Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1172/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10393/2022 nömrəli 14 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin inzibati binasına - ünvan 1 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10393/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin ünvanı üzrə qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar faktiki olaraq ünvan 4 ünvanında yaşayırlar. Bu fakt işə əlavə olunmuş “Binəqədi 7” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş arayışda öz əksini tapmışdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir. Qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının faktiki yaşayış yeri olduğu halda Binəqədi Rayon Polis İdarəsinin üzərinə yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyi qoyula bilməz. Göstərilənləri nəzərə alaraq mülki qanunvericiliyə əsasən Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-cı il tarixli 2-1(112)-10393/2022 nömrəli qərarının ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən iddiaçı X.İ.Babayevə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: Sizin, Binəqədi RPİ-nə ünvanladığınız müraciətinizə QMB-də baxılmışdır. Bildiririk ki, Sizin, İddiaçı1 və İddiaçı3 həqiqətən Binəqədi rayonu inzibati ərazisində yaşadığınızı təsdiq edən arayış və mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsi (kirayə müqaviləsi) olmadığı üçün Azərbaycan Respublikasının "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun tələblərinə əsasən Sizin və ailə üzvlərinizin ünvan 8 ünvanına qeydiyyata alınması barədə müsbət rəyin verilməsi imkanımız xaricindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı2 adına ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçı2 adına hazırda Respublika üzrə qeydiyyatdan keçmiş digər daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçı1 və İddiaçı3 adlarına Respublika üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı1 xx.xx.2007-ci il tarixdən hazıradək, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı2 xx.xx.2004-cü il tarixdən hazıradək və xx.xx.1996-cı il təvəllüdlü İddiaçı3 xx.xx.2012-ci il tarixdən hazırədək ünvan 11 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 12 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə xüsusi mülkiyyət hüququ xx.xx.2021-ci ildə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı2 ünvan 13 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 202.8 kv.m olan fərdi yaşayış evini alıcı X1. İş materiallarında olan “Binəqədi 7” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xx.xx.2022-ci il tarixli arayışlarından görünür ki, İddiaçı1, İddiaçı2 və Babayeva X5 rayon, Mir Cəlal küçəsi, 137A giriş 2, mənzil 84 ünvanında qeydiyyatsız yaşayırlar. İş materiallarında olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Elmi X3 İnstitutu” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, PHŞ/6.91-3-2022-496 nömrəli arayışdan görünür ki, İddiaçı1 xx.xx.2022-ci il tarixdən ünvan 15 ünvanında yerləşən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “X2 İnstitutu” publik hüquqi şəxsdə mexanik vəzifəsinə işə qəbul edilmişdir. Hazırda həmin vəzifədə işləyir. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, PHŞ/6-3-2022-703 nömrəli arayışından görünür ki, İddiaçı3 xx.xx.2022-ci il tarixdən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin İnsan resusursları departamentinin Təlim və karyera planlaması şöbəsinin kiçik mütəxəssisi vəzifəsində işləyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 2-ci maddəsinin 1-ci bəndinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi. Həmin Qanunun 5-ci maddəsinin 1-ci hissəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Həmin Qanunun 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. İşin faktiki hallarından görünür ki, iddiaçıların hazırda qeydiyyatda olduğu ünvanda yerləşən ev İddiaçı2 mülkiyyətində olmuş, o, həmin evi xx.xx.2021-ci il tarixdə digər şəxsə satmış, bununla da həm onun, həm də digər iddiaçıların həmin evə olan bütün hüquqlarına xitam verilmişdir. İddiaçılar qeydiyyatda olduqları ünvan üzrə yaşayış sahəsini satdıqlarından artıq həmin ünvanda qeydiyyatda qalmaları mümkünsüzdür. Onlar hazırda Bakı şəhərində işləməklə, Binəqədi rayonunda yerləşən qeyri-yaşayış sahəsində yaşayırlar və həmin daşınmaz əmlak yaşayış sahəsi olmadığından həmin ünvana qeydiyyata alına bilmirlər. Bununla bağlı olaraq iddiaçılar Binəqədi Rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata düşmələri üçün cavabdeh orqana müraciət etsələr də, müraciətlərinin təmin edilməsindən cavabdeh tərəfindən imtina edilmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müdəalarının şərh olunması barədə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli Qərarına əsasən «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»ndə vətəndaş haqqında məlumatların sırasında "yaşayış yeri" bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas ola bilməz. Həmin Qərarın 3-cü bəndində yaşayış yeri olmayan vətəndaşların xüsusi yerlər üzrə qeydiyyatdan keçirilməsinin və onlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsinin təxirəsalınmadan təşkil edilməsi bu Qərarın 2-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarında həmçinin qeyd olunur: «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunda göstərilmiş qeydiyyatın məhdudlaşdırılması hallarından başqa bütün digər hallarda qeydiyyat orqanları vətəndaşın iradəsinə uyğun olaraq onun yaşayış yerinin azad seçilməsi aktını təsdiq etməlidirlər. Yaşayış yeri olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməməsi onların vətəndaşlıq hüququnun və ondan irəli gələn digər konstitusiya hüquqlarının, o cümlədən cəmiyyətin və dövlətin siyasi həyatında iştirak etmək (Konstitusiyanın 54-cü maddəsi), dövlətin idarə olunmasında iştirak etmək (Konstitusiyanın 55-ci maddəsi), seçki (Konstitusiyanın 56-cı maddəsi), təhsil (Konstitusiyanın 42-ci maddəsi), dövlət orqanlarına müraciət etmək (Konstitusiyanın 57-ci maddəsi) və s. hüquqlarının pozulmasına səbəb ola bilər. Konstitusiyanın 53-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasının vətəndaşlığından məhrum edilə bilməz. Yaşayış yeri olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməsi həmçinin bərabərlik hüququnu poza bilər. Belə ki, Konstitusiyanın 25-ci maddəsinin İİİ hissəsinə əsasən dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətinə görə məhdudlaşdırmaq qadağandır. Yaşayış yeri olmayan vətəndaşlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməməsi Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinin müddəalarının pozulması kimi qəbul oluna bilər. Bu müddəalara əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Qanunda həmin sənədin verilməsindən imtina olunması üçün ümumiyyətlə heç bir hal nəzərdə tutulmadığına görə şəxsiyyət vəsiqəsinin təsvirinin "yaşayış yeri" bölməsində digər bölmələrin doldurulması üçün istifadə olunan oxşar üsullardan istifadə etməklə xüsusi qeydlər aparılmalıdır. Bu zaman şəxsiyyət vəsiqəsinin «atasının adı» bölməsinin atası məlum olmayan şəxslər üçün, «hərbi vəzifə» bölməsinin qadınlar üçün, «gözlərinin rəngi» bölməsinin kor olan vətəndaşlar üçün doldurulması təcrübəsi də nəzərə alına bilər. Bununla belə, Konstitusiya Məhkəməsi hesab edir ki, Azərbaycan Respublikasında yaşayan bütün şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrininin icra edilməsi barədə Qanunun tələbi mütləq yerinə yetirilməlidir. Yaşayış yeri olmayan vətəndaşların qeydiyyatını isə Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları təşkil etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 55s nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə 2003-cü il 31 yanvar tarixli qərarının 3-cü bəndinin icrasının təmin edilməsi məqsədilə, yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il Qərarında da qeyd olunur ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Göründüyü kimi, qanunvericilikdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsinin məhdudlaşdırılmasının qarşısını almaq məqsədilə şəxsin yaşayış yeri olmasa da, ona şəxsiyyət vəsiqəsinin verilməsi təsbit olunmuş, bu zaman yaşayış yeri olmayan şəxsin şəxsiyyət vəsiqəsində yaşayış yerinin şərti olaraq şəxsiyyət vəsiqəsi verən müvafiq orqanın ünvanı kimi qeyd edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçıların başqa yaşayış yerinin olmadığı, onların yaşadığı əmlak isə qeyriyaşayış sahəsi olduğundan həmin ünvana qeydiyyata alınmalarının mümkünsüz olduğu müəyyən edildiyindən, bu hal iddiaçıların yaşayış yerinin olmaması kimi qiymətləndirilməli və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 55s saylı sərəncamına əsasən iddiaçılar cavabdehin inzibati binası üzrə qeydiyyata alınmalıdırlar. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10393/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1172/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1172/2023
07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver