Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1174/2023 01.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair» iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6111/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, sonradan isə xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixdən İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1). İddianın əsaslarına görə xx.xx.1962-ci il təvəllüdlü iddiaçı 2017-ci ildə 55 yaşa, 20 ildən çox sığorta staja malik olmuş, həmin müddətin 14 ilini xx.xx.2008-ci il tarixdən halhazıra kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X4 psixiatrik yoluxucu xəstəliklər şöbəsində xəstələrə qulluq edən kiçik tibb bacısı vəzifəsində çalışır. Ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən **********6 nömrəli 15 dekabr 2021-ci il tarixli məktubu ilə müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Səhiyyə və sosial təminat idarələri bölməsinin (19) uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika idarələri (c) yarımbölməsində orta tibb heyət, kiçik tibb heyət peşəsi nəzərdə tutulmuşdur. Lakin iddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika idarələri sahəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Bundan başqa, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. İddiaçı hesab edir ki, imtina əsassızdır. Həmin Siyahının 19-cu bəndinin “Səhiyyə və sosial təminat” bölməsinə müvafiq olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olduğu təsdiq olunur. Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi əsası ilə imtina edilməsinə gəldikdə onun işlədiyi müddətdə hər ay əmək haqqına uyğun olaraq sosial sığorta haqqlarını vaxtıvaxtında ödəmişdir və kifayət qədər pensiya kapitalı yığılmışdır. Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə dair yazılı etirazında iddianı qəbul etməmiş, iddiaçıya ünvanladığı imtina məktubunda göstərilən əsaslarla rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6111/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «İddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan usaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika idarələri sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajının olmadığı bildirilmişdir. Bundan başqa sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 36800,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24662,86 manat təşkil edir. birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallar tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Rəcəbli apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, iddiaçının nümayəndəsi Vəkil onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin faktiki hallarından göründüyü kimi, konkret halda, iddiaçı dəqiqləşdirilmiş iddia tələbində xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini tələb etmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixdən qüvvədə olan dəyişikliklə bağlı redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla, yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanmasını nəzərdə tutur. İş materiallarından görünür ki, xx.xx.1962-ci il tarixində doğulmuş (şəxsiyyət vəsiqəsi № ********) güzətli pensiya təyin edilməsini tələb etdiyi xx.xx.2022-ci il tarixinə iddiaçının 59 yaşdan artıq (8 ay) yaşa malik olur. Həmin tarixə isə «Əmək pensyiaları haqqında» Qanunun 7-ci maddəsinin qeydi baxımından, qadınlar üçün yaş həddi 62 yaş 6 ay təşkil edirdi, Belə olan halda, Qanunun 9.1-ci maddəsinin qeyd olunan tələbi baxımından, iddiaçı güzəştli şərtlərlə pensiya yaş həddinə malik olur. İş materiallarına əsasən iddiaçının xx.xx.2022-ci il tarixinə həm də 25 il ümumi staja və bu stajın da 10 ildən çoxunu güzəştli pensiya hüqüqu verən xüsusilə zərərli iş şəraitində işlərdə çalışdığı müəyyən olunur. Belə ki, əlavə edilmiş iddiaçıya məxsus xx.xx.1994-cü il tarixli, İT-İ № ******* nömrəli əmək kitabçasının surətinə, habelə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 №-li Respublika Psixiatriya Xəstəxanası PHH-in xx.xx.2022-ci il tarixli 224 №-li və xx.xx.2022-ci il tarixli 291 saylı məktubuna və ona əlavə edilmiş sənədlərə əsasən iddiaçı aşağıdakı kimi iş stajı müəyyən olunur. -xx.xx.1989-xx.xx.1994-cü cu illərdə X3 fəhlə- 4 il 8 ay 20 gün; -xx.xx.1994-xx.xx.1995-ci illərdə Səhiyyə Nazirliyinin “Zuqulba” sanatoriyasında bağban-9 ay 15 gün; -xx.xx.1995 -xx.xx.2006-cü illərdə «İqlim» aviasiya istehsalat birliyində 306-cı bölmədə xadimə (istehsalat sahəsini və xidməti otaqları yığışdıran) – 10 il 4 ay 29 gün; - xx.xx.2008-xx.xx.2009-cu illərdə AR Səhiyyə Nazirliyi 1 №-li Respublika Psixiatriya Xəstəxanasında ağır xəstələrə qulluq edən kiçik tibb bacısı – 1 il 11 ay 11 gün; -xx.xx.2009-xx.xx.2017-cu illərdə həmin xəstəxanada xadimə - 7 il 2 ay 1 gün; -xx.xx.2017-xx.xx.2022-ci illərdə həmin xəstəxanada xəstələrə qulluq edən kiçik tibb bacısı- 5 il 4 ay 26 gün. İddiaçının qeyd olunan iş stajı ümumiləşdirildikdə, onun 25 ildən çox ümumi stajı toplanır ki, həmin stajın da 10 ildən çoxunu o, güzştli pensiya hüquq verən peşələrdə çalışmışdır. İddiaçının iddia ərizəsinə əlavə etdiyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 №-li Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsinə (PHŞ)-in xx.xx.2021-ci il tarixli 489 №-li izahlı arayışında iddiaçının bilavasitə xəstələrə xidmət etdiyi işçi siyahısına aid edilməsi nəzərə alınmaqla bildirilmişdir ki, onun xəstəxanada işlədiyi işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 19-cu bəndinə «Səhiyyə və sosial təminat» bölməsinə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verə bilər . İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddiaçının güzəştli pensiya hüququ verən işlərinə aydınlıq gətirilməsi üçün onun çalışdığı həmin xəstəxanaya sorğular verilmiş və “Respublika Psixiatriya Xəstəxanası”na verilmiş sorğulara aşağıdakı cavablar verilmişdir: xx.xx.2022-ci il tarixli, 224 nömrəli məktubla verilən cavabında işəgötürən iddiaçının yerinə yetirdiyi işi ilə bağlı bildirmişdir ki: «…1962-ci il təvəllüdlü İddiaçı, həqiqətən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X4 xx.xx.2008-ci il tarixindən hal-hazıra kimi psixiatrik yoluxucu xəstəliklər şöbəsində xəstələrə qulluq edən kiçik tibb bacısı vəzifəsində çalışır. xx.xx.2008-ci il tarixində psixiatrİk yoluxucu xəstəliklər şöbəsinə ağır xəstələrə qulluq edən kiçik tibb bacısı vəzifəsinə qəbul edilmiş (Əmr № 06/xx.xx.2008), xx.xx.2009-cu il tarixli Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ştat cədvəlinə əsasən struktur bölmə və vəzifələrin adlarında dəyişiklik olunması ilə əlaqədar ağır xəstələrə qulluq edən kiçik tibb bacısı vəzifəsinin adı dəyişdirilərək xadimə vəzifəsinə keçirilmişdir (Əmr № 116/xx.xx.2009). Bu müddət ərzində işlədiyi vəzifələrin adları dəyişdirilsə də, əmək müqaviləsi üzrə əmək funksiyaları və əmək şəraiti (zərərli ağır) eyni saxlanılmışdır (zərərli ağır, yoluxucu xəstəliklər şöbəsi, kiçİk tibb heyəti). xx.xx.2017-ci il tarixli Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ştat cədvəlinə əsasən struktur bölmə və vəzifələrin adlarında dəyişiklik olunması ilə əlaqədar olaraq xəstələrə qulluq edən kiçik tibb bacısı vəzifəsinə keçirilmişdir (Əmr № 53/xx.xx.2017). …xx.xx.2009- cu il tarixdən xx.xx.2017-ci il tarixədək işlədiyi xadimə vəzifəsi kiçik tibb heyətinə aiddir. Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ştat cədvəlinə əsasən struktur bölmə və vəzifələrin adlarında dəyişiklik olunsa da, İddiaçı həmin dövrdə Sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitində-psixiatrik yoluxucu xəstəliklər şöbəsində həm psixi, həm də yoluxucu xəstəliklərdən əziyyət çəkən xəstələrə qulluq edən kiçik tibb heyətində çalışmışdır. …xx.xx.2008-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin yoluxucu xəstəliklər şöbəsində kiçik tibb bacısı vəzifəsində 14 il, 4 ay, 19 gün ümumi iş stajı vardır, bu da əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verə bilər. İddiaçı işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarının 19-cu “Səhiyyə və sosial təminat müəssisələri” bölməsinin a yarımbəndinə vərəm və infeksion müəssisələrində, bölmələrində kabinetlərində - kiçik tibb heyəti yarımbəndinə aiddir…» Xəstəxananın xx.xx.2022-ci il tarixli 291 saylı digər məktubuna və ona əlavə edilmiş sənədlərə əsasən də müəyyən olunur ki, iddiaçının yerinə yetirdiyi zərərli iş şəraitində gündəlik işlərinin ayrıca qeyjdiyyatı aparılmış və Xəstəxananın 2008-2009-cu və 2017-ci illlərin ştat cəbvəllərində həqiqətən də «Psixatrik infeksion (yoluxucu) xəstəliklər şöbəsi» üzrə 23-24 ştat vahidi nəzərədə tutulur ki, həmin ştat vahidlərin arasında «xəstələrə qulluq edən kiçik tibb heyəti üzrə 10-11 ştat vahidi də yer almışdır. Beləliklə də tədqiq olunan sübutlarla müəyyən edilən hallar onu deməyə əsas verir ki, iddiaçının, qeyd olunan xəstəxananın yoluxucu xəstəliklər şöbəsinndə kiçik tibb heyətində 10 ildən də çox satjı mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 19-cu «Tibb və sosial təminat müəssisələri bölməsi»nin «a» yarımbölməsində «vərəm və infeksion müəssisələrində, bölmələrində, kabinetlərində orta tibb heyəti; kiçik tibb heyəti vəzifələri güzəştli pensiya hüququ verən xüsusilə zərərli göstərici kimi nəzərdə tutulmuşdur. Belə olan halda, iddiaçıya güzəştli 2022-ci ilin iyun ayının 29-dan «Əmək pensiyaları haqqında» Qanunun 7-ci və 9.1-ci maddələrində nəzərdə tutulan şərtlər tam ödənilir. Başqa sözlə, onun həmin tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranır. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir Həmin Qanunun 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlardan göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin iddiaçının işlədiyi vəzifənin qeyd edilən Siyahıda nəzərdə tutulmadığını və müvafiq pensiya kapitalının mövcud olmadığını əsas gətirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, birinci instansiya məhkəməsi iddianın təmin edərkən, hərtərəfli araşdırma apararaq toplanmış sübutlarla müəyyən edilən hallara və əmək pensiyaları haqqında qanunvericiliyin təldəblərinə uyğun nəticəyə gəlmişdir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də, məhkəmə kollegiyası, cavabdehin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6111/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6111/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1174/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1174/2023
01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver