Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1177/2022 27.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı, nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiyanın bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(112)- 10158/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək pensiyasının (pensiyasının verilmədiyi ayların məbləğinin ödənilməsi ilə birlikdə) verilməsi hüququnun bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun əmək pensiyası heç bir xəbərdarlıq olmadan cari ilin iyul ayının 13-də dayandırılmışdır. Dəfələrlə e-mail vasitəsilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə və onun yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etsə də bir nəticəsi olmamış və sonuncu verilən cavabda göstərilmişdir ki, AR-nın ƏƏMSN tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda; həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi «Əmək pesiyaları haqqında» AR-sı Qanunun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar vaxtı ilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılır. Əmək pensiyasının bərpa ediməsi məsələsinə araşdırmanın nəticəsi barədə müvafiq məlumatlar Mərkəzi Filiala daxil olduqdan sonra baxılacaqdır. Notarial qaydada təsdiq olunmuş sənədləri DSM-yə təqdim etsə də, lakin hazırki vaxtadək heç bir məlumat ala bilməmişdir və pensiyası da verilmir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, onun əmək pensiyasının (pensiyasının verilmədiyi ayların məbləğinin ödənilməsi ilə birlikdə) verilməsi hüququnun bərpa olunması vəzifəsinin cavabdeh qismində cəlb olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən 13.07.2021-ci il tarixdə ona pensiya verilməsinin dayandırılmasına dair edilmiş hərəkətlərin qanunsuz hesab edilməsi və həmin tarixdən ona eyni qaydada və tam şəkildə olmaqla pensiya verilməsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 15.09.2021-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(112)-10158/2021 saylı qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 13.07.2021-ci il tarixdə iddiaçı-İddiaçı təyin edilmiş pensiyanın dayandırılmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar olaraq, İddiaçı vaxtı ilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit şöbəsi tərəfindən aparılması məqsədilə adıçəkilən şəxsə əmək pensiyasının ödənişi 13.07.2021-ci il tarixdən dayandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin 13.07.2021-ci il tarixində İddiaçı pensiya verilməsinin dayandırılmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi və 14.07.2021-ci il tarixli **********2 saylı qərarın ləğv edilərək həmin tarixdən iddiaçıya eyni qaydada və tam şəkildə pensiya verilməsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Hazırki işin hallarından görünür ki, iddiaçı xx.xx.1957-ci ildə doğulmuş, 20.04.1982-ci il tarixdən 05.06.1994-cü ilə qədər hərbi xidmətdə olmuş, 1976-cı ildən 1981-ci ilədək Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almış; 19.10.1981-ci ildə 1 saylı şöbənin 1 saylı sektoruuna mühəndis vəzifəsinə qəbul edilib ( əmr 947/k); 02.06.1986-cı ildə ƏM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən MURB STS keçirilib ( əmr 98, 30.05.1986-cı il); 05.06.1986-cı ildə Şelf 2 yükdaşıma üzən qazma quurğusuna DYM və gəmi sistemləri üzrə mexanik qəbul edilmişdir (Əmr 95 k, 06.06.1986-cı il); 08.06.1987-ci il eyni qurğuya DYM və gəmi sistemləri üzrə baş mexanik vəzifəsinə keçirilmişdir ( Əmr 141-k, 10.06.1987-ci il); 28.06.1992-ci il tarixdə Xəzər-5 üzən qazma qurğusuna DYM üzrə mexanik vəzifəsinə keçirilmişdir ( Əmr 64-k, 30.06.1992-ci il); 01.11.1994-cü il tarixdə eyni qurğuya qazma qurğusunun 4 dərəcəli motorçu vəzifəsinə keçirilmişdir (əmr 83 k, 04.11.1994-cü il); 30.01.1997-ci il tarixdə eyni qurğuya DYM üzrə mexanik vəzifəsinə keçirilmişdir (Əmr 5 k, 03.02.1997-ci il); 21.03.2003-cü ildə öz xahişi ilə işdən azad olunmuşdur ( 31.03.2003-cü il, 9 k saylı əmr); 01.04.2003-cü ildə Maersk Contractors və AOQC Moody İnternational LTD arasında bağlanmış müqaviləyə əsasən Motorçu vəzifəsinə “Maersk Contractors” şirkətinə çalışmaq üçün işə qəbul edilmişdir ( əmr 9, 01.04.2003-cü il); 25.008.2003-cü ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir ( Əmr 47, 22.08.2003-cü il); 26.08.2003-cü ildə Maersk Kontraktors Services şirkətinə yarma qurğusunun Motorçusu vəzifəsinə qəbul edilmişdir (Əmr N5/03, 26.08.2009-cu il); 19.12.2007-ci il tarixdə mexanik köməkçisi vəzifəsinə keçirilmişdir ( əmr i/49/, 19.12.2007ci il); 26.11.2008-ci ildə öz xahişi ilə işdən azad edilmişdir ( Əmr R/05/08, 26.11.2008-ci il); 27.11.2008-ci ildə RCA Deutag Caspian Limited Şirkətinə Mexanik vəzifəsinə qəbul edilmişdir (əmək müqaviləsi S 0652, tarix 27.11.2008-ci il); 01.12.2010-cu ildə əmək müqaviləsinə xitam verilmişdir (əmr 004-HR2010, 30.11.2010-cu il); 01.12.2010-cu ildə RCA Deutag Caspian Limited Şirkətinə stajor mexanik vəzifəsinə qəbul olunmuşdur ( D- 057 N-li əmək müqaviləsi 01.12.2010-cu il); 30.04.2015-ci ildə mexanik vəzifəsinə keçirillmişdir( 8-057 nömrəli əmək müqaviləsi 30.04 2015-ci il); 02.12.2015-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir ( Əmr 0** CH ***5. 02.12.2015-ci il). Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən verilmiş 06.08.2021-ci il tarixli Arxiv arayışından görünür ki, İddiaçı 05.06.1986- cı ildən (Əmr №95k, 06.06.1986-cı İİ) 31.03.2003-cü ilə kimi (Əmr №9k, 31.03.2003-cü İİ) “Xəzərdənizneftqazsənaye” İB-nin X2 Qazma İdarəsində işləmişdir. “Xəzərdənizneftqaz” İstehsalat Birliyinin 10 mart 1993-cü il 78 №li əmrinə əsasən 01.04.1993-cü il tarixindən “Xəzərdənizneftqaz” İstehsalat Birliyinin “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə” DKQİ-nin adı dəyişdirilərək X2 Qazma İdarəsi adlandırılmışdır. 08.04.2003-cü İİ tarixdən SOCAR-ın 28 saylı və “Azneft” İB-nin strukturunun təkmilləşdirilməsi haqqında 16.04.2003-cü il tarixli 8 №li əmri ilə X2 Qazma İdarəsi Qazma Sexi kimi “Bayıl Limanı” DKQİ-nin tərkibinə verilib. SOCAR-ın 12.03.2007-ci il tarixli, 51 saylı və 14.03.2007-ci İİ tarixli, 60 saylı əmrləri ilə “Kompleks qazma işləri” tresti yaradılmışdır və “Bayıl Limanı” DKQİ trestin tabeliyinə verilmişdir. SOCAR-ın 06.06.2012-ci il tarixli 65 saylı əmri ilə “Bayıl Liman” DKQİ-nin adı dəyişdirilərək “Xəzər” X4 İdarəsi adlandırılmışdır. 08.08.2012-ci iİ tarixdən SOCAR-ın 101 saylı və “Kompleks qazma işləri” trestinin strukturunun təkminləşdirilməsi haqqında 18.08.2012-ci il tarixli 82 saylı əmrinə əsasən Xəzər X4 idarəsi ləğv edilib və onun arxivi “Sahil” Qazma İşləri İdarəsinə verilib. SOCAR-ın 27.12.2013-cü il tarixli, SOCAR/13- 1000/01/SM-05-000034 saylı əmrinə əsasən Sahil Qazma işləri İdarəsi ləğv edilmiş və “Bulla, 8 Mart, Ümid” İstehsalat Bölümü kimi fəaliyyət göstərmişdir. “Kompleks qazma işləri” trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” 27.03.2021-ci il tarixli, SOCAR **********0040020A00070 saylı əmrinə əsasən “Bulla, 8 Mart, Ümid” İstehsalat bölümü hal-hazırda “Sahil” İstehsalat bölümü kimi fəaliyyət göstərir. Cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı pensiya işində olan pensiyaçının uçot vərəqindən və qərarından görünür ki, xx xxxxxxxx 1957-ci il təvəllüdlü İddiaçı sentyabr 2007-cı il tarixdə yaşa görə 1080,58 manat pensiya təyin edilmişdir. Sonradan 06.01.2012-ci il tarixli 946 nömrəli qərarla İddiaçı 01.01.2012-ci il tarixdən ömürlük 1643,68 manat pensiya təyin edilmişdir. Daha sonra 09.02.2018-ci il tarixli Sərəncamla İddiaçı güzəştli şərtlərlə yaşa görə 2790, 94 manat pensiya təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 14.07.2021-ci il tarixli, **********2 saylı qərarı ilə İddiaçı təyin edilmiş pensiya dayandırılmışdır. Dayandırılmanın səbəbi: DNAŞ **********3 saylı xidməti məktubu. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 28 iyul 2021-ci il tarixli **********5 №li məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Müraciətçiyə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılır. Əmək pensiyasının bərpa edilməsi məsələsinə araşdırmanın nəticəsi barədə müvafiq məlumatlar Mərkəzi Filiala daxil olduqdan sonra baxılacaqdır. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Həmin Qanunun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda, həmin halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ödənilən əmək pensiyasının dayandırılması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsində nəzərdə tutulmuş heç bir əsas (sübut) məhkəməyə təqdim olunmamışdır. İlkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Kollegiya cavabdehin pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun aparılması məqsədilə əmək pensiyasının ödənişi dayandırılmasına münasibətdə qeyd edir ki, pensiyanın dayandırılmasına dair sübutları məhkəməyə təqdim etmədiyi üçün cavabdehin bu barədə bildirdiklərini iddia tələbinin təmin edilməməsi üçün əsas hesab etmir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən heç bir qanuni əsas olmadan iddiaçıya pensiyanın ödənilməsi dayandırılmışdır Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya pensiyanın verilməsi 13.07.2021-ci il tarixindən dayandırılsa da, buna əsas 14.07.2021-ci il tarixli **********2 saylı qərar olmuşdur. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi də izahatında bildirmişdir ki, pensiya 14.07.2021-ci il tarixli qərar əsasında dayandırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələblərinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin 13.07.2021-ci il tarixində İddiaçı pensiya verilməsinin dayandırılmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi və 14.07.2021-ci il tarixli **********2 saylı qərarın ləğv edilərək həmin tarixdən iddiaçıya eyni qaydada və tam şəkildə pensiya verilməsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 14.07.2021-ci il tarixli **********2 saylı qərarı qüvvədə olması iddiaçının hüquqlarının pozulmasının davam etməsinə səbəb olduğundan qanunsuz inzibati akt kimi qəbul edilməli və ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(112)-10158/2021 saylı qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının dayandırılması barədə 14.07.2021-ci il tarixli **********2 saylı qərarı ləğv edilsin və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: İlham Kərimli Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1177/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1177/2022
27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver