Məhkəmə qərarları › İş №2-1(103)-1175/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1175/2023

17.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1175/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülməsi barədə sərəncamın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10542/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ehtiyata (istefaya) buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə qəbul edilməyi və mənzillə (yaşayış sahəsilə) təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqı ilə təmin edilməyinə dair sərəncam verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10542/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı yaşayış sahəsi ilə təmin olunmağı üçün icra hakimiyyətində mənzil növbəsinə qəbul edilməyi və mənzillə (yaşayış sahəsilə) təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqı ilə təmin edilməyi barədə sərəncam verilməsi vəzifəsi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə olunmuşdur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil- İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 4723 saylı arayışda İddiaçı aıtıq Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən dövlət vəsaiti həsabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında olması müəyyən olunmuşdur. Yuxarıda qeyd olunan arayışdan göründüyü kimi, İddiaçı adı dövlət vəsaiti həsabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeyd olunduğundan, onun yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsi mümkün olmamışdır. Həmçinin aparılmış araşdırma zamanı İddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən hazırda və keçmiş dövr ərzində Azərbaycan Respublikası üzrə adına daşınmaz əmlakın mövcudluğu barədə arayış şifahi formada təqdim olunduqda, İddiaçı hal-hazırda qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən 92 saylı mənzilin qardaşının adına özgəninkiləşdirdiyi və həmin daşınmaz əmlakın özgəninkiləşdirilməsi tarixindən 5 il keçmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmavaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Mənzil Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya yol verilir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılan cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən cavabdehin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan : - AZE seriyalı, 17568093 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, iddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. - Cavabdehin iddiaçıya ünvanlanmış 02/12-11-11/Ə-138-068 saylı məktubu ilə bildirilmişdir ki, “Sizin ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməyinizə və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsinə köməklik göstərilməsi barədə Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanladığınız xx.xx.2022-ci il tarixli Ə-138-068 saylı müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar bildiririk ki, adınıza daşınmaz əmlakın olub olmaması barədə 1 saylı Bakı Ərazi İdarəsindən təqdim etdiyiniz xx.xx.2022-ci il tarixli elektron arayışa əsasən mülkiyyət hüquqları əsasında Sizə məxsus olan mənzil (Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057\68, ev 2, mənzil 92) Bakı şəhəri 20 saylı Notariusun 4Ə- 208 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir. Belə ki, qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Mənzil Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya yol verilir. Qeyd olunanların nəzərə alınması Sizdən xahiş olunur.” - 775474 saylı nikah haqqında şəhadətnamənin surətindən aydın olur ki, iddiaçı ilə X10 arasında xx.xx.2012-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1569 nömrəsi ilə qeydiyyat aparılmışdır. - AZ-İİİ seriyalı, 432738 saylı doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, xx.xx.2014-ci il təvəllüdlü X3 atası İddiaçı, anası X5r. - AZ-İİ seriyalı, 048066 saylı doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, 2511.2017-ci il təvəllüdlü X1 atası İddiaçı, anası X5r. - DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil üzərində iddiaçının mülkiyyət hüququ ********** saylı xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmışdır. Bakı şəhəri 20 saylı N0-nun 4ə-208 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir. - DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X4 adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2022 tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. - Binəqədi rayonu Xocasən Bələdiyyəsinin 896 saylı xx.xx.2022-ci il tarixli arayıından görünür ki, Bakı şəhəri, ünvan 1, mənzil 92 ünvanında qeydiyyatda olan vətəndaşlar İddiaçı və X6 həqiqətən Xocəsən bələdiyyəsi tərəfindən onların mülkiyyətinə, icarəsinə və istifadəsinə hər hansı təyinatı üzrə torpaq sahəsi ayrılmasına dair sərəncam, qərar, müqavilə qeydə alınmamışdır. - Bakı şəhəri Biləcəri Bələdiyyəsinin A-426 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, yoldaşı X4 adına Binəqədi rayon Biləcəri qəsəbəsi inzibati ərazisində Biləcəri tərəfindən hər hansı məqsəd üçün torpaq sahəsi ayrılmamışdır. - Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin BRB/192 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçı və X4 adına Binəqədi Bələdiyyəsində mövcud olan icarə müqavilələri kitabında və baza məlumatlarında mülkiyyətində və icarəsində torpaq sahəsi yoxdur. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Departamentinin Binəqədi rayon MKTB-nin 107 saylı Mənzil Kommunal İstismar Sahəsinin 06 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, ünvan 1, mənzil 92 ünvanında yaşayırlar. - xx.xx.2012-ci il tarixli 01/004/AİF saylı kredit müqaviləsindən görünür ki, Bakı şəhəri, ünvan 1, mənzil 92 ünvanında yerləşən yaşayış sahəsinin alınması üçün "xxxx" ASC tərəfindən iddiaçıya kredit verilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2022-ci il tarixli 1085 saylı arayışından görünür ki, iddiaçı Azərbaycan Ordusunda qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən ehtiyatda olan mayor İddiaçı adı dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatdan keçmir. - İddiaçıya məxsus EZ seriyalı, ******* saylı hərbi biletin surətindən müəyyən edilir ki, xx.xx.2000-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş və xəstəliyə görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarından müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət etmiş və Azərbaycan Respublikası MN-nin müvafiq əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-cı maddəsinin “b” bəndinə əsasən (xəstəliyə görə) istefaya buraxılmışdır. İddiaçı hazırda Bakı şəhəri, ünvan 1, mənzil 92 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olsa da, daimi yaşayış sahəsi ilə təmin edilməmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1- ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Həmin Qanunun 2-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə, toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsiniə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən, hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Həmin Qanunun 12-ci maddəsinin 5-ci bəndində qeyd edilmişdir ki, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin yaşayış məntəqəsində hərbi xidmətinin müddətindən asılı olmayaraq güzəştli şərtlərlə mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olmaq, fərdi yaşayış evləri almaq və tikmək hüququna malikdirlər. Yerli icra hakimiyyəti başçıları fərdi mənzil tikintisində və ya evlər alınmasında, o cümlədən kənd yerində fərdi mənzil tikintisində və ya evlər alınmasında iştirak etmək arzusunu bildirən zabitlərə, gizirlər və miçmanlara müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına tikintidə, tikinti materialları almaqda kömək göstərməlidirlər. Həmin Qanunun 12-ci maddəsinin 7-ci bəndinə görə yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edilirlər. Həmin Qanunun 26-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçməsinin qaydasını müəyyən edir. Həmin Əsasnamədə hərbi qulluqçulara güzəştlərlə bağlı aşagıdakı müddəaları xüsusi qeyd etməyi zəruridir: xidməti uyğunsuzluğuna, hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətdiyinə, ya da törətdiyi cinayətlə əlaqədar məhkum olunduğuna görə (hərbi rütbəsindən məhrum edilməyən) həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş maddi təminatın güzəştlə verilməsi məhdudlaşdırılır (152-ci b. 4-cü ab.), həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin “e” və “ə” bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər (164 b., 1 ab.), yaşına, xəstəliyinə və ya ştatların ixtisarına görə buraxılan kadr zabit heyətindən olan şəxslərə qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan güzəştlərdən istifadə etmək hüququ barədə vəsiqə verilir (164 b, 5 ab.). “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 №li, xx.xx.2011-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. Fərmanın 3-cü abzasında qeyd edilmişdir ki, ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların əmək haqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi onların ailə üzvlərinin də sosial müdafiəsinin gücləndirilməsinə, mənzilməişət problemlərinin həll edilməsinə təkan vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 50.1-ci maddəsinə görə, aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Qeyd olunan normativ hüquqi aktların tələblərinə uyğun olaraq iddiaçının mənzil siyahısına alınmağa hüququ yarandığından və cavabdehin tərəfindən isə həmin tələb təmin olunmadığından, birinci instansiya məhkəməsi iddianı təmin edərək “İddiaçı yaşayış sahəsi ilə təmin olunmağı üçün icra hakimiyyətində mənzil növbəsinə qəbul edilməyi və mənzillə (yaşayış sahəsilə) təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqı ilə təmin edilməyi barədə sərəncam verilməsi” vəzifəsinin Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul etməkdə haqlı olmuşdur. Cavabdeh apelyasiya şikayətində İddiaçı hal-hazırda qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən 92 saylı mənzilin qardaşının adına özgəninkiləşdirdiyi və həmin daşınmaz əmlakın özgəninkiləşdirilməsi tarixindən 5 il keçmədiyi bildirmiş və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə istinad edərək, imtinalarının əsaslı olduğunu bildirmişdir. Cavabdehin qeyd edilən dəlillərinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir : İş materiallarında olan 25 aprel 2012-ci il tarixli 01/004/AİF nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı 30750 manat 300 (üç yüz) ay müddətinə kredit verilmişdir. Kredit borcalana ünvan 6 ünvanında yerləşən yaşayış sahəsinin alınması üçün verilmişdir. İş materiallarında olan DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil üzərində iddiaçının mülkiyyət hüququ ********** saylı xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmışdır. Bakı şəhəri 20 saylı N0-nun 4ə-208 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinin məzmunundan aydındır ki, qeyd olunan maddənin qəbul edilmə səbəbi vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsi ilə nəticələnən hərəkətləri əsasında müvafiq güzəştlərin (yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınma və s.) əldə edilməsinin qarşısının alınmasıdır. İşin hallarından isə görünür ki, iddiaçı tərəfindən ünvan 4 ünvanında yerləşən mənzilin alınması üçün kredit götürülmüş daha sonra həmin mənzil qardaşının adına özəlləşdirilmişdir. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən kreditlə götürülmüş mənzilin qardaşının adına özəlləşdirməsi iddiaçının yaşayış şəraitini qəsdən pisləşdirməsi kimi qiymətləndirilə bilməz. Beləliklə, qeyd olunanlara əsasən iddiaçının mənzil siyahısına alınmağa hüququ yarandığından və cavabdehin imtina əsasları əsassız olduğundan, iddianın təmin edilməsilə yekunlaşan məhkəmə qərarı qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10542/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar