Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1171/2025 09.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X12 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X7 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2466/2024 saylı, 08 oktyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyin Hərbi Həkim Komissiyasının 19 sentyabr 2017-ci il tarixli №1582 reyestr nömrəli qərarı əsasında İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” İİ qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1969-cu ildə anadan olmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Fizuli RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmışdır. 13 iyul 1992-ci il tarixdən 1994-cü ilin yanvar ayına qədər N saylı hərbi hissədə qranatatan tağımında atıcı vəzifəsində xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi- Həkim Komissiyasının xx.xx.2017-ci il tarixili 1582 saylı qərarına əsasən Fizuli RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994 cü ildə aldığı və xx.xx.1994-cü ilə kimi X2 Cərrahiyyə İnstitutunda müayinə və müalicə olunduğu yaralanma zamanı təyin edilmiş yaralanmanın nəticələri- diaqnoz: «Döş qəfəsinin sağ yarısının qəlpə yarası. Sağətraflı hemopnevmotoraks» və xx.xx.1994-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticələri- diaqnoz: «Döş qəfəsinin sağ yarısına nüfuz edən odlu qəlpə yaralanması, nəticəsində hemopnevmotoraks» xx.xx.1994-cü ildən İİ dərəcəli tənəffüz çatışmamazlığı ilə sağ kürək nahiyyəsinin yumşaq toxumasının yad cismi (metal qəlpə)» (Azərbaycan Respublikası SHXÇDX-nin Fizuli Rayon Şöbəsinin xx.xx.2017-ci il tarixli 963 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 560 nömrəli arayışı, X2 Cərrahiyyə İnstitutundan verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nin həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir) «hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır». Bu qərarın əsası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-cı il tarixli 1582 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 maddəsinin a) bəndində öz əksini tapmışdır. Həmçinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən İddiaçı haqqında Hemotoraks. Döş qəfəsinin sağ yarısına nüfuz edən odlu qəlpə yaralanması nəticəsində hemopnevmatoraks və Tənəffüz çatmamazlığı ilə ağciyərlərin emfizeması, ağciyərlərin xr abstruktiv kəskinləşmə mərhələsi, hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növü ilə törədilmiş zədələnmələr, sağ kürək nahiyyəsinin yumşaq toxumasının yad cismi (metal qəlpə) ilə əlaqədar ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar" əlillik təyin olunmalı idi. Lakin, iddiaçının cavabdeh Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli, 3-17-4 2-A- 20729/2023 saylı məktubu ilə iddiaçının hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri aşkar olunmadığı, nəticədə iddiaçıya Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbindən təyinat aparılmasının mümkün olmaması, müayinə zamanı aşkar olunan digər xəstəliklərin əlamətləri müəyyən edildiyi səbəbindən ikinci dərəcə əlillik təyinatına uyğun müvafiq qərar qəbul edərək imtina etmişdir. Hesab edir ki, cavabdeh orqanın bu imtina qərarı kifayət qədər əsassızdır. Müvafiq qərar verilmişdir, lakin, iddiaçı hələ də, haqqı olan əlilliyi cavabdehin əsassız imtinası nəticəsində ala bilmir. Bu hərəkət isə iddiaçıya həm mənəvi, həm də maddi ziyan vurur. Bunun aradan qalxması üçün iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2466/2024 saylı, 08 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən sübutları tədqiq etmiş, lakin obyektiv qərar qəbul etməmişdir. Məhkəmə iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 1582 saylı qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017ci il tarixli, 1582 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci maddəsinin 2 bəndində öz əksini tapmasına hüquqi qiymət verməmişdir. Bu da iddiaçının əlil kimi hüquqlarının pozulması və sağlamlığının pozulması ilə nəticələnən hazırkı əlilliyinə səbəb olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatlar tam hərtərəfli olaraq araşdırılmamışdır. Nəticədə iddiaçı daha da ağır psixoloji gərgin vəziyyətə düşmüşdür. Belə ki, iddiaçı tərəfindən verilmiş iddia tələbi təmin edilməməklə psixoloji və sağlamlığının pisləşməsi biraz da artmışdır. Bu cür qərarın qəbul edilməsi iddiaçı tərəfindən ona qarşı yol verilmiş haqsızlıq kimi qəbul edilmişdir. Ona görə iddiaçı hesab edir ki, onun maddi durumunun və sağlamlığının ağır olduğu bir vaxtda birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar iddiaçını daha da ağır psixoloji duruma salmışdır. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri kobudcasına pozulmuşdur. Cavabdeh tərəfindən iddiaçı haqqında Hemotoraks. Döş qəfəsinin sağ yarısına nüfüz edən odlu qəlpə yaralanması nəticəsində hemopnevmatoraks və tənəffüs çatmamazlığı ilə ağciyərlərin emfizeması, ağciyərlərin xr abstruktiv xəstəlik kəskinləşmə mərhələsi, hərbi əməliyyatlar nəticəsində odlu silahla və ya digər adi silah növü ilə törədilmiş zədələnmələr, sağ kürək nahiyəsinin yumşaq toxumasının yad cismi (metal qəlpə) ilə əlaqədar ikinci dərəcə əlillik təyin olunmalı idi. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi TQS 027 nömrəli, 01 dekabr 2020-ci il tarixli Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, xəstə özünü 1994cü ildə aldığı qəlpə yaralanmasından sonra xəstə hesab edir, xəstəliyi ilə əlaqədar stasionar müalicə alıb. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə məlumatdan görünür ki, (qiymətləndirmə tarixi – xx.xx.2023-cü il) xx.xx.1969-cu il təvəllüdlü İddiaçı diaqnozu – ağciyərin digər travmaları, döş qəfəsinin sağ yarısının qəlpə yarası və fəsadları. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, ağ ciyərin sağ payının yaralanmasından və hemopnevmatoraksa görə aparılmış əməliyyat çapığı. -Elektron müayinə məlumatlarından görünür ki, iddiaçı xx.xx.2017-ci il tarixdə “Hemotoraks, Döş qəfəsinin sağ yarısına nüfuz edən odlu qəlpə yaralanması nəticəsində hemopnevmotoraks (xx.xx.1994). Tənəffüs çatmamazlığı İİ d. Ağciyərlərin emfizeması. Ağciyərlərin xr obstruktiv kəskinləşmə mərhələsi. Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sağ kürək nahiyəsinin yumşaq toxumasının yad cismi (metal qəlpə)” diaqnozu əsasında ona 5 il müddətinə əlillik təyin edilmişdir. Növbəti qiymətləndirmə tarixi xx.xx.2022-ci il tarixə təyin olunmuşdur. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial ekspert komissiyasının 30 may 2023-cü il tarixli 3-17-4/3-3-3394/2023 saylı qərarına əsasən Xəzər rayon sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 1582 nömrəli qərar verilmişdir. Həmin qərarda “Döş qəfəsinin sağ yarısının qəlpə yarası. Sağtərəfli hemopnevmotoraks. Döş qəfəsinin sağ yarısına nüfuz edən odlu qəlpə yaralanması nəticəsində hemopnevmotoraks xx.xx.1994) İ dərəcəli tənəffüs çatışmamazlığı ilə Sağ kürək nahiyyəsinin yumşaq toxumasının yad cismi (metal qəlpə)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdr” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı soyuq havalarda ağrıdan şikayətlənmişdir. Baxış zamanı sol çiyin və sağ döş qəfəsinin yan səthində çapıqlar, sağtərəfli torakosintez çapığı izlənmiş, hərəki məhdudluq qeyd edilməmişdir. Müayinə zamanı nəbzi 71 vurğu, saturasiyası 94%, tənəffüsün sayı 16 müəyyən edilmiş, auskultasiyada vezikulyar tənəffüs eşidilmiş, xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar edilməmişdir. Azərbaycan Respubikası Səhiyyə Nazirliyinin 31 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2023-cü il tarixli Tibbi rəydə diaqnoz “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adlı silah növləri ilə törədilmiş zədələnmə. Ağciyərin xroniki obstruktiv xəstəliyi. Hipertoniya xəstəliyi İİ mərhələ. Boyun və bel fəqərələrinin osteoxondrozu” kimi qeyd olunmuşdur. X3 İnstitutunun xx.xx.2023-cü il tarixli 1433 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu qeyd olundu. FVC 35%, FEV1 35% kimi qeyd edilsə də, əyani müayinə zamanı öz təsdiqini tapmamış, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 publik hüquqi şəxsi tərəfindən T356/2024 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” PHŞ müalicə müəssisəsi olmadığından vətəndaş İddiaçı konkret olaraq hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, onun adına Bakı Xəzər Tibb Mərkəzində tərtib edilmiş xx.xx.2023-cü il tarixli J00087988TMC nömrəli Forma 88-də göndərişində qeyd edilmiş “Diaqnozun mətni: Ağciyərin digər travmaları. Döş qəfəsinin sağ yarısının qəlpə yarası və fəsadları. Digər dəqiqiləşdirilməmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Ağciyərin sağ payının yaralanmasından və hemopnepmotoraksa görə aparılmış əməliyyat çapığı” diaqnozda olan xəstəliklərə düçar olmasını inkar etmək də olmaz. Belə ki, həmin diaqnoz ona stasionarda müalicəsi zamanı anamnestik, klinik və laborator-instrumental müayinələrin əsasında təyin edilmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində sol çiyin və sağ döş qəfəsinin yan səthində çapıqlar, sağtərəfli torakosintez çapığı izlənmiş, hərəki məhdudluq və xroniki tənəffüs çatışmazlığı əlamətləri aşklar edilmədiyindən əlillik dərəcəsinin təyini zamanı, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair Əsasnamənin maddələrini aid etməyə əsas vermədi. Ekspertiza rəyindən göründüyü kimi ekspert tədqiqatının aparılmasında cavabdeh inzibati orqan olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin eksperti X6 iştirak etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş, ona əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi, diaqnozun əlillik əlaməti təyin etməməsi göstərilmişdir. Məhkəmənin qərardadına əsasən təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə təqdim edilmiş ekspert rəyinə əsasən də müəyyən edilmişdir ki, iddiaçının əyani müayinəsində sol çiyin və sağ döş qəfəsinin yan səthində çapıqlar, sağtərəfli torakosintez çapığı izlənmiş, hərəki məhdudluq və xroniki tənəffüs çatışmazlığı əlamətləri aşklar edilməmiş, bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair Əsasnamənin maddələri ona aid olunmamışdır. Göründüyü kimi, iddiaçıda müəyyən edilmiş diaqnozun əlillik əlaməti təyin etməməsinin düzgünlüyü məhkəmə araşdırması zamanı bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.... Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.
2. TSEK-də əlilliyin qiymətləndirilməsi Qaydaları. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsi barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları. 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.1. Tibbi-sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrıayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya ... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK ... göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi həkim komissiyaları tərəfindən tərtib olunmuş göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 1582 saylı qərarına əsasən Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı “hərbi travma” bu qərarın əsası kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci maddəsinin a) bəndində öz əksini tapmasına hüquqi qiymət verməmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı məhkəmənin 15 aprel 2025-ci il tarixli qərardadına əsasən məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mütəxəssisi cəlb edilməməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X11” publik hüquqi şəxsinin ekspertlərinə tapşırılmış, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: xx.xx.1969-cu il təvəllüdlü İddiaçı canlı (əyani) müayinə olunsun (instrumental müayinələrin aparıldığını təsdiq edən tibbi texniki sənədlər də təqdim olunmaqla) və onun barəsində Bakı Xəzər Tibb Mərkəzi tərəfindən tərtib edilmiş J00087988TMC nömrəli forma 88 nəzərə alınaraq onda hazırda hansı xəstəlik və qüsurların olduğu (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilməklə) müəyyən edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 xx.xx.2025-ci il tarixli, T459/2025 saylı ekspert rəyində qeyd edilir ki, 1969-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara komissiya nəticəyə gəlir: 1.Vətəndaş İddiaçı adına Bakı Xəzər Tibb Mərkəzində tərtib edilmiş xx.xx.2023-cü il tarixli J00087988 nömrəli Forma 88-də göndərişində qeyd edilmiş “Diaqnozun mətni: Ağciyərin digər travmaları. Döş qəfəsinin sağ yarısının qəlpə yarası və fəsadları. Digər dəqiqləşdirilməmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Ağciyərin sağpayının yaralanmasından və hemopnepmotoraksa görə aparılmış əməliyyat çapığı” diaqnoz ona stasionarda müalicəsi zamanı anamnestik, klinik və laborator-instrumental müayinələrin əsasında təyin edilmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində sol çiyin və sağ döş qəfəsinin yan səthində çapıqlar, sağtərəfli torakosintez çapığı izlənmiş, hərəkəti məhdudluq və xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar edilməmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə X3 İnstitutunda müayinəsi zamanı ventilyasiya pozğunluğu aşkar olunmamış, ona “S27 Döş qəfəsinin sağ yarısının qəlpə yaralanmasına görə aparılmış əməliyyatdan sonrakı vəziyyət” diaqnozu qoyulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinin tələbindən göründüyü kimi, Azərbaycan Respublikasında əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertizanın keçirilməsi tibbi-sosial ekspert komissiyaların səlahiyyətinə aid edilmişdir. Nəzərə almaq lazımdır ki, inzibati orqanın özünün qiymətləndirmə azadlığından irəli gələrək səlahiyyətinin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi qiymətləndirmə azadlığı əsasında qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın qiymətləndirmə azadlığından irəli gələn səlahiyyətini özünün qiymətləndirməsi ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın qiymətləndirmə azadlığından irəli gələn səlahiyyətlərini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan qiymətləndirmə azadlığından irəli gələn səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan qiymətləndirmə azadlığından irəli gələn səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan qiymətləndirmə azadlığından irəli gələn səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Burada, söhbət inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı (əlillik vəziyyəti ilə bağlı qiymətləndirilmə aparılması və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etməsi) xüsusi təcrübəyə malik olduğu haldan gedir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmamasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (maddə 68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır (maddə 68.2). İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2466/2024 saylı, 08 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 90-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2466/2024 saylı, 08 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov