Məhkəmə qərarları › İş №2-1(103)-1177/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1177/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1177/2025 30.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı kirayə pulunun ödənilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2-1(112)-4444/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Xətai rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixindən qərar çıxarılan tarixədək ödənilməmiş hər ay üçün 375 manat və ona mənzil verilən tarixədək davamlı olaraq hər ay nəzərdə tutulmuş məbləğdə kirayə pulunun ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, 2000-2021-ci illərdə 21 il Azərbaycan Ordusunda şərəflə zabit rütbəsində qüsursuz xidmət etmişdir və mayordur. Xidmətinin tamamını ön xəttdə ən agır hərbi hissələrdə olmuşdur və bir gün də olsa belə ehtiyyat və ya arxa təyinatlı hərbi hissələrdə olmamışdır. Azərbaycan Respublikasının müdafiəsi zamanı, döyüş tapşırığını yerinə yetirərkən mina partlayışı zamanı ağır yaralanmış və ordu sıralarından təxris olunmuşdur. Ayaq və qol qüsuru vardır. Əlildir və prezident təqaüdçüsüdür. Dəfələrlə medal və fərmanlarla təltif olunmuşdur. Ehtiyata buraxıldıqdan sonra xx.xx.2021-ci il tarixindən Xətai rayon İcra Hakimiyyətində ehtiyatda olan zabit kimi mənzil növbəsində uçota durmuş və hər ay 375 manat məbləğində kirayə pulu ilə təmin olunmuşdur. Müalicələri bitdikdən sonra 2022-ci ildə iddiaçıya əlilik təyin olunmuş, xx.xx.2022-ci il tarixində Xətai rayon İcra Hakimiyyətində müharibə əlili kimi mənzil növbəsində duran andan kirayə pulu kəsilmişdir. Həmin vaxtdan iddiaçıya nə mənzil, nə də ki, kirayə pulu verilmişdir. İddiaçının ailə tərkibi 4 nəfərdən (həyat yoldaşı, 2 qızı) ibarətdir. İddiaçı qeyd edir ki, 21 il qüsursuz xidmət edən və xəstəlik ilə ordudan tərxis olunmuş zabitdir, həmçinin o anadangəlmə, digər səbəblər və yaxud az müddətdə hərbidə qulluq etmiş əlilliyi təyin olunmuş şəxslərə aiddir. Cavabdeh tərəfindən iddiata etiraz məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 332 saylı Sərəncamına əsasən 4 nəfər (özü, həyat yoldaşı, 2 qızı) ailə tərkibi ilə ehtiyatda olan hərbi qulluqçu kimi güzəştli mənzil növbəsinə alınmış, lakin əlilliyi təyin olduğundan rayon İcra Hakimiyyətinə müraciət edərək sərəncamda qismən dəyişiklik edilməsini xahiş etmiş və Xətai rayon İcra Hakimiyyətinib Başçısının xx.xx.2022ci il tarixli, 554 saylı sərəncamına əsasən 3-cü dərəcə Qarabağ müharibəsi əlili kimi güzəştli mənzil növbəsinə alınmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci bəndinə əsasən yalnız 15 təqvim ilindən artıq hərbi xidmətdə olan yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlər, gizirlər və micmanlar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar mənzil növbəsinə alınaraq mövcud qanunvericilik əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 nömrəli qərarına əsasən müəyyən etdiyi məbləğdə və qaydada yalnız hərbi qulluqçular müvəqqəti olaraq kirayə xərclərinin ödənilməsi ilə təmin olunurlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə qüvvədə olan mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq kirayə xərclərinin ödənilməsi nəzərdə tutulmadığından iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-4444/2024 saylı qərarı ilə (hakim N.İ.Abıyev) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmədə iddiaçının 2021-ci ilin noyabr ayından 2022-ci ilin dekabr ayına kimi mənzil xərclərini cavabdehdən aldığını qeyd edib. Hərbi xidmət dövründə mina partlayışı nəticəsində iddiaçı aldığı xəsarətə görə, hərbi xidmətini davam etdirə bilməmişdir. Aldığı xəsarətin xarakteri qısamüddətli deyil, əksinə uzunmüddətlidir və həyatı boyu iddiaçıda qalacaq. Buna sübut olaraq əlililliyinin müddətsiz təyin olunmasını göstərmək olar. Cavabdeh Xətai rayon İcra Hakimiyyəti mənzil kirayəsi xərclərinin ödənilməsi təyin edəndə də iddiaçı əlillik səbəbinə görə təxris olunmuş hərbi qulluqçu idi, həmin xərclərin ödənilməsini dayandırdıqda da əlillik səbəbinə görə təxris olunmuş hərbi qulluqçu statusunda olmuşdur. Başqa sözlə, mina partlayışı nəticəsində iddiaçı xəsarət aldığı gündən bu apellyasiya şikayətini yazdığı günədək faktiki statusunda hər hansı dəyişiklik olmamışdır. İddiaçı öz iradəsindən asılı olmayan səbəbdən, yəni mina partlayışı nəticəsində aldığı xəsarətə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığından, qanunvericilikdə nəzərdə tutulmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququ olan şəxslərin dairəsinə düşdüyünü qeyd edir. Həmçinin birinci instansiya məhkəməsi bir vacib məqamı nəzərə almamışdır. Belə ki, məhkəmənin istinad etdiyi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Mənzil Məcəlləsində və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda 3-cü dərəcə Vətən müharibəsi əlilinə mənzil növbəsində olduğu üçün mənzil kirayə xərclərinin ödənilməsini qadağan edən hər hansı norma mövcud deyil. Belə qadağanın olmaması nəzərə alınarsa, Vətən müharibəsi əlillərinə mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərcləri ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, zabitdir, 20 ildən artıq xidmət edib. Sonradan o, Suqovuşan-Talış istiqamətində minaya düşmüşdür. Həmin vaxt şöbə rəisi idi. Daha sonra müalicə almağa başladı və ehtiyata buraxıldı. Həmin vaxt o, hərbi hospitalda müalicə alırdı. Müalicəni bitirdikdən sonra əlilliklə bağlı pensiya təyin edilməsi üçün müraciət etdi. Həmin dövrdə də Bakıda olduğu üçün kirayə qalmalı idi. Zabit kimi uçota durdu. Sənədlərdən də görünür ki, o, xəstəlik səbəbindən təxris olunmuşdur. Onu uçota aldılar və 2 uşağı olduğuna görə ona ayda 375 manat kirayə pulu ödəyirdilər. Daha sonra onu Sosial Müdafiə Nazirliyindən çağırdılar və ona əlillik təyin olundu. Avtomobil və mənzil növbəsinə də yazılmışdı. Daha sonra ona Nazirlik tərəfindən 3 nüsxədə sənəd verildi ki, həmin sənədləri İcra Hakimiyyətinə təqdim etsin. Əlilliyə uçota alındığı gündən onun kirayə pulu kəsildi. Ona bildirildi ki, bu qayda əlillərə görə təyin olunmur. Lakin o, bununla razı deyil, çünki o, müharibə zonasında minaya düşüb xəsarət alıb, hal-hazırda da ehtiyatda olan zabitdir. Əlil olmağı zabit olmağını aradan qaldırmır. Ona bildirildi ki, 2 ay müddətində ona ev verilməlidir. Lakin 2 il vaxt keçməsinə baxmayaraq ona hələ də ev verilməmişdir. Bu müddət ərzində o, kirayə pulu almıram. Bununla bağlı İcra Hakimiyyətinə müraciət etdi. Bildirdi ki, onun kimi əlil olan bir sıra şəxslərin pulu verilir, lakin ona verilmir. Ona bildirildi ki, həmin şəxslərə ikili sərəncam verilib. Əgər belədirsə, həmin ikili sərəncam ona niyə verilmir. İcra başçısı tərəfindən ona bildirildi ki, məhkəməyə müraciət etməlidir və məhkəməyə müraciət etsə, ödənilməmiş ayların da ödənişini ala bilər. Daha sonra o, Bakı İnzibati Məhkəməsinə müraciət etdi və ona bildirildi ki, İcra Hakimiyyətindən iki sərəncamı almalıdır. O, həmin sərancamları İcra Hakimiyyətindən aldı, lakin üçüncü məhkəmə iclasında yollar pis vəziyyətdə olduğu üçün məhkəmə iclasında iştirak edə bilmədi. Bir neçə gün keçdikdən sonra xəbər tutdu ki, iddia tələbi təmin olunmayıb. Əlil kimi mənzil növbəsində durub hərbi qulluqçu kimi kirayə haqqı alan tanışları var, lakin onlar məhkəmə iclasında gəlməkdən ehtiyat etdilər. Lakin onun məsələsi ilə birə-bir eyni olan Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarını ona icra hakimiyyətində verdilər ki, məhkəməyə təqdim etsin. Həmin qərarla şəxsin tələbi əsaslı hesab olunub və təcrübə bu istiqamətdə formalaşıb. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsində 4 dəfə məhkəmə iclası keçirilsə də və hər dəfə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, heç bir iclasda nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etmədiyinə görə ziddiyyətıi məqamların aydınlaşdırılması məqsədi ilə məhkəmə tərəfindən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə 12 fevral 2025-ci il tarixdə aşağıdakı məzmunda sorğu verilmişdir: “ ... Yaranmış zərurətlə əlaqədar, 3-cü dərəcə Vətən müharibəsi əlili kimi güzəştli siyahıya alınmış, bununla belə kirayə xərcləri ilə təmin olunan şəxslər barədə məlumatın və həmin şəxslərə dair qəbul edilmiş müvafiq sərəncamların qısa müddət ərzində Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi xahiş olunur. ... Eyni zamanda məlumat üçün bildirilir ki, növbəti məhkəmə iclası xx.xx.2025-ci il tarixə, saat 12:45-ə təyin edilmiş və nümayəndənizin həmin iclasda iştirakı zəruridir”. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə aşağıdakı məzmunda məktub ünvanlamış: “ ... Məlumat üçün bildiririk ki, İddiaçı xx.xx.2021-ci il tarixli, H-210-068 saylı ərizə ilə rayon İcra Hakimiyyətinə müraciət edərək ehtiyatda olan zabit kimi mənzil növbəsinə götürülməsini, eyni zamanda mənzillə təmin olunanadək müvəqqəti mənzil kirayə xərcləri ilə təmin olunmasını xahiş etmiş və Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 332 saylı sərəncamına əsasən iddiaçı ehtiyatda olan zabit güzəştli mənzil növbəsinə alınarək müvəqqəti kirayə xərcləri ilə təmin olunmuşdur. Bildiririk ki, İddiaçı xx.xx.2022-ci il tarixli, H-228-068 saylı ərizə ilə rayon İcra Hakimiyyətinə müraciət edərək 3-cü dərəcə müddətsiz əlillik dərəcəsi təyin edildiyini bildirərək ehtiyatda olan hərbi qulluqçuların mənzil növbəlilik siyahısından çıxarılaraq Qarabağ müharibəsi əlillərinin güzəştli siyahısına keçirilməsini xahiş etmiş və Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 554 saylı sərəncamı əsasında növbədə qismən dəyişiklik edilərək iddiaçı Qarabağ müharibəsi əlillərinin güzəştli siyahısına əlavə edilmiş və onun kirayə xərcləri dayandırılmışdır”. Eyni zamanda məktuba sorğunun məzmununa aidiyyəti olmayan sərəncamların surətləri əlavə edilmişdir. Halbuki, məhkəmə cavabdehdən məhz 3-cü dərəcə Vətən müharibəsi əlili kimi güzəştli siyahıya alınmış, bununla belə kirayə xərcləri ilə təmin olunan şəxslər barədə məlumatın və həmin şəxslərə dair qəbul edilmiş müvafiq sərəncamların məhkəməyə təqdim edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsaslıdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, iş materiallarında olan sənədlər kifayət qədər araşdırılmamış, nəticə etibarilə düzgün olmayan qənaətə gəlinmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Xətai RİH-nin “vət. İddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə alınması haqqında” xx.xx.2021-ci il tarixli, № 332 saylı sərəncamının surətindən müəyyən olunur ki, İddiaçı 4 nəfər (özü, arvadı, 2 qızı) ailə tərkibində yaşayış yeri üzrə mənzil növbəsinə alınması və ehtiyatda olan zabit kimi güzəştli siyahıya daxil edilməsi qərara alınmışdır. - Xətai RİH-nin “Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 332 saylı Sərəncamda qismən dəyişiklik edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, № 554 saylı sərəncamın surətindən müəyyən olunur ki, vət. İddiaçı mənzil növbəsində qismən dəyişiklik edilərək onun 4 nəfər (özü, arvadı, 2 qızı) ailə tərkibi ilə 3-cü dərəcə Vətən müharibəsi əlili kimi güzəştli siyahıya əlavə edilməsi və İddiaçı 4 nəfər (özü, arvadı, 2 qızı) ailə tərkibi ilə yaşayış yeri üzrə mənzil növbəsində (mənzil növbəsində olduğu müddətdən) xx.xx.2021-ci il tarixdən hesab edilməsi qərara alınmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. ... Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərarında qeyd olunur ki, 1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat; ... 2. ... bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir Beləliklə, hazırkı işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində 21 il müddətində fasiləsiz və qüsursuz xidmət etmiş, ehtiyatda olan zabit kimi xx.xx.2021-ci il tarixli, 332 saylı sərəncam əsasında mənzil növbəsinə götürülmüş və həmin statusla 2022-ci ilin dekabr ayınadək hər ay kirayə haqqı ilə təmin olunmuşdur. Daha sonra isə, döyüş zamanı aldığı ağır yaralanma nəticəsində əlillik təyin olunmuş və xx.xx.2022-ci il tarixli, 554 saylı sərəncamla o, Vətən müharibəsi əlili kimi mənzil növbəsinə yenidən daxil edilmişdir. Bununla belə, cavabdeh orqan tərəfindən şəxsin əlil statusu əsas götürülərək kirayə haqqının ödənilməsi dayandırılmışdır ki, bu yanaşma qanunun məqsəd və məzmununa, hüququn təfsirində qəbul olunmuş prinsiplərə və insan hüquqlarına ziddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarında nəzərdə tutulmuş müvəqqəti kirayə haqqı kompensasiyası hüququ ehtiyatda olan və 15 ildən artıq hərbi xidmət keçmiş hərbi qulluqçular üçün nəzərdə tutulmuşdur. Sözügedən normada ehtiyatda buraxılmanın səbəbi ilə bağlı hər hansı fərqləndirmə aparılmamış, yalnız xidmət müddətinin 15 ildən çox olması əsas götürülmüşdür. İddiaçının bu tələbi ödədiyi şübhəsizdir. Qeyd edilməlidir ki, şəxsin sonradan əlil kimi tanınması onun əvvəlki statusu – ehtiyatda olan hərbi qulluqçu olması faktını hüquqi qüvvədən salmır və nəticə etibarilə onun həmin statusla əldə etdiyi hüquqları aradan qaldırmır. Əksinə, bu hallar birgə qiymətləndirildikdə şəxsin daha yüksək sosial müdafiəyə ehtiyacı olduğu qənaətinə gəlmək zəruridir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinə və Nazirlər Kabinetinin yuxarıda istinad olunan Qərarına əsasən, belə şəxslər seçdikləri yaşayış yerində qeydiyyata düşdükləri andan etibarən, mənzillə və ya torpaq sahəsi ilə təmin edilənədək kirayə haqqı kompensasiyası ilə təmin olunmalıdırlar. Şəxsin əlil kimi yenidən növbəyə alınması bu hüququ ləğv etmir, çünki bu, əvvəlki növbəyə dayanmanın əvəzlənməsi deyil, əlavə olaraq sosial müdafiə tədbiridir. Həmçinin, Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunmuş BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının 28-ci maddəsi dövlətləri əlilliyi olan şəxslərin adekvat yaşayış səviyyəsi və sosial müdafiə hüququnu təmin etməyə borclu edir. Şəxsin əlil kimi tanınması ona əvvəlcədən verilmiş hüquqlardan məhrum edilməsinə deyil, daha da geniş sosial təminata çıxışına əsas yaratmalıdır. Şəxs əvvəllər hərbi qulluqçu kimi mənzil uçotuna götürülüb və kirayə haqqı alıbsa, onun əlil statusu alması bu hüququ aradan qaldırmamalıdır. Əks halda belə nəticə alınır ki, əlillik – imtiyazın yox, hüququn azaldılması vasitəsinə çevrilmişdir. Bu isə nə Konstitusiyanın 38-ci (sosial təminat hüququ), nə də “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun ruhuna uyğun gəlir. Yəni əgər şəxs əvvəldən imtiyazlı statusa malik idisə, bu statusun üstünə daha ağır sosial durum – əlillik – əlavə edildikdə, onun hüquqi və sosial müdafiəsi artan şəkildə qorunmalı, heç bir halda azalmamalıdır. Son olaraq məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, müharibə əlili olan şəxs – vətən uğrunda sağlamlığını itirmiş insandır. Onun qüsuru təsadüfi deyil, özünü Vətən yolunda fəda etməyin rəmzidir. Bu səbəbdən, belə şəxslərə dövlət yalnız sosial təminat vermir, xüsusi hüquqi himayə tanıyır. Vətəndaşın 2022-ci ildə müharibə əlili kimi də növbəyə alınması, onun sosial vəziyyətinin daha da ağırlaşdığını, dolayısı ilə mövcud hüquqlarının daha ciddi qorunmalı olduğunu göstərir. Bu halda mənzil kirayəsi kompensasiyasının dayandırılması hüququn məqsədyönlü təfsiri ilə ziddiyyət təşkil edir. Həmçinin qeyd edilməlidir ki, iş materiallarında olan analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)- 2569/2023 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... 32. Məhkəmə kollegiyası, ilk növbədə qeyd edir ki, iddiaçının tələbi öz məzmununa görə cavabdehin inzibati aktlarının mübahisələndirilməsinə yönəlməmişdir. Bu qənaət həm də ondan irəli gəlir ki, yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçı məhkəmə iclasında cavabdehin xx.xx.2021-ci il tarixli, 393 nömrəli sərəncamını mübahisələndirmədiyini məhkəməyə bildirmişdir (bu qərarın 13-cü bəndi). Belə olan halda, məhkəmə İPM-in 52-ci maddəsinə əsasən, iddiaçının iddia tələbindəki ifadə tərzini onun hazırkı iddia ilə əslində çatmaq istədiyi nəticəyə uyğun qəbul etməli, həmin nəticəyə yönələn tələbin hüquqi əsaslarını müəyyən etməli, buradan, maddi hüquq normalarını düzgün tətbiq etməli idi.

33. Məhkəmə kollegiyası, məhz qeyd olunanları nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddiaçının tələbi, onun ifadə tərzinə görə və əslində çatmaq istədiyi nəticəyə uyğun olaraq “güzəştli mənzil növbəsinə götürülmüş ehtiyatda olan hərbi qulluqçuya mənzil kirayəsi xərclərinin ödənilməsi” kimi qəbul edilməli və iddia həmin məzmunda təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

34. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin müddəalarının məzmunundan göründüyü kimi, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır... Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər.

35. Cavabdeh də məhz həmin Qanunun 12-ci maddəsinin müddəalarına əsaslanmaqla xx.xx.2021-ci il tarixli, 188 №-li sərəncamı ilə iddiaçının 4 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülməsinə və ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil-uçot siyahısına daxil edilməsinə qərar vermişdir. ... 37. Digər tərəfdən, cavabdehin xx.xx.2021-ci il tarixli sərəncamı ilə xx.xx.2021-ci il tarixli sərəncamındakı dəyişiklik yalnız iddiaçının və onun ailə üzvlərinin adlarının bir güzəştli mənzil növbəsi siyahısından digər güzəştli mənzil növbəsi siyahısına keçirilməsini tənzimləmiş, iddiaçının “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsində ehtiyata və ya istefaya buraxılmış şəxslər üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə etmək hüququna (hazırkı halda, kirayə haqqı xərclərinə görə kompensasiya almaq hüququna) təsir etməmiş, bu hüququ heç bir halda məhdudlaşdırmamışdır.

38. Beləliklə, iddiaçı, istər xx.xx.2021-ci il tarixli sərəncamda qeyd olunan “ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil-uçot siyahısı”na daxil edilmiş olsun, istərsə də, xx.xx.2021-ci il tarixli sərəncamda qeyd olunduğu kimi, onun “mənzil növbəsi İİ qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil növbəsi siyahısında saxlanılsın”, o, hərbi xidmətdən ehtiyata buraxılmış, yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi, seçilmiş yaşayış yerinə gəldiyi günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini onun müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli, 174 nömrəli Qərarı ilə müəyyən edilmiş məbləğdə və qaydada ödənilməsini tələb etmək hüququna sahibdir”. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 4444/2024 saylı qərarı ləğv edilməli, iddia ərizəsi təmin edilməli, İddiaçı xx.xx.2022-ci il tarixdən hazırkı iş üzrə yekun qərar qanuni qüvvəyə minənədək ödənilməmiş hər ay üçün 375 manat məbləğində pulun və İddiaçı mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli, 174 nömrəli Qərarı ilə müəyyən edilmiş məbləğdə və qaydada ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-4444/2024 saylı qərarı ləğv edilsin. İddia ərizəsi təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən hazırkı iş üzrə yekun qərar qanuni qüvvəyə minənədək ödənilməmiş hər ay üçün 375 (üç yüz yetmiş beş) manat məbləğində pulun və İddiaçı mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli, 174 nömrəli Qərarı ilə müəyyən edilmiş məbləğdə və qaydada ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Səadət Səlimova Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar