Məhkəmə qərarları › İş №2-1(103)-1171/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1171/2023

31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1171/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzil verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10960/2022 nömrəli, 23 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona şəhid ailəsi kimi mənzil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz edilmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona ailə üzvləri nəzərə alınmaqla (həyat yoldaşı və oğlu) şəhid ailəsi kimi mənzil verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10960/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı ailə üzvləri nəzərə alınmaqla (həyat yoldaşı və oğlu) şəhid ailəsi kimi mənzil verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10960/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixində mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə 3 (üç) nəfər ailə üzvləri ilə Suraxanı Rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Sərəncamın icrası çərçivəsində vətəndaşın mənzillə təmin olunması üçün təqdim edilmiş sənədlərə baxılarkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arayışında İddiaçı mülkiyyətində daşınmaz əmlakın - ünvan 1 ünvanında 63.74 kv.m ümumi sahəsi, 3 otaqlı mənzilin olduğu aşkar edilmişdir. Adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğuna görə İddiaçı sosial- məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsi mövcud qanunvericiliyə uyğun deyildir. Belə ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 26-cı bəndinə əsasən yaşayış sahəsi vətəndaşlara, bir qayda olaraq, bir ailə üçün ayrıca mənzil şəklində, Azərbaycan SSR Mənzil Məcəlləsinin müəyyən etdiyi mənzil sahəsi norması həddində, lakin hər adama 8 kvadratmetrdən az olmamaqla verilir. Bəzi xroniki xəstəliklərin ağır formalarını keçirən vətəndaşlar üçün, habelə gördükləri işin şəraitinə və xarakterinə görə belə sahə alması lazım olan vətəndaşlar üçün əlavə mənzil sahəsi artırıla bilər. Yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun. Maddədən aydın olduğu kimi, adambaşı normadan artıq ölçüdə yaşayış sahəsi ancaq o halda verilə bilər ki, həmin mənzil bir otaqdan ibarət olsun. Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010-cu il tarixli qərarına əsasən “şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır.” Belə olan halda ailə tərkibi 5 nəfərdən ibarət olan və normaya uyğun ölçüdə yaşayış sahəsi ilə təmin olunmuş vətəndaşa əlavə mənzilin verilməsi əsassız olmaqla yanaşı, həm də dövlət büdcəsinin və Dövlət Mənzil Fondunun imkanları xaricindədir. Göründüyü kimi, məhkəmə tərəfindən qanunvericiliyin qeyd edilən normaları nəzərə alınmamış və iddia tələbi əsassız olaraq təmin edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 2-1(112)-10960/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsi, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia qismən təmin edilməlidir. İş materiallarında olan cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022ci il tarixli imtina məktubunda qeyd olunur: “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il tarixli 25 yanvar 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-ci ildə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş növbəlilik siyahılarında Sizin 14 yanvar 2021-ci il tarixdən mənzil növbəsinə dayandığınız qeyd edilmişdir. Nəzərinizə çatdırırıq ki, təqdim etdiyiniz sənədlərlə bağlı aparılmış araşdırma ilə müəyyən edilmişdir kı, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs kimi növbəyə götürüldüyünüz və növbədə olduğunuz müddətdə övladınız X9 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinizi bağışlamısınız. Bu səbəbdən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış şəraitinizi qəsdən pisləşdirilməsi ilə nəticələnən hərəkətlərə yol verdiyinizdən sosial-məişət şəraitinizin yaxşılaşdırılmasına beş ildən tez baxıla bilməz. İş materiallarında olan 4 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci ildə verilmiş AZ-İİ seriyalı 125308 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2020-ci ildə Füzuli rayonunda ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci ildə 1036 nömrə ilə qeyd edilmişdir. Ölumün səbəbi - Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçının övladı X10 Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş və döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. X2 ölümündən sonra «Vətənə xidmətə görə» ordeni, «Vətən uğrunda», «Cəbrayılın azad olunmasına görə», «Laçının azad olunmasına görə» və «Qubadlının azad olunmasına görə» medalları ilə təltif olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlamış xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 05 №-li Sərəncamından çıxarışın təsdiq edilmiş surətindən görünür ki, vətəndaş İddiaçı oğlu X10 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatı zamanı (İİ Qarabağ müharibəsində) şəhid olmuşdur. Vətəndaş İddiaçı hazırda 3 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, oğlu Fuad) ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. Vətəndaş İddiaçı 3 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, oğlu Fuad) yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi və birinci növbədə mənzil sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısına daxil edilməsi qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti müayinə olunan şəxs barədə məlumatlardan görünür ki, X11 xx.xx.2016-cı ildən müddətsiz birinci dərəcə əlildir, İddiaçı isə xx.xx.2016-cı ildən ikinci dərəcə əlildir. Həmin məktuba əlavə edilmiş 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı aylıq 300 manat məbləğində Şəhid ailəsinin üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır (müddətsiz). Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı Rayon İdarəsi tərəfindən verilmiş 142 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı mərhum oğlu xx.xx.1993-cü il təvəllüdlü X10 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuş, xx.xx.2020-ci il tarixdən X10 “şəhid”, onun ailəsi “şəhid ailəsi” hesab edilir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti MKTD 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 39 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli 17 nömrəli arayışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, ev 42, 8 nömrəli mənzildə İddiaçı, əri X11 və oğlu X12 qeydiyyatdadır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı adına hazırda qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Həmin məktuba əlavə edilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, ev 42, 8 nömrəli mənzili oğlu X9 bağışlamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. 4.0-cü maddəsinə əsasən dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə: 4.0.2. müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. 49.4-cü maddəsinə əsasən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5-ci maddəsinə əsasən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 56.5-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə yaşayış sahəsi vətəndaşlara onların yaşayış yeri üzrə (müvafiq yaşayış məntəqəsinin hüdudlarında) adambaşına düşən ümumi sahəsi ayrılma normasından az olmamaqla verilməlidir. “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli, 459 saylı Qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Qanunvericilik normalarının tələblərindən göründüyü kimi, yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan hesab edilir və vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına, yəni yerli icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nöməli Sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdəndir. Həmin Sərəncamın 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır. «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aşağıdakı şəxslərin (ailələrin) 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi qərara alınmışdır: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Göründüyü kimi, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamı xüsusi səbəblə əlilliyi müəyyən edilmiş bütün kateqoriyaları əlillərə və şəhid ailələrinə münasibətdə 2021-2025-ci illər ərzində mərhələli qaydada mənzil və ya fərdi evlərin ayrılmasını nəzərdə tutmuşdur. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 05 №-li Sərəncamı ilə İddiaçı 3 nəfər ailə tərkibi (özü, həyat yoldaşı, oğlu Fuad) ilə yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi və birinci növbədə mənzil sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısına daxil edilməsi qərara alınmışdır. Yerli icra hakimiyyəti tərəfindən Sərəncamın qəbul edilməsində əsas iddiaçının şəhid ailəsi üçün nəzərdə tutulmuş güzəştli imtiyazlardan istifadəsidir. Belə ki, sözügedən sərəncamın və digər inzibati orqanlar tərəfindən verilmiş arayışların surətindən görünür ki, iddiaçının oğlu X10 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatı zamanı (İİ Qarabağ müharibəsində) şəhid olmuş, ölümündən sonra «Vətənə xidmətə görə» ordeni, «Vətən uğrunda», «Cəbrayılın azad olunmasına görə», «Laçının azad olunmasına görə» və «Qubadlının azad olunmasına görə» medalları ilə təltif olunmuşdur. Bununla əlaqədar olaraq yerli icra hakimiyyəti Mənzil Məcəlləsinin 51-ci maddəsinə, “Yerli icra hakimiyyətləri haqqnda Əsasnamə”nin 6.8-ci bəndinə və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü bəndinə istinad edərək iddiaçının 3 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsini həyata keçirmişdir. Hazırda iddiaçı mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar mənzillə təmin edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində 63,74 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi qeydiyyatdan keçdiyindən və iddiaçı adaşbaşına düşən minimum yaşayış sahəsinə malik olduğundan, o, sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsini tələb etmək hüququna malik deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, ümumi sahəsi 63,74 kv.m olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınsa da, iddiaçı həmin mənzili oğlu X9 bağışlamışdır və hazırda həmin mənzil üzərində mülkiyyət hüququ X6 adına qeydiyyata alınmışdır. Nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan qanunvericiliyin normalarına görə adambaşına düşən minimum yaşayış sahəsinin norması 16 kv.m təşkil edir. Buna baxmayaraq, əvvəl iddiaçının mülkiyyətində olmuş, lakin sonradan mülki əqd əsasında oğlunun mülkiyyətinə keçmiş fərdi yaşayış evinin ümumi sahəsi 63,74 kv.m təşkil etsə də, texniki pasportdan da göründüyü kimi bu sahədən yalnız 37,04 kv.m olan hissəsi yaşayış üçün nəzərdə tutulmuşdur. İddiaçı güzəştli mənzil növbəsinə götürülərkən, həmin vaxt onun ailə tərkibi özü də daxil olmaqla 3 nəfər ailə üzvündən ibarət olmuşdur. Göründüyü kimi, hətta həmin mənzil iddiaçının mülkiyyətində olmuş olsa da, iddiaçı uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsi ilə təmin olunmuşdur ki, bu da onun yaşayış sahəsinə ehtiyacı olan qismində tanınmasına əsas verir. Bu səbəbdən də iddiaçının və ya onun oğlunun mülkiyyətində fərdi yaşayış evinin olmasından asılı olmayaraq, iddiaçı sosial-məişət şəraitinin yaxşılaşdırılmasına üçün mənzillə təmin edilməsini tələb etmək hüququndan məhrum olunmamalıdır. Eyni zamanda məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçı xx.xx.2016-cı ildən ikinci dərəcə əlildir, iddiaçının əri X11 isə xx.xx.2016-cı ildən müddətsiz birinci dərəcə əlildir. Həmçinin hazırda iddiaçının və ərinin adına qeydiyyatdan keçmiş daşınmaz əmlak mövcud deyildir. Göründüyü kimi, iddiaçının oğlu X10 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı şəhid olmuşdur və iddiaçı şəhid ailəsi statusuna malikdir. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 05 №-li Sərəncamına əsasən iddiaçı 3 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, oğlu Fuad) yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş və birinci növbədə mənzil sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısına daxil edilmişdir. İddiaçı ikinci dərəcə əlildir, iddiaçının əri isə müddətsiz birinci dərəcə əlildir və hazırda onların adına qeydiyyatdan keçmiş daşınmaz əmlak mövcud deyildir. Qeyd olunanlara əsasən iddiaçı mənzil şəratini yaxşılaşdırmağa ehtiyacı olan hesab olunur və o, sosialməişət şəraitinin yaxşılaşdırılmasına üçün mənzillə təmin edilməsini tələb etmək hüququna malikdir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası qanununun 4-cü maddəsinin tələblərindən də göründüyü kimi, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 05 №-li Sərəncamına əsasən iddiaçı 3 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, oğlu Fuad) yaşayış yeri üzrə mənzil növbəsinə götürülsə də, hazırda ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində mülkiyyət hüququ iddiaçının oğlu X6 adına qeydiyyata alınmışdır. Belə olan halda iddiaçının oğlu mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilmir və iddiaçıya yalnız özü və əri nəzərə alınmaqla şəhid ailəsi kimi mənzil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10960/2022 nömrəli, 23 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia qismən təmin edilməli, İddiaçı ailə üzvləri - özü və əri nəzərə alınmaqla şəhid ailəsi kimi mənzil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10960/2022 nömrəli, 23 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı ailə üzvləri - özü və əri nəzərə alınmaqla şəhid ailəsi kimi mənzil verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulsun. İddia digər hissədə təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar