Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1177/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon Şöbəsinə qarşı (hüquq varisi Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Bakı şəhəri 2 saylı xidmət nümayəndəliyi) yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.11.2019-cu il tarixli, 2-1(112)-3487/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.11.2019-cu il tarixli, 2-1(112)- 3487/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim E.Mustafayev). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11.08.2020-ci il tarixli məhkəmə iclasında cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon Şöbəsinə hüquq varisi Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Bakı şəhəri 2 saylı xidmət nümayəndəliyi ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İK-nın 11.08.2020-ci il tarixli 2-1(103)-381/2020 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2-1(82)-3487/2019 nömrəli qərarı dəyişdirilmiş, iddiaçıya 03.07.2017-ci il tarixdən 55 yaşdan yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Bakı şəhəri 2 saylı Xidmət Nümayəndəliyinin üzərinə qoyulmuşdur (sədrlik edən və məruzəçi E.Nağıyeva, hakimlər V.Məmmədov və H.Həmidov). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-nın 02.02.2021-ci il tarixli 2-1(102)- 172/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İK-nın 11.08.2020-ci il tarixli 2-1(103)-381/2020 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün məhkəməyə göndərilmişdir (sədrlik edən və məruzəçi İ.Hüseynov, hakimlər N.Rəsulbəyova və K.Bədəlov). İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının (1) birinci qrup əlil oğlu X14 04.07.1986-cı ildə anadan olub. Doqquz aylıq olanda irinli miningit xəstəliyinə tutulub. Dəfələrlə xəstəxanalarda müalicə almağına baxmayaraq sol tərəfli iflic olub. 1987-ci ildən 1999-cu ilə qədər hər il xəstəxanalarda müalicə almağına baxmayaraq heç bir nəticə olmayıb. 03.08.1999-cu ildə Azərbaycan Respublikası əmək və sosial müdafiəsi nazirliyi 26.04.1995-ci il 12 saylı qərarı ilə təstiq edilmiş, keçirilmiş uşaq serebral iflicin sol tərəfli hemimor xəstəliyi ilə qeydə alınmışdır. Növbəti (BTEK) komissiya zamanı 02.04.2002-ci ildə bilərəkdən və ya bilməyərəkdən (2) ikinci qrup əlillik təyin edirlər. 02.04.2003-cü ilə qədər növbəti komissiyada 16.03.2004-cü il - 16.03.2006-cı ilə qədər (1) birinci qrup 17.07.2007-ci ildən 17.03.2009-cu ildə də (1) birinci qrup və 14.07.2009-cu ildən isə müddətsiz əlillik verilib, hansı ki hər komissiyada qeyd olunur ki, başqasının köməyinə ehtiyacı var (uşaqlıqdan). Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xəzər rayon şöbəsinə müraciət etmiş, ona deyirlər ki, sizin yaşa görə əmək pensiyası almaq hüququnuz yoxdur. Necə olur ki, 1986-cı ildən uşaq doğulandan bugünkü günə qədər ona baxır, 33 ildi ki o bu uşağın üstündə əziyyət çəkir, ömrünü çürüdüb, indiyə qədər həftədə, bir-iki dəfə qıcolmqları (epilepsiya) olur, tez-tez xəstələnir, daimi dərmanlar atır. Tanışlarıda təstiq edə bilərlər ki (Babayeva Mahilə və Quliyeva Aynurə) o oğlunun üstündə nə qədər əziyyət çəkmiş və çəkir. O 1962 ci ildə anadan olmuş, beş il iş təqaüdü var, üç oğlu, bir qızı var. Xəstə uşağa baxmağa görə beş il vaxtından tez təqaüdə çıxmaq hüququ var, bildiyinə görə hər uşağa görə bir il təqaüd sayılsa da, o bunu bilmir. İş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, 01.01.2006-cı il tarixdən Azərbaycan Respublikasında vətəndaşların pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində; qanunvericiliklə müəyyən edilmiş qaydada sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi beş il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı 03.07.1962-ci ildə anadan olmuş, 01.02.1980-ci ildən 26.02.1985-ci ilədək əmək stajı vardır. Oğlu 04.07.1986-cı il təvəllüdlü X9 03.08.1999-cu il tarixdən ilkin olaraq uşaqlıqdan əlillik təyin edilmişdir. Uşaq 18 yaşına çatdıqdan sonra ona uşaqlıqdan əlilliyə görə İİ qrup müəyyən edilmişdir ki, növbəti ili İ qrupa keçirilmişdir. Vətəndaşın yaşa görə pensiyaya çıxması üçün sənədlər araşdırıldıqda məlum oldu ki, 2 il müddətinə təyin olunmuş İ qrup uşaqlıqdan əlilliyin müddəti bitdikdən sonra növbəti komissiya vaxtına kimi təxminən 2 il müddət keçirmiş sonradan İ qrup əlillik təyin edilmişdir ki, bu da imkan vermir vətəndaşın ərizə verdiyi günədək 25 il sosial sığorta stajı yığılsın. X1 və X5 iştirakı ilə tərtib olunmuş akta əsasən iddiaçı İ qrup X9 qulluq etmiş, ona görə də işləyə bilməmişdir. Lakin bütün bu illəri hesablansa da, ərizəçinin pensiya yaşı 03.01.2018-ci ildən yarandığı üçün ona tələb olunan 25 il sosial sığorta stajı toplanmır və bu səbəbdən pensiya hüququ yaranmır. Ona görə də nümayəndə və vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, apellyasiya şikayətinin qismən təmin edilməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı, № 14267553 saylı şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 03.07.1962-ci ildə ünvan 1 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş Хİ-ЖГ seriyalı, № 448276 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 04.07.1986-cı ildə Bakı şəhərində anadan olmuşdur. Atası – X15, anası – İddiaçıdır. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, № 166946 nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 Anaxanım Məhərrəm qızı ilə 06.07.1984-cü ildə nikaha daxil olmuşlar. Arvada Quliyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 30.11.2012-ci il tarixli, 1930 nömrəli arayışdan görünür ki, X9 həqiqətən Xəzər rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən 03.08.1999- cu il tarixdən ömürlük 1ci qrupa görə sosial müavinət təyin olunmuşdur. Hal-hazırda 60- 50 manat məbləğində sosial müavinət alır. İş materiallarına əlavə edilmiş ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının notariat qaydada təsdiq və tərcümə edilmiş surətindən görünür ki, İddiaçı 01.02.1980-ci ildən 26.02.1985-ci ilədək “Azərxalça” İstehsalat Birliyində 4- cü dərəcəli xalçaçı işləmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 11 mart 2019-cu il tarixli, **********2 nömrəli məktubda qeyd edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə 5 saylı “Asan xidmət” mərkəzindən daxil olunmuş sənədlərinizə əsasən bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Sizin tələb olunan əmək stajınız olmadığından və fərdi hesabınızda toplanan pensiya kapitalı minumum əmək pensiyası məbləğindən yüksək pensiya təminatına imkan vermədiyindən sizin yaşa görə əmək pensiyası hüququnuz yoxdur. İşin faktiki hallarından görünür ki, İddiaçı cavabdeh orqana yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir, lakin cavabdeh orqan isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən onun tələb olunan əmək stajı olmadığından və fərdi hesabında toplanan pensiya kapitalı minumum əmək pensiyası məbləğindən yüksək pensiya təminatına imkan vermədiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını mübahisələndirir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Həmin Qanunun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 31.2-1 Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Qeyd olunan Qanunun 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21.11.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Fərdi qaydada sahibkarlıq, əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxslərin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövr barədə arayışa (3 nömrəli əlavə) əsasən müəyyən olunur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mövcud qanunvericilikdə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara pensiya hesablanarkən onun işlədiyi hər hansı işin müddətidə nəzərdə tutulur. Bununla yanaşı qanunvericilikdə 01.01.2006-cı il tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda da əmək pensiyasının təyin edilməsi müəyyən edilmişdir. Hazırkı halda cavabdehin imtina məktubunda qeyd etdiyi əsas dəlili ondan ibarətdir ki, iddiaçının tələb olunan sosial sığorta stajı və əmək kitabçasında qeyd olunmuş 01.02.1980-ci ildən 26.02.1985-ci illərə aid dövrün iş stajının yoxlanılması mümkün olmamışdır. Bununla bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həm iddiaçının sığorta stajını əhatə edən dövrdə qüvvədə olan, həm də hazırkı qanunvericiliyə əsasən iş stajını müəyyən edən edən əsas sənəd əmək kitabçası hesab olunur. Birinci instansiya məhkəməsinin qənaətinə görə iş üzrə təqdim olunmuş əmək kitabçası ilə İddiaçı 01.02.1980-ci ildən 26.02.1985-ci ilədək işləməsi təsdiq edildiyindən birinci instansiya məhkəmə hesab etmişdir ki, iddiaçıya qeyd olanan illər də nəzərə alınmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün əsasdır. Cavabdeh əlavə apelyasiya şikayətində iddiaçının sağlamlıq imkanları məhdud uşağa və İ qrup əlilə qulluq etdiyi müddətin 15 il 07 ay 28 təşkil etdiyini göstərmişdir. Cavabdeh iş stajın ilkin müayinə təyin olunduğu vaxtdan, 03.08.1999-cu il tarixdən hesablandığını və əmək kitabçasında olan 01.02.1980-26.02.1985-ci illəri nəzərə almaqla cəmi 20 il 08 ay 23 gün iş stajının ( 15 il 07 ay 28 gün + 05 il 25 gün ) olmasını qeyd etmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində iddiaçının İ qrup əlilə qulluq etdiyi müddətin 15 il 07 ay 28 gün ( 03.08.1999-cu il tarixdən) olmasına dair dəlillərini qəbul etmir və iddiaçının sığorta stajının hesablanması ilə bağlı cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin araşdırılmış halları ilə iddiaçının 04.07.1986-cı il təvəllüdlü olan uşaqlıqdan sağlamlıq imkanları məhdud olan oğluna qulluq etdiyi, 03.08.1999-cu il tarixli müayinə aktına əsasən uşaqlıqdan xəstə olduğu, onun 18 yaşının tamam olduğu 04.07.2004-cü il tarixə isə, artıq o, İ qrup əlil hesab edildiyi (16.03.2004-cü il tarixli müayinə aktı), onun İ qrup əlilliyinin 14.07.2009-cu il tarixədək dəyişmədiyi, həmin tarixdən müddətsiz İ qrup əlil hesab edildiyi müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti;... “Əmək pensiyaları haqqında” Qanunun 21.2, 21.2.4-cü maddələrinin məzmunundan göründüyü kimi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 25.08.1992-ci il tarixli 284 nömrəli Qanunun {(13.06 2008-ci il tarixli 648-İİİQD nömrəli Qanunla edilmiş əlavə və dəyişikliklərlə) ( 31.05.2018-ci il tarixli 1153-VQ nömrəli Qanunla ləğv edilmişdir)} 2-ci maddəsinə əsasən, əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq — orqanizmin ümumi inkişafının pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır. Hazırda qüvvədə olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31.05.2018-ci il tarixli 1153-VQ nömrəli Qanunun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs dedikdə, müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq nəzərdə tutulur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əlavəyə görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-sosial ekspert komissiyasının Qərarında Əlilliyin qiymətləndirilməsinin nəticələri kimi “əlillik dərəcəsi (İ, İİ, İİİ) və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” nəzərdə tutulur. Kassasiya instansiya məhkəməsinin 02.02.2021-ci il tarixli, 2-1(103)-172/2021 saylı qərarında göstərilmişdir ki, istinad edilən normaların məzmununa görə, qanunverici “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq”lara münasibətdə əlillik qrupları müəyyən etmir. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsində təsbit olunmuş “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa... qulluq edilməsi müddəti” müddəası iddiaçıya münasibətdə tətbiq edilərkən 1986-cı ildə doğulmuş və 1999-cu ildən sağlamlıq imkanın məhdudluğu müəyyən edilmiş X7 18 yaşına çatanadək ona qulluq müddəti əllik qrupundan asılı olmayaraq - sağlamlıq imkanı məhdud uşaq kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.9. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. 4.1.5. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa, kassasiya instansiya məhkəməsinin qərarında “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinin və bununla bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın yuxarıda qeyd edilən 3.9-cu bəndinin tələblərinin təmin olunduğuna dair işdə məlumatın olmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apelyasiya şikayətində iddiaçının qonşuları X4 və X5 iştirakı ilə tərtib olunmuş akta əsasən İddiaçı 1 qrup Quliyev Xəlil Malik oğluna qulluq etmiş, ona görə də işləyə bilməməsi bildirilmişdir. Yuxarıda adı şəkilən qanunvericiliyin tələblərinə müvafiq olaraq 01.07.2017-ci ildən 30.06.2018-ci ilə qədər qadınlar üçün pensiya yaşı 60 il 06 ay olmuşdur. Qanunun 8.2-ci maddəsinə uyğun olaraq iddiaçı üçün 5 il azaldılığından, 55 il 6 ay yaş tələb olunur ki, iddiaçı da bu şərtə cavab verir (03.01.2018-ci il ). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 25 ildən artıq müvafiq sığorta stajı olduğundan, ona yaşa görə əmək pensiyası təyin olunmalıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək – iddiaçıya 55,6 yaşından əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.11.2019-cu il tarixli, 2-1(112)- 3487/2019 saylı qərarı dəyişdirilsin. İddiaçı 55,6 yaşından, yəni 03.01.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh - Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Bakı şəhəri 2 saylı xidmət nümayəndəliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Xumar Mərdanova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1177/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1177/2021
19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver