Məhkəmə qərarları › İş №2-1(103)-1178/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1178/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1178/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (3-cü şəxs X4 olmaqla) qarşı qərarın ləğv edilməsi və hesablanmış vergi borcunun silinməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8161/2021 saylı, 12 noyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli **********030500 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış vergilərin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-cı ilədək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, həmin ildən sahibkarlıq fəaliyyətini dayandırmışdır. 2020-ci ilin avqust ayında tanışı Günay Əliyevaya VÖEN-ini təqdim edərək onun ölkədən getmə hüququnun məhdudlaşdırılıb-məhdudlaşdırılmaması barədə məlumat verməsini xahiş etmiş, xx.xx.2020-ci il tarixdə Günay Əliyeva mühasibatlıq xidməti göstərdiyi fərdi sahibkar X2 ƏDV depozit hesabından onun ƏDV depozit hesabına 10700 manat ƏDV məbləği köçürmüşdür. Dövlət büdcəsinə 10619 manat vergi borcu olduğundan ƏDV Depozit hesabına yanlışlıqla ödənilmiş vergi məbləği sistem tərəfindən avtomatik olaraq vergi borclarının ödənilməsinə yönəlmiş, bundan sonra X5 yanlışlıqla ödənilmiş 10700 manat ƏDV məbləğini geri tələb etmiş, sistem tərəfindən məbləğ vergi borcunun ödənilməsinə yönəldiyindən xx.xx.2020-ci il tarixdə 10700 manat məbləğ tərəfindən nağd qaydada Qadir Əmirova ödənilmişdir. Bundan sonra vergi orqanı tərəfindən ona uyğunsuzluq məktubu göndərilmiş, depozit hesabına vəsaitin daxil olması vergi tutulan əməliyyat kimi qiymətləndirilmiş və 2020-ci ilin avqust ayı üzrə əlavə dəyər vergisi bəyannaməsinin ödənilməsi tələb olunmuşdur. Məsələ ilə bağlı dəfərlərlə vergi orqanına müraciət edərək müvafiq təsdiqedici sənədlər təqdim edilməsinə baxmayaraq cavabdeh təşkilat tərəfindən xx.xx.2021-ci il tarixli **********030500 nömrəli Qərar qəbul olunmuş və ona 2020-ci ilin avqust ayı üzrə 10700,0 manat ƏDV hesablanmışdır. Halbuki, onunla Qadir Əmirov arasında hər-hansı vergi tutulan əməliyyat baş verməmiş, sonuncuya mal, iş, xidmət təqdim olunmamışdır. Qeyd olunan dövr üzrə bank hesabına da hər-hansı vəsait daxil olmamışdır. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilmişdir ki, aparılan araşdırma zamanı 2020-ci ilin avqust ayı ərzində vergi ödəyicisinin ƏDV depozit hesabına 10 700,00 manat məbləğində mədaxilin olmasına baxmayaraq müvafiq dövr üzrə əlavə dəyər vergisi bəyannaməsinin göstəricisiz təqdim edildiyi müəyyən edilmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********808400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci ilin avqust ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 10 700,00 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********030500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçı iddia ərizəsində sözügedən 10700 manatın səhvən Günay Əliyeva tərəfindən X2 ƏDV depozit hesabından İddiaçı hesabına ödənilməsini qeyd etsə də, məbləğin səhvən ödənilməsini təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X4 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8161/2021 saylı, 12 noyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********030500 nömrəli qərarı ləğv edilmiş, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********030500 nömrəli qərarı ilə İddiaçı hesablanmış vergi borcunun silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8161/2021 saylı, 12 noyabr 2021-ci tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi ödəyicisinə xx.xx.2020-ci il tarizli **********148000 nömrəli uyğunsuzluq məktubu göndərilmiş və qeyd edilmişdir ki, ƏDV depozit hesabına 10700 manat məbləğinə vəsait daxil olmuşdur. Bununla bağlı vergi ödəyicisi tərəfindən heç bir sənəd, izahat təqdim edilmədiyi üçün 10700 manat dəyərində ƏDV məbləği hesablanmışdır. Səhvən ödənilmiş vəsait xx.xx.2020-ci il tarixli kassa mədaxil orderinin qəbzi ilə X3 qaytarılmışdır. Halbuki, ƏDV-in depozit hesabı üzrə vəsaitlərin hərəkəti AR Vergi Məcəlləsi və AR Nazirlər Kabinetinin 2007-ci il 30 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesabfakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-in ödənilməsi, ƏDV-in depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydaları ilə tənzimlənir. Qaydalardan məlum olduğu kimi, vergi ödəyicisi həmin məbləği depozit hesaba köçürməli idi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8161/2021 saylı, 12 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixdə ƏDV qeydiyyatına alınmış, fəaliyyət növü ixtisaslaşdırılmış mağazalarda sair yeni malların pərakəndə satışı olmuşdur. Vergi ödəyicisinin ƏDVDH üzrə çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə X4 (VÖEN **********) ƏDV depozit hesabından 10700 manat məbləğində vəsaiti İddiaçı (VÖEN **********) ƏDV depozit hesabına köçürmüşdür. Həmin tarixdə İddiaçı ƏDV depozit hesabına daxil olmuş 10700 manat vəsait büdcəyə köçürülmüşdür. 159152 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı 10700 manat məbləğində vəsaiti Qadir Əmirova geri qaytarmışdır. xx.xx.2021-ci il tarixli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubdan görünür ki, təqdim edilmiş bəyannamənin 301-ci ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sütununda göstərilmiş 0.00 manat məbləğ, hesabat dövrü ərzində ƏDV depozit hesabına 10700 manat məbləğində mədaxilin olması nəticəsində müəyyən edilmiş 59444.44 manat daxil olmuş məbləğ (ƏDV DH-na daxil olmuş 10700 manat ƏDV/0,18) ilə bəyannamənin ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin (307.1 -ci) hesabat dövrü (ay) üzrə yaranan və xx.xx.2020-ci il tarixə olan debitor borclar sətrinin (307-1.1-ci) hesabat dövrü (ay) ərzində silinən debitor borc məbləğlərinin cəmi fərqi olan 59444.44 manat məbləğdən 59444.44 manat az göstərildiyindən kameral vergi yoxlamasının başa çatdırılması üçün həmin dövr üçün cavabdeh tərəfindən iddiaçıdan dəqiqləşdirilmiş Əlavə dəyər vergisi bəyannaməsinin təqdim edilməsi tələb olunmuşdur. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********030500 nömrəli qərarından görünür ki, həmin qərarla təqdim edilmiş bəyannamənin 301-ci ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sütununda göstərilmiş 0.00 manat məbləğ, hesabat dövrü ərzində ƏDV depozit hesabınıza 10700 manat məbləğində mədaxilin olması nəticəsində müəyyən edilmiş 59444.44 manat daxil olmuş məbləği (ƏDV DH-na daxil olmuş 10700 manat ƏDV/0,18) ilə bəyannamənin ƏDVnə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin (307.1-ci) hesabat dövrü (ay) üzrə yaranan və xx.xx.2020-ci il tarixə olan debitor borclar sətrinin (307-1.1-ci) hesabat dövrü (ay) ərzində silinən debitor borc məbləğlərinin cəmi fərqi olan 59444.44 manat məbləğdən 59444.44 manat az göstərildiyindən avqust 2020-ci il tarix üçün 10 700 manat əlavə dəyər vergisi hesablanmışdır. İddiaçı hazırda bu qərarı mübahisələndirmiş, heç bir vergi tutulan əməliyyat aparmadığını, ƏDV məbləğinin yanlışlıqla onun hesabına köçürüldüyünü iddia etmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçı barəsində qəbul etdiyi qərarda onun 59444.44 manat ƏDV tutulan əməliyyat həyata keçirməsi nəticəsində gəlir əldə etdiyi göstərilsə də, bu halı təsdiq edən heç bir sübut iş materallarında mövcud olmadığından həmin qərar ləğv edilməli və iddiaçıya hesablanmış vergi borcu silinməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153-cü maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. - Maddə 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. - Maddə 159.2. Bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir. -159.3. Malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. - Maddə 159.4. Vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır. - Maddə 159.5. Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. 161.1. Vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. - Maddə 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: - 166.1.1. nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; - 166.1.2. qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt; - 166.1.3. malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt; - 166.1.4. natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt; - 166.1.5. əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçirildiyi vaxt; - 166.1.6. tələb hüququ güzəşt edildikdə – güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt. Həmin Məcəllənin 174.1-ci maddəsinə görə bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydalarının 1.4-cü bəndinə əsasən malları (işləri, xidmətləri) alan şəxs (bundan sonra - alıcı) tərəfindən elektron qaimə-fakturalarda göstərilən malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin (bundan sonra - satıcı) bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən mal (iş, xidmət) təqdim edən satıcı tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturalarda ƏDV məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitləri göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının depozit hesabına ƏDV məbləğinin köçürülməsi ilə onun vergi tutulan əməliyyat apardığına əsaslanaraq iddiaçıya vergi hesablasa da, iş materiallarında iddiaçının hər hansı bir vergi tutulan əməliyyat aparması, bununla bağlı ona elektron qaimə-faktura təqdim edilməsi və ya idxal həyata keçirməsi müəyyən olunmur. İş materiallarından görünür ki, iddiaçıya məxsus ********** nömrəli VÖEN üzrə xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə dövriyyə yaradan qaimələrə dair çıxarışa əsasən həmin dövr üzrə iddiaçı hər hansı bir e-QF təqdim etməmişdir. İddiaçıya məxsus "xxxx" ASC-dəki hesab üzrə çıxarışa əsasən iddiaçı xx.xx.2020xx.xx.2021-ci il tarix üzrə hər hansı bir əməliyyat aparmamışdır. Eyni zamanda həmin dövr üzrə üçüncü şəxs X4 barədə dövriyyə yaradan qaimələrə dair çıxarışdan görünür ki, o da həmin dövr üzrə hər hansı bir e-QF təqdim etməmişdir. Q.Əmirov tərəfindən Dövlət Vergi Xidmətinə ünvanlanmış məktubda iddiaçı bildirmişdir ki, xx.xx.2020-cı il tarixində onun tərəfindən 10700 AZN məbləğində vəsait səhvən İddiaçı ƏDV sub-uçot hesabına ödənilmişdir. Bundan sonra o, İddiaçı (VOEN: **********) səhvən ödənilmiş ƏDV məbləğinin geri qaytarılması üçün müraciət etmiş, 22.08 2020-ci il tarixdə İddiaçı səhvən ödənilmiş 10700 AZN məbləğində vəsait, həmin şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə onun kassasına mədaxil olunmuşdur. Bundan başqa, cavabdeh iddiaçının hər hansı digər formada malların göndərilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə məşğul olduğunu da sübut edə bilməmişdir. Cavabdeh apellyasiya şikayətində mübahisələndirilən məhkəmə qərarı qəbul olunarkən AR Vergi Məcəlləsinin 36.1-ci; 37.2-ci; 153-cü; 159-cu və 161-ci maddələrinin, eləcə də AR İnzibati Prosessual Məcəlləsinin 12.1-ci və 58.7-ci maddələrinin tələblərinin pozulduğunu göstərsə də, həmin normalarının pozulmasını əsaslandıra bilməmişdir. Bundan əlavə cavabdeh şikayətində vergi ödəyicisinə 23 sentyabr 2020-ci il tarixli uyğunsuzluq məktubunun göndərildiyini, lakin, bununla bağlı onun tərəfindən hər hansı izahat və sənəd təqdim edilmədiyini göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına 20 sentyabr 2020-ci il tarixdə iddiaçının sahibkarlıq fəaliyyətinin 5 il müddətinə dayandırılmasına dair sübutlar əlavə olunmuş və iddiaçı həmin vaxtı hər hansı bir əməliyyat aparmadığından uyğunsuzluq məktubundan məlumatı olmamışdır. Həmçinin cavabdeh “Vergi ödəyicisinə verilmiş elektron-qaimə faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotunun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydalar”ına istinad edərək səhvən ödənilmiş 10700 manat məbləğin depozit hesab vasitəsilə qaytarmadığını qeyd etmişdir. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, sözügedən Qaydalar elektron qaimə faktura üzrə alınmış malların dəyəri ödənilərkən ƏDV-nin ödənilməsini tənzimləyir. İddiaçı ilə üçüncü şəxs X4 arasında hər hansı bir vergitutulan əməliyyat aparılmadığından (elektron vergi hesab faktura göndərilmədiyindən) həmin qaydaların müddəalarının hazırki mübahisəyə tətbiq olunması yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bank hesabına hər hansı bir vəsait daxil olmadığından, səhvən üçüncü şəxsə məxsus depozit hesabdan 10700 manat ƏDV məbləği daxil olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq mübahisələndirən qərarı ləğv etmiş və həmin qərar əsasında hesablanmış vergilərin silinməsi barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçı barəsində qəbul etdiyi qərarda onun 59444.44 manat ƏDV tutulan əməliyyat həyata keçirməsi nəticəsində gəlir əldə etdiyi göstərilsə də, bu halı təsdiq edən heç bir sübut iş materallarında mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8161/2021 saylı, 12 noyabr 2021-ci il tarixli nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8161/2021 saylı, 12 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar