Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1175/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 8922/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona dövlət qulluqçusu kimi pensiya təyin edilməsi və pensiyaya çıxdığı vaxtdan dövlət qulluqçusu kimi pensiya təyin olunanadək dövrdə aldığı pensiya ilə dövlət qulluqçusu kimi pensiya almadığı fərqin ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1974-cü ildən 1992-ci il tarixə qədər SSRİ Balıqçılıq Təsərrüfatı Nazirliyinin Azərbaycan SSR-nin Xəzər hövzə və digər balıqçılıq su hövzələrində balıqların mühafizəsi, artırılması və X14 idarəsində müxtəlif dövlət vəzifələrində işləmişdir. 1992-ci ildən sonra Sovet ittifaqı dağıldıqdan sonra X7 və onun tabeliyində olan idarədə işlədikdən sonra 1997-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur. Yuxarıda göstərilənlərə baxmayaraq ona dövlət qulluqçusu kimi pensiya təyin edilməmişdir. Cavabdehə ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etsə də, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən müraciəti təmin edilməkdən imtina edilmişdir. O, SSRİ Balıqçılıq Təsərrüfatı Nazirliyinin Azərbaycan SSR-nin Xəzər hövzə və digər balıqçılıq su hövzələrində balıqların mühafizəsi, artırılması və X14 idarəsində müxtəlif dövlət vəzifələrində, yəni inzibati vəzifələrdə işləmişdir. Bu idarə SSRİ-nin tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanı olmaqla, o, aparatda mövcud olan şöbə rəisinin müavini və digər vəzifələrdə işləmişdir. O işlədiyi dövrdə tabel silahı daşımış və dövlətin problemli bir çox işlərində dövlət komissiyasında bir çox vəzifə daşımışdır. Hesab edir ki, cavabdehin imtinasının əsasları qanunsuzdur və onun konstitusion hüquqlarının pozulması halı kimi qiymətləndirilməlidir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddia tələbinə yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsinin əsasları kimi 1974-cü ildən 1992-cı ilədək SSRİ Balıqçılıq Təsərrüfatı Nazirliyinin Azərbaycan SSR-nin Xəzər hövzə və digər balıqçılıq su hövzələrində balıqların mühafizəsinin artırılması və X14 idarəsində müxtəlif vəzifələrdə çalışdığını, 1992-ci ildən Azərbaycan Dövlət Konsernində və onun tabeliyində olan idarədə işlədikdən sonra 1997-ci ildə işdən azad edildiyini qeyd edərək məhkəmədən ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2016-ci il tarixdən ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir, iddiaçının ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi ilə əlaqədar Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına daxil olmuş müraciətlərinə aidiyyəti üzrə baxılmışdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən, dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatıdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.3-cü maddəsinə əsasən, “dövlət qulluqçusu yalnız “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir”. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixdən Qanun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-8922/2024 saylı qərarı ilə (hakim N.İ.Abıyev) iddia təmin edilmiş, xx.xx.1946-cı il təvəllüdlü İddiaçı dövlət qulluqçusu kimi pensiya təyin edilməsi və ona ümumi əsaslarla yaşa görə pensiya təyin olunduğu xx.xx.2016-ci il tarixdən yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-8922/2024 saylı qərarını mübahisələndirmiş və apellyasiya şikayətində göstərmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 02 iyul 1977-ci il tarixli, 222 nömrəli Qərarı ilə Azərbaycan SSR Nazirlər Sovetinin Azərbaycan Balıq Təsərrüfatı İdarəsi yaradılmışdır. Həmin Qərarın 2 nömrəli əlavəsində Balıq Təsərrüfatı İdarəsinin aparatında X13 İdarəsi mövcud olmamışdır. Bu səbəbdən də iddiaçının vaxtilə həmin qurumda çalışdığı vəzifələr qanunvericiliyin tələbləri baxımından dövlət qulluğu hesab edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı hər hansı dövlət qulluğu vəzifəsinə aid olmadığından, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.16-cı bəndində ittifaq-respublikası tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının yalnız (baş idarələrin, idarələrin) aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılıb. Qanunvericilik aktlarının tələblərindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı işlədiyi vəzifənin dövlət qulluğu hesab edildiyini, bu səbəbdən də ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də, işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının işlədiyi idarə aparatda mövcud olmadığından ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. 1973-1991-ci illərdə X15 ehtiyatlarının mühafizəsi, artırılması və balıqçılığın tənzimlənməsi Hövzə idarəsində (Cənubxəzərbalıqçılıqda) iş müddətilə bağlı hüquqi statusunu və strukturunu müəyyən edən sənədlər Mərkəzdə mövcud olmadığından məsələyə dair rəy vermək mümkün olmamışdır. 1992-1997-ci illərdə Azərbaycan Respublikasının “Azərbalıq” X5 Konsernində iş müddətilə bağlı bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1992-ci il 24 avqust tarixli 467 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbalıq” X5 Konserni Nizamnaməsi”nin 1.1-ci bəndinə əsasən, sözügedən Konsern respublikanın su hövzələrində balıqçılığın elmi əsasları, balıqartırma, balıq ehtiyatlarının mühafizəsi, balıq ovu, emalı, istehsalı və satışı üzrə təsərrüfat fəaliyyətini əlaqələndirmək, qarşılıqlı əlverişli şərtlər daxilində əməkdaşlığı canlandırmaq, bazar iqtisadiyyatı şəraitində vahid istehsal təsərrüfatı quruluşu yaratmaq və müəssisələrin təsərrüfat müstəqilliyini genişləndirmək məqsədilə birləşmiş müəssisə və təşkilatların birliyi olmuş, öz fəaliyyətini tam təsərrüfathesablı, özxərciniödəmə, özünümaliyyələşdirmə və özünüidarə əsasında həyata keçirmişdir. Qeyd edilənlərə əsasən, 1992-1997-ci illərdə Azərbaycan Respublikasının "Azərbalıq” X5 Konsernində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının işlədiyi vəzifənin məhz büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının yalnız (baş idarələrin, idarələrin) aparatında mövcud olmuş vəzifələrə aid olub-olmaması ilə bağlı araşdırma aparmadan iddianın təmin olunması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən, cavabdeh məhkəmə kollegiyasından Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8922/2024 nömrəli 10 oktyabr 2024-cü il tarixli qərarını ləğv edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi, şikayətin təmin edilməsini, birinci instansiyası məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan İddiaçı məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1946-cı il təvəllüdlüdür. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1964-cü il tarixdə açılmış əmək kitabçasında qeyd olunmuş məlumatlardan müəyyən olunur ki, iddiaçı aşağıda qeyd olunan müəssisələrdə (dövlət qulluqçusu kimi) işləmişdir: SSRİ Balıqçılıq Təsərrüfatı Nazirliyinin Baş İdarəsinin tabeçiliyində olan X9 idarəsində: xx.xx.1973-cü ildə 5-ci rayonun balıq mühafizəsi müfəttişliyin ixtioloqu vəzifəsinə qəbul edilmişdir; xx.xx.1974-cü ildə X11 Müşahidə Stansiyasına ixtioloq vəzifəsinə keçirilmişdir; xx.xx.1976-cı il tarixdə əməliyyat qrupun rayon dövlət müfəttişi vəzifəsinə keçirilmişdir; xx.xx.1981-ci il tarixdə balıq mühafizə şöbəsinin rəisi təyin edilmişdir; xx.xx.1984-cü il tarixdə balıq mühafizə şöbəsinin rəisi vəzifəsini icra etməklə, idarə rəisi müavini vakant olan vəzifəsinə müvəqqəti təyin edilmişdir; xx.xx.1986-cı il tarixdə Xəzər dəniz müfəttişliyin rayon dövlət müfəttişi vəzifəsinə təyin edilmişdi; xx.xx.1986-cı il tarixdə 9-cu rayon balıq mühafizə müfəttişliyinə həmin vəzifəyə öz ştatı ilə təyin edilmişdir; xx.xx.1988-ci il tarixdə vəzifəsi sahə dövlət müfəttişi vəzifəsinə dəyişdirilmişdir; xx.xx.1989-cu il tarixdə balıq mühafizəsi əməliyyat müfəttəşliyinə sahə dövlət müfəttişi vəzifəsinə keçirilmişdir; xx.xx.1990-cı il tarixdə Balıq mühafizəsi orqanların işçilərinin əmək haqqlarının ödənilməsi şərtlərin təkmilləşdirilməsi ilə əlaqədar vəzifəsi dövlət müfəttişi vəzifəsinə dəyişdirilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli, № 447 saylı qərarına əsasən “Cənubi Xəzərbalıqartırma idarəsi”nin bazası əsasında “Azərbalıq” X5 Konseri yaradılmışdır. “Azərbalıq” X5 Konserinə prezident köməkçisi vəzifəsinə keçirilmişdir. xx.xx.1992-ci ildə “Azərbalıq” Dövlət Konserninə köçürmə yolu ilə konsernin idarə heyətinin məsul katibi vəzifəsinə təyin edilmişdir. xx.xx.1994-cü ildə Balıq ehtiyatları mühafizəsi şöbəsinin mütəxəssisi təyin edilmişdir. Ştat cədvəlində edilən dəyişikliyə əsasən vəzifəsi böyük dövlət müfəttşi adlandırılmışdır. - xx.xx.1997-ci ildə tutduğu vəzifədən azad olunmuşdur. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M-64392/2024 saylı imtina məktubundan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 02 iyul 1977-ci il tarixli, 222 nömrəli Qərarı ilə Azərbaycan SSR Nazirlər Sovetinin Azərbaycan Balıq Təsərrüfatı İdarəsi yaradılmışdır. Həmin Qərarın 2 nömrəli əlavəsində Balıq Təsərrüfatı İdarəsinin aparatında X13 İdarəsi mövcud olmamışdır. Bu səbəbdən də iddiaçının vaxtilə həmin qurumda çalışdığı vəzifələr qanunvericiliyin tələbləri baxımından dövlət qulluğu hesab edilmir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, № 3-17-1/2-M-83090/2024 saylı imtina məktubunda göstərilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 2 iyul 1977-ci il tarixli, 222 nömrəli Qərarı ilə Azərbaycan SSR Nazirlər Sovetinin Azərbaycan Balıq Təsərrüfatı İdarəsi yaradılmışdır. Həmin Qərarın 2 nömrəli əlavəsində Balıq Təsərrüfatı idarəsinin aparatında X13 İdarəsi mövcud olmamışdır. Bu səbəbdən də vaxtilə həmin qurumda çalışdığı vəzifələr qanunvericiliyin tələbləri baxımından dövlət qulluğu hesab edilmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı hər hansı dövlət qulluğu vəzifəsinə aid olmadığından, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.16-cı bəndində ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının yalnız (baş idarələrin, idarələrin) aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılıb. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən, dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 22-ci maddəsinə müvafiq olaraq, dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, vəzifədə qulluq stajından asılıdır. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Həmin Qanunun 23-cü maddəsinə görə, dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (01 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiya) 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “Əmək pensiyaları haqqında” Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə görə, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. Həmin Qanunun 5.1-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslər öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 7-ci maddəsinə (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiya) əsasən, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Həmin Qanunun 20.11-ci maddəsinə görə, bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Şərh olunan qanunvericiliyin müddəalarına görə, kişilərə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş iki şərt ödənilməlidir: 1) 62 yaş 2) 12 il sığorta stajı. İşin hallarından görünür ki, iddiaçı xx.xx.1946-cı il təvəllüdlü olmaqla 62 yaşı xx.xx.2008-ci il tarixdə tamam olmuşdur. Nəzərə alınsa ki, iddiaçı xx.xx.1964-cü il tarixdən xx.xx.1997-ci il tarixədək müxtəlif vəzifələrdə kəsintisiz fəaliyyət göstərdiyindən, onun ümumi iş stajı 12 ildən (təxminən 33 il) çox təşkil edir. Bu hal özlüyündə ona dəlalət edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyanın 7-ci maddəsində nəzərdə tutulan yaş və staj ilə bağlı şərtlər ödənildiyindən, iddiaçının yaşa görə əmək pensiyası hüququ məhz xx.xx.2008-cı il tarixdən, yəni 62 yaşı tamam olduğu vaxtdan yaranmış olur. “Dövlət qulluğu haqqında” Qanunun 17.1-ci maddəsinə görə, dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 4-cü bəndinə əsasən, dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 6-cı bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18- dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. Qeyd olunur ki, 1991-ci il oktyabr 18-i tarixinədək dövlət, sovet, partiya orqanlarında mövcud olan dövlət qulluğu vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahına əsasən aparılır. İddiaçıya xx.xx.2016-cı il tarixdən ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hazırda dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyinini arzulayır və bunu müxtəlif qurumlar tərəfindən verilmiş rəylərə istinad edərək işlədiyi vəzifənin dövlət qulluğu vəzifələrinə uyğunluğu ilə əsaslandırır. İddiaçı həmin tələb ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Nazirlər Sovetinin 2 iyul 1977-ci il tarixli, 222 nömrəli Qərarı ilə Azərbaycan SSR Nazirlər Sovetinin Azərbaycan Balıq Təsərrüfatı İdarəsi yaradılmışdır. Həmin Qərarın 2 nömrəli əlavəsində Balıq Təsərrüfatı İdarəsinin aparatında X13 İdarəsi mövcud olmamışdır. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən vətəndaşa dövlət qulluğu stajına görə yaşa görə əmək pensiyasının təyin olunması üçün dövlət qulluğu stajının 15 il olması zəruridir. Lakin, nəzərə alınmalıdır ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ 2008-ci ilin aprel ayında yarandığından, onun dövlət qulluqçusu kimi pensiya almaq hüququnun yaranması üçün dövlət qulluğu stajının 5 il olması zəruridir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: (xx.xx.2018-ci il tarixədək olan dəyişikliyə qədər) 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 5 il qulluq stajı tələb olunur. Həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsində dövlət qulluğunda iş stajının hansı meyarlar əsasında qiymətləndirildiyi göstərilmişdir. Həmin maddənin (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiya) müddəalarına görə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18- dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdir. Cavabdeh inzibati orqanın Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə müraciətinə cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli, № 9-3/2-3029/2024 saylı cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin, hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1973-1991-ci illərdə X15 ehtiyatlarının mühafizəsi, artırılması və balıqçılığın tənzimlənməsi Hövzə idarəsində (Cənubxəzərbalıqçılıqda) iş müddətilə bağlı hüquqi statusunu və strukturunu müəyyən edən sənədlər Mərkəzdə mövcud olmadığından məsələyə dair rəy vermək mümkün olmamışdır. 1992-1997-ci illərdə Azərbaycan Respublikasının “Azərbalıq” X5 Konsernində iş müddətilə bağlı bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1992-ci il 24 avqust tarixli 467 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbalıq” X5 Konserni Nizamnaməsi”nin 1.1-ci bəndinə əsasən sözügedən Konsern respublikanın su hövzələrində balıqçılığın elmi əsasları, balıqartırma, balıq ehtiyatlarının mühafizəsi, balıq ovu, emalı, istehsalı və satışı üzrə təsərrüfat fəaliyyətini əlaqələndirmək, qarşılıqlı əlverişli şərtlər daxilində əməkdaşlığı canlandırmaq, bazar iqtisadiyyatı şəraitində vahid istehsal təsərrüfatı quruluşu yaratmaq və müəssisələrin təsərrüfat müstəqilliyini genişləndirmək məqsədilə birləşmiş müəssisə və təşkilatların birliyi olmuş, öz fəaliyyətini tam təsərrüfathesablı, özxərciniödəmə, özünümaliyyələşdirmə və özünüidarə əsasında həyata keçirmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Qeyd edilənlərə əsasən 1992-1997-ci illərdə Azərbaycan Respublikasının "Azərbalıq” X5 Konsernində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. Göründüyü kimi, qurum tərəfindən mənfi rəy məhz iddiaçının 1992-1997-ci illərdə Azərbaycan Respublikasının "Azərbalıq” X5 Konsernində iş müddətinə münasibətdə verilmiş, iddiaçının X15 ehtiyatlarının mühafizəsi, artırılması və balıqçılığın tənzimlənməsi Hövzə idarəsində (Cənubxəzərbalıqçılıqda) 1973-1991-ci illərdə iş müddətilə bağlı hüquqi statusunu və strukturunu müəyyən edən sənədlərin Mərkəzdə mövcud olmadığından məsələyə dair rəy vermək mümkün olmadığı bildirilmişdir. Birinci instansiyası məhkəməsi qeyd olunanlarla əlaqədar qərarında aşağıdakılara istinad etmişdir: “ ... analoji iş üzrə məhkəmənin müvafiq sorğusuna əsasən ... X15 Ehtiyatlarının Artırılması, Bərpası, Mühafizəsi və Balıq OvununTənzimlənməsi idarəsi (“Cənubi Xəzərbalıqartırma idarəsi”) barədə Arxiv arayışından müəyyən olunur ki, sabiq SSRİ Balıqçılıq Təsərrüfatı Nazirliyinin Baş İdarəsinin tabeçiliyində olan “X9” idarəsi (X15 ehtiyatlarının artırılması,bərpası, mühafizəsi və balıq ovunun tənzimlənməsi idarəsi) Azərbaycan Respublikasında 1991-ci ilədək fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Ekolologiya və Təbii Sərvətlər Nazirliyinin arxivində saxlanılan sənədlərə əsasən (1941-1990-cı illəri əhatə edir) təsdiqlənir ki, (“X9” idarəsi) keçmiş Azərbaycan SSR-də fəaliyyət göstərmişdir. “Cənubi Xəzərbalıqartırma idarəsi”nin tabeliyində olan 9 balıqartırma zavod və təsərrüfatları, 10 balıq mühafizə müfəttişlikləri vasitəsilə Azərbaycanda balıq ehtiyatlarının artırılması, bərpası, mühafizəsi və balıq X14 fəaliyyətləri ilə məşğul olan dövlət idarəetmə orqanı olmuşdur. “İdarə” dövlət büdcəsindən maliyyələşdirilmiş və SSRİ Dövlət Bankının Azərbaycan SSR söbəsində ******* saylı büdcə hesabı olmuşdur. ... 1983-cü ilin 18 mart tarixində sabiq SSRİ Balıqçılıq Təsərrüfatı Nazirliyinin Baş idarəsi tərəfindən təsdiq edilmiş idarəetmə aparatı üzrə ştat cədvəlinə əsasən 9 balıqartırma zavod və təsərrüfatları, 10 rayon balıq mühafizə müfəttişlikləri üzrə 68 idarəetmə vahidi nəzərdə tutulmuşdur (SSRİ dağıldıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 31 dekabr tarixli 447 nömrəli qərarına əsasən sözügedən idarənin bazasında onun funksiyalarını həyata keçirən “Azərbalıqartırma” Dövlət Konserni yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 04 iyul tarixli 40 nömrəli Fərmanına əsasən, “Azərbalıqsənaye” İstehsalat Birliyi, “Azərbalıq”, “Azərbalıqartırma”, “Azərbalıqsənayesatış” konsernləri və “Xəzər” X2 əsasında Azərbaycan Respublikasının “Azərbalıq” X5 Konserni yaradılmışdır. “Azərbaycan Respublikasının “Azərbalıq” X5 Konsernin nizamnaməsi və tərkibinə daxil olan müəssisələrin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 24 avqust tarixli qərarı ilə təsdiq edilmişdir. “Azərbalıq” X5 Konsernin idarə heyətinin 1994-cü il 23 mart tarixli 07 saylı qərarı ilə “Azərbalıq” X5 konserninin X8, Qorunması və X14-“Balıqartıma” idarəsinin nizamnaməsi” təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1994-cü il 04 may tarixli qərarı ilə qeydə alınmışdır. “Balıqartırma” idarəsi X8, qorunması və X14ni idarə etmiş və öz fəaliyyətini dövlət büdcəsindən maliyyələşdirmə prinsipi əsasında həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 mart tarixli 669 nömrəli Sərəncamı ilə “Balıqartırma” idarəsi istisna olmaqla “Azərbalıq” X5 Konserninin tabeliyində olan müəssisə və təşkilatlar özəlləşdirməyə açıq elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli Sərəncamına əsasən “Azərbalıq” X5 Konserni ləğv olunmuş, ləğv olunan “Azərbalıq” X5 Konserninin səlahiyyətləri və onun tabeliyində olan müəssisə və təşkilatlar (Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 669 nömrəli sərəncamının 1-ci bəndində göstərilən müəssisə və təşkilatlar istisna olunmaqla) yəni əvvəllər “Balıqartırma” idarəsi adlandırılan Su hövzələrində X3 və Mühafizəsi Departamenti və X1 institutu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilmişdir. Hal-hazırda “X9” idarəsinin funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X3 və Mühafizəsi Departamenti “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və 2004-cü il 21 iyul tarixli 151s nömrəli sərəncamına əlavə və dəyişikliklər edilməsi haqqında” “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 27 iyul tarixli 108 nömrəli Qərarı”nın 2-ci bəndi ilə 2001-ci ilin 18 sentyabr tarixindən dövlət orqanlarının təsnifatına daxil edilmişdir”. Eyni zamanda həmin işin materillarına əlavə edilmiş Azərbaycan Respublikasının X10 xx.xx.2019-cu il tarixli, № 04/xx-xx/1829 saylı cavab məktubunda göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında və 1991-ci il oktyabrın 18-dən inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək Azərbaycan Respublikası dövlət orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılıması aparılmışdır. 1976-1992-ci illərdə Cənub Xəzər balıq ehtiyatlarının mühafizəsi və artırılması və balıqçılığın tənzimlənməsi İdarəsində (Cənubxəzərbalıqçılıq) işlədiyi müddətə dair bildirilmişdir ki, SSRİ Balıq Təsərrüfatı Nazirliyinin “Baş Balıqçılıq idarəsi”nin 22 iyun 1984- cü il tarixli 45/P nömrəli əmri ilə təsdiq edilmiş “SSRİ Balıq Təsərrüfatı Nazirliyinin Balıq ehtiyatlarının mühafizəsi və artırılması və balıqçılığın tənzimlənməsi üzrə “Başbalıq Təsərrüfatı Hövzə İdarəsi haqqında Nümunəvi Əsasnaməsi”nin 3-cü hissəsinə əsasən “Hövzə İdarəsi” SSRİ Balıq Təsərrüfatı Nazirliyinin Baş balıqçılıq idarəsinin smetası əsasında saxlanılmış, SSRİ Dövlət Bankında büdcə və büdcədənkənar hesablara və SSRİ Tikinti Bankının müəssisələrində açıq hesaba malik olmuşdur. Həmin “Nümunəvi Əsasnamə”nin 8-ci hissəsinə əsasən “Hövzə İdarəsi” SSRİ və müttəfiq respublikaların qanunvericiliyinin, SSRİ Balıq Təssərrüfatı Nazirliyinin və Başbalıqçılıq idarəsinin balıq ehtiyatlarının mühafizəsi və artırılması, balıqçılığın tənzimlənməsi, həmçinin balıq təsərrüfatı hovuzlarının çirkləndirilməsinə qarşı mübarizə məsələləri üzrə əmr və təlimatların icrasına və “Hövzə İdarəsi”nin tabeçiliyində olan balıq təsərrüfatı hovuzlarının vəziyyətinə və onların çirklənməsi və digər balıq ehtiyatları, su bitkilərinin və heyvanlarının zərərli təsirlərdən qorunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsinə nəzarət etmişdir. Yuxarıda adı çəkilən Siyahının 1.16-cı bəndində ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında mövcud olmuş vəzifələrin "inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Qeyd edilənlərə əsasən Cənubxəzərbalıqçılıq İdarəsi ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanı (baş idarə, idarə) statusunda fəaliyyət göstərmişsə, həmin İdarədə işlədiyi müddət dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alına bilər”. Cavabdeh apellyasiya şikayətində ona istinad etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının işlədiyi vəzifənin məhz büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının yalnız (baş idarələrin, idarələrin) aparatında mövcud olmuş vəzifələrə aid olub-olmaması ilə bağlı araşdırma aparmadan iddianın təmin olunması barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, SSRİ dövründə Cənubxəzərbalıqçılıq idarəsi (X15 ehtiyatlarının mühafizəsi, artırılması və balıqçılığın tənzimlənməsi Hövzə idarəsi) dövlət təsisatı - dövlətin iqtisadi və ekoloji siyasətinin strateji sahələrindən birini həyata keçirən qurum kimi fəaliyyət göstərmişdir. Belə ki, SSRİ Konstitusiyasına əsasən, təbii ehtiyatlar, o cümlədən su bioresursları dövlət mülkiyyətində idi və onların istifadəsi yalnız dövlət orqanları vasitəsilə həyata keçirilə bilərdi. Belə funksiyaları həyata keçirən idarələrin dövlət təsisatı statusuna malik olduğu hüquqi baxımdan qəbul edilən bir faktdır. Cənubxəzərbalıqçılıq idarəsi tamamilə dövlət büdcəsi hesabına maliyyələşdirildiyindən və dövlətin təbii ehtiyatların idarə edilməsi funksiyasını yerinə yetirdiyindən burada çalışanların dövlət qulluqçusu statusu əldə etməsi hüquqi baxımdan əsaslıdır. X10 cavabında qeyd edildiyi kimi, idarənin hüquqi statusunu təsdiq edən sənədlərin arxivdə olmaması bu statusun avtomatik olaraq rədd edilməsinə səbəb olmur. Məhkəmə təcrübəsinə belə hallarda faktiki sübutlar - əmək kitabçaları, işə qəbul əmrləri və digər sənədlər əsas götürülür. Əlavə olaraq, SSRİ dövrünün normativ hüquqi aktları və dövlət təsisatlarının statusunu tənzimləyən qərarlardan da hüquqi arqument kimi istifadə oluna bilər. SSRİ dövründə qəbul edilmiş qanunvericilik və mövcud idarəetmə prinsipləri nəzərə alındıqda, Cənubxəzərbalıqçılıq idarəsinin dövlət təsisatı olduğu və burada çalışan şəxslərin dövlət qulluqçusu statusuna malik olduqları qəbul ediləndi və qanunvericilikdə müvafiq uyğunlaşdırımanın aparılmaması dövlət orqanında inzibati vəzifə tutan şəxsin dövlət qulluqçusu sayılmaması kimi nəticəyə gəlməsinə səbəb olmamalıdır. Məhkəmə kollegiyası istinad olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və ədalətli nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-8922/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-8922/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-1175/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1175/2025
12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver