəli” hüquqları təmin və müdafiə etməkdən ibarətdir. Ədalətsizliyə yol verilməməsi üçün ilk növbədə mübahisənin mahiyyətinə diqqət yetirilməli, şikayət edilən məsələnin reallıqları və sair hallar tam, hərtərəfli və obyektiv araşdırılmalıdır. Belə yanaşma yalnız mülkiyyətə müvafiq kompensasiyanın ödənilməsi ilə məhdudlaşdırılmamalıdır. Əgər söhbət mülkiyyətin geri alınması, özgəninkiləşdirilməsindən gedirsə, həm də tərəflərin özlərinin davranışları, dövlətin tətbiq etdiyi vasitələrin real, adekvat, ədalətli olubolmaması, əmlakdan məhrum olan mülkiyyətçinin sonrakı məhrumiyyətləri və sair hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246-cı maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) qəbul edir. Həmin Məcəllənin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara) da şamil edilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Beləliklə, iddiaçıya məxsus tikilinin dövlət ehtiyacı üçün sökülməsi mübahisəsiz olduğundan, bunun nəticəsində ona dəymiş ziyanın kompensasiyası kimi qəbul edilən xx.xx.2009-cu il və xx.xx.2009-cu il tarixli sərəncamlar 13 ildən artıq müddət keçməsinə baxmayaraq icra olunmadığı üçün iddiaçıya ayrılmış 200 kv.m. torpaq sahəsində ona məxsus tikilinin bərpa olunması üçün cavabdeh inzibati orqan tərəfindən qanunsuz müdaxilələrin olunduğu və bu müdaxilələrin cavabdeh inzibati orqana qadağan edilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qərarları olsa da, işin faktiki vəziyyətinə görə 13 ildən artıqdır ki, iddiaçı ona ayrılmış torpaq sahəsində məhz cavabdehin qanunsuz hərəkətləri (maneçiliyi) nəticəsində tikilisini inşa edə bilməmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə görə iddiaçı ona cavabdeh tərəfindən maddi və mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası tərəfindən iddiaçının 1.250.000 manat məbləğində maddi ziyanın tələb olunma əsasları araşdırılarkən müəyyən olundu ki, iddiaçı həmin pul vəsaitini əldən çıxmış fayda ilə əlaqələndirir. Bununla bağlı Kollegiya nəzərə alır ki, iddiaçı tələb etdiyi maddi ziyanla bağlı əldən çıxmış fayda qismində tələb etdiyi pul vəsaitini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, qanunvericilik maddi ziyanla bağlı tələblərin konkret olaraq bu barədə səbəbli əlaqənin göstərilməsi ilə yanaşı, həm də mötəbər sübutlarla təsdiq olunmasını da şərtləndirir. Hazırki işdə isə belə sübutların təqdim olunmamasını nəzərə alaraq Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin tələbin rədd olunması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Odur ki, maddi zi yan tələbi ilə bağlı Kollegiya əlavə məhkəmə araşdırmasına lüzum görmür və həmin hissədə birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticə ilə razılaşır. Bundan əlavə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın mənəvi zərərin ödənilməsi hissəsində qismən təmin edilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə tam razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında göstərilmişdi ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Buna müvafiq olaraq məhkəmə kollegiyası işin sadalanan hallarını, o cümlədən iddiaçının 2007-ci ildə sökülmüş qeyri-yaşayış obyektinin sökülməsi ilə bağlı qanunla qorunan hüquqlarını həyata keçirə bilmədiyini və buna görə uzun zaman gedən məhkəmə mübahisələri ilə bağlı onun mənəvi iztirab və sarsıntı keçirdiyinin istisna olunmadığını, həmin mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlılığını nəzərə alaraq mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 5000 manat pulun tutulmasını ağlabatan və ədalətli hesab edir. Kollegiya, həmçinin oxşar işlər üzrə belə bir ümumi prinsipi də nəzərə alır ki, tutulan mənəvi ziyanın məbləği bir tərəfi həddən artıq varlandırmamalı, digər tərəfi isə müflis etməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməli, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı “1000 manat mənəvi zərərin tutulması” hissəsində dəyişdirilərək, mənəvi zərərin məbləği 5000 manat məbləğində müəyyən olunmalı, qərar qalan- maddi ziyanın tutulması barədə iddia tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1216/2022 saylı 31 yanvar 2022-ci il tarixli qərarı “1000 manat məbləğində mənəvi zərərin ödənilməsi” hissəsində dəyişdirilsin və mənəvi zərərin məbləği 5000 manat məbləğində müəyyən olunsun. Qərar qalan- maddi ziyanın tutulması barədə iddia tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar