Məhkəmə qərarları › İş №2-1(103)-117/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-117/2025

11.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-117/2025 11.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Binəqədi qəsəbə Bələdiyyəsinə (üçüncü şəxs X9) qarşı “sərəncamın və aktın etibarsız hesab edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e- 2-1(112)-1372/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən 2.0 ha torpaq sahəsinin sahibkarlıq fəaliyyəti üçün vətəndaş X6 mülkiyyətinə verilməsi barədə X2 xx.xx.2005-cü il tarixli 1491/1 nömrəli sərəncamının və Binəqədi qəsəbə Bələdiyyəsi ilə X9 arasında bağlanılmış torpaqların alqı-satqısına dair aktın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-10832/2023 nömrəli qərardadı ilə X9 üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vətəndaş X6 müraciəti əsasında X2 xx.xx.2005-ci il tarixli 1491/1 nömrəli sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən 2.0 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti məqsədilə vətəndaş X6 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Binəqədi qəsəbə Bələdiyyəsi ilə alıcı X9 arasında həmin torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmişdir. Daha sonra həmin torpaq sahəsinin yerləşmə cizgisi çəkilmiş və Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətində mövcud olan torpaq sahələrinin elektron kadastr məlumatlarına əsasən X1 2.0 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olan torpaq sahəsidir və Böyükşor gölünün mühafizə zonasında yerləşir. Həmçinin tərəflər arasında bağlanmış Torpaqların alqı-satqısına dair akt bələdiyyə sədri və vətəndaş X9 tərəfindən imzalansa da, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Göründüyü kimi, Binəqədi qəsəbə Bələdiyyəsi öz səlahiyyətlərindən kənara çıxaraq qanunsuz olaraq dövlət mülkiyyətində olan torpaq sahəsini fiziki şəxsə satmışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1372/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia mümkün hesab edilməmişdir. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilmiş sənədlərdə Binəqədi Bələdiyyəsi tərəfindən qəbul edilmiş mübahisələndirilən sərəncamdan ayrılmış torpaq sahəsinin bələdiyyə ərazisinin hansı hissəsində yerləşməsi müəyyən olunmur. Bundan əlavə məhkəmə araşdırması zamanı Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mübahisə predmeti olan torpaq sahəsinin bələdiyyə mülkiyyətinə ayrılması barədə hər hansı dövlət aktı və digər müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Bələdiyyələrlə İş Mərkəzi tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq X2 xx.xx.2008-ci il tarixli, 88 nömrəli iclas protokolunun Bələdiyyələrlə iş mərkəzində qeydiyyatdan keçmədiyi qeyd olunmuşdur. Həmçinin Qanunvericiliyə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində sərəncam verilməsi ilə bağlı qərar bələdiyyə iclasında qəbul olunmalı olduğu halda, hazırda mübahisələndirilən sərəncam bələdiyyə iclasında deyil, bələdiyyə sədri tərəfindən vəzifə səlahiyyətləri aşmaqla kobud qanun pozuntuları nəticəsində “qərar” formasında deyil “sərəncam” formasında qəbul edilmişdir. Halbuki qanunvericilikdə bələdiyyə sədrinin bələdiyyənin iclasının qərarı olmadan, bələdiyyə adından torpaq sahəsinə dair sərəncam formasında inzibati akt qəbul etmək səlahiyyəti müəyyən edilməmişdir. Beləliklə, mübahisələndirilən bələdiyyə sərəncamı müvafiq münasibətləri tənzimləyən normativ hüquqi aktlarla ziddiyyət təşkil etdiyindən qanunsuz hesab edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, qərardadın ləğv edilməsini və işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs və cavabdeh tərəf apelyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini və tərəflərin məhkəmə iclasında verdikləri izahatları qarşılıqlı şəkildə nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərardad qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş hallarından aydın olur ki, X2 xx.xx.2005-ci il tarixli 1491/1 nömrəli sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən 2.0 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti məqsədilə vətəndaş X6 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. İddiaçı sözügedən inzibati aktların etibarsız hesab edilməli olduğunu hesab edir. İş materiallarında olan işdə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10638/2021 saylı 04 noyabr 2021-ci il tarixli qərarından görünür ki, iddiaçı X9 cаvаbdеh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, X2 13 may 2005-ci il tarixli, 1491/1 saylı sərəncamı ilə mülkiyyət hüququ əsasında alqı-satqı yolu ilə ona ayrılmış 2 ha torpaq sahəsi üzərində hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmiş, məhkəmənin həmin qərarı ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-945/2022 nömrəli qərarından görünür ki, iddiaçı X9 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10638/2021 saylı 4 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, Bakı şəhəri Binəqədi rayonu X2 13 may 2005-ci il tarixli 1491/1 saylı sərəncamı ilə iddiaçı X7 ayrılmış 2 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Sözügedən qərarlardan müəyyən olunur ki, cavabdeh iddiaçının tələbini etirazla qarşılayaraq torpaq sahəsi ilə bağlı alqı-satqı aktının keçmiş DTXK tərəfindən təsdiq olunmamasını, torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin əlavə olunmamasını, o cümlədən sözügedən ünvanda yerləşən torpaq sahəsində idarənin mütəxəssisləri tərəfindən çöl-ölçmə işlərinin aparılmasına şərait yaradılmamasına istinad etmiş və “Torpaqların alqı-satqısına dair Akt”ın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydiyyata alınmadığını, o cümlədən, elektron kadastr məlumatlarına əsasən müvafiq torpaq sahəsi Böyükşor gölünün mühafizə zonasında yerləşdiyini və Bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə elektron bazada məlumat aşkar edilmədiyini bildirmişdir. Qeyd olunan iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-2117/2022 nömrəli qərarından görünür ki, cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-945/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 2117/2022 nömrəli qərarı il aşağıdakı qaydada əsaslandırılmışdır: “...Hazırkı iş üzrə iddiaçının tələbi Bakı şəhəri Binəqədi rayonu X2 1491/1 saylı, 13 may 2005-ci il tarixli sərəncamına əsasən alqı-satqı yolu ilə ona ayrılmış 2.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi ilə bağlıdır. Cavabdeh iddiaçının eyni məzmunlu müraciətlərinə cavab verərkən torpaq sahəsi ilə bağlı alqı-satqı aktının keçmiş DTXK tərəfindən təsdiq olunmamasını, torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin əlavə olunmamasını, o cümlədən sözügedən ünvanda yerləşən torpaq sahəsində idarənin mütəxəssisləri tərəfindən çöl-ölçmə işlərinin aparılmasına şərait yaradılmamasına istinad etmiş, sonuncu məktubunda isə qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra məsələyə yenidən baxılacağını bildirmişdir. Məhkəmə kollegiyası kassatorun “torpaq sahəsinin Böyükşor gölünün mühafizə zonasında yerləşməsi” ilə bağlı dəlili ilə əlaqədar isə qeyd edir ki, ilk növbədə qeyd edilən dəlil iddiaçının müraciətinə verilən cavablarda imtinanın əsası kimi göstərilməmişdir. Bununla belə, kassasiya şikayətində dəlil kimi irəli sürüldüyündən məhkəmə kollegiyası qeyd edilən dəlilə münasibət bildirilməsini zəruri hesab edərək aşağıdakıları bildirir. Hazırkı iş üzrə iddiaçıya torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu X2 1491/1 saylı, 13 may 2005-ci il tarixli sərəncamı ilə ayrılmışdır. “Böyükşor gölünün və onun mühafizə zonasının sərhədləri” isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 may 2017-ci il tarixli 221 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçıya torpaq sahəsi ayrılarkən sözügedən torpaq sahəsi mühafizə zolağında yerləşməmişdir. Digər tərəfdən, torpaq sahəsinin mühafizə zolağında yerləşməsi torpaq üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtinaya əsas deyildir (bunu qadağan edən imperativ norma mövcud deyildir). Torpaq sahəsinin mühafizə zolağında yerləşməsi yalnız mühafizə zolağının müəyyən etdiyi rejimə uyğun istifadə edilməsi ilə nəticələnir ki, cavabdehin torpaq sahəsinin mühafizə zolağında yerləşməsinə görə həmin torpaq üzərində hüquqların qeydə alınmasından imtina edilməsi ilə bağlı mövqeyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8 və 15-ci maddələrinin tələblərinə ziddir.” “...Həmçnin işdə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(103)-945/2022 nömrəli qərardadından görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə sözügedən qurumun iş üzrə “3-cü şəxs qismində cəlb edilməsi” barədə vəsatət məhkəməyə daxil olmuş, məhkəmənin həmin qərardadı ilə vəsatət təmin edilməmişdir. Qərardad bununla əsaslandırılmışdır ki, “...Hazırki işdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti işə 3-cü şəxs qismində cəlb edilməli olduğunu onunla əsaslandırır ki, Bakı şəhəri Binəqədi rayonu X2 1491/1 saylı 13 may 2005-cı il tarixli sərəncamı ilə iddiaçı X7 ayrılmış 2 ha torpaq sahəsi dövlətin mülkiyyətindədir. Bununla bağlı kollegiya qeyd etməyi zəruri hesab edir ki, sözügedən torpaq sahəsinin bələdiyyənin inzibati ərazi hüdudları daxilində olması barədə işdə səlahiyyətli qurumun sorğuya cavab məktubu mövcuddur. Nəzərə alınmalıdır ki, Bakı şəhərinin tabeliyində olan rayon bələdiyyələrinin heç birinin inzibati ərazi hüdudlarında olan torpaqlara dair mülkiyyət sənədi yoxdur. Lakin bu hal o demək deyil ki, bələdiyyənin inzibati ərazi hüdudlarının daxilində yerləşən torpaqlar məhz bələdiyyənin adında mülkiyyət sənədi olmadığı üçün dövlətin mülkiyyətindədir. Kollegiya bu qənaətini həm də onunla əsaslandırır ki, işə üçüncü şəxs qismində cəlb edilməsini tələb edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olması barədə dəlilini sübut etmək üçün hər hansı sənədi, məsələn sözügedən torpağın dövlət mülkiyyətində olması barədə müvafiq dövlət registrindən çıxarışı məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, hazırki iş apellyasiya baxışında olarkən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi mübahisəli torpaq sahəsinin dövlətin mülkiyyətində olması əsası ilə bu barədə sübutları təqdim etməklə, Əmlak Məsələləri Dövlət Xidmətinin işə üçüncü şəxs qismində cəlb olunması ilə bağlı yazılı ərizə verməmişdir. Halbuki qanunvericiliyin tələbinə görə, üçüncü şəxsin işə cəlb olunması ilə bağlı ərizələr məhkəməyə yazılı şəkildə təqdim olunur... Belə olan halda məhkəmə kollegiyası hazırki iş üzrə çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə aktının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinın hər hansı qanuni mənafeyinə toxunmasının iş üzrə müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Xidmətin işə cəlb olunması barədə vəsatəti təmin edilməməlidir.” Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə iddiaçının hazırkı tələbində göstərdiyi hallara artıq qiymət verilməklə münasibət bildirilmiş, mübahisəli torpaq sahəsinə üçüncü şəxsin hüququnun qeydə alınmasının iddiaçının mənafeyinə toxunmadığı müəyyən edilmişdir. Kollegiya tərəfindən işin ətraflı araşdırılması məqsədi ilə iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur:

1. X2 xx.xx.2005-cü il tarixli 1491/1 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış 2.0 ha torpaq sahəsi Binəqədi qəsəbə bələdiyyəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilindədirmi? xx.xx.2025-ci il tarixli, 10/4717 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə bütövlüklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 May 2017-ci il tarixli. 221 nömrəli Qərarına əsasən təsdiq edilmiş Böyükşor Gölünün mühafizə zonasında yerləşir. Həmçinin Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə 1627,24 hektar ərazinin torpaqayırma sənədlərinin "xxxx" ASC-nə təqdim edilməsi barədə Azərbaycan Respublikasının Ekoloji və Təbii Sərvətlər Nazirliyinin 20 may 2022-ci il tarixli 4/1392 02- 24 nömrəli müraciəti əsasında ********** nömrə ilə müvafiq “Yerquruluşu planı” tərtib edilmiş ümumi sahə daxilindədir. Sahə “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Bundan əlavə göstərilən sahəyə X4 tərəfindən müraciətlər olmuşdur. Göründüyü kimi ekspert müstəqil qaydada hər hansı bir araşdırma aparmadan iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş mütəxəsis rəyi əsasında mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olması qənaətinə gəlmiş, həmin torpaq sahəsinin Binəqədi qəsəbə Bələdiyyəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində olub-olmamasını cavablandırmamışdır. Həm hazırkı iş üzrə, həmdə analoji işlər üzrə ekspertlər müstəqil araşdırma aparmadan iddiaçının mütəxəssislərinin rəylərinə istinad edərək rəy verdiklərindən Kollegiya təkrar ekspertiza keçirilməsinə zərurət görmür. İş materiallarından mübahisəli torpaq sahəsinin Binəqədi rayonunun inzibati ərazi hüdudları daxilində olması işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarında olan məhkəmə qərarlarından müəyyən olunur ki, qeyd edilən hal iddiaçının aidiyyatı qurumu tərəfindən məhkəməyə ünvanlanmış məktubda öz əksinin tapmışdır. Apelyasiya şikayətinin “mübahisə predmeti olan torpaq sahəsinin bələdiyyə mülkiyyətinə ayrılması barədə hər hansı dövlət aktı və digər müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir” dəlili ilə bağlı Kollegiya bildirir ki, Bakı şəhərinin tabeliyində olan rayon bələdiyyələrinin heç birinin inzibati ərazi hüdudlarında olan torpaqlara dair mülkiyyət sənədi yoxdur. Lakin bu hal o demək deyil ki, bələdiyyənin inzibati ərazi hüdudlarının daxilində yerləşən torpaqlar məhz bələdiyyənin adında mülkiyyət sənədi olmadığı üçün dövlətin mülkiyyətindədir. Həmçinin mübahisəli torpaq sahəsinin cavabdehin istifadəsinə ayrıldığı dövrdə torpağın dövlət mülkiyyətində olması barədə hər hansı sübut iddiaçı tərəfindən təqdim olunmamışdır. Torpaq sahəsinin Böyükşor Gölünün mühafizə zonasında yerləşməsi ilə bağlı iddiaçının dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, iddiaçı X6 cаvаbdеh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Binəqədi rayonu, X2 13 may 2005-ci il tarixli, 1491/1 saylı sərəncamı ilə mülkiyyət hüququ əsasında alqı-satqı yolu ilə ona ayrılmış 2 ha torpaq sahəsi üzərində hüquqların qeydə alınması” tələbinə dair iş üzrə qanuni qüvvəsini almış yekun məhkəmə aktlarında sözügedən dəlilə hüquqi qiymət verilmişdir. Beləliklə, qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün hesab edilməməsi ilə düzgün nəticə gəlmişdir, apelyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən ape lyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1372/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar