Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1170/2025 30.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “sabiq dövlət qulluqçusu kimi pensiya təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-13021/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sabiq dövlət qulluqçusu kimi pensiya əlavələri də nəzərə alınmaqla yaşa görə əmək pensiyasının hesablanaraq təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bayramova (Məmmədova) Sevinc Məmməd qızının dövlət qulluğunda 15 ildən çox qulluq stajı olduğu üçün ona müvafiq olaraq dövlət qulluğu üzrə qulluq stajı və pensiya əlavələri nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən iddiaçı tərəfindən cavabdehə müraciət edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən müraciətə aidiyyəti üzrə baxılarkən iddiaçının dövlət qulluqçusu olması faktını və dövlət qulluqçusu kimi pensiya əlavələri nəzərə alınmadan formal və əsassız mülahizələr əsasında imtina məktubu təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Bəhlul Cəlalov) e-2-1(112)-13021/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. Əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1977- xx.xx.1978-ci illərdə mağazada satıcı işləmişdir (8 ay 2 gün), xx.xx.1978-xx.xx.1982-ci illərdə ali təhsil almışdır (3 il 11 ay), xx.xx.1982-xx.xx.1986-cı illərdə Azərbaycan SSR Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyinin Ticarət və X4 Baş İdarəsində iqtisadçı vəzifəsində işləmişdir (3 il 5 ay 21 gün), xx.xx.1986-xx.xx.1989-cu illərdə Azərbaycan SSR X6 Komitəsinin Meyvə-Tərəvəz və Kartof İstahsalı və Emalı Baş İdarəsində böyük əmtəəşünas vəzifəsində işləmişdir (3 il 13 gün), xx.xx.1989-xx.xx.1991-ci illərdə Azərbaycan SSR X6 Komitəsinin Bitki Məhsullarının İstehsalı və Tədarükü Baş İdarsində aparıcı iqtisadçı vəzifəsində işləmişdir (2 il 10 ay 7 gün), xx.xx.1991-xx.xx.1995-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin Bitkiçilik Baş İdarəsində aparıcı iqtisadçı və baş iqtisadçı vəzifələrində işləmişdir (3 il 2 ay 8 gün), xx.xx.1995-xx.xx.1998-ci illərə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Marketinq, əmtəə birjası, tender və reklam İdarəsində işləmişdir (3 il 2 ay 12 gün). İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh müraciətin təmin edilməsinə imtina etmişdir. İddiaçının dövlət qulluğunda 15 ildən çox qulluq stajı olduğu üçün ona müvafiq olaraq dövlət qulluğu üzrə qulluq stajı və pensiya əlavələri nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilməsi zərurəti yaranmışdır. Cavabdeh tərəfindən müraciətə aidiyyəti üzrə baxılarkən iddiaçının dövlət qulluqçusu olması faktını və dövlət qulluqçusu kimi pensiya əlavələri nəzərə alınmadan formal və əsassız mülahizələr əsasında imtina məktubu təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək, iddiaçının sabiq dövlət qulluqçusu kimi pensiya əlavələri də nəzərə alınmaqla yaşa görə əmək pensiyasının hesablanaraq təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən daxil olmuş apellyasiya şikayətinə etirazda qeyd olunur: İş materiallarına əsasən xx.xx.1959-cu il təvəllüdlü İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması barədə xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir. İddiaçının cavabdehə xx.xx.2024-cü il tarixdə təqdim etdiyi müraciət ərizəsi və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmış və cavabdehin xx.xx.2024cü il tarixli məktubu ilə iddiaçıya müraciətinin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. Daha sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 15 ildən çox qulluq stajının olmasını əsas gətirilərək, ona müvafiq olaraq dövlət qulluğu üzrə qulluq stajı və pensiya əlavələri nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının sosial sığorta stajının müddəti 25 ildən az, 20 il 3 ay 25 gün təşkil etdiyindən (xx.xx.1977-xx.xx.1978-ci il, xx.xx.1978-xx.xx.1982ci il, xx.xx.1982-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər); orqanizmin funksiyalarının 81- 100 faizinin pozulmasına görə əlilliyi müəyyən edilmədiyindən, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən ona Qanunun 20.1.7-ci, 20.11.1ci və 20.11.2-ci maddələrinə əsasən dövlət qulluqçusu kimi qulluq stajına görə əlavələr tətbiq edilməklə yaşa görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir Qeyd olunanları nəzərə alaraq, iddiaçıya dövlət qulluğu stajı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün heç bir hüquqi əsasın olmadığı sübuta yetirilmiş hesab edilməlidir. Bu səbəbdən, qanunvericliyin tələbləri rəhbər tutulmaqla iddiaçının iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməmişdir. Apellyasiya şikayətinin təmin edilməməsi, qərarın dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd edilir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən pensiya yaşına çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 20.1.7-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavalər Qanunun 7-ci maddəsinə uyğun olaraq, pensiya yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faizinin pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq dövlət qulluqçularına təyin edilir. İddiaçının sığorta stajı 25 ildən az (20 il 3 ay 25 gün (xx.xx.1977-xx.xx.1978-ci il, xx.xx.1978-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər)) olduğuna görə, həmçinin orqanizmin funksiyalarının 81-100 faizinin pozulmasına görə əlilliyi müəyyən edilmədiyindən və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan imkan vermədiyindən ona Qanunun 20.1.7-ci, 20.11.1-ci və 20.11.2-ci maddələrinə əsasən sabiq dövlət qulluqçusu kimi qulluq stajına görə əlavələr tətbiq edilməklə yaşa görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). 20.11-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.11-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu: 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 23.2-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ onların dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı dövlət qulluğunda stajı nəzərə alınmaqla ona sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etsə də, iş materiallarından görünür ki, iddiaçının ümumi stajı 25 ildən azdır. Belə ki, iddiaçının ümumi iş stajının 25 ildən az olması iddiaçı tərəfindən də mübahisələndirilmir. İş materiallarından görünür ki, iddiaçının ümumi stajı 25 ildən azdır (xx.xx.1977-xx.xx.1978, xx.xx.1978-xx.xx.1982, xx.xx.1982-xx.xx.1998 - cəmi 20 il 3 ay 25 gün). “Əmək pensiyaları haqqında” Qanunun 20.1-ci maddəsində qulluq stajına görə əmək pensiyasına əlavələrin tətbiq edilməsi nəzərdə tutulmuşdur. İddiaçının pensiyasına qulluq stajına görə əlavələrin hesablanması üçün ona yaşa görə və ya əlilliyə görə pensiya təyin edilməsi zəruridir. Yəni həmin normalar əmək pensiyası alan şəxslərin pensiyasına qulluq stajına görə əlavə ödənişlərin ödənilməsini tənzimləyir. İddiaçının ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il ümumi stajı yoxdur. İddiaçının əlilliyin olmaması işin mübahisələndirilməyən halıdır. Belə olan halda, iddiaçıya ümumiyyətlə, pensiya təyin edilməsi mümkün olmadığından qulluq stajına görə əmək pensiyasına əlavələrin ödənilməsi də mümkün deyildir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən iddiaçı 25 il ümumi stajına malik olmadığı üçün onun dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-13021/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1170/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1170/2025
30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver