Məhkəmə qərarları › İş №2-1(103)-1174/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1174/2022

10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1174/2022 10.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10419/2021 saylı, 04 noyabr 2021ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, yaşa görə əmək pensiyasına çıxmaq hüququnun yarandığı 28 mart 2019-cu ildən ona ikinci dərəcəli əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10419/2021 saylı, 04 noyabr 2021-ci il qərardadı (hakim A.Abdullayeva) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 25.02.2016-cı ildə Azərbaycan Respublikası ƏƏSMN-nin Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəsinə əsasən iddiaçıya yenidən ümumi xəstəliyə görə 25.02.2021-ci ilə kimi ikinci dərəcəli əlillik verilibdir. Əlillik müddətinin başa çatdığı tarixdən 25.02.2021-ci ildən ona əlilliyə görə əmək pensiyasının ödənilməsi dayandırılıbdır. İddiaçı 25.02.2016- cı ildən əlilliyə görə təyin edilmiş əmək pensiyasının yaşa görə əmək pensiyası hüququnun yarandığı 28.03.2019-cu ildən ömürlük təyin edilməsini xahiş etsə də, məhkəmə iddia tələbinə mahiyyəti üzrə münasibət bildirməyibdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İnzibati işin həm birinci instansiya məhkəməsində icraat zamanı, həm də apellyasiya baxışında araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının əlillik vəziyyəti 25.02.2016-cı ildə ilkin qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı əlillik vəziyyəti sonuncu dəfə 11 nömrəli Şəhər Poliklinikasının 2749003AAD5V nömrəli göndərişi əsasında 07.05.2021-ci ildə qiymətləndirilmiş və stasionar müalicə müddəti yetərli olmadığından “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir. İddiaçı 28 mart 2019-cu il tarixdən pensiyaya çıxmaq hüququnun yarandığını iddia edərək “Əmək pensiyaları haqqında” Qanunun 32.2-ci maddəsinə istinad edərək, ona əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələbinə əsasən məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq iddiaçıya “hüquqi yardım” məktubu təqdim edilərək, hal-hazırda əlilliyinin mövcud olmadığı, ilk öncə AR ƏƏSMN DSMF Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əlillik dərəcəsi təyin edilməsi üçün müraciət etməsi izah olunmuş, həmçinin hazırki tələb üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciətini təsdiq edən sənəd və (və ya) cavabdehin imtina məktubunun təqdim edilməsinin zəruriliyi diqqətə çatdırılmışdır. Lakin iddiaçı tərəfindən müvafiq sübut məhkəməyə təqdim edilməmiş, həmçinin cavabdeh inzibati orqana ünvanlanmış məhkəmə sorğusunun cavablandırılması haqqında məktubdan görünür ki, İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Mərkəzi Filiala müraciəti daxil olmamışdır. Vətəndaş 16.11.2021-ci il tarixində yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı müraciət etmiş və 01.03.2021-ci il tarixindən hesablanmaqla vətəndaşa yaşa görə əmək pensiyası təyin edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, şəxsin 01.03.2021-ci il tarixindən əlillik müddəti bitdiyindən əlilliyə görə əmək pensiyasının ödənişi dayandırılmışdır. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bununla əlaqədar iddianın mümkünlüyü ilə bağlı Məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenumun qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmamasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. İş materiallarından göründüyü kimi, iddiaçının məhkəmədə iddia qaldırmazdan əvvəl eyni tələblə cavabdehə rəsmi müraciət etməsi iş materialları ilə təsdiqini tapmır. Cavabdeh inzibati orqan tərəfəindən də belə bir müraciətin daxil olmadığı bildirilmişdir. Göründüyü kimi, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etməmişdir. Halbuki öhdəliyin icrası haqqında iddia tələbi üzrə cavabdeh orqana ilk müraciət mütləqdir. Həmçinin, iddiaçı əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsini xahiş edir ki, iş üzrə araşdırma zamanı da müəyyən olundu ki, 25.02.2016-cı il tarixdən 25.02.2021ci il tarixədək İddiaçı ikinci dərəcəli əlillik verilmişdir. Eyni zamanda, işdə olan Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin alt sistemindən çıxarışa əsasən, 07.05.2021-ci il tarixdə müayinə edilərək İddiaçı əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Göründüyü kimi, iddiaçının məhkəməyə müraciəti zamanı əlillik dərəcəsi mövcud olmamışdır. İddiaçı “Əmək pensiyaları haqqında” qanunun 32.2-ci maddəsinə istinad edir. Bununla bağlı Məhkəmə Kollegiyası iddiaçıya hüquqi yardım göstərək izah edir ki, həmin normanın mənasına görə əlilliyə görə əmək pensiyası o zaman ömürlük təyin edilir ki, şəxsə əlillik dərəcəsi təyinatı aparılan zamanı qanunvericiliklə müəyyən edilmiş qaydada yaşa görə əmək pensiyası hüququna malik olmuş olsun. İşin araşdırılmış hallarından da göründüyü kimi, iddiaçıya 16.11.2021-ci il tarixli müraciəti əsasında yaşa görə əmək pensiyası 01.03.2021-ci il tarixindən hesablamaqla təyin olunmuş, həmin vaxtda da iddiaçının əlillik dərəcəsi mövcud olmamışdır. Beləliklə, inzibati orqan tərəfindən iddiaçının subyektiv hüquqlarına hər hansı bir müdaxilə edildiyi və ya qanunla qorunan hüquq və azadlıqlarının pozulması faktı müəyyən edilmir. Plenum qərarında həmçinin qeyd edilir : Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. 4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 5.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10419/2021 saylı, 04 noyabr 2021-ci il qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Fuad Talışinski Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar