Məhkəmə qərarları › İş №2-1(103)-1172/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1172/2024

13.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1172/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının və üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X5) “uşağın doğum akt qeydində dəyişiklik edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10209/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qərarından iddiaçı və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X5) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının övladları 17 mart 2017-ci il təvəllüdlü X7 və 26 aprel 2023-cü il təvəllüdlü X9 doğum haqqında akt qeydində düzəliş edilərək soyadlarının “Bəxtiyarlı” kimi yazılması və bu barədə yeni doğum haqqında şəhadətnamələrin verilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X2 birgə nikahından 17 mart 2017-ci il təvəllüdlü X14 və xx.xx.2023-cü il təvəllüdlü X16 adlı iki uşağı anadan olmuşdur. İddiaçının X1 Bakı şəhəri Baş Səhiyyə İdarəsi X12 PHŞ-nin əməkdaşı olduğundan, xx.xx.2020-ci il tarixli əmrlə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən əks-hücum əməliyyatları ilə əlaqədar döyüş bölgəsinə ezam edilmiş və döyüşlər gedən ərazilərdə Füzuli, Ağdam rayonlarında yaralı əsgər və zabitlərin döyüş bölgəsindən çıxarılması və təxliyyə olunmasında iştirak edərək, 2-ci Qarabağ müharibəsi iştirakçısı olmuşdur. Döyüşlərdə göstərdiyi xidmətlərə görə fəxri fərmanlarla təltif edilmişdir. X1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək təcili tibbi yardım avtomaşınlarının ön cəbhədə yaralı və şəhidlərin təxliyyə işlərinin təşkilində göstərdiyi xidmətlərə görə Fizuli rayon Diaqnostika Mərkəzinin direktorunun əmri ilə fəxri fərmanla təltif edilmişdir. Atası 2-ci Qarabağ müharibəsində qəhrəmancasına döyüş bölgələrində ön cəbhədə yaralı və şəhidlərin təxliyə işlərinin təşkilində şücaətlə iştirak etdiyindən, iddiaçı atasının adının əbədiləşdirilərək, gələcəkdə də övladlarının həyatında xüsusi rol oynamasını istədiyindən, övladları 17 mart 2017-ci il təvəllüdlü X14 və xx.xx.2023-cü il təvəllüdlü X9 doğum haqqında şəhadətnamələrində ata soyad qrafasında müvafiq dəyişiklik edilərək övladlarının soyadlarının atası Bəxtiyarın adına uyğun olaraq "Bəxtiyarlı” kimi müəyyən edilməsini arzulayır. Bundan əlavə hesab edirlər ki, "Bəxtiyarlı" soyadı övladlarının adı ilə birlikdə daha yaxşı səslənir, müasirdir. İddiaçı övladlarının soyadının atasının adına uyğun olaraq "Bəxtiyarlı" müəyyən edilməsi üçün Cavabdehnə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Beləliklə, iddiaçı hesab edir ki, övladları 17 mart 2017-ci il təvəllüdlü X7 və xx.xx.2023-cü il təvəllüdlü X9 doğum haqqında akt qeydində düzəliş edilərək soyadlarının "Bəxtiyarlı" kimi yazılması və bu barədə yeni doğum haqqında şəhadətnamələrin verilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Bakı İnzibati Məhkəməsinin (hakim Tural Məlikov) 2-1(112)-10209/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı və üçüncü şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1 və 26.4-cü maddələrinə görə, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası“nın 2.11-ci bəndinə əsasən valideynlərin soyadları olmadıqda uşağa babasının və ya ulu babasının adı ilə soyad verilir. Uşağa valideynlərinin adı ilə soyad verilməsinə icazə verilmir. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən həll edilir. Azərbaycan Respublikasının qanunvericiliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Buna görə, sözügedən məsələdə qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istina olmaqla adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən sözügedən məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququnu tənzimləyən 8-ci maddənin kontekstindən yanaşılır. Avropa Məhkəməsinin yerləşmiş presedent hüququna görə, bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan Məhkəmə, dövlət öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olmasından əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağılılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir. Bununla belə, Məhkəmə dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar. Bununla yanaşı, bu sahədə Razılığa gələn Dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, Məhkəmə şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır. Avropa Məhkəməsi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı şəxslərin müraciətlərinin təmin edilməsindən dövlət orqanları tərəfindən imtina edilməsi məsələsinə yanaşmada onların şəxsi həyata hörmət göstərilməsi hüquqlarını istifadə etmələrinə müdaxilə təşkil etdiyi prinsipindən hərəkət edir. Müvafiq Məhkəmənin presedent hüququna görə bu cür bir müdaxilə bir məqsəd ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir. Beləliklə, adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsindən qiymətləndirilməli olan konstitusion hüquqdur. Ona görə də həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Beləliklə, yetkinlik yaşına çatmayan övladlarının adının dəyişdirilməsi iddiaçının hüququ olmaqla, həmçinin valideynlər arasında bu barədə mübahisə olmadığından iddia tələbi əsaslıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının və üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Cavabdeh tərəfindən Sizin övladlarınız X14 və X9 doğum haqqında akt qeydində baba adı ilə soyad verilməsi ilə bağlı ərizənizə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 79 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları“nın 6.3cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 4.1. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 4.2. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189cu maddəsinin tələblərinə əsasən “Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Göstərilənlərlə bağlı nəzərinizə çatdırırıq ki, övladlarınıza baba adı ilə soyad verilməsi ilə bağlı ərizənizin təmin edilməsi imkan xaricindədir. İş materiallarında olan Səadət sarayı (Bakı Nikah evi) tərəfindən xx.xx.2016-cı ildə verilmiş AZ-İİ seriyalı 116474 nömrəli Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X6 27 may 2016-cı il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2016-cı ildə 437 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən xx.xx.2017-ci ildə verilmiş AZ-İİİ seriyalı 920973 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 xx.xx.2017-ci ildə Bakı şəhərində doğulmuşdur, atası İddiaçı, anası X3r (doğum akt qeydinin təsdiq edilmiş surəti Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir). İş materiallarında olan Cavabdeh tərəfindən xx.xx.2023-cü ildə verilmiş AZ-İV seriyalı 824722 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X16 xx.xx.2023-cü ildə Bakı şəhərində doğulmuşdur, atası İddiaçı, anası X3r (doğum akt qeydinin təsdiq edilmiş surəti Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir). İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: xx.xx.2017-ci il təvəllüdlü X14 13 04.2017- ci il il tarixdə AZE- 12851392 nömrəli, xx.xx.2019-cu il tarixdə AA-0571546 nömrəli, xx.xx.2022-ci il tarixdə AA-4644039 nömrəli şəxsiyyət vəsiqələri ilə təmin edilmişdir. xx.xx.2023-cü il təvəllüdlü X9 şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməsi barədə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsidə məlumat müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. 26.5. Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»: 4.1. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 4.2. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir. 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. İşin faktiki hallarından görünür ki, İddiaçı və üçüncü şəxs X5 xx.xx.2016-cı ildə nikaha daxil olmuşlar, onların birgə nikahlarından xx.xx.2017-ci ildə X14 və xx.xx.2023-cü ildə X16 doğulmuşdur. İddiaçı övladlarının soyadının dəyişdirilərək iddiaçının baba adı ilə «Bəxtiyarlı» yazılması bağlı cavabdehə müraciət etsə də, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mövcud qanunvericilik normaları uşağın soyadının, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilməsini, valideynlərin soyadları müxtəlif olduqda, onların razılığı ilə atanın və ya ananın soyadının verilməsini nəzərdə tutur. Hazırki halda uşaqların soyadı valideynlərinin soyadına uyğundur. İstər inzibati icraat, istərsə də məhkəmə araşdırması zamanı iddiaçı tərəf uşaqların soyadının dəyişdirilməsinin zəruriliyi və əsasları ilə əlaqədar yetərli sübutları məhkəməyə təqdim edə bilmədi. Cavabdeh tərəfindən valideynlərin bu istiqamətdə qanunla qorunan hər hansı hüquqları pozulmamış, uşaqların mənafeyinə zidd hərəkət edilməmişdir. Cavabdehin imtinası qanuni və əsaslıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya şikayətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.11-ci bəndinə istinad edilir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin bənddə valideynlərin soyadları olmadıqda uşağa babasının və ya ulu babasının adı ilə soyad verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, uşağa baba adı ilə soyadı verilməsi valideynlərin soyadları olmadığı halda nəzərdə tutulmuşdur, lakin həmin bənd Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 108 nömrəli qərarı ilə həmin tarixdən qeyd olunan Qaydalardan ümumiyyətlə çıxarılmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı və üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10209/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar