Məhkəmə qərarları › İş №2-1(103)-1173/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1173/2020

01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1173/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X4 nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Qaradağ rayon İcra Hakimiyyəti) qarşı “fərdi yaşayış evinə dair çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-574/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-574/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair İddiaçı adına reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəyə surəti əlavə edilmiş Qaradağ Rayon İcra Hakimiyyətinin 286 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamının arxiv arayışı İdarəyə təqdim edilməmişdir. Belə ki, AR Dövlət Arxivinin Bakı Filialının xx.xx.2019-cu il tarixli İddiaçı ünvanlanmış məktubunda “Qaradağ Rayon İcra Hakimiyyətinin 286 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamının Dövlət Arxivinin Bakı Filialında İddiaçı barəsində heç bir məlumatın olmadığı qeyd olunmuşdur. Qeyd olunanlardan da göründüyü kimi, müvafiq ünvanda inşa edilmiş fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair qanunvericiliyin tələblərinə uyğun olan hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunanlardan əlavə, müvafiq ünvanda xx.xx.2020-ci il tarixdə İdarənin müətəxəssisləri tərəfindən aparılmış yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, müvafiq torpaq sahəsinin ölçüsü sənəd üzrə 600,0 kv.m olsa da, faktiki olaraq 793 kv.m.-dir və 193 kv.m əlavə torpaq sahəsi zəbt olunmuşdur. Bundan əlavə, iki torpaq sahəsi bir hasar daxilindən və ara sərhədləri şərtidir. Həmçinin, İdarənin elektron kadastr baza məlumatlarına əsasən yerləşmə sxemi ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi Bakı İnzibati Məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, sərəncam şübhəli olduğundan və arxiv arayışı təqdim edilmədiyindən həmin sərəncamın həqiqiliyi araşdırılmamış, qeyd olunan hallar əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə ədalətsiz qərar qəbul edilmişdir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdeh tərəf şikayəti müdafiə edərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayətli birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşin hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X5 yazılı müraciət etmiş, cavabdeh orqan tərəfindən müraciəti təmin edilməmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən ona məxsus fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2-1(81)-4911/19 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Qaradağ rayon İcra Hakimiyyəti 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ona məxsus qanuni əsaslarla əldə etdiyi torpaq sahəsində uzun illərdir ki, fərdi yaşayış evi tikdiyindən və orada yaşadığından, eləcə də, həmin fərdi yaşayış evinin eskiz layihəsi mövcud olduğundan, evin layihəsi (planı) İcra Hakimiyyətinin tərəfindən razılaşdırıldığından, bugünədək həmin fərdi yaşayış evi ilə bağlı İcra Hakimiyyəti tərəfindən hər hansı bir irad bildirilmədiyindən, bununla da həmin fərdi yaşayış evi üzərində iddiaçının qanuni hüquqları yarandığından, iddiaçının göstərilən fərdi yaşayış evinin onun adına qeydiyyata alınmaqla çıxarışın verilməsini tələb etmək hüququ vardır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. İşin hallarından müəyyən olunur ki, iddiaçı mübahisəli torpaq sahəsinin ona ayrılmasını təsdiq edən hüquqmüəyyənedici sənəd qismində Qaradağ rayon İcra Hakimiyyəti başçısının 286 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamına istinad etmişdir. Adı çəkilən sərəncamın iş materiallarına əlavə edilmiş surətində göstərilmişdir ki, Bakı şəhər X3 İcrakomunun xx.xx.1989-cu il tarixli, 13/713 saylı qərarına müvafiq olaraq İddiaçı fərdi yaşayış evinin tikintisi üçün LökBatan qəsəbəsindən 600 kv.m torpaq sahəsi ayrılmışdır. İşə baxan birinci instansiya məhkəməsi Qaradağ rayon İcra Hakimiyyəti başçısının 286 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamının notarial qaydada təsdiq edilmiş surəti iş materiallarında mövcud olmasını əsas götürərək həmin sənədi mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, İPM-nin 1.2 və Mülki Prosessual Məcəllənin 89.3-cü maddələrinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 125-ci bəndinə görə sənədin surətinin düzgünlüyü notariat qaydasında təsdiq olunmuşsa və ya sənədin surətini sənədin əslini vermiş idarə, müəssisə, təşkilat vermişdirsə, notarius sənədin surətindən çıxarılmış surətin düzgünlüyünü təsdiq edə bilər. Əvvəla, iş materiallarında olan qeyd edilən sərəncamın (i.v səh 57) əslinin deyil, kserosurətinin notarial qaydada təsdiq olunmuş surətidir. İşdə olan adı çəkilən sərəncamın Qaradağ rayon İcra başçısı Y.Əliyev tərəfindən qəbul edildiyi görünsə də, həmin səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Sərəncamın qeyd edilən surətində yalnız bir imza və 1 möhür var, həmin imza “əsli ilə düzdür” cümləsindən sonra qeyd edilmiş, həmin nüsxəni təsdiq edən struktur və ya bölmənin adı, vəzifəli şəxsin adı, soyadı, vəzifəsi və s. kimi rekvizitlər qeyd edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 59.1-ci maddəsinə görə yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. Digər tərəfdən işdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 1799 nömrəli məktubdan görünür ki, Qaradağ rayon İH-nin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 286 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin qeyd olunan sərəncam fərdi yaşayış evinin tikintisi üçün deyil, “1999-2000-ci tədris ilində Azərbaycan Respublikası Müdafiə Nazirinin əmrinə müvafiq olaraq hərbi təhsil müəssisələrinə namizədlərin seçilməsi işinin yekunları və 2000/2001-ci tədris ilində hərbi təhsil müəssisələrinə daxil olmaq üçün namizədlərin seçilməsi işində qarşıda duran vəzifələr haqqında”dır. Məlumat üçün həmin sərəncamın təsdiq edilmiş ksero-surəti 1 (bir) vərəqdən ibarət məhkəməyə göndərilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Beləliklə, məhkəmə icraatında iddiaçıya torpaq sahəsinin ayrılması barədə icra hakimiyyətinin sərəncamının nə əsli təqdim edilmiş, nə də arxivdə saxlanılan nüsxəsi müəyyən olunmuşdur. Belə olan halda həmin sərəncam iddiaçının qanuni istifadə hüququnu təsdiq edən mötəbər hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. Digər tərəfdən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən fərdi yaşayış evinin eskiz layihəsi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən hazırlanmışdır. Lakin işdə olan iddiaçının təqdim etdiyi həmin layihə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmamışdır. Birinci instansiya məhkəməsi mübahisəli evin yuxarıdan çəkilmiş planının İcra Hakimiyyəti tərəfindən imza edilməsinə istinad etmişdir. Halbuki, iş materiallarında olan (i.v səh 56) torpaq sahəsinin ayrılması barədə plan-cizgi hesab edilmir. Həmin sənəddə torpağın yerləşmə sxemi, koordinatları göstərilməmişdir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normaları baxımından qanunsuz, işin faktiki halları baxımından əsassızdır. Bu səbəbdən, apelyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94, 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-574/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair çıxarışın verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar