Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1172/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə5, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə4, Üçüncü şəxs X3 nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçılar İddiaçı1 Qapalı Səhmdar Cəmiyyəti və İddiaçı2 sanatoriyasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı, üçüncü şəxs qismində X6 işə cəlb edilməklə cavabdehin ünvan 1 ünvanında yerləşən 7 saylı mağazanın hərraca ayrılmasına dair 111 nömrəli xx.xx.2016-cı il tarixli sərəncamının ləğv edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1278/2024 saylı qərarından İddiaçı1 Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 QSC və İddiaçı2 sanatoriyası cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 1280.0 kv.m. torpaq sahəsinin və üzərində tikili olan hissəsinin qanunsuz olaraq başqa şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə sənədlərin ləğv edilməsi və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən İddiaçı2 Sanatoriyasının tikintisi üçün daimi istifadə hüququ ilə ayrılmış və xx.xx.2013-cü ildə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü 35075 nömrəli ilə uçota alınmış 4300 kv.m. torpaq sahəsinə, torpağın üzərində yerləşən qeyri-yaşayış binasına aid texniki pasportun tərtib edilməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X2 Şurasının müraciətinə əsasən Bakı şəhəri XDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli, 74/1833 saylı qərarı ilə İddiaçı2 sanatoriyasının tikintisi üçün daimi istifadə hüququ ilə 4300 kv.m. torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi 4/275 saylı aktla yerində naturada təhvil verilmişdir. Həmin sahəyə aid xx.xx.1985-ci ildə 6010 saylı Tikinti Pasportu hazırlanıb təsdiq edilmişdir. Torpaq sahəsi təyinatı üzrə istifadə edilmiş, orada müalicə və yataq korpusları tikilmiş, ərazidə abadlıq və yenidənqurma işləri aparılmış və indiyədək sanatoriya tərəfindən istifadə edilir. xx.xx.2013cü ildə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü 35075 nömrə ilə uçota alınmışdır. 1992-ci ildə sanatoriyada qaçqınlar və məcburi köçkünlər məskunlaşmış, 2019-cu ildə qaçqınlar və məcburi köçkünlər sanatoriyanı boşaltdıqdan dərhal sonra orada abadlıq işlərinə başlanılmışdır. Torpağın daimi istifadə hüququ ilə verilməsini nəzərə alaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən qeyri-yaşayış binasına və torpaq sahəsinə aid texniki pasportun tərtib edilməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli, ********** nömrəli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, sözügedən torpaq sahəsinin koordinatlar daxilində istifadədə olan 1280.0 kv.m. torpaq sahəsinin və üzərində tikililər olan hissəsinin digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş əmlak ilə üst-üstə düşməsi səbəbindən ərizəsinin icrası mümkün hesab edilməmiş və icradan imtina edilmişdir. 4300 kv.m. torpaq sahəsinin xx.xx.1985-ci ildən İddiaçı2 sanatoriyasının qanuni və daimi istifadəsində olduğu halda 1280.0 kv.m. torpaq sahəsinin və üzərində tikililər olan hissəsinin başqa fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə onların məlumatları və qanunvericiliklə müəyyən edilmiş qaydada razılığı olmamışdır. Məsələnin qanun müstəvisində həll edilməsi üçün həmin fiziki şəxsin adı, soyadı, qeydiyyat ünvanı, torpaq sahəsinin qeydiyyat nömrəsi və tarixi barədə məlumat verilməsini xahiş etmələrinə baxmayaraq, indiyədək onlar heç bir məlumat ala bilməmişlər. Bu səbəbdən də, məhkəməyə müraciət edə bilməmişlər. Dəfələrlə cavabdehə müraciətlər etmişlər, lakin, nəticəsi olmamışdır. Yalnız xx.xx.2023-cü il tarixli məktubla ilk cavab məktubunda qeyd edilənləri təkrarlayaraq yenə də, 1280.0 kv.m. torpaq sahəsinin və üzərində tikili olan hissəsinin hansı fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat verilməmişdir. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsi əsasları Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsində təsbit edilmişdir. Lakin, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməyibdir. Cavabdeh tərəfindən qanuna zidd qərar qəbul edilməsi nəticəsində iddiaçıların istifadə hüquqları pozulmuşdur. Sonradan iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iş üzrə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin cavabdehlər siyahısından çıxarılması, cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cəlb edilməsi və Xidmətin ünvan 1 ünvanında yerləşən 7 saylı mağazanın hərraca ayrılmasına dair xx.xx.2016-cı il tarixli, 111 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iddiaya etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırmışdır ki, İddiaçı1 QSC ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 176.6 kv.m. təşkil edən 7 saylı mağazanın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının ləğv edilməsi ilə bağlı 19 mart 2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-21-3/2-6084/2024 nömrəli məktubu ilə müraciətə cavab verilərək Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq 7 saylı mağazanın xx.xx.2016-cı il tarixdə özəlləşdirilərək xüsusi mülkiyyətə keçdiyi bildirilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin ikinci bəndinə əsasən, Azərbaycan Respublikasında dövlət əmlakının registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. Belə ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 7 nömrəli mağaza İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Bakı Kurort Ticarət İdarəsinin balansında olmuş və yuxarıda qeyd olunan əsasnamənin tələblərinə uyğun olaraq balans saxlayıcı qurumun təqdim etdiyi sənədlər əsasında həmin əmlaka dair dövlət əmlakının registrində müvafiq qeydiyyat aparılmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2016-cı il tarixli, 111 nömrəli sərəncamı ilə 7 nömrəli mağazanın hərrac vasitəsilə özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və xx.xx.2016-cı il tarixli 18/01 nömrəli hərrac protokoluna əsasən hərracın qalibi X6 olmuşdur və onunla Əmlak Məsələləri Dövlət Komitəsi arasında xx.xx.2016-cı il tarixli, 3082 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bununla bağlı bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 155.4-cü maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. Göründüyü kimi, mübahisənin predmeti olan qeyri-yaşayış binasının özəlləşdirilməsi özəlləşdirmə haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmiş və özəlləşdirmə zamanı iddiaçının hər hansı hüquqları pozulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka dair hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, bşqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məcburidir. Daşınmaz əmlak üzərində mülkiyyət və s. hüquqlar ancaq qeydiyyat sənədlərinə əsasən müəyyən olunur. Belə ki, iddiaçılar tərəfindən mübahisə predmeti olan qeyri-yaşayış binası üzərində hüquqlara malik olması ilə bağlı hər hansı hüquq müəyyənedici sənəd məhkəməyə təqdim edilməmişdir. Belə olan halda iddiaçıların mübahisə predmeti olan əmlak üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hər hansı hüququnun mövcud olmaması onun həmin sahə üzərində hər hansı hüququnun mövcudluğunu istisna edir. Göründüyü kimi, mübahisə predmeti olan əmlak dövlət mülkiyyətində olmaqla iddiaçıların sözügedən əmlakla bağlı hər hansı hüquqları qeydiyyata alınmadığından, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mübahisələndirilən sərəncam qəbul edilən zaman iddiaçıların həmin sahə ilə bağlı hər hansı hüquqları pozulmamışdır. Eyni zamanda, iddiaçılar tərəfindən iddia tələbi üzrə iddia müddəti də, ötürülmüşdür. Belə ki, iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə, Əmlak Məsələləri Dövlət Xidmətinə və 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli müraciət ərizələrindən və cavab məktublarından görünür ki, iddiaçılar mübahisə predmeti olan əmlakın özəlləşdirilməsi və digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestridən qeydiyyatdan keçməsindən məlumatlı olmuşlar. Təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı 5 il ərzində mübahisə predmeti olan əmlakın özəlləşdirilməsindən məlumatlı olmuşdur. Göründüyü kimi, iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Yuxarıda şərh olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1278/2024 saylı qərardadı ilə X6 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1278/2024 saylı qərarı (hakim A.A.Abdullayeva) ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçılar qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 241.2-ci maddəsinə əsasən, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Prezidentinin 2015ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərdir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halına əsasən, Bakı şəhəri XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli, 74/1833 saylı qərarı ilə İddiaçı2 sanatoriyasının tikintisi üçün daimi istifadə hüququ ilə iddiaçıya 4300 kv.m. torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli, 74/1833 saylı qərarı ilə “Kardioloji” Sanatoriyanın (indiki İddiaçı2 sanatoriyasının) tikintisi üçün daimi istifadəyə ayrılan Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 4300 kv.m. torpaq sahəsi ilə bağlı X7 kitabında xx.xx.2013-cü il tarixdə 35075 nömrə ilə uçota alınmış A № 450350 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Bu hal məhkəmə sorğusuna cavab olaraq “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş İdarənin arxivində saxlanılan müvafiq sənədlərlə də təsdiq edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır. Dövlət reyestri, ərizə jurnalı və hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər daxil edilən qovluqlar daimi saxlanılır. Onların tam və ya qismən məhv edilməsi, yaxud onlardan hər hansı sənədlərin çıxarılması yolverilməzdir. Dövlət reyestrində hər bir daşınmaz əmlak barəsində mülkiyyət və digər əşya hüquqlarının məhdudlaşdırılması (servitut, ipoteka, uzufrukt, etibarlı idarəetmə, icarə, istifadə, lizinq, daşınmaz əmlakın üzərində həbs qoyulması, daşınmaz əmlaka dair tələblər və sairə), məhdudiyyətin qüvvədə olduğu müddət, xeyrinə hüquq məhdudlaşdırılmış şəxslər, məhdudiyyətin yaranmasına əsas olan sənədin adı, onun qüvvədə olma tarixi, əqdlər üzrə öhdəliklərin icrasının şərtləri və müddəti göstərilməlidir. Nəzərə alınmalıdır ki, Bakı şəhəri XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1985ci il tarixli, 74/1833 saylı qərarı ilə iddiaçının daimi istifadəsinə ayrılmış torpaq sahəsi dövlət mülkiyyətidir, həmin daşınmaz əmlakın iddiaçının daimi istifadəsinə ayrılmasına dair xx.xx.1985-ci il tarixli Qərar iddiaçının torpaq sahəsi üzərində hüquqlar əldə etməsini təsdiq edən sənəd olmaqla bu gün də qüvvədədir və daşınmaz əmlakın reyestr məlumatlarının tərkib hissəsini təşkil edir. İddiaçının daimi istifadəsinə ayrılmış torpaq sahəsində yerləşdirilmiş mağazanın özəlləşdirilməsi haqqında inzibati akt qəbul edən cavabdeh özəlləşdirilən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının istifadə hüquqlarının olmasını və özəlləşdirmənin həmin hüquqların pozulması ilə nəticələnəcəyini nəzərə almamışdır. “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”nın 2.2-ci bəndinə əsasən, hərracların keçirilməsi haqqında məlumatda digər məlumatlarla yanaşı, özəlləşdirilən müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsi və onun üzərində yerləşən tikililərin xarakteristikası, onların öhdəliklərlə yüklənməsi (əgər mövcuddursa) də öz əksini tapmalıdır. Bakı şəhəri XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli, 74/1833 saylı qərarı və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 35075 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi ilə iddiaçıların torpaq sahəsindən daimi istifadə hüququ dövlət tərəfindən tanınmışdır. İş materiallarında olan tikinti pasportunun 16-cı bəndinə uyğun olaraq iddiaçının daimi istifadəsinə ayrılmış torpaq sahəsinə sanatoriyaya gələnlərin gündəlik tələbatlarını qarşılamaq məqsədilə yüngül konstruksiyalı mağaza yerləşdirilmişdir. Nəzərə alınmalıdır ki, mübahisəli mağaza Bakı Kurort Ticarəti İdarəsinin tabeçiliyində olsa da, iddiaçının daimi istifadəsində olan torpaq sahəsində yerləşmiş və cavabdehin həmin mağazanın özəlləşdirilməsi haqqında xx.xx.2016-cı il tarixli, 111 nömrəli sərəncamı iddiaçının torpaqdan daimi istifadə hüququnun pozulması ilə nəticələnmişdir. İddiaçının torpaq sahəsi üzərində istifadə hüquqlarına xitam verilməmiş, buna baxmayaraq cavabdehin qanunazidd Sərəncamı əsasında həyata keçirilən özəlləşdirmə prosesi nəticəsində iddiaçının istifadə hüququ pozulmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə5 izahatında məhkəməyə bildirdi ki, işin əsas mahiyyəti ondan ibarətdir ki, 1985-ci ildə İddiaçı2 sanatoriyasına 4300 kv.m. torpaq sahəsi ayrılmışdır. Həmin sahəyə dair 2013-cü ildə İddiaçı2 sanatoriyasına texniki pasport və çıxarış verilmişdir. 176 kv.m. sahə ilə bağlı olaraq 2017-ci ildə sənəd verilmişdir. Məhkəməyə həmin sənədlərin hansı hüquqi əsaslarla verilməsi ilə bağlı olaraq müraciət etmişik. Bildirildi ki, hərrac nəticəsində həmin dövlət torpağı X1. Lakin həmin torpaq sahəsini dövlət qanuni şəkildə İddiaçı2 sanatoriyasının balansına vermişdir. Həmin torpaq sahəsi qanuni formada İddiaçı2 sanatoriyasının mülkiyyətində olduğu təqdirdə hərraca çıxarılıb satıla bilməz. Bu hal birinci insatansiya məhkəməsində aparılan icraat zamanı mübahisələndirilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müvafiq sorğu verilmiş, lakin Komitə tərəfindən sorğuya tam cavab verilməmişdir. Eyni zamanda İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə5 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, məsələ ilə bağlı olaraq daha öncədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə yazışmalar aparılmışdır. Qanuni mülkiyyətlərində olan torpaq sahəsinə Müftiyeva Rənanın çıxarışının olması faktı onlara məhkəmə gedişatında məlum olmuşdur. Hal-hazırda isə sərəncamı mübahisələndiririk və həmin sərəncamın mövcudluğundan yalnız sənədlər birinci instansiyası məhkəməsinə təqdim olunarkən xəbərdar olmuşlar. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə4 izahatında məhkəməyə bildirdi ki, ünvan 1 ünvanında yerləşən mağaza dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Prezidentinin 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş Registrin aparılması Qaylarına əsasən həmin sahə dövlət reyestrindən qeydiyyatdan keçmiş və hərraca çıxarılaraq özəlləşdirilmişdir. Qeyri-yaşayış binasının özəlləşdirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmiş və özəlləşdirmə zamanı iddiaçının hər hansı hüquqları pozulmamışdır. İddiaçının həmin qeyri-yaşayış binasına münasibətdə hər hansı subyektiv hüquqları mövcud deyil. İddia ərizəsinə əlavə olunmuş müvafiq sorğuya cavablardan görünür ki, iddiaçı mübahisə predmeti olan əmlakın özəlləşdirilməsi və Rəna Müftiyevanın adına daşınmaz əmlakın dövlət reyestridən qeydiyyatdan keçməsindən məlumatlı olmuşdur. Qanunvericiliyin tələbinə əsasən bu mübahisədə iddia 1 ay müddətində qaldırıla bilərdi. Lakin müddət kifayət qədər ötürülmüşdür. Eyni zamanda, iddiaçının nümayəndəsi izahatında hal-hazırda üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinə istinad etsə də, mübahisə torpaq sahəsinə ilə bağlı deyil, sırf mağaza ilə əlaqədardır. Torpaq sahəsi dövlət mülkiyyətindədir. Mağaza isə əvvəl Bakı Kurort Ticarəti İdarəsinə aid olmuş, iddiaçılara hər hansı aidiyyəti yoxdur. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X3 nümayəndəsi və vəkili Nümayəndə3 izahatında məhkəməyə bildirdi ki, Rəna Müftiyeva tərəfindən Dövlət Reyetr Xidmətinə hərrac protokolu və alqı-satqı müqaviləsi təqdim olunmuşdur. qeyri-yaşayış binası hərraca çıxarılmamışdan əvvəl mütəxəssislər tərəfindən əraziyə baxış keçirilərək müəyyən ölçmə işləri aparılmışdır. Qeyri-yaşayış binası hərraca çıxarıldığı zaman da Reyetr Xidmətinin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilmişdir. Beləliklə, qeyri-yaşayış sahəsinin sərhədləri dəqiq müəyyənləşdirilərək Rəna Müftiyevanın mülkiyyətinə verilmişdir. Özəlləşmə tam qanuni şəkildə həyata keçirilmişdir. Qeyri-yaşayış binası İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində idisə, vaxtında bu barədə etiraz edilməli idi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarından görünür ki: - Azərbaycan Respubliksının Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin Kommersiya X5 Qeydiyyatı İdarəsi tərəfindən 11 iyun 2012-ci il tarixli, ********** nömrəli qeydiyyata alınmış İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinə əsasən, İddiaçı1 Qapalı Səhmdar Cəmiyyəti xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarından çıxarışa əsasən dövlət qeydiyyatına alınmış və hazırki dövlət qeydiyyat nömrəsi (VÖEN) olan ********** İddiaçı1 səhmdar cəmiyyətinin bazasında yaradılır və onun hüquqi varisidir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli, D-719 nömrəli şəhadətnamə əsasında təsdiq edilmiş İddiaçı2 Sanatoriyasının Nizamnaməsinə əsasən, İddiaçı2 Sanatoriyasının təsisçisi və əmlakının mülkiyyətçisi Azərbaycan Respublikasının İddiaçı1 Səhmdar Cəmiyyətidir. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-29232/2023 **********32 nömrəli məktubla Bakı şəhəri, Xəzər rayonu, Buzona qəsəbəsində yerləşən 1200 kv.m. torpaq sahəsinə və iddiaçıların iddia etdiyi A № 450350 nömrəli plan-ölçü sənədində qeyd edilən torpaq sahəsi və üzərindəki tikililərə dair sənədlərin surətinin verilməsi ilə bağlı məhkəmə sorğusuna əsasən İdarənin arxivində saxlanılan müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki: - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1965-ci il tarixli, 9/401 saylı qərarı ilə “Kardioloji” Sanatoriyanın (indiki İddiaçı2 sanatoriyasının) tikintisi üçün daimi istifadəyə ayrılan Xəzər rayonu, Buzona qəsəbəsində yerləşən 43624 kv.m. torpaq sahəsi ilə bağlı X7 kitabında xx.xx.2013-cü il tarixdə 35074 nömrə ilə uçota alınmış A № 450349 nömrəli və Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli, 74/183 saylı qərarı ilə “Kardioloji” Sanatoriyanın (indiki İddiaçı2 sanatoriyasının) tikintisi üçün daimi istifadəyə ayrılan Xəzər rayonu, Buzona qəsəbəsində yerləşən 4300 kv.m. torpaq sahəsi ilə bağlı X7 kitabında xx.xx.2013-cü il tarixdə 35075 nömrə ilə uçota alınmış A № 450350 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 176.6 kv.m olan qeyri-yaşayış sahəsi üzərində X3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı X6 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 3082 nömrəli müəssisənin (obyektin) alqı-satqı müqaviləsinə əsasən alıcı ünvan 1 ünvanında yerləşən 7 saylı mağazanı hərracdan satış qiyməti ilə 350000 manata satın almışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən dövlətə məxsus Bakı şəhəri, Xəzər rayonu, Buovna qəsəbəsində yerləşən, ölçüsü 4.3073 ha təşkil edən “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olan torpaq sahə üzərində Azərbaycan Həmkar İttifaqları Konfederasiyaları İddiaçı1 QSC-nin daimi istifadə hüquqları xx.xx.2019-cu il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi, **********37 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. - ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 176.6 kv.m. olan qeyri-yaşayış sahəsinə dair obyektin xx.xx.2017-ci il tarixdə olan vəziyyətinə əsasən texniki pasport tərtib olunmuşdur. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-43722/2023 **********2 nömrəli məktubla ünvan 4 ünvanında yerləşən 7 saylı mağaza ünvanına dair müvafiq sənədlərin təqdim edilməsi ilə bağlı məhkəmə sorğusuna əsasən İdarənin arxivində saxlanılan müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki: - ünvan 4 ünvanında yerləşən 7 saylı mağaza Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx.xx.2016-cı il tarixdə 906 nömrə ilə verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi İstehsal və Xidmət Müəssisələrinin İdaretmə Mərkəzinin Bakı Kurort Ticarət İdarəsinin (qeydiyyat № 1521) balansında olan daşınmaz dövlət əmlak haqqında registrdən çıxarışa əsasən Əmlak Məsələləri Dövlət Komitəsi İstehsal və Xidmət Müəssisələrinin İdaretmə Mərkəzinin balansında olmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin “Kiçik dövlət müəssisə və obyektlərinin, istifadəsiz olan daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” xx.xx.2016-cı il tarixli, 111 nömrəli sərəncam və həmin sərəncama əlavə edilmiş 1 nömrəli əlavəyə əsasən “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na uyğun olaraq sərəncamın 1 nömrəli əlavəsində göstərilən kiçik dövlət müəssisələrinin (obyektlərinin) özəlləşdirmə planları (forma KM2) təsdiq edilmişdir. 1 nömrəli Əlavədə 10-cı sırada ünvan 4 ünvanında yerləşən 7 saylı mağaza qeyd edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin “ünvan 4 ünvanında yerləşən 7 nömrəli mağazaya dair 111 nömrəli, xx.xx.2016-cı il tarixli sərəncamın, həmçinin xx.xx.2016-cı il tarixli keçmiş İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Bakı Kurort Ticarət İdarəsinin balansında olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışın verilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi barədə” sorğusuna əsasən xx.xx.2016-cı il tarixli 18/01 nömrəli hərrac protokolunun, keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2010-cu il tarixli 26 nömrəli Sərəncamından və həmin obyektin tabeliyə qəbul edilməsi barədə keçmiş İstehsal və Xidmət Müəssisələrinin İdaretmə Mərkəzinin xx.xx.2010-cu il tarixli, 63 nömrəli əmrindən və qoşmasından çıxarışların əsli ilə düzgünlüyünün təsdiqlənmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki: - Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2010-cu il tarixli, 26 nömrəli sərəncamından çıxarışa əsasən Əzizbəyov rayonu, Ə.Vahid küçəsi 4 ünvanında yerləşən müəssisə Bakı Kurort Ticarəti İdarəsinin tabeçiliyində olmuşdur. - Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 02 aprel 2010-cu il tarixli, 63 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin xx.xx.2010-cu il tarixli, 26 nömrəli sərəncamına əlavədə göstərilən müəssisələrin İstehsal və Xidmət Müəssisələrinin İdaretmə Mərkəzinin balansına verilməsi ilə əlaqədar həmin sərəncamın icrasını təmin etmək tapşırılmışdır. Verilmiş tapşırığın icrası ilə əlaqədar sərəncama əlavədə qeyd olunmuş 61 müəssisə üzrə təhvil-qəbul işləri aparılaraq yekunlaşdırılmış və nəticələri aktlaşdırılmışdır. Göstərilənlərə əsasən bu əmrə 1 və 2 nömrəli əlavələrdə qeyd edilmiş 61 müəssisə İstehsal və Xidmət Müəssisələrinin İdaretmə Mərkəzinin tabeliyinə qəbul edilmişdir. Həmin əmrin qoşmasından çıxarışda ünvan 7 ünvanında yerləşən İdarənin 7 nömrəli mağazası qeyd edilmişdir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. Dövlət əmlakının özəlləşdirmə üçün açıq elan edilmə anı - dövlət əmlakının özəlləşdirilməsi haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərar qəbul etdiyi vaxtdır. Özəlləşdirmənin obyekti özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir. Həmin Qanunun 3-cü maddəsinə müvaifq olaraq, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və onlara uyğun olaraq qəbul edilən digər qanunvericilik aktlarından ibarətdir. Həmin Qanunun 5.1-ci maddəsinə görə, müəyyən dövr üçün dövlət əmlakının özəlləşdirilməsinin həyata keçirilməsində öncüllüklər (prioritetlər), məhdudiyyətlər, dövlət mülkiyyətin fiziki və hüquqi şəxslər tərəfindən alınması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan Dövlət Proqramında müəyyən olunur. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən, dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə baxımından aşağıdakı kimi təsnifatlaşdırılır: özəlləşdirilməsi qadağan olunan əmlak; özəlləşdirilməsi barədə qərar qəbul edilən anadək dövlət mülkiyyətində saxlanılan əmlak; müvafiq icra hakimiyyəti orqanının qərarı ilə özəlləşdirilən əmlak; dövlət əmlakı satıcısının qərarı ilə özəlləşdirilən əmlak. Həmin Qanunun 8.1-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçılar tərəfindən həmin qeyriyaşayış sahəsinin onların mülkiyyətində, icarəsində və ya istifadəsində olmasına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, mübahisəli qeyri-yaşayış sahəsi əvvəlki yerləşdiyi ünvan Əzizbəyov rayonu, Ə.Vahid küçəsi 4 olmaqla Bakı Kurort Ticarəti İdarəsinin tabeçiliyində olmuş, Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 63 nömrəli 02 aprel 2010-cu il tarixli əmrinə əsasən Əmlak Məsələləri Dövlət Xidmətinin İstehsal və Xidmət Müəssisələrinin İdaretmə Mərkəzinin balansına verilmişdir. Bundan sonra müəssisə İstehsal və Xidmət Müəssisələrinin İdaretmə Mərkəzinin balansında olduğundan həmin əmlaka dair xx.xx.2016-cı il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən registrdən çıxarış verilmişdir. Həmin registrdən çıxarış əsasında isə Əmlak Məsələləri Dövlət Xidməti 111 nömrəli 26 avqust 2016-cı il tarixli sərəncamla sözügedən daşınmaz əmlakın özəlləşdirilməsi haqqında sərəncam qəbul edilmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçıların mülkiyyətində, icarəsində və istifadəsində olmasına dair hər hansı bir sənəd, dəlil məhkəməyə təqdim edilməmiş, əksinə iş materiallarında olan kifayət qədər mötəbər sübutlarla iddiaçıların istifadəsində olan torpaq sahəsi və hüdudlarında yerləşən mübahisəli qeyri-yaşayış sahəsinin dövlət mülkiyyətində olması öz təsdiqini tapmışdır. Belə olan halda birinci instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, məhkəmə araşdırması zamanı mübahisəli qeyri-yaşayış sahəsinin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq özəlləşdirilməyə çıxarılması müəyyən edildiyindən özəlləşdirilməyə çıxarılma barədə sərəncam “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qanuni inzibati akt hesab olunmalı və iddiaçıların tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1278/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1278/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-1172/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1172/2025
09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver