Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1176/2025 15.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, X5 Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı “dövlət qulluğu münasibətinin mövcudluğunun müəyyən (təsdiq) edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10976/2024 saylı, 17 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək X2 İdarəsində işlədiyi dövrün dövlət qulluğu stajı kimi nəzərə alınmaqla, etibarlı dövlət qulluğu münasibətləri kimi müəyyən edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində dövlət qulluğu vəzifəsinə təyin olunduğu vaxtdan, qanunvericilikdə dövlət qulluqçuları üçün nəzərdə tutulmuş vəzifələri yerinə yetirmiş və hüquqlardan istifadə etmiş, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatlardan, işlədiyi dövrdə ixtisas dərəcəsinə və qulluq stajına görə vəzifə maaşına əlavələr almış, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir. Lakin onunla 22 aprel 2024-cü il tarixdə əmək münasibətlərinə xitam verildikdən sonra, ona məlum olmuşdur ki, onun 05 oktyabr 2022-ci il tarixdən 03 iyul 2023cü il tarixədək çalışdığı X2 İdarəsinin baş məsləhətçisi – Gədəbəy rayonu üzrə nümayəndəsi və 03 iyul 2023-cü il tarixdən 22 aprel 2024-cü il tarixədək çalışdığı X1 İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi (Gədəbəy rayonu üzrə nümayəndəsi) vəzifələri inzibati vəzifələr üzrə iş stajı olaraq dövlət qulluğu kimi müəyyən olunmamışdır. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, məhkəmədən iddiaçı – xx.xx.1959-cu il təvəlüdlü İddiaçı Azərbaycan Respublikası Mədəniyyət nazirinin 458-k №li 21 sentyabr 2022-ci il tarixli əmri ilə təyin edildiyi və 05 oktyabr 2022-ci il tarixdən 03 iyul 2023-cü il tarixədək çalışdığı X2 İdarəsinin baş məsləhətçisi – Gədəbəy rayonu üzrə nümayəndəsi və Azərbaycan Respublikası Mədəniyyət nazirinin 3-24/3-1-k-475/2023 №li 03 iyul 2023-ci il tarixli əmri ilə keçirildiyi və 03 iyul 2023-cü il tarixdən 22 aprel 2024-cü il tarixədək işlədiyi X1 İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi (Gədəbəy rayonu üzrə nümayəndəsi) vəzifələrinin inzibati vəzifələr üzrə iş stajı kimi nəzərə alınmaqla, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə həmin illər üzrə etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən edilməsi öhdəliyinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində məhkəmədən müvafiq dovr üzrə dövlət qulluğu münasibətlərinin müəyyən edilməsi xahiş edilsə də, iddia ərizəsinin məzmunundan onun əslində mübahisələndirmə haqqında iddia olduğu görünür. Sözügedən hal iddiaçının məhkəmə aidiyyəti qaydalarına zidd olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsindən və həmin məhkəmənin iş üzrə icraata xitam verilməsi haqqında 20 iyun 2024-cü il tarixli e-2(009)-1308/2024 nömrəli qərardadından da görünür. Belə olan halda, hazırki iddia ilə cavabdehin xx.xx.2021-ci il tarixli, K-629 nömrəli əmri mübahısələndirilir ki, bu da onun müəyyən etmə haqqında iddia kimi xarakterizə edilməsinə imkan vermir. Lakin iddiaçının məhkəmədən huquq münasibətinin müəyyən edilməsini xahiş etdiyini, iddia ərizəsinin isə məzmun etibarilə inzibati aktın mübahisələndirilməsinə yönəldiyini, məhkəmənin buna uyğun hüquqi yardımına əsasən iddianın dəyişdirilmə ehtimalını nəzərə alaraq, iddia ərizəsinə müəyyən etmə haqqında iddia baxımından münasibət bildirərək, onun qanunvericiliyin tələbləri baxımından əsassız olduğunu aşağıdakılara əsasən qeyd edirlər. İPM-nin 36.1- ci maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı huquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-ın 36.4-cu maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidıar xarakter daşıyır. Bu növ iddia onunla xarakterizə olunur ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bır iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır ("T.idrisovun şikayəti üzrə Azərbaycan Respublikası Alı Məhkəməsinin İnzibati - İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli Qərarı). Göründüyü kimi, müəyyən etmə haqqında iddia subsidıar xarakter daşımaqla, əslində digər fakt və sübutlarla təsdiq olunmayan məlumatların məhkəmə tərəfindən müəyyən edilməsinə yönəlmişdir. Bu baxımdan həmin iddia növü Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində xüsusi icraat qaydasında baxılan hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərlə bənzərlik təşkil edir. Hazırki iddia isə heç də müəyyən etmə haqqında iddia ilə bağlı şərtləri ödəmir. Əvvəla burada qeyri-müəyyənlik mövcud deyildir, bütun sübutlar və faktlar müəyyəndir. Həmin faktlar iddiaçının tutduğu vəzifədən azad olunması barədə ərizə ilə müraciət etməsi, müraciətinə əsasən cavabdehin xx.xx.2021-ci il tarixli 629-k nömrəli əmri əsasında onun dövlət qulluğuna xitam verilməsi elə iddiaçının özü tərəfindən iddia ərizəsində göstərilmişdir. Eyni zamanda, iddiaçı əgər bu münasibətlərin dövlət qulluğu münasibətləri olduğunu, lakin ona əmək pensiyası təyin edilərkən bu halın nəzərə alınmadığını iddia edirsə, onda hazırkı iddia üzrə iddiaçının cavabdeh Mədəniyyət Nazirliyinə qarşı hər-hansı subyektiv hüququ yaranmır. Bu halda iddiaya cavab verməli qurum qismində Dövlət Sosial Müdafiə Fondu çıxış etməlidir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10976/2024 saylı, 17 oktyabr 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və xx.xx.1959-cu il təvəlüdlü İddiaçı Azərbaycan Respublikası Mədəniyyət nazirinin 458-k №li 21 sentyabr 2022-ci il tarixli əmri ilə təyin edildiyi və 05 oktyabr 2022-ci il tarixdən 03 iyul 2023-cü il tarixədək çalışdığı X2 İdarəsinin baş məsləhətçisi – Gədəbəy rayonu üzrə nümayəndəsi və Azərbaycan Respublikası Mədəniyyət nazirinin 3-24/3-1-k-475/2023 №li 03 iyul 2023-ci il tarixli əmri ilə keçirildiyi və 03 iyul 2023-cü il tarixdən 22 aprel 2024-cü il tarixədək işlədiyi X1 İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi (Gədəbəy rayonu üzrə nümayəndəsi) vəzifələrinin inzibati vəzifələr üzrə iş stajı kimi nəzərə alınmaqla, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə həmin illər üzrə etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən edilməsi öhdəliyinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - xx.xx.2013-cü il - İ dərəcə Dövlət qulluqçusu Gədəbəy rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri təyin edilmişdir. - xx.xx.2015-ci il - “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 16.2.6cı və “Yerli İcra hakimiyyətləri haqında Əsasnamə”nin 16-cı maddəsinə əsasən Dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsi verilmişdir. - xx.xx.2016-cı il - Gədəbəy rayon Mədəniyyət və Turizm şöbəsi ləğv edildiyi üçün Gədəbəy rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri, Kiçik Dövlət müşaviri 2016-cı il 01 noyabr tarixdən dövlət qulluğuna xita verilmişdir. - xx.xx.2016-cı il - Gədəbəy rayon Mədəniyyət və Turizm şöbəsi ləğv edildiyi üçün 01 noyabr 2016-cı il tarixdən iki ay müddətinə ləğv edilmə komissiyasının sədri təyin edilmişdir. - xx.xx.2017-ci il - X2 və Turizm İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. - xx.xx.2017-ci il - X2 və Turizm İdarəsinin rəis müavini xx.xx.2017-ci il tarixdən müvəqqəti 03 (üç) ay müddətinə X2 və Turizm İdarəsinin rəisi vəzifəsinin səlahiyytlərini icra etməsi həvalə edilmişdir. - xx.xx.2017-ci il - 13 fevral 2017-ci il tarixdən X2 və Turizm İdarəsinin rəisi vəzifəsinin icrasını dayandırsın və X2 və Turizm İdarəsinin rəis müavini vzifəsinin icrasını davam etdirsin. - xx.xx.2018-ci il - X2 və Turizm İdarəsinin rəis müavini vəzifəsindən X2 İdarəsinin rəis müavini vəzifəsinə keçirilsin. - xx.xx.2021-ci il - X2 İdarəsinin rəis müavini vəzifəsindən 13 yanvar 2022-ci il tarixdən dövlət qulluğuna xitam verilməsi ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 23 dekabr 2021-ci il tarixli, 629-k nömrəli əmri nəzərə alınsın. - xx.xx.2022-ci il - Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq, X2 İdarəsinin baş məsləhətçisi – Gədəbəy rayonu üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir. - xx.xx.2023-cü il - Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq, X1 İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi (Gədəbəy rayonu üzrə nümayəndə) vəzifəsinə keçirilmişdir. - xx.xx.2024-cü il - Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə uyğun olaraq çalışmanın yaş həddinə çatması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. -Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 10 oktyabr 2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı göstərilən (21 sentyabr 2022-ci il tarixdən 15 aprel 2024-cü il tarixədək) dövrlərdə dövlət qulluqçusu olmaması səbəbindən ona mükafat və vəzifə maaşına əlavələr ödənilməmişdir. Qeyd olunan məktubla İddiaçı 21 sentyabr 2022-ci il tarixdən 15 aprel 2024-cü il tarixədək X2 İdarəsində (indiki X1 İdarəsi) işlədiyi dövr üçün əmək haqqı və sair məlumatları (işə daxil və işdən azad olunma əmrləri) məhkəməyə təqdim olunmuşdur. Təqdim olunan məlumatlardan müəyyən olunur ki, İddiaçı 2022-ci ilin 4 (sentyabr, oktyabr, noyabr və dekabr) ayları, 2023-cü ilin 12 ayı, 2024-cü ilin isə 3 (fevral, mart, aprel) ayları üzrə vəzifə maaşı və 20 % yüksəkliyə görə əlavə əmək haqqı ödənişi olunmuşdur. - Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin 08 oktyabr 2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş dövlət orqanı tərəfindən “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminə daxil edilmiş məlumatlara əsasən İddiaçı dövlət qulluğunda qulluq stajı daxil olmaqla əmək fəaliyyəti haqqında məlumatlardan müəyyən olunur ki, onun ümumi iş stajı 38 il 4 ay 15 gün, Dövlət qulluq stajı 28 il 11 ay 30 gün təşkil edir ki, o cümlədən cavabdeh inzibati orqanın struktur bölmələrində əmək fəaliyyəti aşağıda göstərilən müddətlərdə olmuşdur: Qəbul tarixi Çıxma tarixi Dövlət qulluğu 03.07. 2023-cü il xx.xx.2024-cü il yox xx.xx.2022-ci il xx.xx.2023-cü il yox xx.xx.2018-ci il xx.xx.2022-ci il hə xx.xx.2017-ci il xx.xx.2018-ci il hə xx.xx.2016-cı il xx.xx.2016-cı il yox xx.xx.2013-cü il xx.xx.2016-cı il hə Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3- cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərlə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır Hazırkı iş üzrə iddia tələbinin məzmunundan görünür ki, iddiaçının hüquqi marağı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeçiliyində olmuş strukturlarda işlədiyi müəyyən dövrlərin adı çəkilən nazirliklə həmin illər üzrə etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən edilməsidir. Məhkəmə kollegiyası işin hallarını və yuxarıda qeyd edilən qanunvericilik normalarını nəzərə alaraq qeyd edir ki, iddiaçı mübahisəli dövrlərdə Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən dövlət orqanında dövlət qulluqçusu kimi çalışdığından, onun maliyyələşdirilməsi də dövlətin bu məqsədə ayrıdığı maliyyə vəsaiti hesabına cavabdeh təşkilat tərəfindən həyata keçirilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10976/2024 saylı, 17 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10976/2024 saylı, 17 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1176/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1176/2025
15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver